“Babamızın şeirlərinə sahib çıxanlar var”
Axundov Məzahir Həmzə oğlu Tərtər
rayonunun Borsunlu kəndində anadan olub. İbtidai təhsili başa vurduqdan sonra Bakıda fəhlə-gənclər məktəbində
oxuyur və “Qızıl Gəncə”
jurnalında şeirləri dərc olunur. II Dünya müharibəsində
general-leytenant Vlasovun
komandanlığı altında Sovet ordusu, 1942-ci ilin
yanvarında Volxov cəbhəsində Lyubansk şəhəri uğrunda
gedən döyüşlərdə məğlub
olacağını görür və bütün ordunu almanlara təslim edərək əsir düşür. Əsir düşən əsgərlər
arasında Məzahir Daşqın da
olur. Beləliklə, Məzahir
Daşqının məşəqqətli əsirlik həyatı
başlayır. 1946-cı ildə əsirlikdən
qayıdıb öz doğma
evinə çatmamış ovaxtkı NKVD əməkdaşları
tərəfindən təkrar həbs edilərək Uzaq Sibirə - Komi ASSR-in Sıxtıvkar şəhərinə
sürgünə göndərilir. Stalin rəhmətə gedəndən
sonra 1956-cı ildə SSRİ Ali Sovetinin qərarı ilə
üzərindən hərbi əsirliyi götürülərək
bəraət alır və vətənə dönür.
Şair 1979-cu il
oktyabrın 31-də, 70 yaşında vəfat edib
və Borsunlu kənd qəbiristanlığında
dəfn olunub.
Müsahibimiz Məzahir
Daşqının nəvəsi İsmayılova Dürdanə
Nazim qızıdır.
- Azərbaycan
xalq poeziyasında tanınan, yaradıcıllığı az
tədqiq edilən, amma şeirləri ilə xalq məhəbbəti
qazanan Məzahir Daşqının ədəbi irsi hər bir ədəbiyyatsevər
üçün əzizdir. Onun
şeirləri xalq arasında tez yayılmış və dövrünün
qabaqcıl ziyalılarının diqqətini cəlb edərək
onlarla sıx dostluq əlaqələri
yaratmışdır. Bizə babanız Məzahir
Daşqından söhbət açardınız.
- Babam Məzahir Daşqını
sağlığında gördüm deyə,
bir çox hadisənin
şahidinə çevildim. Babam Məzahir Daşqın 1909-cu il noyabrın 1-də anadan
olub. Atası Məşədi Həmzə,
anası Anaxanımdır. Məzahir Daşqının
anası bəy qızı idi. Məşədi
Həmzə babam da repressiya qurbanı olub. Bunun səbəbi Həmzə babamın doğma kəndində məscid tikdirməsi olmuşdur. Həmin məscidin yeri
indiyə kimi dururdu və
təəssüf ki, sonradan
həmin yeri dükan kimi istifadə etdilər. Görürsüz
ki, müsəlmançılığı
təbliğ etdiyi üçün
Məşədi Həmzə babam da repressiya qurbanı olur. Məzahir Daşqıngil beş
qardaş, üç
bacı olublar. Həmzə kişinin oğulları Məzahir
Daşqın (böyük oğlu),
Hilal, Vahid, Cahangir, Elxan və
qızları Şövkət (böyük
qızı), Misiri, Şölə Axundovlar olublar.
Babam Məzahir
Daşqın Qarabağda (Şuşada)
poçt rəisi işləyib. Elə babam nənəm Sürəyya ilə orada tanış olur və
evlənirlər. Atam Nazim
Axundovun 3 yaşı olanda
babamı əsgərliyə aparırlar. Müharibə
başlayır və ön cəbhələrdə
vuruşur, daha sonra isə 1942-ci ildən əsrlik həyatı
başlayır.
Məzahir
Daşqın şeirə uşaq
vaxtından həvəs göstərib. Elə ilk
şeirlərini də uşaq
vaxtlarında yazıb. Təxminən 12 yaşlarından şeir yazırdı. Babam
bizə danışırdı ki,
şeirlərini 12 yaşında üzə
çıxardıb və atasına oxudub.
Atası Məzahir Daşqının şeirlərini bəyənib
və beləcə, məclislərdə yazdığı
şeirləri oxuyarmış. Babam məclislərdə
bədahətən şeirlər də deyərdi. Məzahir
Daşqın qələm sahiblərini ətrafına toplayaraq dərnək yaratmış və bu dərnək bir müddət
Tərtərdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülmüşdür.
