Azərbaycan
mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən
120 yaşlı kinomuz
Həmidə
Ömərova: “Azərbaycan kinosunun gələcəyi əmin
əllərdədir”
Hər bir xalqın kino sənəti
onun mənəvi zənginliyini, bədii, intellektual
yaradıcılıq imkanlarını cəmləşdirərək
mədəniyyət hadisəsi kimi meydana çıxır. Bu
gün Azərbaycan da digər ölkələr kimi zəngin
mədəniyyəti və kino tarixi ilə öyünə
bilər. Belə ki, Azərbaycanda kino sənəti
120 il əvvəl mühüm mədəniyyət hadisəsi
kimi meydana çıxdı. Bu il yubileyini qeyd edən Azərbaycan
kinosunun özünəməxsus tarixi tapıntıları və
nailiyyətləri ilə dünya kinematoqrafiya sistemində
öz yeri var. Bizim milli kinomuz da digər
ölkələrin kinoları kimi “səssiz” formadan “səsli”
filmlərə, ağ-qara təsvirdən rəngli kinoya, ailə-məişət
süjetlərindən böyük həyat materiallarına
doğru zəngin inkişaf yolu keçib və bu gün Azərbaycan
mədəniyyətinin ayrılmaz tərkib
hissəsinə çevrilib. 1898-ci ildə Mişonun lentə
aldığı xronika süjetlər ("Bibiheybətdə
neft fontanı yanğını", "Balaxanıda neft
fontanı", "Şəhər bağında xalq gəzintisi",
"Qafqaz rəqsi" və s.) və bir bədii
kinosüjetlə “İlişdin!”-lə başlayan kinomuz daha
sonra sovet dövründə və müstəqillik illərində
də uğurla davam etdirilib.
Kino
tariximizin gizli qəhrəmanı
Kino tariximizə nəzər salanda bir sıra oxucularımıza
məlum olmayan film adları, kinoda iz qoymuş bəzi digər
sahənin məşhurlarını da görmək olar. Buna
misal olaraq dahi Cəfər Cabbarlını göstərmək
olar. Bu bir reallıqdır ki, hər kəs C.Cabbarlını ədəbiyyat
sahəsi ilə bağlı tarixi şəxsiyyət kimi tanıyır.
Amma onun milli kinomuzun inkişafında da rolu olub.
Yəni dərindən araşdırdıqda, həqiqətən
də, musiqinin, rəngin, sözün milli kinomuzda payı
çox olub. Azərbaycan kinosunun möhtəşəm
sarayı ədəbiyyat adamlarının, rəssam və bəstəkarlarımızın,
bütün kino işçilərinin, hər şeydən əvvəl,
kinematoqrafçıların qabaqcıl dəstəsinin birgə
səyi, alın təri ilə yoğrulmuş möhkəm kərpiclərdən
ucaldılıb. Bu saraya kərpic yerləşdirənlərdən
biri olan Cəfər Cabbarlı təkcə teatrın,
dramaturgiyanın inkişafı üçün yox, həm də
Azərbaycan kinematoqrafiyasının inkişafı
üçün də əlindən gələni edib. O, təzəcə
addımlarını atan kinematoqrafiyamıza, sadəcə, həvəs
göstərməyib, kinoya ciddi münasibət bəsləyib,
onun böyük gələcəyinə inanıb. Məlum
olduğu kimi, 20-ci əsrin ilk illərində əhalinin cahil
hissəsi kinonu şeytan əməli sayırdı,
görünən adamları isə “şeytan balaları”
adlandırırdılar. Belə bir dövrdə C.Cabbarlı
1925-ci ildə lentə alınan “Bismillah” filmində öz
körpəsini - balaca Aydını təzə doğulmuş
uşaq rolunda çəkdirdi. O “Azərkino”da qısa müddətdə
işləsə də, kino sahəsində bir sıra
mühüm addımlar atdı, kinodramaturq kimi
kinolarımıza ssenarilər yazmaqla kifayətlənməyib,
milli kadrların yetişməsində də xeyli işlər
görüb. Böyük və nəcib insan C.Cabbarlı təkcə
dost-tanışları, əzizlərini deyil, hətta
tanımadığı adamları belə, kino işinə cəlb
edib, milli kadrların yetişməsi üçün əlindən
gələni əsirgəməyib. Hətta Azərbaycan
kinosunun yaradıcılarından biri olan kinorejissor Mikayıl
Mikayılovun da kinoya gəlişinə səbəb məhz
C.Cabbarlı olub. Qeyd edək ki, C.Cabbarlının ssenariləri
üzrə 3 bədii film çəkilib. Bunlar - “Hacı Qara”
1928, “Sevil” 1929, “Almaz” 1936-cı illərdə çəkilmiş
filmlərdir. Maraq üçün bildirim ki, o
özünü aktyor kimi də sınayıb və
“Balıqçılar” (1926-cı il) filmində çəkilib.
