İnfeksion xəstəliklər qarşısı daha asanlıqla alınan və müalicə olunandır, amma ...”

 

Elza Orucova: “Maskalı qripli xəstə yaxın məsafədən 50 nəfər insanı, maskasız qripli xəstə 150 nəfəri yoluxdura bilər”

 

Yoluxucu xəstəliklərin profilaktik gigiyena mahiyyəti sadədir- təmizlik sağlamlığın rəhnidir”

 

Həkimlik müqəddəs, şərəfli və çox məsuliyyətli sənətdir. Çünki hər hansı xəstə öz sağalmaq ümidini həkimlərdə görür. Eyni zamanda xəstə insan öz həyatını həkimə etibar edir. İnsanların bu inam və etimadını qazanan həkimlər öz sənətinin zirvəsinə yüksələnlərdir. Elə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elza Orucova da bu keyfiyyətlərinə görə “İlin həkimi” mükafatına layiq görülüb. Elza Orucova qəzetimizə müsahibəsində öz sevincini bizimlə bölüşüb.

-Elza xanım, öncə sizi tanımaq istərdik.

-Mən bütöv Azərbaycanın bir hissəsi olan tarixi-məşhur Zəngəzur mahalının Mığrı bölgəsindənəm. Bu mənim dünyaya göz açdığım, böyüdüyüm, yaşadığım ata yurdumdur. Ana yurdum isə yenə tarix boyu məşhur olan Vedibasar mahalıdır.

Atam tanınmış ziyalı, böyük şəxsiyyət, güclü nüfuz sahibi, rəhbərlik etdiyi orta məktəbi respublikanın örnək təhsil ocağına çevirən, yüksək vətənpərvərliyi, millətsevərliyi ilə seçilən, sonsuz el məhəbbəti qazanmış, müdrik el ağsaqqalı Qüdrət Orucovdur. Anam bilik və qabaqcıl təcrübəsi ilə məktəbə ad-san gətirmiş, respublikanın “baş müəllimi” Şərqiyyə Adurovadır.

Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU-da) təhsil almışam. Ali təhsili başa vurduqdan sonra Sumqayıt şəhərində həkimlik fəaliyyətinə başlamışam.

1989-cu ildə ATU-nun Yoluxucu xəstəliklər kafedrasının baş laborantı vəzifəsinə qəbul olunmuş, 1990-cı ildə assistent vəzifəsinə seçilmişəm. 1993-cü ildə “Bağırsaq yersiniozunun kompleks müalicəsində maqnitoterapiyanın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra mənə tibb elmləri namizədi alimlik dərəcəsi adı verildi. 1996-cı ildə dosent elmi adını almışam. 1999-2011-ci illərdə kafedrada tədris hissə müdiri vəzifəsində işləmişəm. Hal-hazırda kafedranın dosenti vəzifəsində çalışmaqla yanaşı, yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi Bakı şəhərinin bir sıra müalicə müəssisələrinə elmi-praktik konsultativ köməklik göstərirəm.

Vektor Beynənxalq Elm Mərkəzinin “XXI əsrin tanınmış həkimi” Beynəlxalq diplomuna layiq görülmüş (2003), Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Fərmanı (2010) ilə təltif olunmuşam.

1 bədii ədəbiyyat kitabının müəllifiyəm (“Qüdrət müəllim 30 ildən sonra”, Elza Qüdrətqızı, 2011, 660 səh.).

 

-Bu günlərdə “İlin həkimi”seçilibsiniz. Hansı fəaliyyətinizə görə bu ada layiq görülübsünüz?

-Mən 1989-cu ildən etibarən 1 saylı şəhər klinik xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində çalışıram. İşlədiyim müddətdə fasiləsiz olaraq müxtəlif nozoloji formalı infeksion xəstəliklərə mübtəla olmuş çoxsaylı xəstələrin müalicəsi ilə məşğul olur, müalicə və diaqnostik tədbirlərə dair məsləhətlər verirəm. Həmçinin işlədiyim xəstəxananın qeyri-infeksion profil şöbələrində konsultasiyakonsiliumlarda konsultativ yardım göstərirəm. Bakı şəhərinin bir sıra müalicə-profilaktika müəssisələrində praktik-elmi tibbi məsləhətlərin verilməsində iştirak edirəm. Yoluxucu xəstəliklərin epidemiyası zamanı səhiyyə təşkilatlarına köməklik göstərirəm və respublikamızın müxtəlif bögələrində infeksion xidmətin təşkili və yardımında fəal iştirak edirəm.

