“Aşıq Ədəbiyyatı” antologiyası xalqımıza bir ərməğandır”

 

Mahmud Allahmanlı: “Xalq Əmanəti” layihəsi çərçivəsində həyata keçirilən möhtəşəm işlər tarixi ənənənin yaşarılığının bariz nümunəsidir”

 

Bu günlərdə xalqımızın yaddaş kitabı kimi əvəzsiz mədəni sərvət olan üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusu nəşr edilib. Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Oxucular tərəfindən “Aşıq Ədəbiyyatı Antologiyası”na marağı nəzərə alaraq nəşrin tərtibçilərindən biri olan filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı ilə müsahibəni diqqətinizə çatdırırıq. Qeyd edək ki, fevralın 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirildi.

 

-Mahmud müəllim, “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun nəşri hansı zərurətdən irəli gəldi?

- Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra xalqın mədəni irsinin toplanması və öyrənilməsi, mənəvi dəyərlərimizin təbliği və dünyaya tanıdılması işi strateji əhəmiyyəti ilə dövlət siyasətinin bir qoluna çevrilmişdir. Muğam sənətinin, Novruz bayramının, xalça sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sahəyə böyük diqqətin bariz göstəricisidir. Aşıq yaradıcılığı da bu sıradadır və 2009-cu il sentyabrın 28-də Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətinin öyrənilməsi və təbliği istiqamətində gördüyü ciddi işlər sayəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Məhz bu səbəbdən aşıq sənəti bəşəriyyətin mədəni irsinin ən qədim sahələrindən biri kimi daha geniş və təfərrüatlı təhlilləri, araşdırmaları zəruri edir.

Xalqın zəngin mədəni irsi, mənəvi dəyərlərinin toplanması və gələcək nəsillərə ötürülməsi ən ümdə məsələlərdən biri kimi elmi-mədəni mühiti həmişə düşündürmüşdür. “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq Bankın son səkkiz ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarılığının bariz nümunəsidir. Bu illər ərzində maliyyə qurumunun nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üçcildlik “Aşıq Ədəbiyyatı” antologiyası (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) da əlavə olundu və şübhəsiz, bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir.

-Xalqımıza bəxş olunan bu sərvətin nə kimi özəlliyi var?

-Olduqca nəfis tərtibatda təqdim edilən antologiya bir sıra özəlliklərə malikdirilk növbədə onu qeyd etmək lazımdır ki, ilk dəfə olaraq xalqımızın əsrlər boyu nəsillərdən-nəsillərə ötürərək qoruduğu aşıq ədəbiyyatı nümunələri, eləcə də böyük ustad-sənətkarlarımız Dədə Qorquddan üzü bəri bir toplu halında cəmlənir. Nəşrin özünəməxsusluğunun əhəmiyyətini artıran amillərdən biri xalqın mənəvi yaddaşına dastan qəhrəmanları kimi daxil olmuş sənətkarların, ustadların yaradıcılığından nümunələrin daxil edilməsidir. Məsələn, “Koroğlu” dastanından Koroğlunun, Cünunun, “Əsli və Kərəm” dastanından Kərəmin, “Aşıq Qərib” dastanından Qəribin, “Tahir və Zöhrə” dastanından Tahir Mirzənin, “Valeh və Zərnigar” dastanından Məsum Əfəndinin və digərlərinin real sənətkar kimi bədii məkana gətirilməsi məsuliyyətli və həm də gərəkli addımdır.

Antologiyanı forma nöqteyi-nəzərindən gözəlləşdirən, onun bədii dəyərinə rəng qatan, zəngin məzmununu rəssamın nəfis zövqü və incə fırçası ilə canlandıran illüstrasiyalar isə ayrıca bir tədqiqatın mövzusu ola bilər. Bircə onu qeyd etməliyik ki, aşıq yaradıcılığının ümumi məzmununa uyğun illüstrasiyaların çəkilməsi olduqca təqdirəlayiq bir haldır. Şübhəsiz, bu cür peşəkar yanaşma kitabçılıq ənənəsinə böyük töhfədir və mədəniyyətimizin dünyaya tanıdılması işində effektiv vəsaitə çevriləcəkdir. Antologiyanın oxucu üçün bədii dəyərini artıran məqamlardan biribir sıra sənətkarların əsərlərinin ilk dəfə bu topluda nəşr olunmasıdır.

Bütün sadalananları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərik ki, “Xalq Əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi “Aşıq Ədəbiyyatı” antologiyası nəsillərin, əsrlərin nəhəng təcrübəsinin, qədim ənənələrinin və saf arzularının sənət qatında bir-birinə qovuşaraq yaranan bir abidədir. Və böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərməğandır, əsl Xalq Əmanətidir!

