Nə
Vətən məndən doydu, nə mən Vətəndən…
(Vaqif
Məmmədov-70)
Müasir Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri,
Naxçıvan ədəbi mühitinin yetirməsi olan
şair-publisist, tarix üzrə fəlsəfə doktoru,
dosent Vaqif Məmmədov, yaradıcılığının
ayrı-ayrı dövrlərində bədii ədəbiyyatın
müxtəlif növlərinə müraciət etsə də,
ən çox lirik şair kimi tanınıb, sevilmişdir.
Onun poeziyasının əsasını Vətən sevgisi,
yurd həsrəti, təbiət təsvirləri, müəllifin
öz sevgi dünyası, ictimai-siyasi ruhlu və xarici ölkələrə
səfərdən aldığı təəssüratlardan
yaranmış şeirlər təşkil edir. Vaqif Məmmədovun
mövzu dairəsi geniş, əlvan və zəngindir. Lakin bu
zənginlik içərisində müəllifin poetik şəxsiyyətini
müəyyənləşdirən bir amil, xüsusilə diqqəti
cəlb edir. Şair bütün əsərlərində
oxucularını vətəni, torpağı, xalqı,
insanları sevməyə çağırır. Bu da əbəs
deyil, çünki insan həmişə sevdikləri
uğrunda daha çox mübarizə aparır, onları
yaşatmağa, qorumağa can atır.
Şair Vaqif Məmmədovun
yaradıcılığında Vətən
anlayışı özünəməxsus orijinal deyimlərlə
tərənnüm olunur, toxunulmazlıq simvolu kimi bir daha təsdiqlənir.
“Ürəyimə təkcə Vətən yerləşir”, “Vətənsizi
qızıla bük, dərd olur”, “Yavan çörək belə
baldı vətəndə” və s. misralar şairin Vətənə
cismani-ruhani bağlılığının poetik ifadəsidir.
Vaqif Məmmədovun “Bizim ellər yaylağından dönmədi”,
“Sarı dolamanın sarı həsrəti”, “Bu torpağın
ahı səni tutacaq”, “Xocalı”, “Şəhid ataları” və
s. şeirlərində, bəlkə də, dünyanın
özündən də ağır bir kədər
yükü var. Şairin adi sözünün içindən
belə göynərti keçir:
Qəm tuş oldu təzə
köçən gəlinə,
Göz yaşları
döndü yazın selinə.
Durnalar da döndülər öz elinə,
Bizim ellər yaylağından dönmədi.
Bu göynərtilər oxucunu bəzən kədərləndirir,
hətta bəzən ağladır da. Lakin dərdlərini dilə
gətirməkdə şairin məqsədi o deyil ki,
oxucularını kövrəltsin, ağlatsın, məqsəd
dərdin böyük-lüyünü oxucuya çatdırmaqdır.
Biganəlik, laqeydlik zülmətində olan insanları bu
zülmətdən çıxarmaqdır.
Bir ürəyə, məmləkətə qarşı
haqsızlıq ediləndə biz həmişə həyatdan
küsür, dünyadan gileylənir, ulu tanrıdan kömək
umu-ruq. Vaqif Məmmədovun poeziyasında bu mövzulara tez-tez
rast gəlirik. “Yalan dünya”, “Bu dünyanın belə gəlib
gərdişi”, “Deyəsən, dünyadan küsəcəyəm
mən”, “Bu dünyanın sevinci nə, qəmi nə”,
“Dünyanın” və s. şeirlərində o da həyatdan
küsür, dünyadan gileylənir. Dərdin
böyüklüyündən doğan sualların cavabsız
qaldığını görən, yer aləmində bu
suallara cavab tapa bilməyən şair üzünü ulu
tanrıya tutub cavabsız qalan suallara cavab istəyir:
Nədir bu körpənin günahı, Allah!
Ayağı yalındır, başı da açıq.
Nədir bu körpənin günahı, Allah!
Niyə öz yurdundan o düşüb qaçaq?!
Deyir insan dərdə düşəndə
özünü daha yaxşı dərk edir. Son illərin
hadisələri, bir sıra haqsızlıqlar, düşmən
tapdağı altında inləyən torpaqlarımızın
harayı, sönmüş ocaqların nisgili, didərginlik dərdi
şairi möhkəmləndirdi, mətinləşdirdi, bəlkə,
bir az da ucaltdı. Ancaq o, xalqın bu ağır günündə
əyilmədi, acizləşmədi, əksinə, meydanda
döyüşü həm sözlə, həm silahla
apardı. Vətən yolunda canlarını qurban verən
oğulların qeyrəti önündə diz çökən
şair bu döyüşdən boyun qaçıran bir qrup həmvətənlərinə
də “Bu torpağın ahı səni tutacaq” deyə, öz kəskin
nifrətini bildirməkdən çəkinmədi. Torpaq dərdini,
Vətənin bölünməsinin böyük faciəsini həssaslıqla
duyan şair “ağır gündü, bərki sən!” deyərək
xalqı birliyə, həmrəyliyə
çağırdı:
Bölüm-bölüm bölündün,
Xəlbirləndin, ələndin,
Dünyaya səpələndin,
Özünə qayıt, xalqım!..