Gorünür, sözügedən fəaliyyətim “Management İnternational groupun nəzərindən qaçmayıb. Bu təsisatın təbirincə desək, “göstərdiyiniz əvəzsiz tibbi xidmətin yüksək keyfiyyətinə görə fəxrlə təqdim edilir!”. Təbii ki, qururverici hadisədir. Təbiətim belədir: bu məni qətiyyən arxayınlaşdırmır, əksinə, daha da məsuliyyətli olmağa dəvət edir və ətrafımdakılar bu məziyyətimi yaxşı bilirlər. Yuxarıda göstərdiyim kimi, mən hələ 15 il öncə “XXI əsrin tanınmış həkimi” Beynəlxalq diplomuna layiq görülmüşəm. Sonuncu aldığım milli mükafat da mənə eyni keyfiyyəti aşılayır və sanıram ki, hər iki mükafat məzmunca bir-birindən əlahiddə üstündür.

Həkim adı gələndə həkimlik sənətinə dair fikirlərimi izhar etmək istəyirəm. Mən 2 müqəddəs peşənin (həm müəllim, həm də həkim) daşıyıcısı olmaq etibarilə, bir tərəfdən böyük iftixar hissi keçirir, digər tərəfdən üzərimə böyük bir missiyanın məsuliyyətinin düşdüyünü dərk edirəm. Ən azı ona görə ki, “insan olmaq öz məsuliyyətini hiss etməkdir”. Müəllimlər insanın təlim-tərbiyəsinin, həkimlər isə sağlamlığının keşiyində dururlar. Yoluxucu xəstəlikləri yox (mübtəla olmayasınız), ixtisasımı çox sevirəm. Yoluxucu xəstəliklər üzrə bir mütəxəssis kimi xəstələrin dərdinə (onlarda və çevrəsindəkilərdə bir vahiməli “yoluxucu status” vəziyyəti mövcuddur) həmşərik olmaqla tam şəxsi cavabdehlik hissini anlayıram. Həkim qeyri-adi peşənin nümayəndəsidir və bu baxımdan ali mənəviyyata malik olmalıdır.

Həkimlik fəaliyyətində əsas meyar peşəkarlıqdır. Peşəkar həkim oz sahəsini mükəmməl bilməklə yanaşı, bir sıra istiqamətlərdə geniş bilik sahibinə malik olmalıdır. Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sektorunda peşəkarlığa dair “Təhsil və səhiyyə bütün ölkələrdə prioritet sahələrdir” və “İndi əsas vəzifə səhiyyə sistemində çalışanların peşəkarlığını artırmaqdır ” bu kimi bütün fikirlərini şüar kimi qəbul etmək lazımdır.

-Siz həkim olmaqla yanaşı, eyni zamanda tibb elmi üzrə mütəxəssizsiniz. Öz sahənizdə nə kimi elmi fəaliyyətiniz olub?

- Hal-hazırda olduqca çağdaş bir mövzu olan “Kəskin respirator virus infeksiyalarının diferensial diaqnozukompleks müalicəsinə müasir yanaşmamövzusunda doktorluq dissertasıyası üzərində çalışıram. Praktik olaraq hər bir insan ildə bir neçə dəfə (4-15 dəfə və daha çox) sözügedən xəstəliklərə yoluxur. Elmi-tədqiqat işimin məqsədi məhz qrip və digər kəskin respirator virus infeksiyalarının geniş yayıldığı indiki mərhələdə onların müalicəsi üçün radikal effekti tam təmin edən xüsusi effektli vasitələr olmadığına görə antivirus xassəli, bitkisəl mənşəli, kənar təsirlərdən azad yeni dərman vasitəsinin axtarışına yönəldilib.

Fəaliyyətim dövründə 70-ə yaxın elmi və tədris-metodiki , o cümlədən 6 metodik tövsiyə və göstəriş, 1 tədris-metodik vəsait, 3 yoluxucu xəstəliklər fənni üzrə tədris proqramı, 2 yoluxucu xəstəliklər ixtisası üzrə rezidentura tədris proqramı, 1 dərs vəsaiti, 1 dərslik (həsm müəlliflərlə) nəşr edilib.

-Elmi fəaliyyətinizlə beynəlxalq qurumlardakimi əməkdaşlıq edirsiniz?

-Mən çox nüfuzlu Avropa Klinik mikrobioloqlar və İnfeksionistlər cəmiyyətinin (ECCMİD) tam üzvüyəm və onlarla elmi əməkdaşlıq edirəm. Tam üzvü kimi, bütün tədbirlərdə, o cümlədən onların müxtəlif ixtisaslar üzrə komitələrində və yarımkomitələrində fəal iştirak etmək hüququm, səlahiyyətim var. Qeyd edim ki, tərəfimdən elə bu yaxınlarda dərc olunmaq üçün elmi məqalə göndərilib. Aprel ayının 21-25-də İspaniyanın Madrid şəhərində bu cəmiyyətin 28-ci konqresinin keçirilməsi planlaşdırılıb, mən də oraya nümayəndə qismində dəvətliyəm. Bu yaxınlarda məqsədi klinik qərarlara dəstək olanBritaniya Tibb Jurnalının (BMJ)” üzvü olmuşam. Fəaliyyətimi bununla məhdudlaşdırmıram, gələcəkdə digər beynəlxalq qurumlarla da əməkdaşlıq etməyi nəzərdə tuturam.

