“Dağlıq
Qarabağ münaqişəsi Ermənistana
və ermənilərə heç nə
qazandırmayıb”
Xəbər verildiyi kimi, Naxçıvan Muxtar
Respublikasının Şərur rayonunun Günnüt kəndi
və ətrafındakı mühüm strateji əhəmiyyətli
yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə
əməliyyatları ilə işğaldan azad edilib. Ehtiyatda
olan polkovnik-leytenant Dilsuz Əliyev AZƏRTAC-ın
Naxçıvan bürosuna müsahibəsinə deyib ki, bu ərazilərin
işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli
mövqelərə sahib olmasına imkan verib.
Onun sözlərinə görə, Qızılqaya və
Qaraqaya dağlarında yeni mövqelər ələ
keçirilib. Dərələyəz mahalının Arpa kəndində
(ermənilər adını dəyişdirərək “Areni”
qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti
nəzarət altına götürülüb. Bu,
böyük hərbi nailiyyətdir.
“Dəniz səviyyəsindən 1683 metr
hündürlükdə yerləşən Qızılqaya
yüksəkliyinin ən böyük strateji əhəmiyyəti
isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.
Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su
Dəryaçasının taktiki cəhətdən
etibarlı mühafizəsinin təşkili üçün
hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri
qurulmuş oldu ki, bu da çox önəmlidir”, – deyən
ehtiyatda olan polkovnik-leytenant vurğulayıb. O deyib ki, Əlahiddə
Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə
etməsi düşməni ciddi narahat edir, onlarda təşviş
yaradır.
Muxtar respublikanın təhlükəsizliyinin
etibarlı şəkildə qorunduğunu qeyd edən Dilsuz Əliyev
bildirib ki, Naxçıvandakı birləşmə və hissələrimizin
döyüş qabiliyyəti və peşəkarlığı,
şəxsi heyətin mənəvi-psixoloji
hazırlığı dünyanın qabaqcıl orduları ilə
müqayisə olunur. Ötən ay qardaş ölkənin Qars
şəhərində keçirilmiş Türkiyə-Azərbaycan
genişmiqyaslı birgə taktiki təlimi bunu bir daha təsdiq
edir. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb
edilmiş bölmələr bütün döyüş
tapşırıqlarını uğurla yerinə yetirərək
yüksək nəticələr göstəriblər.
O deyib: “Güclü maddi-texniki təminat və
xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini
daha da artırır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov dəfələrlə muxtar
respublikadakı hərbi hissələrə, buradakı hakim
yüksəkliklərə gələrək xidmətin təşkili
və şəxsi heyətin məişət şəraiti ilə
maraqlanıb. Bu, hərbçilərimizdə böyük ruh
yüksəkliyi yaradır. Bundan başqa, hərbi
potensialın gücləndirilməsi məqsədilə Əlahiddə
Ümumqoşun Ordu ən müasir silahlar,
Naxçıvanın coğrafi yerləşməsinə,
relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib.
Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin
diqqət və qayğısı sayəsində mümkün
olub”.
Bu arada Ermənistan-Azərbaycan Vətəndaş
Sülh Platforması Ermənistanın baş naziri Nikol
Paşinyanın 2018-ci il iyunun 7-də Ermənistan
Respublikasının Milli Məclisində
çıxışı ilə əlaqədar bəyanat
verib. Platformadan verilən məlumata görə, bəyanatda
qeyd olunub ki, 2018-ci il iyunun 7-də Ermənistan Milli Məclisində
hökumətin proqramını təqdim edərkən,
baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli
üçün Azərbaycanda potensialın olmasına
şübhə etdiyini bildirib.