Məzahir Daşqın 1926-1941-ci illər arası “Borsunlu Məzahir” və “Məzahir” təxəllüslərini,
daha sonra isə
“Daşqın” təxəllüsünü götürmüşdür.
- Şair Məzahir Daşqının
yaradıcılığına Səməd Vurğun
böyük məhəbbət göstərib.
Onunla məktublaşmaları da var. Həmçinin Məzahir
Daşqın dövrünün digər
ziyalıları ilə də möhkəm dostluq
əlaqələri qurmuşdur...
- Babam Səməd Vurğunla
çox yaxın dost olub. Bu haqda sağlığında çox danışardı. Hətta Məzahir
Daşqın əsirlikdə olanda rus yazıçısı Aleksandr
Fadeyevi Səməd Vurğun
əsirlik düşərgəsinə apararaq
Məzahir Daşqınla tanış etmişdir.
Əslində, Səməd Vurğunla babam Qazaxda hansısa məclisdə
tanış olublar. O vaxtdan
başlayaraq babamla
sıx əlaqələr saxlayıb. Hər iki
şairin bu gün də məktubları saxlanılır.
Məzahir Daşqın repressiyadan azad olan kimi
Bakıya qayıdır və Səməd Vurğunla
görüşmək üçün
Yazıçılar Birliyinə gedir. Amma onu burada
tapmır və Səməd Vurğunun vəfat
etdiyini bildirirlər. O bu
xəbərdən çox sarsılır
və şairin qəbrini ziyarət edir, ona “Ağladı” rədifli
şeirini ithaf edir.
AĞLADI
(Səməd Vurğunun
məzarı önündə )
Deyirlər ki,Vurğun köçüb
gedəndə,
Buludlar
çaxnaşdı, ellər ağladı.
Ölüm şərabını
içib gedəndə,
Könüllər
ağladı, dillər ağladı.
Deyirlər, Nizami düşündü
dərin,
Bir ah çəkib, açdı sinə dəftərin.
Düzərkən
kağıza ürək sözlərin,
Qələmlər
yaş tökdü, əllər
ağladı.
Ay, gün yerə endi
öpdülər onu,
Geyindi təbiət miskin bir donu.
Füzuli ağlarkən şair
oğlunu,
Çaylar dilə gəldi, sellər ağladı.
Deyirlər, gəlmişdi Qoca
Natəvan,
Saçları pərişan, yanaqları qan.
Vaqiflə Vidadi ağlayan
zaman,
Səhralar ağladı, çöllər ağladı.
Deyirlər, ağladı aşıqlar,
sazlar,
Tutdu üfüqləri küskün avazlar.
Diddi üzlərini gəlinlər,
qızlar,
Saçlar yırğalandı, tellər ağladı.
Qüdrətli qələmi yaratdı
nələr,
Bəzəndi dünyada canlı
səhnələr,
Deyəcək: Əsrlər, min qərinələr
-
Vurğuna ölkələr, ellər ağladı.
Çıxdım dostum gəzən
qəlbi dağlara,
Bir küskünlük gördüm baxdımsa hara.
Səməd hanı? – dedim göy
yaylaqlara,
Sonalar çığrışdı,
göllər ağladı.
Daşqınam, qəbrinə əyilir
başım,
Axır ürəyimə hicranlı yaşım.
Böyük sənətkarım, şair qardaşım,
Ömrümün sazında tellər ağladı.
Atam, hətta Aşıq Hüseyn Cavanla da dost olub və
onların deyişmələri
kitaba salınıb. Ümumiyyətlə, bizim evimizdə
həmişə qələm
sahibləri, ədəbiyyata
bağlı olan şəxslər yığışıb
ədəbi söhbətlər
edərdilər. Məzahir
Daşqın Tofiq Bayram, Xalq şairi
Qabil, müğənni
Bülbül, Paşa
Salahlı və bir çox şəxslə sıx dostluq əlaqələri saxlayardı. Anam deyərdi ki,
Polad Bülbüloğlu
bizə tez-tez gələrdi.
- Şairlər dünyaya göz açarkən haqq dərgahından vergili gəlirlər. Onların qeyri-adi istedadları
hər bir insanı heyrətə gətirir. Məzahir
Daşqının zəngin
ədəbi irsi bir çox sənətsevəri, sənət
adamını heyrətləndirir...
