“Milli mətbuatın
yaranması milli oyanış və tərəqqiyə
doğru atılan addımdır”
Bu il Azərbaycan xalqı ictimai-mədəni tarixinin önəmli səhifələrindən
birini - milli mətbuatın
yaranmasının 143-cü ildönümünü
qeyd edir. Milli
oyanışın və tərəqqinin sivil
əsaslarının yaradılmasının mühüm
vasitəsi olmuş anadilli
mətbuatımız həm də çoxəsrlik
yazılı tariximizin son
143 ilinin zəngin salnaməsini
yaratmışdır. Çünki Azərbaycanda
milli mətbuat milli
dövlətin mövcud
olmadığı bir zamanda
yarandı. Bu faktın özü də yetərincə böyük üstünlükdür.
Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin
22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası
qoyulmuş Azərbaycan milli
mətbuatı bütün dövrlərdə
həqiqət carçısı olmuş,
cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi
ideyalarını əks etdirmiş,
xalqımızın maariflənməsində, milli
və bəşəri dəyərlərin təbliğində
mühüm rol
oynamışdır. Sovet hakimiyyəti dövründə kommunist
ideologiyasının güclü təsiri
altında fəaliyyət göstərsə də, Azərbaycan
mətbuatı milli
varlığını qoruyub saxlaya bildi və
respublikanın ictimai-siyasi həyatında
fəal rol oynadı.
"Əkinçi"dən sonra
işıq üzü görən qəzet-jurnallarımızın
hamısı milli mətbuat tariximizin həmin gündən
başlandığını birmənalı olaraq
qəbul etdilər, Zərdabi yoluna və
məramına sadiq qalmağa
çalışdılar. "Ziya",
"Ziyayi-Qafqaziyyə", "Kəşkül",
"Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat",
"Molla Nəsrəddin", "Tərəqqi",
"Həqiqət", "Məktəb",
"Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində
anadilli mətbuatımızın
sonrakı tarixini yaratdılar. Azərbaycan milli mətbuatının
tarixini qədirbilən xalqımız həmişə
diqqət və məhəbbətlə yad
etmiş, onun təcrübəsi,
ənənəsi yazarların yeni-yeni nəsillərinin
fəaliyyətində əsas götürülməklə, bu günümüzə
çatdırılmışdır. Ulu öndər Heydər
Əliyev 1875-ci il iyulun
22-də "Əkinçi" qəzetinin nəşri ilə
milli mətbuatımızın
yaradılmasını 1918-ci ilin 28
mayında Azərbaycan Xalq Cümhuriyyətinin
elan olunması ilə reallaşan
milli istiqlalımıza doğru
atılan ilk addım kimi
dəyərləndirmiş, anadilli
jurnalistikamızın keçdiyi mərhələləri
dövlətçilik məfkurəsinin formalaşması və
yaşadılması yolunda misilsiz mücadilə kimi
səciyyələndirmişdir. Həqiqətən də,
1993-cü ildən bəri demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ulu
öndərin bu sahəyə müstəsna
diqqət və qayğısı nəticəsində
artıb çoxalmışdır. Jurnalistlərin
dostu adını qazanmış ulu öndər Heydər Əliyev ölkəmiz
müharibə şəraitində yaşasa
da, böyük cəsarətlə
əvvəlcə hərbi senzuranı, 1998-ci ilin
avqustunda isə bütövlükdə
KİV üzərində dövlət senzurasını ləğv
etdi. Dövlət
başçısı İlham
Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat
fəaliyyəti üçün əlverişli
şərait yaradılması, onların borclarının ləğv
edilməsi KİV-in inkişafına təkan
vermiş, onun müstəqil
fəaliyyətinə möhkəm əsaslar
yaratmışdır. Milli özünüdərkin bərqərar olmasında,
vətənpərvərlik hislərinin
aşılanmasında, milli və
ümumbəşəri dəyərlərin təbliğində
müstəsna rol oynamış Azərbaycan
mətbuatı xalqımızın azadlıq və müstəqillik
uğrunda mübarizəsinə öz böyük töhfəsini
vermişdir. Yarandığı 143 il ərzində Azərbaycan milli
mətbuatı zəngin və mənalı bir
inkişaf yolu keçmişdir. Azərbaycan
xalqının qədim ədəbi və mədəni irsə
malik olması, Şərq və Qərb
sivilizasiyasının qovuşduğu məkanda
formalaşmış mədəniyyəti demokratik
milli mətbuatın gələcək
inkişafı üçün möhkəm
zəmin yaratmışdır. 143 il əvvəl
xalqın zəruri tarixi
tələbatından yaranmış və ötən
dövrdə onun köklü
maraqlarına xidmət etmiş milli mətbuatımızın pozulmaz-dəyişməz
amalı, tarixi təcrübəsi, gərəkli
ənənələri və şəksiz xidmətləri deməyə
əsas verir ki, Azərbaycan
cəmiyyətinin hərtərəfli tərəqqisi və
modernləşdirilməsi dövrünün
vəzifələrini də jurnalistikamız uğurla
yerinə yetirəcək. Mövqelərini ildən-ilə
möhkəmləndirən azad mətbuat,
yeni tipli KİV
ölkəmizdə sivil, demokratik
cəmiyyət yaradılmasına layiqli
töhfələr verəcəkdir. Bu gün Prezident
İlham Əliyev söz
və fikir azadlığına, mətbuatın
inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət və
qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir
ki, hazırda Azərbaycanda yüzlərlə
mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri,
sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir,
onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal
iştirakçısına çevrilərək cəmiyyətimizin
informasiyaya olan
ehtiyacının ödənilməsində əhəmiyyətli
rol oynayırlar.
Hikmət Şikarov
YAP Pirallahı rayon
təşkilatının sədri
Palitra.-
2018.- 20 iyul.- S.13.