Əsəd Cahangir:
“Yazıçılar Birliyinə qəbul məhdudlaşdırılmalıdır”
Müsahibimiz tanınmış ədəbi-tənqidçi
Əsəd Cahangirdir. Müsahibəni təqdim
edirik.
(əvvəli ötən
sayımızda)
-Sizcə, nə
üçün?
- İndi o miqyasda
alimləri yetişdirən qlobal mühit yoxdur. Moskva ilə əvvəlki əlaqələr kəsilib,
dünya ilə əlaqə hələ
formalaşmayıb. Əlbəttə, fitri
qabiliyyəti olanlar var,
lakin onlar
hazırkı şəraitdə potensiallarını gerçəkləşdirə
bilmirlər.
-Sizcə, AYB
qurultaylarındakı məruzələr nə üçün hələ tam
püxtələşməmiş insanlara
həvalə olunmuşdu?
- O vaxt cavan yazarlar
narazılıq edirdilər ki, özümüzü göstərməyə
bizə imkan vermirlər. AYB rəhbərliyi
də məruzələri cavanlara verdi ki, buyurun,
bu meydan, bu da siz,
özünüzü göstərin. Onlar da göstərdilər.
Bu məruzələrin əksəri hər
hansı elmi metoddan uzaq yazıçı-şair təəssüratları
idi.
-Bəlkə,
Azərbaycan Yazıçılar Birliyi elmi yox, bədii
yaradıcılıq qurumu olduğundan
savad yox, istedad amilinə önəm verilib.
- Əgər
əsas meyar istedaddırsa, Səməd Vurğun demişkən, "hanı tom-tom o kitablar?".
Akademik Ramiz Mehdiyev bir neçə il öncə
öz məqaləsində ictimai rezonans doğuran əsərlər yoxluğundan
danışırdı. Son iyirmi ildə sözün
müsbət mənasında ictimai rezonansa səbəb olan bədii
əsərlər, doğrudan da azdır, məsələn, Rəşad Məcidin
"10 sentyabr" hekayəsi. Amma bununla problem
həll olur bəyəm?
-Sizcə, Rəşad
Məcidin "10 sentyabr" hekayəsinin
doğurduğu rezonansın səbəbi
nədə idi?
- Oxucu görməlidir ki, ədəbiyyat
onun problemləri ilə yaşayır və
bunu hekayədə görmüşdü.
Lakin məsələ, sadəcə, mövzuda, problemdə yox,
həm də onu necə verməkdədir.
Rəşad Məcid hekayədə
qarşılaşdırılan tərəflərdən heç birinə - nə azərbaycanlılar,
nə də amerikanlara özəl rəğbətini
bildirməmiş, obyektiv
yazıçı mövqeyində durmuşdu.
Bu isə hadisəni hekayəyə
çevirməyə ona imkan
vermişdi. O, azərbaycanlını da, amerikalını da əlahəzrət
həqiqətin qarşısında susmağa
məcbur edə bilmişdi.
-Bəzən
deyirlər ki, rezonans doğuran əsərlərin
yaranmamasının günahı tənqiddədir.
- Yəqin onu deyənlərə elə gəlir ki, tənqidçi yazıçıların əvəzindən
yazmalıdır.
-Yox, onlar demək istəyirlər
ki, tənqid ədəbiyyatı yönləndirməlidir.
Axundovun yaradıcılığı Vazehin bircə sualından doğuldu:
"Sən də fırıldaqçı və şarlatan olmaq istəyirsən?"
- Məncə,
bu sual Axundovun
alın yazısı idi. Vazeh
burada, sadəcə, icraçı rolu oynamışdı.
-Əgər
hər şey axırda alın
yazısına gedib çıxırsa, tənqidə
bir janr olaraq ehtiyac varmı? Yəni
tənqid etməklə alın yazısı pozulurmu?
- Obyektiv tənqid özü
də alın yazısıdır. Tənqidçi obyektiv olanda Allahın özü onun əli ilə
yazır.
- Heç öz
praktikanızda bunu hiss
etmisinizmi?