Bütün dövrlərdə əhəmiyyətli
filmlər istehsal olunub.
Ümumiyyətlə, 120 illik tarixi olan milli kino səmamızda
sayrışan belə gizli qəhrəmanlardan-ulduzlar
haqqında çox danışmaq olar. Amma mürəkkəb,
siyasi quruluşların tez-tez dəyişdiyi bir şəraitdə
təməli qoyulmuş kinomuz dövrün tələblərinə
uyğun formalaşsa da, inkişaf prosesi ilk illərdə
çox ləng gedib. Qısaca, statistikaya nəzər
saldıqda deyə bilərik ki, hər dövrdə
mühüm əhəmiyyətə malik filmlər istehsal
olunub. Səssiz kino dövründən danışarkən
(1898-1935) respublikamızda 30-dan çox bədii, 130-a qədər
sənədli və elmi-kütləvi, bir cizgi filmi istehsal
olunduğunu xatırlatmaq olar. Kino sənətinin yüksəlişi
isə ötən əsrin 60-cı illərinə təsadüf
edir. 70-80-ci illərdə Azərbaycan kinosu artıq
özünün intibah dövrünü yaşadı. Həmin
illərdə milli kinematoqrafiya yetkinləşmiş, möhkəmlənmiş
və peşəkar təcrübə toplamışdı. Bu
illərdə – xüsusilə altıncı onilliyin ikinci
yarısında öz dəst-xətti ilə seçilən,
müəlliflərin həyat mövqeyini üzə
çıxaran, yaradıcılıq və mövzu baxımından
diqqəti cəlb edən əhəmiyyətli filmlər
istehsal olunub. Təkcə 60-cı illərdə yuxarıda
haqqında söz açdığımız
C.Cabbarlının adını daşıyan “Azərbaycanfilm”
kinostudiyasında 40-a qədər bədii film çəkilib.
Onların arasında qəhrəmanlıq və məhəbbət
mövzularında – “Koroğlu” və “Leyli və Məcnun”,
tarixi-inqilabi mövzuda – “Səhər” və “Yenilməz
batalyon” filmləri var. Filmlərin çoxu müasir mövzu
ilə bağlı olub. Məsələn, “Telefonçu
qız”, “Möcüzələr adası”, “Əhməd
haradadır?”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində”,
“Uşaqlığın son gecəsi”, “İstintaq davam edir”,
“Qanun naminə” və s. Daha sonrakı illərdə uğurlu
filmlərimizdən danışarkən böyük problemlərin
qabardıldığı “Dəli Kür”, “Şərikli
çörək”, “Yeddi oğul istərəm” kimi kinoları
qeyd etmək olar. Bu filmlərin hamısında ciddi, ürəklə
deyilən mətləblər var. Məşhur “İstintaq”
filmini də unutmaq olmaz. Film 1980-ci ildə Düşənbədə
keçirilən Ümumittifaq kino festivalında ən
yaxşı filmə görə baş mükafat alıb,
1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət
mükafatına layiq görülüb. Azərbaycanda
yalnız iki film bu yüksək mükafata layiq
görülüb - “Arşın mal alan” və “İstintaq”.
Milli kino sənətimizin tarixindən, uğurlarından
estetik problemlərindən çox danışmaq olar.
“Gənc, perspektivli və ixtisaslı
kadrlarımız yetişir”
Bəs bu gün necə? Azərbaycan kinosu gələcəkdə
daha da inkişaf etməsi üçün perspektivlər vəd
edirmi? Sovetlər zamanında olduğu kimi, yenə də
çəkilən kinolarımızın sayı
çoxalacaqmı?
Bu gün Azərbaycan kinosunu yaşadanlardan,
yaratdığı obrazlarla qəlbləri fəth edən sənətkarlarımızdan
biri olan Həmidə Ömərova ilə milli kinomuz
haqqında söhbətimizdə o, buna ümidvar olduğunu
söylədi. Uzun illər kino sənətimizin
inkişafına xidmət etmiş, canlandırdığı
qəhrəmanlarla kinosevərlərin idealına çevrilən
aktrisa deyir ki, Azərbaycan filmləri daim zənginliyi, fərqliliyi
ilə digər ölkələrin kinolarından seçilib.
