Buludxan Xəlilov: “Ədəbiyyat cəmiyyəti
öz arxasınca aparmalıdır”
Xəlilov Buludxan Əziz oğlu
1966-cı ildə Qərbi Azərbaycanın Amasiya
rayonunun Ellərkənd kəndində anadan olub. 1990-cı ildə
V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun
(indiki ADPU-nun) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1992-ci
ildə namizədlik, 1999-cu ildə doktorluq
dissertasiyası müdafiə edib.
Müsahibimiz ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovdur.
- Azərbaycan
xalqını şair xalq
adandırırlar. Xalqımız ədəbiyyata meyillidir. Həqiqətən, bu
maraqlıdır. Günümüzdə çoxlu
kitablar çap olunur və oxucu çoxun içərisindən keyfiyyətli əsər
seçməklə üz-üzə qalır. Sizcə,
bunların səbəbləri nələrdir? Bu
səbəbdən kitab təqdimatlarına
nə dərəcədə ehtiyac duyulur?
- Əvvala, elə bir cəmiyyətdə yaşayırıq ki, kitab çapının qarşısının alınmasının yolları yoxdur. Demokratik cəmiyyətdə yaşayırıq və insanlar da yazırlar. Biz nəsr, nəzm və xatirə yazmağa meyilli xalqıq. Son zamanlar roman və elmi əsərlər yazanlar var. Bu, xalqın mental xüsusiyyətindən irəli gəlir. Biz özümüzü yapon və koreyalılarla müqayisə edə bilmərik. Xalqlar var ki, onların düşüncələri elmi-texniki bilikləri əldə etməklə nəyisə icad etməyə köklənib, xalqlar da var ki, onların düşüncələri bədiiyyata köklənib. Bədii düşüncə isə ona gətirib çıxarır ki, az qala, hər kəs yazır və çap etdirir. Keçmişdə senzura var idi və bir çox yazıların qarşısını alırdı. Senzura peşəkar yazanlara imkan verirdi. Hal-hazırda isə senzura yoxdur deyə, hər kəs yazır.
Açıq deyirəm ki, istər ədəbi, istərsə də elmi mühitdə yazılanların təqdimatı bir dəbə çevrilib. Şübhəsiz ki, bu, yaradıcılığımızı hörmətdən salan bir işdir. Çox zaman təqdimatlar tostlar üzərində qurulur. Əksər vaxt isə əsər bir kənarda qalır və hər kəs müəllifi tərifləyir. Əslində, belə insanların çoxu həmin əsərlərdən bir səhifə belə oxumurlar. Əvvəla, bu təqdimatların özlərinin formatı dəyişməlidir. Yəni birinci kitab oxunmalı, sonra təqdimat keçirilməlidir. Necə ki, keçmişdə disputlar vardı. Bunların hər biri ayrılıqda bir söhbətdir. Belə çap olunan kitabların içərisində elmi və bədii kitablar çoxdur.
Bu gün kitab çapı o qədər çoxalıb ki, bunları nəzarətə götürmək, oxumaq çox çətindir. Vaxt baxımından buna nə oxucunun, nə də tənqidçinin vaxtı çatır. Nəticə etibarilə belə əsərlər bədii əsərlərdirsə, bədii zövqü korlayır, elmi əsərdirsə, elmi dəyərlərə ziyan gətirir və elmi hörmətdən salır.
- Hal-hazırda yazıçılıqla məşğul olan çox insan var. Gələcək tarix bunların içərisindən necə seçim edəcək. Əsərlərin təhlili günümüzdə necə inkişafdadır? Maraqlıdır ki, kim qalacaq və ya kim gedəcək?
- Günümüzdə ədəbiyyatın taleyində bir çalxalanma prosesi gedir. Bunu elm üçündə deyə bilərik. Bu prosesdə kimin necə çıxacağını zaman göstərəcək. Yəni çap olunan elmi və bədii əsərlərin hansının qalacağını zaman deyəcək. Hal-hazırda bədii əsərlərin təhlilini aparmaq elm insanlarının və tənqidçilərin işi deyil.
