XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları

 

Aysel İbrahimova

 

ADPU İnsan resursları şöbəsinin

kadrlar üzrə mütəxəssisi

 

Müasir dövrdə cəmiyyətlərin üzləşdiyi ən böyük bəlalardan biri, hətta ən birincisi terrorizmdir. Terrorizm bu gün dünyanı narahat edən ən ağır problemə çevrilib. Son illərin dəhşətli terror aktları göstərir ki, bu bəla bütün ölkələr və xalqlar üçün, hətta ən böyükgüclü dövlətlərdən ötrüeyni dərəcədə təhlükəlidir. Azərbaycanın bu bəlaya münasibəti birmənalı və qətidir: hər cür zorakılıq aktının-terrorun, soyqırımların, seperatçı ekstremizmin, etnik toqquşmaların əleyhinədir. Ölkəmiz antiterror alyansına qoşulan ilk ölkələrdəndir. Təəssüflər olsun ki, terrorun, soyqırımların doğurduğu ağır, dəhşətli faciələr bizim xalqımıza yaxşı tanışdır. Çünki Azərbaycan terrora, seperatizmə məruz qalmış bir xalqdır.

Azərbaycan ərazisində tarixən müxtəlif millətlərin nümayəndələri yaşamışlar. Ölkəmizdə müxtəlif sivilizasiyaların, etnosların, dillərin, dinlərin qarşılıqlı təsiri nəticəsində qədim və zəngin mədəniyyət yaranmışdır. Xalqımız tolerantlıq, başqa xalqlara, mədəniyyətlərə dözümlülük və humanistliyə sadiq qalaraq gəlmə ermənilərə də öz torpaqlarında yer verdi. Lakin Azərbaycan torpaqlarında yaşayan digər etnoslardan fərqli olaraq ermənilər gəldikləri bu torpaqlarda özlərinə dövlət yaratmaq iddiasına düşdülər. “Dənizdən dənizə böyük Ermənistan” xülyasına düşmüş erməni millətçi-terrorçu dairələri xarici havadarlarına arxalanaraq terrora və soyqırımlara əl atdılar.

Ermənilər tarixin buya digər məqamlarında, fürsət düşdükcə xarici dövlətlərin birbaşa himayəsi ilə azərbaycanlıların yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa, özlərinə dövlət qurmağa çalışmış və bu zaman dinc insanlara qarşı dəhşətli və kütləvi qırğınlar, talanlar törətmişlər. XX əsrin əvvəllərindən başlayaraq, ermənilərin terrorist Daşnaksütyun partiyası mübarizə meydanını Türkiyədən Cənubi Qafqaza, xüsusilə Azərbaycan ərazisinə keçirdi. 1905-1907-ci illər rus inqilabı dövründə çarizmin öz hökmranlığını qoruyub saxlamaq məqsədilə həyata keçirdiyi tədbirlərdən biri də millətlər arasinda nifaq salmaq idi. Çar mütləqiyyəti yaxşı bilirdi ki, Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyətlər var. Son tədqiqatlara görə, Çar Rusiyasını zəiflətməyə çalışan bəzi Qərb dövlətləri də onun daxilində milli münaqişələrin qızışmasında maraqlı idilər.

Hələ XIX ərsin II yarısında “Böyük Ermənistan” xülyasına düşən, millətçi-şovinist ideyalarını həyata keçirmək istəyində olan ermənilər təşkilati sturukturlar yaratmağa başladılar. Əsasən xaricdə-1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə Daşnaksütyun partiyalarını təsis etmiş, 1895-ci ildə Nyu-Yorkda Erməni Vətənpərvərlər İttifaqı təşkilatlarını yaratmışdılar. Həmin təşkilatların fəaliyyət proqramında azərbaycanlılara və türklərə qarşı ardıcıl olaraq terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tutmuşdu.

Ermənilər Bakıya XIX əsrin 20-ci illərindən gəlməyə başlamışdılar. Bu elə bir dövr idi ki, şəhərin iqtisadiyyatı sürətlə inkişaf edirdi. Məhz belə bir dövrdə Bakıya axın edən ermənilər neft sənayesi, ticarət və bank sahələrində üstünlüyü ələ keçirmiş, qısa vaxtda iri kapitalistlərə çevrilmişdilər. Bu illərə qədər isə Bakı və onun ətraf kəndlərində ermənilər barmaqla sayılacaq qədər azlıq təşkil edirdilər.

Beləliklə, Qərb ölkələrinin və Çar Rusiyasının xüsusi köməyinə böyük ümidlər bəsləyən erməni millətçiləri XX əsrin əvvəllərindən başlayaraq Türkiyədə törətdikləri cinayətləri Azərbaycana keçirdilər.Böyük Ermənistan” yaratmaq naminə Azərbaycan xalqına qarşı mübarizələrini müharibə həddinə çatdırıb dəhşətli faciələr törətdilər.

Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları Birinci rus inqilabı dövründə, 1905-1906-cı illərdə yaranmış vəziyyətdən istifadə edərək azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalara başladılar. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanın bütün ərazisini və indiki Ermənistan ərazisindəki yaşayış mənrtəqələrimizi əhatə etmişdi.

