Musa Qasımlı: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir

 

“Ermənistanın indiki rəhbərliyinin davranışı həmsədrlərin diplomatik ifadələrini anlamaq gücündə olmadığını ortalığa qoydu

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ölkəmizə rəsmi səfərə gəlib. Millət vəkili Musa Qasımlı İtaliya prezidentinin Azərbaycana səfərinə münasibət bildirərkən qeyd edib ki, İtaliya Respublikası dünyanın Böyük yeddilərindən biriNATO-nun üzvüdür. SİA-ya açıqlamasında millət vəkili bildirib ki, Azərbaycan və İtaliya bir-biri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlıq edir: “Xüsusən, geniş olan ticarət-iqtisadi əlaqələrin böyük potensialı vardır.

Digər tərəfdən, İtaliya dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yaxşı bilir və ölkəmizin ərazi bütövlüyünü müdafiə edir. 1992-ci ildə bu məsələlərin həlli ilə bağlı sədr mandatını daşıyıb. İtaliya bu sahədə indi də müəyyən işlər görə bilər. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizdə keçirilən prezident seçkilərindən az sonra Bakıya səfəri Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası ilə daha sıx əməkdaşlıq etmək istəyini və bu əməkdaşlığın gələcəyinə böyük nikbinliyi ifadə edir”.

 

Mərkəz sədri:

“Əks-təqdirdə həmsədrlər təkcə özlərinə deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər”

 

Siyasi İnnovasiyaTexnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanla daha konkret gündəliklə işləməlidirlər. Onun sözlərinə görə, ATƏT MQ həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan nazirləri ilə 4 saatlıq görüşünün təşkilatçısı və iştirakçısı oldular: “Bu vaxtadək həmsədrlər ayrı-ayrılıqda Azərbaycan və Ermənistan nazirləri ilə də görüşmüşdülər. Beləliklə, həmsədrlərin görüşü üçün ayırdığı vaxtın optimal miqdarının 5,5 saat olduğunu demək olar. Beləliklə, həmsədrlərin ağır, tər tökən işi göz qabağındadır. Amma, hələlik nəticə yoxdur. Ən azı Ermənistan tərəfinin açıqlamalarından bu aydın görünür. Z.Mnasakanyanın fikrincə, 4 saat ona E.Məmmmədyarovla tanış olmaq üçün sərf olunub. N.Paşinyan, ümumiyyətlə, “demokratik fontanvurdu. Guya, həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər.

Niyə Azərbaycanı deyil, Ermənistanı deyirik. Çünki Azərbaycanın ATƏT MQ-yə və tənzimlənməyə konseptualcari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfdə isə dəyişikliklər boldur:

I. Konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə dövlətin başçısı prezident, İcra Hakimiyyətinin başçısı Baş nazirdir. Xarici siyasət məsələlərini də Baş nazir müəyyən etməlidir. Azərbaycan Konstitusiyasına görə Prezident həm dövlətin, həm İcra Hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir.

II. Ermənistanda inqilab baş verdi. Zorakı yolla N.Paşinyan hakimiyyəti ələ keçirdi. N.Paşinyan Ermənistanın lideri olaraq Dağlıq Qarabağ tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir. Amma N.Paşinyan geri çəkilmir.

III. Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi S.Sarkisyan hakimiyyətdə qalsaydı, haçansa o da süni Baş nazir dəyişikliyinə gedəcəkdi. Məqsəd real tənzimlənmədən yayınmaq idi. Ehtimal ki, hadisələrin belə gedişi həmsədrlərə də bəlli idi. Ona görə həmsədrlər N.Paşinyanın növbəti addımlarına köklənməməlidir.

Həmsədrlərin Brüssel görüşündən sonra yaydığı bəyanatda “məzmunlu danışıqlarda təkrar iştirak üçün növbəti addımlar və parametrlər barəsində fikir mübadiləsinin aparıldığı, etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirlərə baxdıqlarını” bildirdilər. Həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür. Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. Parametrlər dedikdə bu problemi həll etmək nəzərdə tutulur. “Bəzi mümkün etimad tədbirləri” adı altında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasının nəzərdə tutulduğunu ehtimal etmək olar. Amma Ermənistanın indiki rəhbərliyinin davranışı həmsədrlərin diplomatik ifadələrini anlamaq gücündə olmadığını ortalığa qoydu. ATƏT MQ Ermənistanda dördüncü liderlə işləyir. Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmaları arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq ATƏT MQ həmsədrlərinin daha konkret gündəliklə işləməsini imperativə çevirir. Əks-təqdirdə həmsədrlər təkcə özlərinə deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan Ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil”.

 

“Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz”

 

“Ermənistan politoloqu Stepan Safaryanın “NATO-nun Brüssel sammitinin yekun sənədində postsovet məkanında yaranmış bütün münaqişələrlə birlikdə Qarabağ münaqişəsinin ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsinin vacib sayılması Ermənistan üçün təhlükəlidir”, fikri Ermənistanda baş verən son hadisələrlə bağlıdır”. Bunu SGA -ya açıqlamasında ekspert Vüqar Əhmədov deyib.

Vüqar Əhmədovun sözlərinə görə, Ermənistanda qeyri-ciddi şəxslərin hakimiyyətə gəlməsindən sonra biz bu cür sərsəm və qeyri-ciddi bəyanatların şahidi oluruq: “Ermənistanın baş naziri Nikol Paşinyan da bildirmişdi ki, danışıqlarla bağlı heç bir hazırlıq işləri aparılmır. Bu onu göstərir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesə ciddi yanaşmırlar. Əlbəttə ki, bu onların marağında deyil. Azərbaycan bütün beynəlxalq təşkilatlar vasitəsilə münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq edir. Ermənistan artıq təcrid olunmuş ölkədir və çətin bir durumdadır. Orada baş verən inqilablar, hakimiyyət dəyişiklikləri də onu göstərir ki, işğalçı ölkədə artıq sosial partlayış baş verib. İnsanlar sosial durumdan, münaqişədən narazıdırlar. Ermənistan xalqı bunların əlindən bezib. Hakimiyyət dəyişikliyi baş verməsinə baxmayaraq, yenidən işğalçı ölkədə inqilablar davam edircamaat etiraz edir. Onlar sosial durumlarının yaxşılaşmasını istəyirlər. İstəmirlər ki, müharibə olsun. Çünki onlara Qarabağ lazım deyil. Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada vəziyyət düzələn deyil. Ermənistanın inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. NATO, Avropa İttifaqı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu özü-özlüyündə onu tələb edir ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxsın. . Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti ola bilməz".

 

Nigar Abdullayeva

 

Palitra.- 2018.- 19 iyul.- S.11.