“Sönmüş ocaqlar” adlı tədbir-sərgi təşkil olunub
Fevralın
22-də İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş
ocaqlar” adlı tədbir-sərgi keçirilib.
Muzeydən redaksiyamıza bildirilib ki, sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Xocalı soyqırımına həsr edilmiş 50-yə yaxın əsəri nümayiş olunub.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, universitetin müəllimi Salatın Əhmədli və başqaları çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən söhbət açıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.
Vurğulanıb ki, Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar bu gün də atılır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində lazımi işlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, Xocalı soyqırımına bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə müvafiq hüquqi qiymət verilir, eyni zamanda, dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Tədbirdə 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvləri “Xocalını unutmayaq” adlı kompozisiya nümayiş etdiriblər.
Sonda rəsmləri fərqlənən tələbələrə və mərkəzin üzvlərinə muzeyin diplomları təqdim olunub.
Mahmud
Palitra.-2018.-23 fevral.-S.15.