Qədim Misir incəsənəti
və Fəyyum portretləri haqqında
Bəşər
sivilizasiyasına ən böyük
töhfələrini vermiş Qədim Misir mədəniyyəti, dünya
tarixində təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindən
biridir. Dünyanın yeddi
möcüzəsindən biri sayılan məşhur
piramidalar (Gizədəki Xeops
ehramı ilə yanaşı, Xefren və
Migerin piramidaları) Qədim Misir mədəniyyətinin ən möhtəşəm
abidələri hesab olunur.
Dey əl-Bəhridə yerləşən
əzəmətli Xatşepsutun xeyrat məbədində 200-dən çox heykəltəraşın sənətkarlığı
öz əksini tapmışdır.
B.e.ə. I
minilliyə aid olan Nefertitinin heykəl portreti
isə dünya təsviri sənət
tarixində ən unikal qadın təsviri
hesab olunur. Qədim Misir təsviri sənəti digər sənət
nümunələrindən parlaq və təmiz
rəngləri ilə fərqlənirdi. Boyalar
əsərlərə özünəməxsus ahəngdarlıq
bəxş edirdi. Təsvirlərə diqqətlə
nəzər salsaq görərik ki, bütün insan fiqurları sükunətdədir və
buradakı pozalar həddən artıq
şərti səciyyə kəsb edir. Bu şərtilik rənglərdə də özünü büruzə verirdi.
Belə ki, qadın fiqurları
sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində
qırmızı-qəhvəyi rəng daha
üstünlük təşkil edirdi.
Mumlu boyakarlıq
çox qədim dövrlərdən məlumdur.
Elmi ədəbiyyatda buna
"enkaustika" deyilir.
Mumlu boyanı hazırlamaq üçün
quru, tozvari rəng mum ilə qarışdırılıb həll
edilir. Daha sonra isə qızdırılmış
daşın və ya taxtanın üzərində
metal alətlərlə və ya fırçayla təsvir olunurdu.
Fəyyum portretləri(e.ə. I əsr-eramızın
IV əsri) və Bizans ikonaları (12 əsrədək)
məhz mumlu boyakarlıq (enkaustika)
texnikası ilə işlənmişdir.
Qədim
Misirdə ölmüş şəxslərin
boyakarlıq portretləri - Fəyyum Portretləri
adlanırdı. Bu termin
1887-ci ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin-əl Fəyyum
vahəsinin adından götürülmüşdür.
Ən yüksək inkişaf dövrü I əsrin ortaları- III əsrdə
olmuşdur. Qədim Misirin
ənənəvi ölü maskalarını
əvəz edən Fəyyum portretləri mumlu
boyakarlıq texnikası ilə taxta
lövhə üzərində işlənir, sonra
mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan
yerə qoyulurdu. Erkən Fəyyum
portretlərinin (e.ə. I əsr) müəyyən
qismi kətan üzərində çəkilmişdir.
Lakin belə bir sual yaranır ki, Fəyyum
portretləri necə ortaya
çıxmışdır?
E.ə.332-ci
ildə Makedoniyalı İsgəndərin Misiri
işğal etməsi ilə birlikdə
ölkə, bütünlüklə Yunan
sülalələri tərəfindən idarə olunmağa başlamışdır. Beləliklə
də, Misirdə yunan mədəniyyəti
yayılır və bir müddətdən
sonra rəsmi dil yunanca olur. Daha
sonra Misir və Roma arasındakı Actium
savaşından sonra e.ə.31-ci ildən
etibarən Misirdə Roma hegemonluğu
başlayır. Bu təsir özünü
daha çox ölü kultları üzərində
büruzə verirdi. Buna
görə də Fəyyum portretləri Misir
incəsənətindən başqa, Klassik Yunan və Roma incəsənətinin də təsirlərini
özündə əks etdirir. Mumiyaların içinə qoyulmuş
sandıqlarda yunan əlifbasıyla şəxsin
adından savayı, peşələri də
yazılırdı. Kitabələrdə göstərilir ki, portretlərdəki şəxslərin çoxu yüksək təbəqəyə aid əsgərlər, din
xadimləri və hökumətə çalışan məmurlardan
ibarət olmuşdur. Portretlərdə
təsvir edilən şəxslərin misirli,
yunan ya da romalı olduğuna dair dəqiq məlumatların olmamasına baxmayaraq, kitabələrdə misir,
yunan və Roma mənşəli
adlar qeyd edilmişdir.
Günümüzə
qədər təxminən 900-ə yaxın Fəyyum portretləri
gəlib çatmışdır. Cazibədar
baxışlarıyla tamaşaçıya birbaşa
olaraq baxan bu üzlər dünyada ilk tanınan portretlərdir. Təkrarsız
özəllikləri ilə fərqlənən bu təsvirlər həm də ilk
tipik ikona rəsmləridir.
Fəyyum
portretlərinin çoxu palıd, cökə,
çinar, sidr, sərv,
əncir kimi xaricdən gətirilmiş sərt
ağaclardan hazırlanmış, panel ya da
lövhələrin üzərinə təsvir edilmişdir. Ağaclar
qalınlığı təxminən 1,5 sm
olan incə panellər halında kəsildikdən
sonra cilalanaraq
çıxıntı halına gətirilmişdir. Bitirilən
panellər bədəni bürüyən sarğı
bantlarının arasına, mumiya
açılanda üzü birbaşa görüləcək şəkildə
yerləşdirilmişdir. Taxta səthlər
rəsmə başlanmazdan əvvəl astarlanaraq boyanmaya hazır
hala gətirilmişdir.
Fəyyum
portretlərindəki əsl sehr gözlərdədir.
Gözlər üzə nisbətən daha böyük təsvir edildiyi üçün
ifadəyə güc qatmış,
tamaşaçını özünə çəkərək,
izləyəndə təsiredici bir təəssürat
buraxmaqdadır. Ümumiyyətlə, fiqurlar
monoxrom rənglərlə boyanmış bir arxa plan
üzərinə bir büst
kimi təsvir edilmişdir.
Bu portretlərdə istifadə olunan rənglər isə məhduddur. Belə
ki, üz xətlərinin
və saçların təsvir edilməsində, əsasən,
ağ, tünd
sarı, qırmızı və qara rənglərdən,
geyimlər və daş-qaş üçün isə başqa
rəng və zərlərdən istifadə olunmuşdur.
Bəzən Fəyyum portretləri evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs
öldükdən sonra onun
mumiyasına qoyulurdu. Fəyyum portretlərində
əksəriyyətlə gənc şəxslər, hətta uşaqlar təsvir edilmişdir.
Bu nümunələrin günümüzə
qədər sağlam bir
şəkildə gəlib çatmasının səbəbi Misirin isti və quru bir iqlimə malik olmasıdır. Hal-hazırda
dünyanın bir çox
tanınmış muzeylərində - Parisin
Luvr muzeyi, Britaniya muzeyi, Nyu-Yorkun Metropoliten muzeyi və başqalarında Fəyyum portretlərinin
bəzi nümunələri nümayiş
etdirilir.
Tahirə Nur
Sənətşünas
Palitra.-2018.-
13 iyul.- S.15.