Azərbaycan multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq mərkəzinə çevrilib

 

Nəsimi Əbilov:

“Ölkənun başlıca sərvəti multikulturalizmdir”

 

Murad Salmanov: “Azərbaycan dünyaya bütün dinlərin bir yerdə yaşamasının mümkün olduğunu nümayiş etdirir”

 

 

Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizigücləndirən amillərdən biridir. Həqiqətən də, mübaliğəsiz demək olar ki, dinc yanaşı yaşamaq, bir-birini qəbul etmək və hərtərəfli vəhdət Azərbaycanın bütün dünyaya yaydığı yeni dinidir. Ölkə tolerantlıq məsələlərinə dair ardıcıl dialoqu nəzərdə tutan öz mədəniyyətlərarası platformasının, konfessiyalararası etimad və harmoniyanın daşıyıcısı, missioneridir. Elə Sumqayıt Yəhudiləri Dini İcmasının təsisçisi Nəsimi Əbilovla Vaad L Hatzolas-Amerika Yəhudiləri Təşkilatının Mətbuat katibi Murad Salmanov da belə düşünürlər. Onlar Azərbaycanın hələ tam kəşf olunmayan bir “dəyərlər adası” olduğunu deyirlər. Nəsimi Əbilov mətbuatın da bu mövzunu diqqətdə saxlamasını təqdirəlayiq hal sayır: “Azərbaycanda mətbuat daim tolerantlıq və multikulturalizm kimi dəyərləri gündəmdə saxlayır. Tez-tez milli azlıqların, dini konfessiyaların nümayəndələrinin fikirlərinin mətbuata daşınmasının özü də tolerant mühitin bir carçısıdır desəm, yanılmaram. Yəni bizlərə bu ölkədə daim hər yerdə qapı açıq olur! Bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmizdə inkişaf edən tolerant mühit biz yəhudiləri nəinki qane edir, eyni zamanda bizə bu ideal ölkəni daha çox sevməyə, bura daha çox bağlanmağa stimul verir. Mən dünyanın dörd yanından gələn yəhudi qardaşlarımla rəsmi və ya qeyri-rəsmi görüşlərimdə deyirəm ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Ölkə başçısı ötən ilin oktyabr ayında isə Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqında Fərman imzaladı. Təsadüfi deyil ki, fondun nizamnaməsində milli-mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir. Yəni bu gün ölkəmizdə haqqında söhbət açdığımız mövzularla bağlı hər cür müsbət addımlar atılır”.

Nəsimi Əbilov deyir ki, müasir dövrdə bir sıra siyasi mərkəz və dairələrin arzuolunmaz siyasi oyunları və planları nəticəsində milli-mənəvi dəyərlərdə aşınmalar, islam dininə nifrət aşınması və s. kimi antihumanistmeyillər çoxalıb. İslamofobiyanın, diskriminasiyanın yayılmasının, onların qarşısının alınmasının əsas yolu multikulturalizm dəyərlərini, mədəniyyətlərarası dialoqu təbliğ etməkdir: “Buna görə də humanist dəyərlərin arxa plana keçən bir dünyamızda milli-mənəvi və islamidəyərlərimizin qorunub saxlanılmasına və təşviqinə böyük ehtiyac var. Azərbaycanda bu sahədə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən artıq ənənəvi olmuş Beynəlxalq Humanitar və Ümumdünya Mədəniyyətlərarası Forumlar da dünyada dialoqun inkişafına mühüm töhfə verir. Bu illər çərçivəsində keçirilən çoxsaylı tədbirlər bütün dini icmaların bir araya gəlmələrinə hesablanıb. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi bütün tədbirlərdə katolik, pravoslav və yəhudi icmalarının rəhbərləri ilə birgə fəaliyyət göstərir. Mən çox sevinirəm ki, Azərbaycanda dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verilir. Hətta deyərdim ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir”.

 

Nəsimi Əbilov deyir ki, Azərbaycanın neftlə zəngin ölkə olmasına baxmayaraq, bu, ölkənin əsas sərvəti deyil: “Ölkənin başlıca sərvəti mənim, sizin, bütün xalqımızın gündəlik həyat tərzi olan multikulturalizmdir. Azərbaycan bütün vətəndaşlarını əhatə edən və yaxşı tanınan tolerantlıq, dinc yanaşı yaşama yoluna davam edir. Bu yol, inanın ki, hətta inkişaf etmiş əksər ölkələrdə belə, həsədlə izlənilir. Çünki bir sıra aparıcı ölkələr multikulturalizmdən imtina etdiklərini bəyan edirlər... Tolerant bir mühit cənnəti xatırladır. Azərbaycan isə cənnətin tam mərkəzidir. Mən ünsiyyətdə olduğum əcnəbilərə də izah edirəm ki, Azərbaycanda insanlar cəmiyyətdə bir çox özünəməxsus mədəni və etnik qrupların varlığını və dəstəklənməsini xarakterizə edən müasir sosial termin olan multikulturalizminonlara genetik olaraq əsrlərlə ötürüldüyünü deyirlər. Bu gün əgər Azərbaycanda yaşayan bir yəhudinin barmağına tikan batarsa, bu bütün azərbaycanlıların ürəyinə ağrı verər! Eləcə də bu istiqanlılığı dəyərləndirən İsrail dövləti üçün də oxşar fikirləri şamil etmək olar. İsraildə də əksər yəhudilər Azərbaycanı ikinci vətənləri sayırlar... Bu gün Azərbaycanda hətta interkulturalizmin birləşdirici amilini aydın şəkildə görürəm.Bildiyiniz kimi,interkulturalizmmədəniyyətlərarası dialoqun dəstəklənməsi, mədəniyyətlərdə seqrasiyameyillərinə çağırışdır. Bu, cəmiyyətdə uğurla birgə yaşayan mədəniyyətlərin rəngarəngliyinə dair multikultural faktın passiv qəbul edilməsi çərçivəsini aşmaq, dialoqu gücləndirmək və mədəniyyətlərin qarşılıqlı fəaliyyətini təmin etməyi ehtiva edir”.

