“Azərbaycan dili imperiya
dilləri ilə rəqabətə girəsi dildir”
(əvvəli
ötən sayımızda)
Xəlilov Buludxan Əziz
oğlu 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya
rayonunun Ellərkənd kəndində anadan olub. 1990-cı ildə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun)
Filologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirib. 1992-ci ildə namizədlik, 1999-cu ildə
doktorluq dissertasiyası müdafiə edib.
Müsahibimiz ADPU-nun Filologiya
fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovdur.
- Cəmiyyətdə oxucu
auditoriyası daha çox dedektiv əsərlərə
üstünlük verir. Xüsusilə gənclər
bu əsərləri daha çox oxuyurlar. Sizcə,
bunun köklü səbəbləri varmı?
- Həm ədəbiyyat,
həm kino, həm də həyat dedektiv janr üzərində
daha çox qurulub. Şübhəsiz ki,
müasir dövrdən söhbət edirəm. Buna görə də dedektiv janra zamanın janrı
kimi daha çox meyil edirlər. Uşaqlar,
gənclər dedektiv janrda olan filmlərə əksər vaxt
baxırlar, əsərləri daha çox oxuyurlar. Sual olunur ki, bu bizə nə verir? Dedektiv janr humanizm düşüncəni, insani
düşüncəni, insana məhəbbəti, sevgini gəncliyin
əlindən alır. Dedektiv janr
zülmkarlıq, qəsbkarlıq kimi hisləri
aşılayır. Bəlkə də, cəmiyyətdə
insanların insanlara biganəliyi elə buradan qaynaqlanır.
Ədəbiyyatın missiyası nədir? Ədəbiyyat ədəb, insanpərvərlik,
hümanizm aşılamalı və insanları
doğmalaşdırmalıdır. Ədəbiyyat
vulqarizm, top-tüfəng atmaq, özünü pəncərədən
tullamaq kimi hisləri təbliğ etməklə insani hisləri
düşüncələrimizdən alır. Dedektiv ədəbiyyatda bu cürdür. Bizdə bu janra üstünlük verənlər var.
Şübhəsiz ki, bu da yaşamalıdır və bu da bir
həyatdır. Dedektiv janr birdən-birə
yaranmır. Bu da həyatın bir qoludur və
həyatdan yaranır. Ancaq dedektiv janr
insanların tərbiyəsini üstələməməlidir.
Ədəbiyyatın missiyasını öz
çiyinləri üzərinə götürməməlidir.
Bu, ədəbiyyatın missiyası deyil və həyatın
bir qoludur ki, bu olmalıdır.
Zamanın
tələbinə uyğunlaşaraq nəşriyyatlar bu tip əsərləri
çap və tərcümə edirlər. Belə
əsərləri gəncliyə daha çox
çatdırmaq istəyirlər. Əlbəttə,
bunlar düzgün deyil. Bu əsr
yaddaşsızlıq əsridir. Baxın,
XIX əsr maarifçilik əsri idi. Hər
şeyi maariflənməkdə görüblər. XX əsr isə müharibələr əsri olub.
XXI əsr isə, dediyimiz kimi,
yaddaşsızlıq əsridir. Dünya
bu əsrdə kürələşir, qloballaşır.
Kürələşən dünyada
yaddaşsızlığı insanlara təbliğ edirlər.
Bəzən vahid ədəbiyyat, vahid dil yaratmaq
istəyirlər. Bu isə köhnə ənənələrin
unudulması ilə nəticələnir və
yaddaşsızlıq yaranır. Vaxtilə
Çingiz Aytmatov buna “manqurtlaşma” deyirdi. İnsanlar kökündən, soyundan uzaqlaşır
ki, bu da dünya siyasətinin hal-hazırda tərkib hissələrindən
biridir. Günümüzdə dünya
siyasətində belə oyunlar gedir və bunu insanlar bilmədən
ədəbiyyata gətirirlər. Yaddaşsızlaşma
robotlaşma deməkdir. Fikir verin ki,
elmi-texniki tərəqqinin insan həyatına gətirdiyi
misilsiz xidmətlər var. Amma bununla bu elmi-texniki tərəqqi
insanları yaddaşsızlığa məruz qoyub. Hələ gələcəkdə robotlarında
funksiyaları artacaq və beləcə insanlar daha da
yaddaşsızlaşacaqlar. Zamanla ədəbiyyatın
özüdə robotlaşacaq. Çünki
ədəbiyyat düşüncə məhsuludur. Əgər düşüncə robotlaşırsa,
deməli, yaddaşsız ədəbiyyatın
yaratdığı ədəbiyyat da robot ədəbiyyat
olacaq. Ədəbiyyat həyatdan
qidalanır. Yaddaşsız insan dünən, sabah haqqında düşünmür və
yalnız bu günü üçün yaşayır.
Özü üçün yaşayan, sadəcə, quru insan ola bilər.
- Deməli,
nəşriyyatların üzərinə çox ciddi məsuliyyət
düşür. Onlar isə dedektiv və xarici əsərləri
daha çox çap edirlər. Bu haqda
fikirləriniz maraqlıdır.