1905-ci il Bakı qırğınına daşnaklar ciddi hazırlaşmışdılar. V.F.Mayevski yazır ki, münaqişə ərəfəsində polis Bakıda daşnakların silah anbarlarını aşkar etmişdi. 1905-ci ilin fevralında Bakıda erməni kilsəsinin yaxınlığında Sabunçu kənd sakini Ağarza Babayev ermənilər tərəfindən öldürüldü. Hadisə yerinə gələn azərbaycanlılar atəşlərlə qarşılandı. Fevralın 7-də vəziyyət daha da gərginləşdi. Daşnaklar tərəfindən 100-dək dinc vətəndaşın həyatına son qoyuldubir o qədər də insan yaralandı. Ermənilər evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlıları gülləbaran edirdilər. Evlər, mağazalar qarət edilir, yandırılırdı. Bakıda bir çox fabriklər və müəssisələr yandırılıb, dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında bilərəkdən acizlik göstərirdilər. Beləliklə, 1905-ci ilin 6-10 fevral hadisələri tarixə “Bakı şəhərində qanlı qətliam” kimi daxil olub. Həmin günlərdə mal və əmlaka, mülklərə dəyən zərər milyonları keçdi. Ermənilər o qədər azğınlaşmışdılar ki, hətta məsələni həll etməyə müəyyən dərəcədə çalışanlara da acımırdılar. Belə ki, 1905-ci il fevral hadisələri zamanı Qafqaz xalqları arasında dostluq mövqeyindən çıxış edən knyaz M.A.Nakaşidze mayın 11-də Bakıda beş nəfər erməni terrorçusu tərəfindən qətlə yetirildi.

Fervral hadisələrindən çox keçmədən 1905-ci il avqustun 20-də Bakıda qəflətən ikinci dəfə erməni-müsəlman davası başladı. Şahidlərin dediklərinə görə, sentyabrın ortalarına qədər davam edən bu qırğın qəddarlığı, dəhşətləri və kütləviliyinə görə fevral hadisələrini kölgədə qoymuşdu. M.S.Ordubadi 1905-1906-cı illərdə olan qırğına həstr etdiyi “Qanlı illər” əsərində yazırdı: “Çoxdan bəri hər iki millətin zatına qondarılmış iğtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsirli şiddətindən yanıb yıxıldı..... bu bomba fevralın 6-da baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı. Bununla da təxminən iki il davam edən erməni-müsəlman qırğını başladı.”

1905-1906-cı illərdə Bakıda başlanan qırğınlar İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və digər bölgələrdə davam etmiş, erməni seperatçıları tərəfindən kütləvi şəkildə azərbaycanlılara divan tutulmuş, uşaqlar, qadınlar, qocalar xüsusi qəddarlıq və vəhşiliklə öldürülümüşdü. Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduğu soyqırımı və deportasioyalar silsiləsinin ilk mərhələsi idi.

Təbii ki, azərbaycan xalqı erməni vəhşiliklərinə qarşı mübarizə aparırdı. Məhz belə bir dövrdə erməni terrorunu dəf etmək üçün azərbaycanlıların “Difai” (Dəf edən) partiyasının böyük rolu oldu. Bu partiya 1905-ci ilin yazında Gəncədə yaradılmışdı. Təşkilatın əhali arasında böyük nüfuzu olmaqla bərabər, öz komitələri, proqram və kassaları var idi. Bu təşkilat erməni terrorunun qarşısını almaq üçün qabaqcıl ziyalıları, milli qüvvələri özünə cəlb etmişdi. “Difainin təşkilatçısı Əhməd bəy Ağayev və A.Rəfibəyov idi. Onun Gəncədə, Şuşada, Qarabağda yerli komitələri fəaliyyət göstərirdi. “Difai” partiyasının ermənilərin törətdikləri terrorçuluqla əlaqədar olaraq Qafqaz canişinininə göndərdiyi bəyannamədə deyilirdi: Daşnak firqəsi əmin olsun ki, heç bir vaxt öz millətimizin xarabazarlığı və külü üzərində erməni millətinin səadət və xoş güzaran qurmasına yol vermərik.” 1907-ci ilin mayında İsmayıl Ziyadxanovun başçılığı ilə “Müdafiə” adlı digər bir milli Azərbaycan təşkilatı da yaradılmışdı. Bu təşkilat da daşnaklara qarşı fəaliyyət göstərirdi.

Erməni vəhşiyi 1918-ci ildə yenidən özünü göstərdi. 1918-ci ilin mart ayından etibarən “əks-inqilabçı ünsürlərlə” mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi.

1918-ci ilin mart-aprel aylarında ermənilərin törətdikləri soyqırımlardan nəinki yalnız Bakı şəhəri, eləcə də digər şəhərlər ziyan çəkmişdi. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan əmlakı qarət etmiş, şəhərdə azərbaycanlılara məxsus bütün evləri yandıraraq, məhv etmişdilər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan “Cümə məscidi” yandırılmışdı. Ermənilərin 1918-ci ildə Azərbaycanın demək olar ki, bütün bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəstəsilə aşkarlayıb üzə çıxaran Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası oldu.

S.Şaumyanın başçılıq etdiyi bolşevik-sovet hökumətinin xalqımızın başına gətirdiyi dəhşətli faciələri yazmaqla bitməz. Əslində, S.Şaumyan gələcəkdə qurulacaq erməni dövləti üçün azərbaycanlıların doğma yurdlarından təmizlənməsi işlərini həyata keçirməyə başlamışdı. Kütləvi qətliamlara yalnız 1918-ci ilin sentyabrında Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını xilas etməsindən sonra son qoyuldu. Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini isə Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasından sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə-1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu.

 

(Ardı var)

Palitra.-2018.-16 fevral.-S.13.