Professor İbrahim Zeynalov:

 

“Bir alim kimi yetişməyimdə mənə dərs deyən müəllimlərimə borcluyam”

 

İbrahim Xudaverdi oğlu Zeynalov 1954-cü il fevralın 5-də anadan olub, 1971-ci ildə Tovuz rayonu Əyyublu kənd orta məktəbini bitirib. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsini bitirib. 1986-cı ildə “Respublika xalq nəzarəti orqanlarının fəaliyyəti” mövzsusunda dissertasiya müdafiə edib və tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1999-cı ildə “Azərbaycanın iqtisadi və sosial inkişafı (1970-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və 2000-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini alıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professorudur.

 

- İbrahim müəllim, sizdə tarixçi olmağa həvəs haradan yaranıb? Öncə bizə tarix elminə gəlişinizdən söhbət açardınız.

- Hələ orta məktəbdə oxuduğum illərdə məndə tarix fənninə, elminə böyük həvəs oyanıb. İş elə gətirdi ki, aşağı siniflərdə tarix fənnindən dərs deyən müəllimim – Əsgərov Qurban müharibə veteranı idi, müharibədə dizdən aşağı qılçasının birini də itirmişdi və protezlə hərəkət edirdi. Onun müharibə ilə, tarixi hadisələrlə, şəxsiyyətlərlə, hökmdarlarla, sərkərdələrlə bağlı çox mənalı, dəyərli söhbətləri məndə tarix müəllimi, tarixçi olmağa böyük maraq oyatmışdı.

1971-ci ildə Tovuz rayonunun Əyyublu kəndində orta məktəbi bitirib, sənədlərimi Bakı Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə verdim. O zaman Tarix fakültəsinin nüfuzu çox yüksək idi. Partiya, dövlət işçisi olmaq istəyənlər bu fakültəyə daha çox meyil edirdilər. Rəqabət güclü və konkurs yüksək idi. Bir yerə 30-35 nəfər sənəd verirdi. Mən yüksək qiymətlər alsam da, orta məktəbdə xarici dil keçmədiyimdən xarici dil imtahanından üç qiyməti aldım. Bu da, təbii ki, konkurs demək idi.

1972-ci ildə hərbi xidmətə getməli oldum və xidmətimi Almaniya Demokratik Respublikasında keçirdim. Dərsliklərimi Respublika Hərbi Komissarlığının köməyi ilə Almaniyaya hərbi hissəyə gətirdim. Alman dilini öyrəndim. 1974-cü ildə hərbi xidməti başa vurdum və 1975-ci ildə yenidən sənədlərimi BDU-nun Tarix fakültəsinə verdim, yüksək qiymətlərlə qəbul olundum. Alman dilindən imtahan verdim və “yaxşı” qiymət aldım.

- Tələbəlik illəri hər bir insanın həyatında xoş günlər kimi xatırlanır. Artıq siz universitetə daxil olmaqla bir tarixçi kimi formalaşmağa başladınız. Bu illər də bizim üçün maraqlıdır.

- Yaxşı oxuyurdum. II kursun sonunda məni Fakültə komsomol komitəsinin katibi seçdilər. III kursda ixtisaslaşma zamanı mən “Sovet hüququ” ixtisasını seçdim. Hüquq fakültəsinin çox təcrübəli, tanınmış professorları – Əziz Əsədov, İsa Məmmədov, Məmməd Xələfov, Firuddin Səməndərov, Məmmədxan Rəsulov, Yusif Mehdiyev və digərlərinin mühazirələrini dinlədik. Sonda da mən “Mülki hüququn predmeti” mövzusunda diplom işi müdafiə etdim və “əla” qiymət aldım. Diplom rəhbərim fakültənin dekanı tanınmış alim, böyük şəxsiyyət Məmməd Xələfov idi. Hətta universiteti qurtaranda Məmməd Xələfov mənə və mənim dostum Tahir Ağayevə bildirdi ki, gəlin sizə zəmanət verim, kömək edim, siz hüquq mühafizə orqanlarına işə gedin. Lakin tarixçi olmaq, qalıb Tarix fakültəsində təhsilimi davam etdirmək (yəni aspiranturada), qalıb orada işləmək həvəsi məni hüquq mühafizə xidmətindən çəkindirdi.

- Tarix müəllimi və bir tarixçi alim kimi BDU-də fəaliyyətinizdən, həmçinin elmi müdafiənizdən söhbət açardınız.

 

- 1980-ci ildə təyinat zamanı mən əvvəlcə Tarix fakültəsində saxlandım, lakin sonra qeyri-müəyyən səbəbdən fakültədə saxlanılmadım və yeni təyinatla Sabirabad rayonunun Xələfli kəndinə müəllim göndərildim. 1980-1982-ci illərdə orada işlədim, həm də aspiranturaya hazırlaşdım. Hətta 1981-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin Sabirabad şöbəsi bu orqanlarda işləmək üçün sənədlərimi də hazırladı.

