“Serbiyada
Azərbaycan mədəniyyətinə çox böyük
maraq var”
Zərifə Əlizadə:
“Serbiyadakı həmvətənlərimiz həvəslə
bizim layihələrimizdə iştirak edirlər”
Azərbaycanın beynəlxalq aləmdə
tanınmasında xaricdəki musiqiçilərimizin də əhəmiyyətli
rolu var. Onların bu fəaliyyəti, eyni zamanda diaspor işinə
də effektiv təsir göstərir. Elə müsahibimiz Zərifə
Əlizadə də Serbiyada həm musiqiçi, həm də
diaspor üzvü olaraq ölkəmizi tanıdır.
Xatırladaq ki, Zərifə Əlizadə Bakıda anadan olub.
1989-cu ildən Serbiyada yaşayır və işləyir.
1989-1995-ci illərdə Belqradda "Costa Manojloviç"
musiqi məktəbində müəllim vəzifəsində
işləyib. 1995-ci
ildən Novi Sad Universitetinin Musiqi Akademiyasının Fortepiano
kafedrasının professorudur. O, 600-dən çox solo və kamera konserti verib. 2010-cu ildən həm də Serbiyada Azərbaycan Mədəniyyət
Mərkəzinin direktorudur.
- Azərbaycan Mədəniyyət Mərkəzi
olaraq Serbiyada ölkəmizi necə tanıdırsınız?
- Azərbaycan mədəniyyətinin və incəsənətinin
xarici ölkələrdə təbliğ olunmasında,
musiqimizin və sənət əsərlərimizin əcnəbilər
tərəfindən xoşlanılmasında və sevilməsində
Azərbaycan Mədəniyyət mərkəzlərinin əhəmiyyətli
rolu çox böyükdür. Azərbaycan Mədəniyyət
Mərkəzi 2010-cu ilin iyul ayında Belqrad şəhərində
səfirliyimizin, xüsusilə səfirimiz Eldar Həsənovun
təşəbbüsü ilə təsis edilib. Mərkəzin əsas fəaliyyət istiqamətləri
mədəniyyət və təhsil sahəsində
proqramların hazırlanması və həyata keçirilməsindən,
həmçinin Azərbaycanın bu sahədə əldə
etdiyi uğurlarının Serbiyada təbliğ olunmasından
ibarətdir. Bu illərdə mərkəz səfirliyimizin
köməyilə 20-yə yaxın Azərbaycan
yazıçılarının, şairlərin, alimlərinin
əsərlərini serb dilinə tərcümə
edib. Eyni zamanda Serb-Azərbaycan lüğəti
çap olunub. Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü və Azərbaycanın bu ölkədəki
səfirliyinin dəstəyi ilə mənim və filologiya
üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan
Dillər Universitetinin dosenti Lalə Məcidovanın müəllifi
olduğu “Azərbaycanın tanınmış qadınları
“Serb xalqının tanınmış qadınları” adlı
kitab nəşr etdirilib. Kitab serb (Znamenite
žene Azerbejdžana) və Azərbaycan (Serb xalqının
tanınmış qadınları) dillərindədir. Şəkillərlə zəngin olan kitabda hər
iki xalqın tanınmış qadın şəxsiyyətlərindən
bəhs olunur. Azərbaycan və Serbiyanın tarixində
öz ölkələrinin ictimai həyatına, mədəniyyətinə
və elminə böyük töhfə vermiş bir çox
qadınlar var. Onlarla tanışlıq oxucular
üçün Serbiya və Azərbaycanın tarixini, mədəniyyətini
və milli-mənəvi dəyərlərini daha yaxşı
anlamaq imkanı yaradır.
- Siz həm aktiv diaspor üzvü, həm də
musiqiçisiniz. Diaspor işində musiqinin nə
kimi rolu var?
- Qeyd etmək lazımdır ki, Serbiyada Azərbaycan mədəniyyətinə,
xüsusilə də musiqisinə çox böyük maraq
var. Mən 30 ildir ki, Serbiyada yaşayıram. Demək
olar ki, bütün bu illərdə mən musiqi tədrisi və
konsert ifaçılığı ilə bağlıyam.