-İnsanlar yoluxucu xəstəliklərə, əsasən də, qripə yoluxmamaq üçün əsas nəyə fikir verməlidirlər?

-Müasir mərhələdə əhalinin xəstələnmə strukturunda infeksion xəstəliklərin xüsusi çəkisi həm kəmiyyət, həm də keyfiyyət etibarilə durmadan artır. Burada bir neçə məqamı xüsusi qeyd etmək vacibdir. İnfeksion xəstəliklərin qarşısı daha asanlıqla alınan və müalicə olunandır, nəinki istənilən digər qrup xəstəliklər. Əfsuslar olsun ki... Təbabətin bu sayaq qızıl qaydasını hər kəs bilir, hörmət bəsləyir, amma buna riayət edən olmur. Həmçinin infeksion patologiya qeyri-infeksiona nisbətən gənc yaşlarda ölümə daha çox yol açır.

İnfeksion xəstəliklərin profilaktikası, əsasən, 3 istiqamətdə aparılır: infeksiya mənbəyinin ləğv edilməsinə, infeksiyanın ötürülmə yollarına qarşı və əhalinin infeksiyaya həssaslığının azaldılmasına yönəldilən tədbirlər. Bunlar məcmu halında infeksion xəstəliklərin yaranma riskini azaldır.

Bütövlükdə, yoluxucu xəstəliklərin profilaktik vasitələrinin bir növü kimi praktik gigiyenanın mahiyyəti sadə, lakin aydın ifadəli düsturda təsvir edilmişdir: “təmizlik sağlamlığın rəhnidir”.

Kəskin respirator virus infeksiyaları soyuq aylarda diqqət mərkəzindədir. Bu infeksiyalar içərisində isə geniş yayılmasına, kontagiozlugunun yüksək olmasına, kütləvi yayılmağa meyilliliyi ölümə cavabdeh olan ağırlaşmalarla tez-tez cərəyan etdiyi üçün qrip liderlik təşkil edir. Avstriya həkimi Bernet qripdə virusun burunun epitel qişasında törətdiyi zədələnmələricəngəllik yanğınınabənzətmişdir. Mənası odur ki, bu virus epitel hüceyrələrdə çox sürətlə artıb çoxalır eyni sürətlə zədələyir. Təkcə bunu söyləmək kifayətdir: maskalı qripli xəstə yaxın məsafədən 50 nəfər insanı, maskasız qripli xəstə 150 nəfəri yoluxdura bilər.

Qripin profilaktikasında vaksinasiya əsas rol oynayır. Epidemiya vaxtı təcili profilaktika üçün virus əleyhinə immunomoduləedici vasitələr, o cümlədən oksolin məlhəmi, leykositar interferon, risk qruplarına isə donor plasentar immunoqlobulin s. məsləhət görülür. Qriplə xəstələnməni azaltmaq üçün tədbirlər kompleksi aparılır: erkən diaqnoz xəstələrin təcrid edilməsi, otağın müntəzəm havalanması dezinfektlərlə nəm təmizlənməsi, 4 qatlı tənzifdən ibarət maska istifadə etmək s.

Nəhayət, respirator infeksiyalarla yoluxmanın qabağını almaq ya onun riskini minimuma endirmək üçün oxuculara tövsiyə olunur ki, əlamətlərdən hər hansı birini müşahidə etdikdə dərhal həkimə müraciət etsin, çünki ləngimək müalicəyə qədər veriləcək qərarlara mənfi təsir edə bilər.

-Perspektivdə hansı planlarınız var?

-Qarşıda çox planlar var, lakin mən əminliklə reallaşdıra biləcəklərimin üzərində dayanmaq istəyirəm. Belə ki, ən yaxın zamanlarda bu müstəvidə sonradan tamamlanması üçün doktorluq dissertasiya işinə dair elmi-tədqiqat nəticələrinin məqalə, tezis, patent formasında nəşr olunmasını davam etdirmək, eyni zamanda həm respublika, həm beynəlxalq miqyaslı konfranslar, simpoziumlar konqreslərdə elmi məruzələrlə çıxış etməkdir. Həmçinin tibb elmi üzrə yeni-yeni beynəlxalq qurumlara üzv olmaq orada Azərbaycan səhiyyəsini layiqli surətdə təmsil etmək məqsədi qarşımda durur. Açığını etiraf edim ki, yaxın aylarda Amerika Klinik Mikrobioloqlar İnfeksionistlər cəmiyyətinin üzvü olmaq niyyətindəyəm... Elə buradaca atamın el içində dillər əzbəri olan məşhur kəlamı özünə kök salır: “Ya qabaqcıl ol, 5 qiymət al, ya da axırıncı ol, sıradan çıx, ortada sürünmə!”.

 

Fuad Hüseynzadə

 

Palitra.-2018.-24 fevral.-S.7.