15 iyun - Dövlətçilik tariximizin şanlı səhifəsi

 

Xalq şəxsiyyət ətrafında birləşərək əzəmətli və qüdrətli olur. Min illər boyu zamanın sərt sınaqları ilə üzləşən Azərbaycan müdrik və aqil insanların şəxsində bir məmləkət kimi yaşamış, öz varlığını qoruyub saxlaya bilmişdir. 1918-ci ildə müstəqilliyini qazanmış Azərbaycan o zamanlar cərəyan edən mürəkkəb və gərgin siyasi proseslərin burulğanında müstəqilliyini itirmiş oldu.

Sonralar 70 il Sovetlər İttifaqının tərkibində yaşayıb-yaratmış xalqımız elmi-mədəni, iqtisadi inkişafa nail olmuşdur. Xüsusən, möhtərəm Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilin sonuna kimi Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda mükəmməl idərəetmə mexanizmi formalaşmış, dövlətçilik qayda-qanunları yaranmışdır. Zəngin təcrübəyə, dərin zəkaya malik olan dünya şöhrətli Heydər Əliyevin Vətən və Xalq qarşısında xidmətlərini qiymətləndirərkən ən yeni tariximizin bu dövrünü yaddan çıxarmaq olmaz. Azərbaycanın bugünkü iqtisadi, siyasi, coğrafi-strateji uğurlarının bünövrəsi məhz həmin tarixi zamanlarda formalaşıbdır. Təsadüfi deyildir ki, güclü sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilmiş Azərbaycan, SSRİ-də özünü müstəqil idarə edə bilən iki respublikadan biri idi. Beləliklə, Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasının ən ümdə əsasları qoyulmuş, mühüm potensial yaradılmışdır. Təəssüflər olsun ki, milli mənəviyyatdan çox-çox uzaq olanlar xalqın bu sərvətini tar-mar etdilər. 1988-93-cü illərdə Azərbaycan iqtisadiyyatı - sənaye və kənd təsərrüfatı, digər sahələr dağıdıldı, qarət olundu.

Xalqımız 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyin ilk illərində Azərbaycan dəhşətli fəlakətlər, daxili və xarici qüvvələrin qəsdləri, vətəndaş müharibəsi və parçalanıb məhv olmaq qarşısında idi. Xalqın taleyinə biganə olan səriştəsiz, şəxsi mənafelərini milli mənafelərdən üstün tutan ovaxtkı rəhbərlik öz bədnam əməlləri ilə məmləkətdə anarxiya yaratmışdı. Hər sahədə özbaşınalıq hökm sürürdü. Müxtəlif qüvvələrin köməyi ilə qeyri-demokratik yolla iqtidara gələn təsadüfi adamlar hakimiyyəti idarə etməyə çox sadəlövh yanaşırdılar. Ölkədə ictimai-siyasi və kriminogen durum gündən-günə gərginləşirdi. Cəbhədə özbaşınalıq, məğlubiyyət, qarətçilik, silahlı qarşıdurmalar, hərc-mərclik xalqın səbrini tükəndirmişdi. Milli maraqlara və obyektiv siyasi reallıqlara uyğun olmayan, ölçülüb biçilməmiş xarici siyasət nəticəsində respublikamızın ən yaxın qonşuları ilə münasibətləri pisləşmişdi.

1993-cü ilə qədərki Azərbaycan gerçəkliyi necə idi? Ermənistanın təcavüzü davam edirdi. Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunurdu. Günahsız insanlar qətlə yetirilirdi. Qaçqınların sayı çoxalırdı. Şəhərlər, kəndlər, rayon mərkəzləri, qəsəbələr dağıdılırdı. Xalqımızın min illər boyu yaratdığı qədim və müasir mədəniyyət abidələri yerlə yeksan edilirdi. Azərbaycan iqtisadiyyatı dağılmışdı. Fabrik və zavodlar dayanmışdı. Əhali nəinki küçəyə çıxa bilmir, hətta evlərində də rahat otura bilmirdi. Küçələrdə atəş səsləri eşidilirdi. İnsanlar oğurlanır və girov götürülürdü. Evindən çıxan şəxsin evə qayıtmaq ümidi yox idi. Bütün bunlar azmış kimi, Azərbaycan real bölünmə təhlükəsi qarşısında qalmışdı. Xarici qüvvələrin bilavasitə dəstəyi ilə cənubdan və şimaldan separatçı dəstələr silahlı terror yoluna düşmüşdü. Silahlı dəstələr Azərbaycanda at oynadırdılar. Yollarda maşınlar soyulur, adamlar öldürülürdü. Azərbaycan məhvə doğru gedirdi. Nizami ordu əvəzinə ayrı-ayrı şəxslərin silahlı qruplaşmaları yaranırdı. Müstəqil dövlətçiliyin əsasları sarsılırdı. Bəs bütün bunların qarşısını kim aldı?