- Şübhəsiz ki, nəşriyyatların üzərinə
çox ciddi məsuliyyət düşür. Nəşriyyatlar
çalışıb səbirli olmalıdırlar. Təbii ki, nəşriyyatlar özlərini
dolandırmalıdırlar. Nəşriyyatlarda
tələbatı nəzərə alaraq xarici və yerli ədəbiyyatları
çap edirlər. Əsasən, onlar tələbatı
nəzərə alırlar. Amma onlar
qazancla yanaşı, ədəbiyyatın inkişafı naminə
çalışsalar, onda dünya və Azərbaycanın dəyər
yaradan ədəbiyyatlarına üstünlük verməlidirlər.
Biz sovetlər cəmiyyətindən
ayrıldıqdan sonra bəzi ənənələr
qırıldı. Sovetlər
dövründə nəşriyyatları dövlət maliyyələşdirirdi.
Buna görə də nəşriyyatlar dəyərli
əsərlərin çapına üstünlük verirdilər.
İndi nəşriyyatlar özlərini maliyyələşdirdikləri
üçün onları yaşadacaq maliyyəyə
üstünlük verirlər. Burada nəşriyyatları
tam qınamaq olmur. Bu, eyni zamanda onlara tam bəraətdə
vermir. Bir növ bu, cəmiyyətin
özündən asılı olan bir məsələdir.
- Azərbaycan dilinin çox qədim
tarixi var. Qədim dövrlərlə müqayisədə
dilimizin qrammatik, fonetik və leksik quruluşunda köklü dəyişikliklər
varmı?
- Dilin
fonetik, leksik və qrammatik quruluşları var. Dilin ən ləng
dəyişən hissəsi fonetik və qrammatik quruluşdur. Bunlar çox gec dəyişirlər. Ancaq lüğət tərkibi çox tez dəyişir.
Çünki dilin lüğət tərkibi
zamanla, dövrlə, xalqların bir-birlərilə əlaqəsi
ilə bağlıdır. Bu əlaqələr
təkmilləşdikcə dilin tərkibinə yeni sözlər
gələ bilər. Fonetik quruluş dilin
səs sisteminin quruluşudur və gec dəyişir. Səs sistemi tez-tez dəyişsə, biz bu gün
Vaqifi, Vurğunu oxuyub başa düşə bilmərik.
Şübhəsiz ki, müəyyən dövrlə
bağlı səs fərqləri var, amma bu fərqlər
sistemli deyildir. Qrammatik quruluş
oturuşmuş quruluşdur. Hər dəqiqə
dəyişmir. Əsas dəyişən
lüğətdir. Əgər qrammatik
quruluş tez dəyişsə, nəsillər
arasındakı körpü qırılar. XXI əsrdə olan qrammatik quruluş isə növbəti
XXII, XXIII və digər əsrlərdə də ləng dəyişəcək.
Biz, bəzən Füzulini çətin
başa düşməkdən gileylənirik. Bu o demək deyildir ki, Füzulinin dövründəki
qrammatik, fonetik quruluş indikindən fərqlənir. Qətiyyən bu belə deyil. Sadəcə,
Füzulidə fəlsəfə var deyə, biz bunu çox
zaman tam başa düşə bilmirik.
- Müasir dünyada dillərin
bir-birləri ilə olan əlaqəsindən söhbət
açardınız. Alınma sözlər dil
üçün təhlükə yaradırmı?
-
Dünyanın dillərini iki qismə ayırmaq olar. Birinci imperator dillər, ikinci isə könül,
ürək dilləri. İmperator dillərinə
elmi dildə beynəlxalq dillər də deyirlər. Məsələn, ispan, ingilis, ərəb, rus dilləri
beynəlxalq dillərdir. İmperator dilləri
o dillərə deyilir ki, imperiyaların mövcud olduğu
zamanlar həmin dillər imperiyaların dövlət dilləri
olub. Könül, ürək dili
insanların tələbatlarını ödəyir, əsrlərin
sınaqlarından keçir və bu sınaqlarda qalib gəlir.
Misal üçün, doğma dilimiz ərəblərin,
monqolların, farsların və rusların təsiri altına
düşüb və öz varlığını qoruyub.
Bu münasibətlərdə dilimiz həmin dillərdən
söz alıb və söz verib. Beləcə,
dilimiz lüğət tərkibini zənginləşdirib.
Aldığı sözləri
özününküləşdirib, bu sözləri işlək
eləyib. Bu, dilin gücü deməkdir.
Azərbaycan dili, bu baxımdan güclü
dildir. İmperator dillərinin lüğət
tərkibi də digər dillərin köməyi ilə daha da
zənginləşib. İmperiyalar idarəetdikləri
dövlətlərdən təkcə sərvət, ərazi
almayıblar, eyni zamanda dil də alıblar.
Yəqin
fikir verirsiz ki, latın dili elmdə işlənir.
Amma özü ölü dil hesab edilir. Azərbaycan dili əbədi yaşayacaq dildir. Çünki Azərbaycan dili bu xalqın doğma
dilidir. Təkcə şifahi ədəbiyyatımız
yaddaşımızı yaşadacaq ən böyük mənbədir.