- Yuxarıda qeyd edim ki,
babam əsgərliyə
getdikdən sonra
(1941-ci ildə gedib) müharibə başlayır
və onu döyüşə aparırlar.
Bu zaman əsir
düşür. Babam o qədər
savadlı olur ki, onu yazı
işlərinə cəlb
edirlər. Alman dilini
qısa bir müddətə öyrənir.
Bu bir daha
Məzahir Daşqının
istedadının, savadının
göstəricisidir. Sizə deyim
ki, Məzahir Daşqının qardaşları
da savadlı olub. Qardaşı Cahangir əmim ali təhsilli
aqranom olub, Hilal əmim də bədahətən şeirlər deyib və aşıq olub. Onun atası Məşədi
Həmzə də öz dövrünün ən savadlı, istedadlı adamlarından olub. Yəni bunun, bir növ irsi olduğunu
düşünürəm. Bir də, şübhəsiz ki, İlahi vergi də var.
-Məzahir Daşqının atası
Məşədi Həmzənin
M. C.Bağırovla dostluq
əlaqələrinin olduğu
haqqında danışırlar. Bu məsələyə də aydınlıq gətirərdiniz.
- Bunu qeyd
edim ki, M.C.Bağırov Məzahir
Daşqının atası
Məşədi Həmzə
ilə yaxından dost
olub. Bağırov həmişə bizə gələr və nənəmiz Anaxanımın plovunu tərifləyərmiş. Bu söhbətlər təxminən 1936-1937-ci illərin
söhbətidir. Bağırov bizə gəlib getdikcə görürdü
ki, Məşədi Həmzənin övladlarının
hər biri savadlıdır. Babamız Məşədi
Həmzə də adlı-sanlı insan olub və həmişə
Mir Cəfər Bağırov
gələndə süfrə
açarmış. Bunları görən
Bağırov da ailəmizə qarşı
qısqanclıq başlayır.
Bağırov Məşədi Həmzəni sürgün
etdirir və sonra başlayır onun oğlanlarının üstünə düşməyə.
Məzahir Daşqının sürgün həyatı
elə birbaşa M.C.Bağırovun əli ilə həyata keçirilir. Müharibə vaxtı general Vlasov bütün qoşunlarını
Almaniyaya təslim edir və Məzahir
Daşqın da burada əsgər olur. Hadisələr bundan sonra başlayır. Buradan qayıdıb
gəldikdən sonra babama “xalq düşməni”
adı verirlər.
Amma babamın fəaliyyətində Sovet
hökumətinin əleyhinə
heç bir iş olmayıb və Məzahir Daşqın bəraət
alıb.
- Maraqlıdır ki, xalq içərisində
yaradıcılığı yayılan bir şairin sağlığında
kitabı ərsəyə
gəlməyib. Bunun səbəbləri
nələrdir?
- Babamın bütün külliyyatı
əlyazma şəklində
olub və ovaxtkı yazı makinalarında yazıb. Məzahir Daşqının şeirlər
kitabı ölümündən
sonra çap olunub. Babamın bir oğlu olub və o da atam Nazim
Axundovdur. Hazırda Borsunlu
kəndində yaşayır.
Atam da ata yurdunda,
yəni Tərtər rayonunun Borsunlu kəndində, babam Məzahir Daşqın isə Gəncədə yaşayırdı. Hər həftənin
5-ci günü babam bizə gəlirdi. Bu zaman bizlərə
maraqlı söhbətlər
edirdi. Kəndimizin qabaqcıl insanları,
ağsaqqalları bizə
yığışırdılar. Bu zaman babam şeir deyər, saz çalar və bizlər də maraqla qulaq asırdıq. Bu söhbətlərdə də babam deyirdi
ki, mənə o qədər əziyyət
veriblər ki, istəyirəm şeirlərim
dillərdə gəzsin.
Yəni kitab kimi çapına
razı deyildi. Babamın sağlığında kitabları
çap olunmadığı
üçün və
dillərdə şeirləri
əzbərə çevrildiyinə
görə hal-hazırda
müəyyən problemlərlə
qarşılaşmışıq. Hətta son günlərədək onun
şeirlərini el məclislərində
mahnı kimi, muğam kimi oxuyan bəzi müğənnilər, nədənsə,
babamın təxəllüsünü
demirlər. Babamızın şeirlərinə sahib çıxanlar
var.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.- 2018.- 17 iyul.- S.15.