“Aland adaları təcrübəsini
Dağlıq Qarabağ münaqişəsinə
də tətbiq etmək mümkündür”
Xəbər verildiyi kimi, iyulun 5-dən 13-nə kimi
Almaniyanın paytaxtı Berlin şəhərində
ATƏT Parlament Assambleyasının 27-ci illik sessiyası keçirilib.
Tədbir zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışılıb. Sessiyada
iştirak edən ATƏT Parlament
Assambleyasının vitse-prezidenti, millət
vəkili Azay Quliyev bu haqda öz
təəssüratlarını “Trend”ə bölüşüb.
O qeyd edib
ki, Azərbaycan üçün
önəmli təqdimatlardan biri
“Münaqişələrin həllində Aland
adaları təcrübəsi” idi: “İsveç və Finlandiyanın parlament üzvlərinin təxminən 100 il bundan öncə hər
iki ölkə arasında böyük
bir münaqişəyə çevrilmiş Aland
adaları məsələsini sülh yolu ilə necə
həll etdiklərini bizə danışdılar. Bilirsiniz ki, o zaman adada
referendum keçirilmiş
və isveçdilli əhali 95% səslə
adanın İsveçə birləşdirilməsinə səs
vermişdi. Finlandiya da öz
növbəsində, səsvermənin legitimliyini
şübhə altına alaraq Millətlər
Liqasına şikayət etmiş və
Millətlər Liqasının müdaxiləsindən sonra Aland adalarına
Finlandiyanın tərkibində yüksək muxtariyyət verilmiş, sonda İsveç də bunu qəbul
etmişdi. Həm İsveç hökuməti və
xalqının, həm də Finlandiya
hökuməti və xalqının müdrikliyi
və uzaqgörənliyi sayəsində münaqişə
qanlı mərhələyə keçməmiş və sülh yolu həll olunmuşdu. İndiyə kimi
hər iki tərəf qəbul olunmuş anlaşmaya
əməl edir və məmnun görünür.
Bir sıra ümumi oxşarlıqları nəzərə
alaraq, Aland adaları
təcrübəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də tətbiq
etmək mümkündür. Bu fikri mən Ermənistan
nümayəndələrinin daxil olduğu seminar
iştirakçılarının diqqətinə
çatdırdım və təklif etdim ki, gələn il “Laynsveyler seminarı”nı məhz bu mövzuya həsr edək.
Təklif ümumən bəyənildi və əgər hər
hansı bir kənar müdaxilə olmasa, bu tədbiri gələn
il Laynsveylerin
özündə təşkil edəcəyik”.
ATƏT PA-nın Berlin
bəyannaməsində münaqişələrlə də
bağlı məsələlərin həllində birgə səylərinin
artırılması haqqında razılığa gəlinib
Azay Quliyev deyib ki,
27-ci sessiya ATƏT ərazisində olan bütün problem və çağırışlara kompleks və obyektiv yanaşma sərgiləyə bildi:
“Yekun olaraq
qəbul etdiyimiz Berlin
Bəyannaməsində münaqişələr, beynəlxalq terrorizm, silahlara nəzarət,
nüvəsizləşdirmə, miqrasiya,
qaçqın və məcburi köçkün,
insan hüquqları, milli
azlıqlar və digər bu kimi problemli məsələlərin
həllində qanunvericilik hakimiyyəti ilə
İcra Hakimiyyətinin vahid platformadan
çıxış etməsi və birgə səylərinin
artırılması haqqında razılığa gəlindi. Berlin Bəyannaməsi
ATƏT-in Nazirlər Şurasına baxılmaq üçün
göndərildi. Ümid edirəm ki, bu ilin
dekabrında Milanda bir
araya gələn ATƏT-ə üzv olan ölkələrin
xarici işlər nazirləri Parlament Assambleyasının qəbul etdiyi qərar və tövsiyələrə adekvat yanaşacaq və
mümkün qədər onları nəzərə
alacaq”.
İşğalçı Ermənistan başa düşür ki…
Xatırladaq ki, sessiya çərçivəsində
ATƏT PA Azay Quliyevin
müəllifi olduğu qətnamə
layihəsini müzakirə edərək yekdilliklə (Ermənistan
xaric) qəbul etdi. Azay Quliyev məlumat verib ki, ötən il iyulun 8-də Minksdə “ATƏT PA-da İpək Yoluna Dəstək
Qrupu”nun
yaradılması haqqında irəli sürdüyüm
təşəbbüs 17 ölkə tərəfindən dəstəkləndi
və belə qrup təsis edildi:
“Qrup yaranandan
sonra növbəti əsas vəzifə onun dayaqlarını möhkəmləndirmək,
qrupa Parlament
Assambleyası səviyyəsində rəsmi dəstəyi təmin
etmək və bu barədə ayrıca bir qətnamənin qəbul olunmasına nail olmaqdan ibarət idi. Bu kontekstdə bir məsələni ilk dəfə
olaraq mətbuata açıqlamaq istərdim.