Bu misralarda illərin, əsrlərin ağrısı nalə
çəkir və bu şeirlər oxucunu məcbur edir ki, o,
özünün kim olduğunu dərk etsin, millətin
tarixini, taleyini düşünsün.
Vaqif Məmmədov bütün
yaradıcılığı boyu yeni söz deməyə, yeni
fikir aşılamağa çalışıb, eyni zamanda, hər
misraya çox diqqətlə yanaşıb. Şair beş bəndlik
şeirdə nə qədər böyük poetik fikirlər
söyləyir. Müharibəyə nifrət oyadan və ilk qələm
təcrübəsi olan “Qara kağız”şeiri bu cəhətdən
çox uğurludur:
... Nədənsə, öz adı “qara” olsa da,
Çoxunun saçını ağ eyləyibdir...
...Verdiyi xəbərdən xəcalət çəkib
Kağız da qaralıb, bəlkə, nə bilim?!
Bir qara gözlünün gözünün nuru
Axıb kağızları qaraldıb, bəlkə.
Bir şimşək qəzəbli ata qüruru
Çaxıb kağızları qaraldıb, bəlkə.
...Dönməsə Vətənə qara kağızlar,
Qara gün Vətəndən dönə bilməzdi...
Akademik Bəkir Nəbiyev Vaqif Məmmədovun “Qara
kağız” şeirini oxuyandan sonra həmin şeir
haqqında yazmışdır: “Cəbhədə həlak
olmuş Vətən oğulları haqqında müdhiş xəbərləri
“Qara kağız” adlandırarkən o zaman, bəlkə də
biz bu məsələnin üzdə olan mənası ilə
kifayətlənmiş və niyə belə deyildiyinin fərqinə
varmamışıq. Vaqif Məmmədovun nəzə-rində
isə bu kağızlar məzmunundakı matəm xəbərindən
pərt olaraq, xəcalət çəkərək
qaralmışlar”.
Vaqif Məmmədovun güclü müşahidə
qabiliyyəti vardı. İnsan psixologiyasını duymaq,
gördüklərini, duyduqlarını mənalandırmaq
bacarığı vardı. İlk baxışdan diqqəti o
qədər də cəlb etməyən, bəlkə də
çoxlarımızı düşündürməyən
hadisələr onu düşündürüb və narahat
edib. Bu narahatçılıqsa şeirə çevrilib.
“Xarici xəstəlik” şeirində olduğu kimi:
Xarici musiqi xoş idi ona,
Muğam dinləməyi arzulamazdı.
Fəxr ilə divara, evə, hər yana
Xarici dillərdə adını yazdı.
Bir gün xəstələndi, həkim
çağırdı,
Endi gözlərinə dünyanın çəni.
Həkim çox yoxladı, dedi: - ağırdı,
Xarici xəstəlik tutubdur səni.
Yaxud da, “Mənim kişilərə yazığım gəlir”
şeirində:
Əzmindən alçalıb enəndə kişi,
Xəbis tənəsindən sönəndə kişi,
Çörək ağacına dönəndə
kişi,
Mənim kişilərə yazığım gəlir.
Gördüyümüz kimi, şair ictimai ruhlu poeziya
nümunələrində də çox ciddi məsələlərdən
bəhs edir, bunları fəlsəfi mövqedən ziddiyyət
və incəlikləri ilə işıqlandırır. Vaqif
Məmmədov bu səpkili şeirləri ilə oxucunu
düşündürür, həyat hadisələrini dərk
etməyə çağırır.
Şair-publisist Vaqif Məmmədov
yaradıcılığı boyu şifahi xalq ədəbiyyatından,
onun ayrı-ayrı janrlarından bəhrələnmişdir.