Lakin 1982-ci ilin payızında mən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspiranturasına daxil oldum və Sabirabaddan Bakıya gələrək BDU-da (ADU-da) aspiranturada təhsilimi davam etdirdim.

Elmi rəhbərim çox sevilən, hörmət olunan professor Səfiyar Musayev idi. O, mənə atalıq qayğısı göstərdi, bütün çətinliklərdə əlimdən tutdu. Aspiranturanın 3-cü kursunda namizədlik dissertasiyası müdafiə etdim və tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldım. Elmi tədqiqatlarımı durmadan davam etdirdim və 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etdim – tarix üzrə elmlər doktoru dərəcəsi və 2000-ci ildə isə professor elmi dərəcəsinə yiyələnərək, professor diplomu aldım. Həmin vaxtdan BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoruyam.

- Sizin bir alim kimi fəaliyyətiniz də maraqlıdır. Bu illər ərzində hansı vəzifələrdə çalışıbsınız?

1992-1994-cü illərdə Bakı Dövlət Universitetində Siyasi və tərbiyə işləri üzrə prorektor, 1996-2000-ci illərdə isə BDU-nun Aspirantura, dissertantura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləmişəm. 2001-ci ildən hal-hazıra qədər Azərbaycan tarixi kafedrasının professoru işləyirəm.

2005-ci ildən hal-hazıra qədər Azərbaycan Respublikası Pezidenti yanında Ali Attestasiya Komissiyasının “Tarix və Siyasi elmlər” üzrə ekspert şurasının üzvüyəm. 1996-cı ildən 2015-ci ilə qədər “BDU-nun xəbərləri” jurnalının humanitar elmlər seriyasının məsul katibi, 2015-ci ildən isə bu seriyanın redaktoruyam.

2008 – 2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında TQDK (DİM) nəzdində fəaliyyət göstərən tarix fənni üzrə respublika seminarının və testlərin qəbulu üzrə ekspert qrupunun sədri olmuşam.

- İbrahim müəllim, bu günə kimi aldığınız bəzi mükafatların adlarını çəkərdiz?

- 1993-cü ildə tarixçilərin 3-cü Respublika Elmi Konfransında etdiyim elmi məruzəyə görə A.A.Bakıxanov adına diploma və pul mükafatına layiq görülmüşəm. 1999-cu ildə yüksəkixtisaslı kadr hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətimə görə və BDU-nun 80 illiyi münasibətilə fəxri fərmanla, həmçinin mətbuatda uzunmüddətli səmərəli əməkdaşlığa, elmi-publisistik yaradıcılıq uğurlarıma, Vətən tarixi problemlərinə həsr olunmuş elmi əsərlərimə görə Respublika Ziyalılar Cəmiyyətinin və Azərbaycan Jurnalist Həmkarlar İttifaqı Rəyasət Heyətinin fəxri diplomu və mükafatı ilə təltif olunmuşam.

- Bir alim kimi tarix elminin inkişafında apardığınız araşdırmaların mühüm rolu var. Çoxsaylı məqalə və kitabların müəllifisiniz. Bunların adlarını çəkərdiniz.

- Sizə deyim ki, 180-dən çox elmi məqalənin, 7 dərsliyin, 4 fənn proqramının, 4 monoqrafiyanın, bir neçə dərs vəsaitinin müəllifiyəm. Bu əsərlərdən bir çoxu xarici ölkələrin elmi jurnallarında nəşr olunub. Əsərlərdən bəzilərini qeyd edə bilərəm: – “Siyasi tarix” – dərslik, Bakı, 1993; “Syasi tarix” II hissə, Bakı, 1998; “Tarix”– dərs vəsaiti, Bakı, 2012; “Azərbaycan tarixi” – mühazirələr kursu – dərslik, Bakı, 2010; ”Azərbaycanın sosial-iqtisadi inkişafı 70-80-ci illərdə” – monoqrafiya; “Tarixi terminlərin izahlı lüğəti” – monoqrafiya, Bakı, 2006; “Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında” – dərs vəsaiti, Bakı, Azərnəşr, 2004; “Totalitar sovet cəmiyyəti – tarixin ibrət dərsləri (Azərbaycan SSR XX əsrin 20-50-ci illərində)” – monoqrafiya, Bakı, 2017; “Azərbaycanın ictimai-siyasi həyatı XX əsrin 50-ci illərində”, Bakı, 2002; “Azərbaycanda demoqrafiq inkişafın bəzi xüsusiyyətləri” – elmi məqalə, BDU-nun xəbərləri, Bakı, 2002 ¹4; “Azərbaycan tarixi” – 9-cu siniflər üçün dərs vəsaiti, Bakı, 2008; və s.

- Bakı Dövlət Universitetinin təhsilimizin inkişafında müstəsna yeri var. Burada bir çox savadlı, tanınmış ziyalılarımız yetişib. Bu gün BUD-nun elmi potensialı haqqında danışardınız.