Qrup yaranandan dərhal
sonra Ermənistan və onun
havadarları qrupun əleyhinə işlər
aparmağa və onun legitimliyini zədələməyə
çalışdılar, hətta ATƏT PA-nın prezidenti və baş
katibinə məndən şikayət də etdilər. Onları narahat edən o idi ki,
niyə qrupun əsasnaməsində yeni üzvlərin qəbulu üçün
“Helsinki prinsiplərinə, xüsusilə
ölkələrin ərazi bütövlüyünə,
suverenliyinə və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığı
prinsiplərinə hörmət edən ölkələr
üzvlüyə qəbul oluna bilər”
müddəası əsas müddəa kimi
əks olunub. Yəni
işğalçı Ermənistan başa
düşür ki, o bu müddəalara əməl
etmədiyinə görə İpək Yolu
Qrupuna daxil olmaq şansı sıfırdır. Ona görə də Ermənistan və onun kimi düşünən
bəzi ölkələr qrupa
qarşı ciddi iş
aparırdılar”.
“Bu gün
Azərbaycanda sabitliyin pozulması
yalnız Ermənistanın marağındadır”
Gəncə
hadisələrinə də toxunan Azay Quliyev vurğulayıb
ki, bu gün
Azərbaycanda sabitliyin pozulması və hər
hansı bir qarşıdurmanın
olması yalnız Ermənistanın marağındadır və
onun xeyrinədir: “1988-1993-cü illərdə
torpaqlarımızın işğal edilməsinin
əsas səbəblərindən biri də məhz
həmin dövrdə ölkədə hökm
sürən anarxiya və siyasi
sabitliyin olmaması idi.
Biz o dövrü
yaxşı xatırlayırıq və hələ də
unutmamışıq. Təəssüflər olsun
ki, indi də buna cəhd edən və 90-cı illərin əvvəllərində
baş vermiş mənfi
halların təkrarlanmasında maraqlı olan
qüvvələr var. Yeri
gəlmişkən, bu hadisəyə ermənilərin
reaksiyası da çox
düşündürücü idi. Belə ki,
Gəncədə iki polis
zabitinin şəhid olduğu
günün sabahısı, yəni iyulun 11-də Berlində Ermənistan nümayəndə
heyətinin üzvü mənə
yaxınlaşaraq Gəncə hadisələri ilə
maraqlandı. Elə bil bu
adam bir gün öncə Azərbaycan Ordusunun
gücündən və aldığı silahların
Ermənistan üçün ağır
nəticələr verə biləcəyindən qorxu və səksəkə ilə
danışan, Azərbaycandan ATƏT-ə şikayət edən
erməni nümayəndə heyətinin üzvü
deyildi. Mən onun
gözlərində bu terror
hadisəsinin Azərbaycanda qarışıqlığın,
Ermənistanda isə sanki nicat
yolunun başlanğıcı olduğu ilə əlaqədar sevinc
hissini gördüm.
O, sevinc hissini heç gizlətmirdi və bu
hadisədən çox məmnun görünürdü”.
Cəbrayıl haqqında film
ingilis dilində
Yeri
gəlmişkən, “Qarabağ və tarixi torpaqlarımız haqqında görüntülü məhsulların
yaradılması və İKT resursları vasitəsilə dünya ictimaiyyətinə yayılmasında
gənclərin rolunun
artırılması – 1 mərhələ” adlı layihə
çərçivəsində Azərbaycan və ingilis dilində “Cəbrayıl – virtual səyahət” 3D qrafik
təsvirli filmi istehsal
edilib. Layihə “Virtual
Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin Azərbaycan
Respublikasının Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə icra edilir.
Bu film vasitəsilə Azərbaycanın işğal altında olan
bölgəsinin – Cəbrayıl rayonunun
abidələri, küçələri, təbiəti qrafik təsvirlə işlənilib. Qrafik təsvirli film gənc
nəslin Qarabağ haqqında görüntülü məlumatlanmasına
kömək edəcək.
Bundan əlavə,
istehsal olunmuş
“İrəvan-gizlədilmiş həqiqətlər” sənədli
filminin türk dilində
versiyası da yaradılıb. Film vasitəsilə ermənilər tərəfindən
bu torpaqların onlara
məxsus olması haqqında yayılan yalan
məlumatlar təkzib olunur. Sənədli
filmin türk dilində
istehsalının əhəmiyyəti 80 milyonluq
türk auditoriyasına
çıxış əldə edilməsi, İrəvan
haqqında həqiqətlərinin
çatdırılmasıdır.
İstehsal olunmuş hər iki film ictimaiyyətə təqdim olunacaq.
Eyni zamanda, layihə çərçivəsində
“Virtual Qarabağ” informasiya kommunikasiya
texnologiyaları gənclər ictimai birliyinin rəsmi portalı - www.
virtualkarabakh.az portalının materiallarından
istifadə etməklə tələbə və gənclərlə
görüşlər keçirilib, təqdimatlar
edilib.
Fuad Hüseynzadə
Palitra.-
2018.- 17 iyul.- S.11.