Səmərqənddə
“Azərbaycan mədəniyyəti həftəsi”nin
açılışı olub
Özbəkistanın Səmərqənd şəhərində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun –
Milli Qurtuluş Gününə həsr olunan “Azərbaycan mədəniyyəti
həftəsi”nin rəsmi açılışı olub.
Bu barədə "Report"a Azərbaycanın
Özbəkistandakı səfirliyindən məlumat verilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşkilatçılığı,
Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə
reallaşdırılan tədbirlər çərçivəsində
bu şəhərdə milli mədəniyyətimizə dair
silsilə tədbirlər keçirilib.
Öncə “Azərbaycan mədəniyyəti həftəsi”nin
iştirakçıları Özbəkistanın birinci
prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.
Səmərqənd şəhərinin mərkəzində
yerləşən Həmid Alimcan adına Səmərqənd
Vilayət Musiqili Dram Teatrının
qarşısında-açıq havada təşkil olunan
açılış tədbirində şəhər hakimiyyətinin,
elm, mədəniyyət, gənclər təşkilatları
nümayəndələri, şəhərin
tanınmış şəxsləri, yerli azərbycanlılar,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində
çıxış edən Səmərqənd Vilayət
Hakimiyyətinin müavini Toliib Nabiev Azərbaycan
xalqını istiqlalının 100 illiyi münasibəti ilə
təbrik edib, iki xalq arasında dostluq əlaqələrindən
danışaraq istiqlaliyyətin böyük nemət
olduğunu və yüz illərlə xalqlarımızın qəlbində
yaşatdıqları arzunu gerçəkləşdirdiyini
qeyd edib. O, Azərbaycana dair daim Səmərqənddə
çoxsaylı tədbirlər keçirən və
dostluğumuzu geniş təbliğ edən Azərbaycan Mədəniyyət
Mərkəzinə öz təşəkkürünü
bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla
yanaşı dünyanın çoxsaylı ölkələrində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirlərinin
geniş qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən bütövlükdə 2018-ci
ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili”
elan edildiyini qeyd edib.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və
mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay
fəaliyyət göstərməsinə baxmayaraq, sonrakı nəsillərin
yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən
biri kimi qaldığını söyləyən diplomat Səmərqənddəki
“Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində
milli musiqimizə dair konsert, moda sərgsi, Azərbaycan filmlərinin
nümayişi, foto və kitab sərgisi, Azərbaycan və
özbək dilində ölkəmizə dair Bakıda və Daşkənddə
nəşr olunmuş kitabların Səmərqəndin
aparıcı kitabxanalarına hədiyyə edilməsi mərasimi
və s. tədbirlərin keçiriləcəyini bildirib.
Çıxış edənlər Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevdən sitat
gətirərərək indiki müstəqil Azərbaycanın
1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisi
olduğunu və bugün Azərbaycanın dünya dövlətləri
arasında nüfuzlu, güclü dövlətə
çevrildiyini qeyd edibilər.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə dair loqotipi özündə əks etdirən simvolik
tort kəsilib və “Azərbaycan mədəniyyəti həftəsi”nin
rəsmi açılışı olub.
Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim
yoşları” musiqi qruplarının müğənilləri
milli musiqimizi səsləndiriblər. Tanınmış
özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa
edərək bayram tədbirinə öz töhfələrini
veriblər. Azərbaycanlı saz ustalarının
çıxışları isə tədbirə xüsusi rəng
verib, tamaşaçıların çoxsaylı
alqışları ilə qarşılanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki
rəqs qruplarının milli rəqslərimizə dair
çıxışlar edib, “Uzundərə”, ”Köçəri”
və başqa rəqslərimiz iştirakçılara təqdim
olunub.
Tədbir çərçivəsində “Cümhuriyyətinin
100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi
təqdim edilib, habelə açıq meydanda milli mədəniyyətimizi
özündə əks etdirən stend qurulmuş, Azərbaycan
suvenirləri, xalçalarımız, kəlağayılarımız
nümayiş olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin milli geyimlər
kolleksiyasına aid və yenicə hazırlanmış Azərbaycanın
Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki
Yoshlar-Gənclər təşkilatının fəalları
moda sərgisində ilk dəfə olaraq Azərbaycanın
Qarabağ bölgəsinə aid bəy və zadəgan geyimlərini,
habelə qızlar Qarabağ xanımlarının mərasim
geyimlərini sərgiləyiblər.
Tədbir konsert proqramı ilə davam edib və mərasimə
yerli mətbuat geniş maraq göstərib.
Tağıyev Tural
Palitra.-2018.-13 iyun.-S.7.