- Son iki onillikdə Bakı Dövlət Universiteti çox sürətlə inkişaf edərək, elm, təhsil sahəsində istedadlı gənc mütəxəssislərin yetişdirilməsində, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında, beynəlxalq nüfuzlu universitetlərlə elmi əlaqələrin təşkilində, birgə tədqiqatların aparılması sahəsində əməkdaşlığın qurulmasında uğurlu tədbirlər görülmüş, sanballı nəticələr əldə edilmişdir.

Bunun nəticəsidir ki, son illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsində, istedadlı tələbələrin, magistrların seçilib universitetdə saxlanılmasına böyük diqqət yetirilir. Son iki onillikdə Bakı Dövlət Universitetinə görkəmli alim, akademik Abel Məhərrəmov rəhbərlik edir. Bu müddətdə respublika elminin, ali təhsilinin inkişafında Bakı Dövlət Universiteti müstəsna rol oynayır. Universitet əsl böyük təhsil və Elmi-Tədqiqat mərkəzinə çevrilmişdir. Bu gün BDU respublikanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda böyük əzmlə çalışan gənc mütəxəssislərin yetişdirilməsində böyük nailiyyətlər əldə etmişdir.

- Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrinin tarix elminə marağından danışardınız. Həmçinin rəhbərliyiniz altında yetişən alimlər haqqında da məlumat verərdiniz.

- Mən uzun illərdir ki, Bakı Dövlət Universitetinin Hüquq və tarix fakültələrində Azərbaycan tarixinin müxtəlif problemlərindən tələbələrə mühazirələr oxuyuram. Onların Vətən tarixinin sevdirilməsində müxtəlif metodlardan, müasir yanaşma vasitələrindən geniş istifadə edilir. Oxuduğum mühazirə tələbələrə təkcə Vətən tarixini öyrənilməsinə deyil, həm də onların milli hisləri, dəyərləri yüksək olan bir şəxsiyyətə çevrilmələrinə xidmət edir.

Tarix fakültəsində magistrlara ixtisas kurslarından mühazirələr oxuyuram. Onların tarix elminə, xüsusilə Vətən tarixinə maraqlarının artırılmasına yönəlmiş tədbirlər, elmi konfranslar, disputların keçirilməsində, təşkilində yaxından iştirak edirəm. Həmçinin gənc tədqiqatçıların, alimlərin yetişdirilməsi elmi fəaliyyətimin bir hissəsini təşkil edir.

Rəhbərliyim altında 12 nəfər doktorant və aspirant müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcələri almışdır. Hazırda rəhbərliyim altında 6 nəfər doktorant və dissertant, 2 nəfər magistrant elmi tədqiqatlar aparır, dissertasiyalar üzərində işləyirlər. Onlara qarşıya çıxan elmi çətinliklərin həllində yaxından köməklik göstərir və istiqamətlər veririk.

- Bu gün bir alim kimi yetişməyinizdə kimlərə borclusunuz?

- Mənim bir alim kimi yetişməyimdə tanınmış alimlərin, ilk növbədə elmi rəhbərim Səfiyar müəllimin, kafedra müdiri professor Zakir Şıxlinskinin rolu böyük olmuşdur.

Həmçinin anamın, qardaşlarımın dəstəyi, yaxşı insanların isti münasibəti danılmazdır, böyükdür.

Mənim boya-başa çatmağımda, ali təhsil almağımda, nəhayət, bir alim-professor kimi yetişməyimdə doğulduğum Tovuz rayonuna, Əyyublu kəndinin mənə dərs deyən müəllimlərinə borcluyam.

Hər bir insanın, şəxsiyyətin yetişməsində coğrafi mühit də böyük rol oynayır. Bu baxımdan Tanrının gözəllikləri əsirgəmədiyi ilkin mənbələrdə yunan, rus istilasından (1801-1828) sonra Şəmsəddil və nəhayət, Tovuz adlanan cənnətmisal diyar, tarixi qədər də gözəllikləri, bulaqları, saf suları, füsunkar meşəlikləri, çəmənlikləri ilə zəngindir. Bu mühitdə insan hər şeyə qadir ola bilər.

Mənim doğulduğum və orta məktəb illərində doyunca gəzdiyim, sonralar və indi də tez-tez qonaq getdiyim bu diyarın tarixi də qədimdir. Bunu Tovuzda aşkar edilən tarixi abidələr, qalalar və s. sübut edir: antik dövrdə Torpaqqala, tunc dövrünün kurqanları, Girzan məbədi, “Aşağı öysüzlü” qalası, Yanıxlıdakı Girdıman qalası, türbələr və s. Həmçinin dörd müqəddəs hövzə də Tovuzu bəzəyir: Axınca, Xınna, Əsirlik və Ağdərə.

Məni hər il yay aylarında, Novruz bayramı günlərində Tovuzun füsunkar gözəlliklərini təşkil edən saf sulu bulaqları, şırıltılı çayları, uğultulu nəğməli meşələri cəlb edir. Gedib o yerləri ziyarət edirəm və qəlbim, ürəyim dincəlir.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

 

Palitra.-2018.-28 fevral.-S.7.