Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın açılışı olub

 

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub. Açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs QarayevYevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər. Qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb: “Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli-mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”. Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir:Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”. M.Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Y.Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçıdır. Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. O qeyd edib ki, Kiyev şəhər Dövlət Administrasiyası Azərbaycan səfirliyinin irəli sürdüyü bu cür layihələrə həmişə dəstək olmağa hazırdır. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib. Çıxışlardan sonra parkda məşhur müğənninin heykəlin üzərindəki örtük götürülüb. Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib. Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib. Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi parkın salınması ölkəmizin “ALKE” İnşaat, sənaye və ticarət” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib. Park Azərbaycan Prezidentinin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələrək salınıb.

                                                                                                            

Palitra.-2018.- 20 iyul.- S.13.