“Biz yüz il əvvələ də qayıtsaq, mərd, tolerant, multikultural dəyərləri önə çəkən bu xalqı görərik, min il əvvələ də...”

Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən müsahibim xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğuladı. Bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. Bu, Azərbaycanın simasıdır və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır.

Tarixən müxtəlif mədəniyyət və din nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olan Azərbaycan milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını uğurla təşviq edir: “Təsəvvür edin ki, Azərbaycanda yerləşən Qırmızı Qəsəbə dünyada İsrailin hüdudlarından kənarda yerləşən yeganə yaşayış məntəqəsidir ki, onun əhalisinin əksəriyyəti yəhudilərdir. Bu amil mənə xüsusi qürur verir. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir. Etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində onların dilləri də tədris olunur, müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur, qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Biz yüz il əvvələ də qayıtsaq, mərd, tolerant, multikultural dəyərləri önə çəkən bu xalqı görərik, min il əvvələ də... Gələcəkdə isə Azərbaycan xalqıməhz bu dəyərlərinə görə tarixdə daha çox qızıl hərflərlə qeyd ediləcək! Təəssüf ki, hələ ki, bu amili dünya tarixində az önə çəkirlər...”.

Vaad L Hatzolas-Amerika Yəhudiləri Təşkilatının Mətbuat Katibi Murad Salmanov isə ilbəil Azərbaycanda multikulturalizm və tolerantlıqla bağlı məsələlərə daha çox diqqət və dəyərin artırılmasını müsbət amil sayır: “Ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımıza məxsus multikultural dəyərlər, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında çox danışmaq olar. Bu gün çox az ölkə tapılar ki, Azərbaycanda olduğukimi, müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərlə sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşasın. Azərbaycan xalqının çox yüksək mənəvi keyfiyyətləri var. Bu xalq o qədər unikal və təkrarolunmaz yüksək mənəvi keyfiyyətlərə malikdir ki, erməni milləti tərəfindən xəyanətə və istilaya uğrayıb 20 faiz ərazisini itirsə də, öz multikultural dəyərlərini, tolerantlığını itirmədi. Təsəvvür edin ki, bu gün Ermənistanda başqa millətlərin, dinlərin nümayəndələri barmaqla sayılacaq qədər azdır. Azərbaycan isə nəinki region üçün, bütün dünya üçün nümunəvi ölkədir. Azərbaycanda dövlət-din münasibətləri də yüksək səviyyədədir. Bu gün Azərbaycan dünyaya bütün dinlərin bir yerdə yaşamasının mümkün olduğunu nümayiş etdirir. Bu işdə Azərbaycan Prezidentinin, habelə dini icma rəhbərlərinin rolu təqdirəlayiqdir. Bakı fərqli etiqadları olan vətəndaşların sağlam mədəni və dini müxtəlifliyinin mövcud olduğu nadir və perspektivli bir dövlətin paytaxtıdır. Bəzən Azərbaycanın bu dərəcədə tolerant olmasının səbəbini onun dünyəvi ölkə olmasında görürlər. Lakin bu, olduqca dərin və qədim bir dəyərə səthi yanaşmadır. Bu gün ölkəmizin dörd bir yanında olan yəhudilər burada təhlükəsiz şəraitdə yaşadıqlarını deyirlər və onlara qarşı olan hörməti yüksək qiymətləndirirlər. Azərbaycanda olan dinlərarası harmoniya və müsbət multikulturalizm daha geniş tədqiq edilməli və dünyada ayrı-ayrı xalqlara, insanlara aşılanmalıdır. İnanın ki, bu gün ən böyük təbii sərvətimiz nə neft, nə də başqadır... Ən böyük təbii sərvətimiz məhz bir-birini qəbul edə bilmək və hörmətlə yanaşmaq dəyəridir”.

Bu mövzuda araşdırma aparanda belə bir qənaətə gəlmək olar ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri ölkəmizin inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Buna müsahiblərimin də fikirləri sübut edə bilər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.

 

Tural Tağıyev

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

 

Palitra.-2018.-23 fevral.-S.7.