Çap olunan əsərlərin təhlili mühitindən danışsaq görərik ki, bu mühitin özü qəribədir. “Təhlilçilər əsərləri necə təhlil edəcək”, sualı meydana çıxsa, bu sualın özü ayrıca bir müzakirə sahəsidir. Görünür ki, bu, cəmiyyətin problemidir. Problem o vaxta kimi davam edəcək ki, cəmiyyətdə dəyərlər dəyər səviyyəsinə qalxacaq. Biz, bəzən 60-cılar nəsli deyirik. Bu nəsil elmin bütün sahələrində şedevr işlər görüblər. Çünki o dövr dəyərlərə çevrilib. Bu gün biz cəmiyyətdə dəyər deyərkən 60-cılar nəslinə qayıtmalı oluruq. Zövqlər də korşalıb. Biz artıq oxucu problemi ilə də rastlaşırıq. Keçmişdə əsərlər əl-əl gəzərdi, bir oxucu əsəri oxumaq üçün başqasına verərdi, müəlliflərə məktublar yazılardı və müəlliflərlə görüşlər təşkil olunardı. Şübhəsiz ki, bu, oxucunun tələbatı əsasında olardı. Bu gün isə bir əsəri oxuyub təhlil edən oxucunu barmaqla saymaq olar. Beləliklə, ayrı-ayrı oxucuların zövqü hələ cəmiyyətin zövqü demək deyil. Buna görə də elmi və bədii ictimaiyyət kütləvi şəkildə bu işə qoşulmalıdır.
Cəmiyyətdə ən gözəl əsərlər haqqında yazılar yazılmır, ən gözəl müəllifləri cəmiyyət tanımır və onların yazdıqlarına bir laqeydlik var. Bu, cəmiyyətdən irəli gələn və oxucunun müəllifə qarşı olan qeyri-tələbkarlığından qaynaqlanan məsələdir. Belə olduqda düşüncələr zəifləşir və dayazlaşır. Buna dünyanın istənilən bir yerində rast gələ bilərik. Belə bir cəmiyyətdə çalışıb dəyərlərə üstünlük verməliyik. Təəssüflər olsun ki, cəmiyyətimizdə bu dəyərlər itib. Elə şairlər var ki, onu heç kim tanımır, amma onun şeirlərinə mahnı bəstələyirlər. Son dövrün tarixi göstərir ki, belə mahnılar uzunömürlü olmur. Ancaq elə şairlərimiz var ki, onların sözlərinə bəstələnən mahnılar uzunömürlüdür. Çünki bu sözlər təsirli, cazibəli, mənalı və tilsimlidir. Bu problem şəxsi münasibətdən irəli gəlir. Onların sözlərinə mahnılarda beləcə bəstələnir. Belə mahnılar bədii düşüncəni zədələyir, zövqümüzü korlayır və quru düşüncəyə səbəb olur. Quru düşüncə isə quru təfəkkür formalaşdırır. Təfəkkür belə olduqda analiz etməyi, düşünməyi bacarmır.
İstedadlı adamlar bütün zamanlarda olub, indi də var və gələcəkdə də olacaq. Bu və ya digər səbəblər istedadlı insanların üzə çıxmasının qarşısını ala bilir. Tarix boyu hər əsrdə çoxlu yazarlar olub və hansılar daha istedadlı olublarsa, tarix səhifəsində qalıblar. Mən inanıram ki, bu dövrdən də alnıaçıq çıxan yazıçılarımız olacaq.
- Şübhəsiz ki, gözəl əsərlərin yaranması, tanıdılması və oxuculara təqdim olunması üçün tənqidçilər yetişməlidir. Ədəbiyyatı tənqidçisiz təsəvvür etmək olmur. Bu gün yaxşı tənqidçilər varmı?