“Xalqlarımız arasında ədalətli sülh və
barışığın davamlı təmin olunması və
dəstəklənməsi məqsədilə 2016-cı ildə
Azərbaycan və erməni xalqlarının nümayəndələrinin
təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan
Vətəndaş Sülh Platforması, təəssüflə
qeyd edir ki, cənab baş nazirin bu sözləri
xalqlarımız arasında düşmənçiliyin
alovlanmasına səbəb ola və sülhməramlı
potensialın inkişafına maneələr yarada bilər. Ermənistan-Azərbaycan
Vətəndaş Sülh Platforması fəaliyyəti
dövründə münaqişə nəticəsində Azərbaycanı
tərk etmiş onlarca erməni millətindən olan şəxslərə
doğma və əziz yerlərini ziyarət etmək,
qohumları və dostları ilə görüşmək
imkanlarını yaradıb və yaratmaqdadır. Onların Azərbaycana
səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini
bərpa etmək istəyi, eləcə də Azərbaycan cəmiyyətində
onlara göstərilmiş səmimi qarşılama
xalqlarımızın sülhməramlı potensialının
mövcudluğunun və bu tükənməz resursdan istifadə
edilməsinin zəruriliyinin ən yüksək sübutudur.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh
Platformasının iki qonşu xalq arasında inamın bərpasına
yönələn fəaliyyətləri müxtəlif ölkələrin
vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar
arasında geniş dəstək qazanıb. Ermənistan-Azərbaycan
Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın
daha da genişləndirilməsi və möhkəmləndirilməsinin,
tərəflərin arasında gərginliyin
azaldılmasının və qarşılıqlı etimad
yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır.
Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının
erməni xalqının sülhməramlı təşəbbüslərinə
qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik.
Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində
etnik və dini zəmində nifrət və düşmənçilik
mövcud deyil. Və Ermənistanla Azərbaycan arasında
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə
həll olunmalıdır.
Ermənistanda siyasi
proseslər və hökumətdəki dəyişikliklər
müsbət yeniliklərə ümid verir. Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan
vətəndaş cəmiyyətinin nümayəndələri
qarşılıqlı anlaşmaya nail olmaq,
danışıqları bərpa etmək və Ermənistan və
Azərbaycan arasında sülh və əmin-amanlığın
bərqərar olmasına dair bütün səylərini səfərbər
etməlidirlər”, - deyə bəyanatda bildirilib.
“Ermənistanın apardığı
işğalçı siyasət Dağlıq Qarabağ ermənilərini
də səfalətə məhkum edib”
Yeri gəlmişkən, Dağlıq Qarabağ
münaqişəsinə görə bir çox erməni əsilli
yazıçı və alimlər Ermənistanı
qınayırlar. Erməni əsilli yazıçı,
“Literaturnaya Kanada” almanaxının baş redaktoru Vaaqn
Karapetyan ermənilərə müraciəti buna növbəti
misaldır. Vaaqn Karapetyan deyib ki, Dağlıq Qarabağ
münaqişəsi Ermənistana və ermənilərə
heç nə qazandırmayıb: “Erməni xalqı bu
münaqişənin nəticəsi olaraq yalnız ağır
sosial problemlər içərisində qalıb. Ermənistandakı
çətin iqtisadi vəziyyət səbəbindən on minlərlə
insan evlərini tərk edib və xarici ölkələrə
köçüb. Bu gün Yerevanda və başqa şəhərlərdə
nə qədər evlərin qapısı bağlı
qalıb”.
O bildirib ki, ölkəni tərk edən erməni ailələri
bu addımı, sadəcə, ac qalmamaq üçün
atırlar. Artıq ermənilər sabaha ümid etmirlər, uşaqlarının gələcəyini
Ermənistanda görmürlər. Erməni siyasətçiləri
dərk etməlidirlər ki, Dağlıq
Qarabağ heç zaman Ermənistanın olmayıb və olmayacaq. Bu gün
Dağlıq Qarabağdakı ermənilər də oranı tərk
edirlər. Bundan əvvəl ermənilər
deyirdilər ki, onların Dağlıq Qarabağda yaşamalarına azərbaycanlılar
imkan vermir, bəs bu gün niyə oranı
tərk edirlər? Erməni əsilli ziyalı
vurğulayıb ki, Ermənistanın
apardığı işğalçı siyasət
Dağlıq Qarabağ ermənilərini
də aclığa və səfalətə məhkum edib. Əvvəllər azərbaycanlılar və
ermənilər Dağlıq Qarabağda mehriban yaşayırdılar. Müharibə
nəticəsində heç bir erməni heç nə
əldə etməyib. Mənim qohumum David də müharibəyə getdi
və cənazəsi gəldi. Erməni siyasi
elitası əsassız ərazi iddialarından əl çəkməlidir.
Fuad Hüseynzadə
Palitra.- 2018.- 12 iyun.- S.11.