Şairin poeziyasında biz klassik ədəbiyyatımızın
təsirini də, müasir poeziyamızın axtarışlarını
da, folklor ənənələrimizin davamını da yeni
biçimdə görürük. Vaqif Məmmədovun
yaradıcılığında xalq ədəbiyyatına
bağlılıq onun əsərlərində həyatiliyi, təşbehlərində
reallığı, fikir və ifadələrindəki
aydınlığı daha da artırır, sənətkarlığına
təravət, ilhamına qaynaq verir və şeirlərindəki
təsvir meydanını genişləndirir. Biz baharın təsvirinə
həsr olunmuş şeirlərə tez-tez rast gəlirik. Bu
şeirlərin əksəriyyətində baharın təsviri
lirik qəhrəmanın daxili aləminin müxtəlif cəhətləri
ilə bağlı şəkildə təsvir olunur. Vaqif Məmmədovun
“Yaz nəğmələri” şeirində bahar fəslinin daha
başqa gözəllikləri, bənzərsiz epitetləri
diqqəti çəkir:
Açır novruzgülü, açır ağ
çiçək,
Torpağa neçə cür töhfə verilir.
Yamaclar bəzənir toy xonçası tək,
Çən də yaylıq kimi üstə sərilir.
Qarı əridibdir yazın nəfəsi,
Ağaran zirvənin sal daşlarıdır.
Şırıltı - dağların
hıçqırıq səsi,
Axan sular isə göz yaşlarıdır.
Gördüyümüz kimi, şair üçün həyatda
hər şey mənalıdır. Şairə görə
gülün, çiçəyin, hətta axan suyun belə
özünəməxsus mənası var. Şairin Azərbaycanın
gözəl mənzərələrini əks etdirən
şeirləri sanki torpağımızın bədii portretidir.
Biz onun şeirlərində tez-tez bitkin poetik təbiət
lövhələri ilə qarşılaşırıq. O,
klassik irsimizdən bəhrələnəndə də, xalq
yaradıcılığından qidalananda da heç kimi təkrarlamır,
fikri özü kimi deyir, özü kimi yazır.
Çünki şairin duyduqlarını, gördüklərini
mənalandırmaq bacarığı var:
Bu meşələr oğlu ölmüş anadır,
Bulud qara yaylığıdır başında.
***
Sıra dağlar bir gözəlin kəməri,
Göl də, yəqin o kəmərin qaşıdır.
Həqiqətən də, şair adidə qeyri-adiliyi,
sadədə böyüklüyü ifadə etməyi
bacarır.
Doğrudan da, əsl sənətkar xalqın tarixini,
soykökünü, milli adət-ənənələrini
gözəl bildikdə, dərindən duyduqda kamil sənətkar
olur. Bu baxımdan, şair Vaqif Məmmədovun folklor örnəklərindən
yaradıcı bəhrələnməsi diqqətəlayiqdir.
Maraqlı cəhətdir ki, Vaqif Məmmədovun
özünün atalar sözü qədər dəyərli
misraları onu müdrik şair kimi xalqa sevdirib. Onun deyimlərində
pirani, ulu babalarımızın səsi, sözü var. Və
bu səs elə-belə adi deyil, əsrlərin süzgəcindən
keçən sözdür. Hətta ata-babalarımızdan bizə
miras qalan adət-ənənələri, unudulmuş sözləri
o, şeirə gətirib, nəzmə çəkib:
Nehrədə biz boyda yağ olsun deyə,
Çatmanın başına qoyublar bizi.
***
Çatmamışdıq şirin-şəkər
günlərə,
Darı çadı sac üstündə bişərdi.
Bu şeirlərin hər misrasında xalq təfəkküründən
süzülən ifadə tərzi var. Xalqı dərindən
tanımadan, onun soykökünə, folkloruna, etnoqrafiyasına
dərindən bələd olmadan bu cür ifadələr
işlətmək olmaz. Bu mənada, şairin
yaradıcılığında, Mirzə Cəlilin dili ilə
desək, “Anamın kitabı”ndan süzülüb gələn
sözlər hakimdir. Vaqif Məmmədov bütün
yaradıcılığı boyu doğma dilimizin saflığını,
gözəlliyini qoruyub saxlamışdır. Xalq dilinin zənginliyindən
bəhrələnmişdir. Məhz bunun nəticəsidir ki,
tanınmış bəstəkarlar şairin iyirmidən
çox şeirinə musiqi bəstələmişdir.
Vaqif Məmmədov yaradıcılığa poeziya ilə
başlasa da, özünü ifadəetmə potensialı
güclü, bənzərsiz və çoxşaxəlidir.
Onun elmi-pedaqoji fəaliyyəti, elmi araşdırmaları,
maddi-mədəni irsimizin təbliğində göstərdiyi
fədakarlıq, ədəbi-ictimai missiyası Vaqif müəllimi
bədii yaradıcılıqdan nəinki uzaqlaşdırmış,
əksinə poeziyasının, publisistikasının mövzu
əlvanlığına yeni çalarlar və keyfiyyətlər
gətirmiş, həyati lövhələrin milli koloritini
artırmış, müəllifin bədii-fəlsəfi
dünyagörüşünün təşəkkülünə
müsbət təsir göstərmişdir.