Azərbaycan dili imperiya dilləri ilə rəqabətə
girəsi dildir. Çünki Azərbaycan
dili Müstəqil Azərbaycan dövlətinin dilidir. Bu, Konstutisiyada öz əksini tapıb. Hal-hazırda Azərbaycan dili sinxron tərcümələrdə
istifadə olunur.
Alınma sözlər Azərbaycan dilinin təbiətini
dəyişmir. Əksinə, Azərbaycan dili həmin
sözləri öz təbiətinə salır. Bu isə dilimizi daha da zənginləşdirir. Dilçilər yeni sözlərin
qarşısına sipər çəkməməlidirlər.
İnkişafın qarşısını almaq
olmaz. Belə bir addım zənginləşmənin
qarşısını kəsər. Biz
buna digər dillərdə də rast gəlirik. Hətta milli sözlərimizi araşdırsaq,
çox zaman görərik ki, həmin sözlər xarici dillərdən
alınan və sonra milliləşən sözlərdir.
- Bir
neçə müddətdir türk dillərinin ortaq dilinin
yaradılması uğrunda addımlar atılır. Həqiqətən, bu həyata keçsə,
böyük bir uğura imza atmış olarıq. Sizin bu məsələyə bir dilçi alim kimi
münasibətinizi bilmək istərdik.
-
Müasir türk dilinin fonetik, qrammatik və leksik
quruluşunda ortaq cəhətlər çoxdur. Təbii ki, bu ortaqlıq türk dillərini
ümumiləşdirir. Ancaq bir qərarla
ortaq türk dili yaratmaq mümkün deyildir. Ortaq türk dili yaratmaq zamanın ixtiyarında olan məsələdir.
Bu haqda dəfələrlə fikirlərimi
söyləmişəm. Bunun üçün ortaq
radioların, televiziyaların, kütləvi informasiya vasitələrinin
yaradılmasına çox böyük ehtiyac var. Vaxtilə
“İctimai” kanalda Türkiyə kanalı ilə ortaq
veriliş verirdilər. Bu addım təqdirəlayiqdir və
türk dövlətləri arasında bu cür verilişlərin
mütəmadi təşkilinə nail olmaq lazımdır.
Türk dillərinin diferensiallaşmasının müxtəlif
səbəbləri var. Buraya coğrafi səbəbləri
ayırd edə bilərik. Həmçinin təbiətin
təsirini qeyd edə bilərik ki, bu da dildə müxtəlif
səbəblər yaradır. Türk dillərinin
müxtəlifləşməsinin səbəbləri nəsillər
arasında əlaqələrin itməsidir. Sibir türkləri ilə Qafqaz türkləri
arasındakı əlaqənin kəsilməsi, şübhəsiz
ki, dildə də özünü büruzə verir. Həmçinin türklərin miqrasiyaları da
dilin fərqli olmasına səbəb olur. Bu
baxımdan ortaq lüğətlərin çapı vacibdir.
- Cəmiyyətdə hal-hazırda Orfoqrafiya qaydalarının müzakirəsi gedir. Siz də Orfoqrafiya komissiyasının üzvüsünüz. Cəmiyyət üzvlərində olan bu narazılığın səbəbləri nədir? Bu haqda da məlumat verərdiniz.
- Bu, geniş müzakirəli söhbətdir.
Əvvala, Azərbaycan cəmiyyətindəki reaksiyaları təqdirəlayiq
hesab edirəm. Azərbaycan cəmiyyəti orfoqrafiya
qaydaları ilə maraqlanırsa, deməli, cəmiyyətimiz
dilinin taleyi ilə həmişə maraqlanıb. Bunu çox
məqbul hal kimi qəbul edirəm. Vay o günə ki, bir
laqeydlik olardı. Orfoqrafiya qaydalarında 69 qayda müəyyənləşib
və buna münasibətlər müxtəlifdir. Bir qrup insan
qeyri-peşəkar şəkildə yanaşır və bu
qaydaların yaranmasını qəbul etmir. İkinci qisim
insanlar mütəxəssisdirlər və öz fikirlərini
söyləyirlər. Üçüncü qisim insanlar nə
istəsələr danışırlar. Təbii ki, ikinci
qismin məsələyə münasibətini
alqışlayıram və burada da fikir müxtəlifliyi hiss
olunur. Əvvəla, deyim ki, bu 69 qayda indiyə kimi olan
orfoqrafiya lüğətlərində oturuşmuş qaydalardır.
Sadəcə, 69 rəqəmi insanları qorxudur. Amma
mübahisə yaradan bir neçə məqam var. Bunun biri “əsgər”,
“əsginaz”, “isgəndər” sözlərinin, biri isə
qoşa “yy” samitlərinin yazılışıdır. Mən
də burada fonetik qaydaya üstünlük verərdim. Buna
Orfoqrafiya komissiyasında baxılacaq. Son nəticə olaraq
dilimizin, cəmiyyətimizin xeyrinə qərar qəbul
olunacaq.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub,
AAB-nin
üzvü
Palitra.-2018.-16 fevral.-S.10.