- Ən güclü şəkildə "Söz" essesini yazanda hiss etmişəm. Mənə
elə gəlir ki, o
yazını mən yazmamışam.
- Esse demişkən,
esseistika janrında kimlər sizi daha çox qane edir?
- Asif Əfəndiyevin
"Müdriklik səlahiyyəti",
Elçinin "Ədəbi
düşüncələr", Sabir Rüstəmxanlının
"Ömür kitabı",
Kamal Abdullanın
"Gizli Dədə Qorqud", "Yolun əvvəli və axırı" kitablarındakı
esselərini vaxtilə
maraqla oxumuşam. Həmid Hersiçi öz esseləri ilə bu janra metafizik
siqlət, ezoterik dərinlik, tarixi informativlik gətirdi.
Məncə, Kamal müəllimin
bir il
öncə dərc olunan "Dümadan Coysa qədər" kitabı da esseistik ədəbi gəzintilərdən ibarətdir.
Düzdür, müəllif müasir
ədəbi proseslə
bağlı bəzi dəyərləndirmələrində ifrat və təfritlərdən
yan keçə bilmir, amma bu
kitabın maraqla, hətta birnəfəsə
oxunmasına mane olmur.
-Bu sahədə yeni nəsil yazarlardan kimlərin adını çəkə
bilərsiniz?
- Qismət və Fərid Hüseynin esselərini cavanların bu janrdakı ən səciyyəvi nümunələri
saymaq olar. Hər iki müəllifdə intellektualizmə iddia var. Hər hansı əsər haqda orijinal söz demək üçün kifayət qədər potensialı olsa da, Qismətin esseləri daha çox özünün vikipedik informativliyi ilə seçilir. Bu isə janrın
təbiətinə yaddır.
Çünki esse bir janr kimi subyektivizm
və orijinallıqla şərtlənir.
Hərdən səthi, hərdən, hətta yanlış təsir bağışlasa da, Fəridin məşhur əsərlər haqda orijinal fikirləri, subyektiv, amma düşündürücü yozumları mənə daha maraqlı gəlir.
İki il öncə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin təklifi ilə jurnalın keçirdiyi esse müsabiqəsinin münsifi
oldum. Müsabiqəyə qatılmış on altı gənc esseist arasında Rəşad, Kənan, Vəfa və Elşadın esseləri daha çox yadımda qalıb.
-Bu gün AYB-yə gənclərin və yazıçıların
kütləvi axını
mövcuddur. Hər kəs böyük
sevinclə birliyə üzv olur. Əlbəttə ki, bu, ədəbiyyatımızı canlandırır
və ədəbi prosesləri gücləndirir.
Ancaq bunun mənfi tərəfləri də mövcuddur. Bu axının qarşısı
alınırmı və
ya AYB bunları süzgəcdən keçirirmi?
- İndi nəşriyyatlar çoxdur. Hərə 200-300 manat verib,
bir kitab buraxdırır və gəlir ki, məni birliyə qəbul edin. İllik Prezident təqaüdü veriləndən bəri isə Yazıçılar
Birliyinə axın başlayıb. Təsəvvür
edin ki, təxminən 10 il
əvvələcən AYB üzvlərinin
sayı indikindən üç dəfə az idi. Son
10-12 ildə sürətlə
artaraq 2000 nəfərə
çatıb. Əksərən də təqaüdə görə. Postsovet məkanında
heç bir ölkədə Yazıçılar
Birliyinin bu qədər üzvü yoxdur. Rusiya Yazıçılar Birliyinin 6 min üzvü var, yəni bizdəkindən cəmi üç dəfə çox. Halbuki Rusiya əhalisi
bizdəkindən 15 dəfə
çoxdur.
Birliyə qəbul son illər xeyli məhdudlaşdırılıb. Ümid edək ki, problemin radikal həlli qarşıdan gələn qurultaydan sonra baş tutacaq.
-Sonda oxuculara
sözünüz...
- Bizi oxuyun!
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-
2018.- 24 iyul.- S.13.