Vaqif Məmmədovun elmi-publisistik kitabları, səfər
təəssüratlı şeirləri də çoxdur. O,
xarici ölkələrə, xüsusən də oğuz ellərinə
tez-tez səyahətə çıxıb və gəzib
gördüklərini qələmə alıb. “Salam, oğuz
elləri” (2001), “Arazdan keçə bildim” (2004) ,
“Özüne dön halkım” (2006), “Anadolu və Rumeldən
esintiler” (2009) və s. kitabları da səfər təəssürat-larından
yaranmışdır. Vaqif Məmmədovun əsərlərini
oxuyarkən də hiss olunur ki, o, kifayət qədər
mütaliəsi olan, klassik və müasir ədəbiyyatımızdan,
Şərq və Qərb mənəvi dəyərlərindən
xəbərdar olan intellektual səviyyəli qələm sahibidir.
Məhz buna görə də AMEA-nın vitse-prezidenti, millət
vəkili, akademik İsa Həbibbəyli Vaqif Məmmədov
haqqında yazdığı “Sənətə Vaqifik” adlı
kitabında yazır: “Azərbaycan ədəbiyyatında Molla
Pənah Vaqifdən başlayaraq Vaqiflər ədəbi nəsilləri
ənənəsi davam etməkdədir. Vaqiflərin, demək
olar ki, hamısında bənzərsiz sənətkarlıq
imkanları, özünəməxsus istedad və ilham, ədəbiyyata,
şeirə, sənətə vaqiflik müşahidə
olunmaqdadır. ...İstedadlı şair Vaqif Məmmədovun
da Molla Pənah Vaqifdən Səmədoğluna qədərki
Vaqiflərin sırasında Vaqifliyi bir daha nümayiş etdirmək
və təsdiqləmək mənasında öz yeri,
mövqeyi və xidmətləri vardır. Hətta
şeirimizdəki çoxsaylı Vaqiflər arasında elmi fəaliyyətlə
məşğul olan, tarix elmləri namizədi alimlik dərəcəsi
qazanan tək Vaqif Məmmədovdur”.
Həqiqətən, Naxçıvan Dövlət
Universitetinin Jurnalistika və dünya ədəbiyyatı
kafedrasında, “Qeyrət” nəşriyyatında işlədiyi
17 il ərzində 500-dən artıq elmi, publisist, bədii
kitabların, ildə 4 seriyada çıxan “Elmi əsərlər”,
“Fikir” jurnallarının, “Oğuz yurdu” qəzetinin redaktəsinin
Vaqif Məmmədova tapşırılması, “Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Müəllimlər
İnstitutunun yaranması və tarixi” mövzusunda namizədlik
dissertasiyası müdafiə etməsi, ümummilli liderimiz
Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
hazırladığı “Qalib gəldi, qalib getdi” miniatür
kitabı, “Müasir dövrdə nəşriyyat işi”
adlı dərs vəsaiti, “Naxçıvan tarixi”
çoxcildliyinin hazırlanması, 200-ə yaxın elmi məqalənin
müəllifi olması və s. onun yüksək savad və
dünyagörüşünə malik olmasına canlı
sübutdur.
Bildiyimiz kimi, yaradıcı insanın taleyində istedad,
cəsarət və müdriklik çox böyük rol
oynayır. Amma bu yaradıcılıq atributlarının
üçünün də bir adamda cəmləşməsi
hər kəsə nəsib olmur. Ən azı ona görə
ki, istedad və cəsarət Tanrı payı olsa da,
müdrikliyi insan özü qazanır. Bu mənada, Vaqif Məmmədov
1990-cı illərdə erməni quldurlarının Sədərəyə
hücumlarının qarşısının alınması
üçün istər Sədərək kənd əhalisindən,
istərsə də qonşu kəndlərdən, muxtar
respublikanın yaşayış məskənlərindən, hətta
Azərbaycanın bir sıra rayonlarından gələn
insanların düşmən hücumlarının dəf
olunması, ermənilərə qarşı mübarizə
üçün təşkilatlanması sahəsində
xüsusi rol oynayıb. Sədərəkdəki ikimərtəbəli
şəxsi evini hərbi qərargaha təhvil verərək,
ailəsini başqa yerə köçürüb və
üç ilə yaxın davam edən Sədərək
döyüşləri məhz bu qərargahdan idarə olunub.