- Bəzən deyirlər Azərbaycan cəmiyyətində yaxşı tənqidçi yoxdur. Axı yaxşı tənqidçi üçün yaxşı əsər olmalıdır. Yaxşı əsəri tənqid etmək üçün isə mühit yoxdur. Biz bir çox bədii əsərlər haqqında yazılan yazılara baxsaq, görərik ki, ədəbi-tənqid tost üzərində qurulub. İstənilən bir əsər tənqid olunanda müəllif başa düşməlidir ki, bu onun xeyri üçündür. Baxın, Səməd Vurğun, Rəsul Rza, Məhəmməd Füzuli, Süleyman Rüstəm və s. ədəbiyyat insanları tənqid olunub. Hər şey tənqiddən tərəqiyyə gedir. Hal-hazırda cəmiyyətdə sorğu keçirilsə ki, “müasir nəsr və nəzmin korifeyləri kimlərdir?”, heç kim cavab verə bilməyəcək. Çünki bunu üzə çıxarası tənqid yoxdur. Tənqid, əslində, təqdimatdır. Görkəmli şair və yazıçıları məşhur edən tənqid olub. Çap olunan kitabların tirajının az olması kitabların oxucu auditoriyasının məhdud olması ilə yanaşı, həmin əsərlərin tənqidçilərə çatmasını da çətinləşdirir. Ancaq sovetlər dövründə çap olunan kitablar ən ucqar kəndin kitabxanalarına belə gedib çatırdı. Beləliklə, həmin dövrdə yazıçıların məşhurlaşması üçün belə bir şərait var idi. Amma indi bu şərait yoxdur.
İndiki oxucunun bir əsəri oxuyub tənqid etməyə vaxtı belə, yoxdur. Müasir oxucunun oxumaq istəyi varsa, şeir və hekayə oxumağa daha meyillidir. Çünki ona ayrılan zaman çox qısadır. Bu səbəbdən indiki oxucu hazır informasiya almaq istəyindədir. Bəzən deyirlər ki, roman dövrü bitib. Amma bu bitə bilməz. Düzdür, roman oxumaq üçün vaxt məhdudiyyəti var və zaman çox tez ötüb keçir. Bunun başqa səbəbləri də mövcuddur. Bütün dövrlərdə romanlara ehtiyac olub və hər zamanın da öz romanı var. İndiki dövrdə romanların məzmunu dəyişməlidir. Romanları zamanın nəbzinə uyğunlaşdırmalıyıq. Dünya ədəbiyyatında belə modellər var və bunu qurmaq lazımdır.
- Cəmiyyət, bəzən Qarabağ mövzusunda əsərlərin az yazılmasından şikayətçi olur. Ümumiyyətlə, bu məsələ ilə bağlı cəmiyyətdə bir narazılıq hiss olunur. Cəmiyyət və ədəbiyyat arasında yaxınlaşma və bəzən də uzaqlaşma özünü büruzə verir...
- Bəzən cəmiyyətdə deyirlər ki, Qarabağ mövzusunda əsərlər yazılmır. Bunu birmənalı olaraq qəbul etmək olmaz və belə əsərlər var. Sadəcə, Azərbaycan cəmiyyətinə çatdırmaq üçün tirajların sayı azdır deyə, elə bilirlər ki, yoxdur. Bu cür ədəbiyyatda olan çatışmazlıqlar o demək deyil ki, ədəbiyyat yerində sayır. Qətiyyən belə deyil. Ədəbiyyat cəmiyyətin tələbatına uyğun olaraq öz işini görür. Amma biz arzu edirik ki, ədəbiyyat daha çox qabağa getsin. Yəni ədəbiyyat cəmiyyətin arxasında qalmasın. Ədəbiyyat cəmiyyəti öz arxası ilə aparmalıdır. Biz cəmiyyəti aşağı düşüncə səviyyəsindən daha yüksək düşüncələr səviyyəsinə qaldırmalıyıq. Bu baxımdan, ədəbiyyatın qarşısında daha ciddi işlər durur. Ədəbiyyat cəmiyyətin dibinə enib, onun dibində qalmamalıdır. Bəzən bu qüsurlar da bizim ədəbiyyatda görünür, ancaq ədəbiyyatımız həmişə irəli gedən, dinamik, canlı və sevilən ədəbiyyat olub. Və mən inanıram ki, bu qüsurlar arxada qalacaq. Dünya ədəbiyyatının özündə də belə problemlər var. Bunları sistemə, qaydaya salmaq, xarici dillərə tərcümə etmək, gənclərə çatdırmaq, təqdimatını keçirmək lazımdır. Bu, yaxşı əsərlərin üzə çıxmasında mühüm rol oynaya bilər.
(ardı var)
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub
AAB-nin üzvü
Palitra.-2018.-15 fevral.-S.12.