 

-Antologiyaya daxil edilən nümunələr, əsasən, hansı mənbələrdən əldə olunub?

- Antologiyaya daxil edilən nümunələr müxtəlif mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır. “Xalq Əmanəti” layihəsi, eyni zamanda bir neçə nəcib məqsədə qulluq edir. Həm oxucuları milli mədəniyyətimizin sütunlarından biri olan aşıq ədəbiyyatı ilə yaxından tanış edir, həm ölkədə kitabçılıq mədəniyyətini inkişaf etdirir, həm də milli mədəniyyətimizin ən dəyərli qatlarından birini yenilənmiş şəkildə xalqa təqdim edir, yaddaşları təzələyir. Təsəvvür edin, nə qədər möhtəşəm sənət abidələrimiz vaxtında yazıya alınmadığı səbəbindən yaddaşlardan silinmiş, günümüzə çatmamışdır.

Aşıq yaradıcılığı zəngin tarixi, böyük tarixi-mədəni əhəmiyyəti və keçdiyi yolun keşməkeşləri ilə ciddi və həm də əsaslı bir mənzərəni sərgiləyir. Burada xalqın zəngin mədəniyyət təsəvvürləri, əxlaq qaydaları, arzu və istəkləri, qayğıları, qurub yaratmaq amalı, yaşam idealları və s. yaşam kateqoriyaları cəmlənir. Təqdim olunan antologiyada ustadların yaradıcılığından verilmiş seçmələr bunun nümunəsi olaraq xalqla aşığın vəhdətini ehtiva edir, xalqın əvəzsiz, şəriksiz yaradıcılıq sahəsinin – aşıq sənətinin fövqəladə əhəmiyyətini nümayiş etdirir. Azərbaycan xalqının bəşər mədəniyyətində yerini, təmsil etdiyi dəyərləri, aşıladığı idealları göstərir.

-Antologiya hansı hissələrdən ibarətdir?

-Üçcildlik həm həcm, həm də keyfiyyət baxımından aşıq ədəbiyyatı mövzusunda olan nəşrlərdən fərqlənir. Belə ki, topluya daxil edilən poetik nümunələr, məhəbbət və qəhrəmanlıq dastanlarının hər biri öz məzmun bitkinliyi, tərkib genişliyindən əlavə, həm də əsərlərin mövcud olan müxtəlif versiyalarının tədqiqi, ilkin variantların bərpası, daha mükəmməl mətnlərin seçilməsi ilə əhəmiyyətlidir. Birinci cilddə ustad sənətkarların yaradıcılığından verilən nümunələr bütünlükdə aşıq yaradıcılığının tarixini özündə ehtiva edir. Bu ustadların hər birinin bizə ötürdüyü biliklər ümumilikdə xalqın tarixi yaddaşına, mədəni-məişət ənənələrinə, mifoloji təsəvvürlərinə, bədii düşüncəsinin inkişafına, sənətin tarixinə işıq tutur. Təkcə onu demək kifayətdir ki, kitabda yüz altmış səkkiz aşığın yaradıcılığından nümunələr verilmişdirbu da indiyədək nəşr olunan toplular arasında həcm və sənətkar sayı baxımından ən dolğun və əhatəli məcmudur.

Toplunun birinci cildi (“Aşıq poeziyası”) Dədə Qorquddan bu yana yaşayıb-yaradan ustadları əhatə etməklə zaman baxımından da xalqımızın sənət haqda təsəvvürlərini əks etdirən əsaslı mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Belə ki, ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” dastanlarından bir sıra poetik parçalar seçilərək aşıq poeziyası nümunələri kimi topluya daxil edilmişdir.

Antologiyanın ikinci cildində qəhrəmanlıq, üçüncü cildində isə məhəbbət dastanları toplanmışdır. Antologiyanın həm tarixi, həm də bədii əhəmiyyətini artıran əsas amillərdən birisovet senzurasının “redaktəsinə” məruz qalmış müxtəlif epizod və hadisələrin, əhvalatların bərpa olunmasıdır. Eyni zamanda xalqımızın dini təsəvvürlərini əks edən mətn və şeirlər sovet redaktəsindən azad edilərək ilkin, əsas versiyalarında kitaba daxil edilib.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin aliorta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürkunudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür.

 

Fuad Hüseynzadə,

Mahmud Əyyub

AAB-nin üzvü.

 

Palitra.-2018.-28 fevral.-S.13.