Təkcə Vaqif Məmmədovun bu fədakarlığı,
məncə, onun kimliyi, müdrikliyi haqqında aydın təsəvvür
yaradır.
Elə insanlar var ki, ulu tanrı onlara şairlik
istedadı ilə bərabər, həm də bütöv bir
xalqın adından danışmaq kimi səlahiyyət də bəxş
edib. Bütöv bir xalqın adından danışmaq
işinin nə qədər çətin, məsuliyyətli və
şərəfli olduğu artıq hər birimizə məlumdur.
Düşünürəm, nə yaxşı ki, erməni
işğalçıları tərəfindən 14 dəfə
hücuma məruz qalan Sədərək kəndində Vaqif Məmmədov
kimi şairlərimiz olub. Həm xalqın gün-güzəranını
olduğu kimi qələmə alıb, gələcək nəsillərə
çatdırıb, həm də xalqın adından danışıb,
onların haqqını, hüququnu müdafiə edib. Vaqif Məmmədov
yaşadığı o illərin mühüm ictimai-siyasi, mədəni
hadisələrini “Heydər Əliyev və Sədərək
rayonu”, “Sədərək harayı”, “ Sədərəkdə
yazılan gündəlik”, “Unutsaq unudularıq”, “Sədərək
şəhidləri”, “Kərkinin taleyi” və sair bədii-publisist
kitablarında elə dəqiq şəkildə əks
etdirmişdir ki, hər hansı bir tarixçi onun əsasında
o dövrün salnaməsini yarada bilər.
Vətənpərvərlik, milli birlik mövzusu, azərbaycançılıq
ideyasının tərənnümü Vaqif Məmmədovun
yaradıcılığının ana xəttidir. Vətənin
istiqlalı, dil, söz, torpaq uğrunda apardığı
söz mücadiləsindən alnıaçıq,
üzüağ çıxan şair vətənin
azadlığı uğrunda əsl vətənpərvər
insan, vətəndaş kimi iz qoydu. Hər qarışı
ecazkar, füsunkar gözəlliklər yatağı olan Vətənimiz
şair üçün müqəddəs bir məkan oldu.
Vaqif müəllimi şöhrətləndirən və sevdirən
başlıca səbəb vətən sevgisi, yurdun hər
qarışından aldığı ilham və
özünün əsl “vətən daşı” olduğunu dərk
etdiyindən aldığı zövq olmuşdur. Vətəninin
əsl vətəndaşı olan şair qırılmaz tellərlə,
canlı rişələrlə xalqına, el-obasına
bağlı olub. Vaqif Məmmədov poeziyası məhz
xalqdan, torpaqdan güc aldığı üçün
böyükdür, əzəmətlidir, müqayisə
olunmazdır. Vətəninə, el-obasına
bağlılıq, vətəndaşlıq pafosu onun
yaradıcılığında aydın əks olunur. “Ürəyimə
təkcə vətən yerləşir” şeirində
yazdığı kimi:
Mən ürəksiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir.
Şairin ürək titrəyişləri hər
sözdə, hər misrada hiss olunur. Çünki o, bu vətənin
torpağından, bu vətənin suyu ilə yoğrularaq
anaların laylası ilə vətən kürəsində
bir vətəndaş kimi bişmişdir. Vətən onun
cisminə və ruhuna hoparaq onu var etmişdir. Elinə,
obasına, doğma torpağına cismən, ruhən
bağlı olan şair ömrünün son günlərində
belə “Nə Vətən məndən doydu, nə mən Vətəndən”
deyərək sanki fəryad qoparır:
Vətənə sevgimi aça bilmədim,
Vətənin başına dolandım gendən.
Uca zirvələrdə uça bilmədim.
Nə Vətən məndən doydu, nə mən Vətəndən…
Əminik ki, 70 illik yubileyini qeyd edəcəyimiz, 40-a
yaxın kitabın müəllifi olan və ömrünün
45 ilini bədii və elmi yaradıcılığa həsr edən,
vətənə qırılmaz tellərlə bağlı
olan mərhum şairimiz Vaqif Məmmədovun ömrü və
yaradıcılığı Azərbaycan xalqına
bütün zamanlarda örnək olaraq qalacaq. Çünki Vaqif
Məmmədov şəxsiyyəti milli şüur və vətənpərvərliyin
timsalı, yaradıcılığı isə böyük
bir nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi
və cəmiyyətdə vətənpərvərlik hislərinin
tərbiyəsində əvəzsiz xəzinədir.
Aypara Behbudova
filologiya üzrə fəlsəfə doktoru,
dosent
Palitra.-2018.-13 iyun.-S.13.