Serbiyada Azərbaycan diasporu böyük deyil.
Amma, mənim fikrimcə, xaricdə musiqimizi, mədəniyyətimizi
yerli əhaliyə çatdırmaq, tanış
etdirmək daha vacib bir məsələdir.
Hər il yazıçı, şair,
filoloq və rejissorlarımız Serbiyada təşkil olunan
müxtəlif konfrans və festivallarda iştirak edirlər. Mərkəzimizin
nümayəndələri tez-tez Serbiya mətbuatında
çıxış edir, Azərbaycanın mədəniyyəti,
tarixi və adət-ənənələri ilə Serbiya
ictimaiyyətini tanış edirlər.
- Serbiyalılara Azərbaycanın məşhur
bəstəkarlarından hansılarının əsərlərini
ifa edirsiniz?
- Mən öz konsertlərimdə mütləq Azərbaycan
bəstəkarlarının əsərlərini ifa edirəm.
Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Üzeyir Hacıbəyov
və başqa bəstəkarlarımızın əsərləri
Serbiyanın konsert salonlarında səslənir. Mənim tələbələrim də Azərbaycan
bəstəkarlarının əsərlərini ifa etməyi
sevirlər. Eyni zamanda
çalışıram ki, konsertlərdə Azərbaycan bəstəkarlarının
vokal əsərləri Azərbaycan dilində səsləndirilsin.
Mərkəzimiz Belqrad Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə Bakı Musiqi
Akademiyasının professoru Rasimə Babayevanın 25-27 iyun
2014-cü il tarixlərində Belqradda
14-cü dəfə keçirilən “Orqan günləri”ndə
iştirakını təmin etmişdi. Səfər
çərçivəsində R.Babayeva Belqrad İncəsənət
Akademiyasının tələbələri üçün
“master-klass” keçirmişdir. O, həmçinin Müqəddəs
Məryəm kilsəsində təşkil edilmiş konsertdə
də çıxış edib. Bu konsert zamanı Belqradda ilk
dəfə Azərbaycanın Nazim Əliverdibəyov, Vasif
Adıgözəlov, Qara Qarayev, Vaqif Mustafazadə və Xəyyam
Mirzəzadə kimi bəstəkarlarının əsərləri
səsləndirilib.
- Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində
hansı işlər görürsünüz?
- Yuxarıda qeyd etdiyim konsertlərdən başqa, ən
böyük fəaliyyətimiz bu il keçirtdiyimiz
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95
illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
münasibətilə Serbiya Milli Teatrında konsert proqramı
olub. Azərbaycanın Serbiyadakı səfirliyinin və
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü və birgə təşkilatçılığı
ilə baş tutan konsertdə Azərbaycanın Xalq artisti,
tarzən Ramiz Quliyev, Əməkdar artistlər dirijor Eyyub
Quliyev və sopran Afaq Abbasova və serb musiqiçiləri
iştirak ediblər. Serbiya Opera və Balet
Teatrının simfonik orkestrinin müşayiəti ilə
möhtəşəm konsert gecəsi təşkil
edilmişdir. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət
Əmirovun, Niyazinin simfonik əsərləri ifa olunmuşdur.
- Serbiyadakı diasporumuzla əlaqələriniz necədir?
- Dediyim kimi, bizim Serbiyadakı diasporumuz böyük
deyil, amma əlaqələrimiz sıxdır. Həmvətənlərimiz
çox böyük həvəslə bizim layihələrimizdə
iştirak edirlər.
- Perspektivdə hansı layihələriniz var?
- Layihələrimiz çoxdur, lakin onları həyata
keçirmək üçün həvəs və istəkdən
başqa, maddi tərəfi də vardır. İmkanımız
istəyimizdən çox azdır.
Fuad
Hüseynzadə
Palitra.- 2018.- 7 iyun.- S.7.