Cavab aydın və birmənalıdır - ümummilli lider Heydər Əliyev! Xalqın tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı. O, Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycanda at oynadan silahlı quldur dəstələri tərk-silah olundu. Xalq azad nəfəs aldı. Bundan sonra xalq sərbəst surətdə küçələrə çıxmağa başladı. Artıq xalq küçədə atəş səsləri eşitmir. Heydər Əliyev Azərbaycanda silahlı müxalifəti darmadağın edərək Azərbaycan cəmiyyətinin inkişafını dinc, demokratik yola yönəltdi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxladı. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başladı. Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Xalqın millət, torpaq, vətən və bayraq sevgisi bərpa olundu. Heydər Əliyev dövlət çevrilişlərinə birdəfəlik son qoydu. Bir daha silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinin iflasa uğrayacağını bəyan etdi və Azərbaycan cəmiyyətini bu fəlakətli bəladan qurtardı. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin uzaqgörən, yüksək dövlətçilik fəaliyyəti sayəsində Azərbaycanda daxili sabitliyin tam bərqərar olması prosesinin ana xəttini xalqın dövlət başçısı ilə birliyi təşkil edir. Məhz elə bu birlik Azərbaycanın XXI yüzillikdə uğurlar qazanmasına təminat verir. Heydər Əliyev müstəqil Azərbaycanı yenidən dünyaya tanıtdı. Dünyanın böyük dövlətlərinin başçıları ilə keçirilən görüşlərdə Heydər Əliyev zəkasının qüdrətini bütün dünyaya sübut etdi.

1993-cü ilin müdhiş iyun günlərində Azərbaycan dövlətçiliyi olum, ya ölüm dilemması qarşısında qalmışdı. Qardaş qanı tökülmüş, məmləkəti od-alov bürümüşdü. Xalqı sonu görünməyən uçuruma sürükləyən ozamankı iqtidara inam, etibar qalmamışdı. Cənubda separatçılar, şimalda “Sadvalçılar”, qərbdə Gəncə hadisələri, AXC-Müsavat iqtidarının iflic sonluğunun məntiqi nəticəsi idi. Bəşər mədəniyyətinə böyük töhfələr vermiş, mütərəqqi adət-ənənələrə malik olan Azərbaycan xalqını tarix səhnəsində gülünc vəziyyətə qoymuşdular.

Xalqın təkidli xahişi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev millətin puç olmuş ümidlərini doğrultdu, onun imdadına yetişdi. Azərbaycanı parçalanmaq, dövlət müstəqilliyinin məhv olması təhlükəsindən, iqtisadi-siyasi və mənəvi böhrandan xilas etdi. Tariximizə qızıl hərflərlə həkk olunmuş “Qurtuluş günü” dövlətçiliyimizin möhkəmlənməsində, milli birlik və bütövlüyümüzün qorunub saxlanmasında mühüm hadisə kimi qiymətləndirilməlidir.

15 iyun - xalqın zülmətdən nura çıxdığı, haqqın, ədalətin təntənəsi, tarixin sərt sınaqları qarşısında birləşmiş Azərbaycanın ayağa durduğu, möhkəmləndiyi gündür.

15 iyun - məkrli niyyətlərin puç olduğu, separatizm və özbaşınalığın cilovlandığı, məmləkətimizə uzanan “qara əllərin” kəsilib atıldığı gündür.

15 iyun- qaragüruhçuların məhv olduğu gündür.

15 iyun - Dövlətçilik tariximizin şanlı səhifəsidir.

Bu günlə qürurlanmağa hər birimizin mənəvi haqqı vardır.            

 

 

Rəşad İsayev

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı

 

 

Palitra.-  2018.- 8 iyun.- S.10.