O, Azərbaycan kinosunun gələcəyinin də əmin əllərdə
olduğunu söylədi: “Mən bu mövzu ilə
bağlı pozitiv düşünürəm. Yəni Azərbaycan
kinosunun gələcəyinə ümidlə yanaşıram.
Çünki hazırda gənc, perspektivli və ixtisaslı
kadrlarımız yetişir. Bu istedadlı gənclərimiz
milli kinomuzu inkişaf etdirəcəklər. Fikirləşirəm
ki, hər bir yeniliyi yaradanda, loru dildə desək, köhnəliyə
arxa çevirməməliyik, avanqard yaratmaq üçün
köhnələri unutmamalıyıq. Gənclərimiz də
yeniliyə can atanda köhnə ənənələrdən bəhrələnməlidirlər.
Gənc kadrlar keçmiş filmlərimizi unutmamalı,
tariximizi, milli adət-ənənələri qətiyyən
arxa plana atmamalıdırlar. Qısası, kinomuzun gələcəkdə
daha da inkişaf edəcəyinə inanıram”.
Aktrisa deyir ki, kinomuzun bugünkü durumu əvvəlki
illərlə müqayisədə qənaətbəxş
sayıla bilər: “On beş il əvvəl ilə müqayisədə
indi filmlərimiz daha çox çəkilir, gənc aktyorlar ən
azından özlərini müxtəlif seriallarda
sınayırlar. Yeni baxımlı filmlər çəkilir,
milli kinomuza dəyərli töhfələr verilir. Amma məsələnin
mənfi tərəfi odur ki, “Azərbaycanfilm”
kinostudiyasında çəkilən filmlər çox vaxt
geniş tamaşaçı auditoriyası üçün
naməlum qalır. Yəni bizim tamaşaçılar, əsasən,
kommersiya filmlərinə baxırlar. Kinostudiyamızın
istehsal etdiyi filmlərin əksəriyyətindən
tamaşaçıların xəbəri olmur. Düzdür,
bu sahədə indi müəyyən işlər
görülür. Məsələn, ARB kanalında kinomuzun
120 illiyi münasibətilə bir veriliş açılıb
və orada son illərdə çəkilən filmlər haqqında
məlumatlar verilir, filmlərin yaradıcı heyəti ilə
görüş keçirilir və film bu telekanalda göstərilir.
Hazırda həmin verilişin aparıcısı mənəm.
Yeni çəkilən filmlərimizi geniş kütləyə
yaxından tanış edən bu verilişimiz ayda bir dəfə
olur və bu layihəyə yeni başlamışıq. Yəni
veriliş milli kinomuzun yeni xüsusiyyətlərini
açıqlayan bir layihədir. Buna ehtiyac
yaranmışdı”.
Müsahibim onu da dedi ki, bundan sonra da milli kinomuz
üçün var gücü ilə çalışacaq:
“Hər bir sənətkar öz fəaliyyətindən tam
razı olmamalıdır. Çünki razılıq o deməkdir
ki, sənət bitibdir, artıq nə lazımdırsa onu etmisən,
irəliyə bir perspektiv yoxdur. Amma mən əksinə olaraq
həmişə hesab etmişəm ki, bacardığımdan
da az etmişəm. İmkanlarım çoxdur. Kinomuzun zəngin
tarixindən danışarkən bəzi təəssüf
doğuran məqamları da qeyd etmək istərdim. Heyif ki,
müstəqilliyin ilk illərində, on ilə yaxın
müddətdə zamanımız səmərəsiz
keçdi. Bu da 90-cı illərin əvvəllərindəki
iqtisadi-siyasi böhranla bağlı idi. Bütün bunlar milli
kinomuza da mənfi təsir göstərdi. Bu on il ərzində
biz aktyorlar, əsasən, başqa ölkələrdə filmlərə
çəkilirdik. Bu da hər kəsə nəsib olmurdu, kimi
dəvət edirdilərsə, o bu imkandan yararlanıb
özünü daha da inkişaf etdirirdi. Bu mənada həmin
illərdə milli kinomuz bir qədər ləng inkişaf etdi.
Bax həmin dövrü biz kino xadimləri
yaradıcılığının on ilə yaxın müddətini
itirilmiş sayırıq. Şükürlər olsun ki,
ölkəmiz gücləndikcə sonradan kino sahəmiz də
dirçəlməyə, inkişafa başladı, amma yenə
də istənilən səviyyəyə qalxmayıb. Yəni
kinolarımızın çəkiliş sayı və keyfiyyəti
bizim arzuladığımız səviyyədə olmadı.
Çox istərdim ki, dövlət tərəfindən
büdcələşdirilən filmlərimizin sayı
çox olsun. Kommersiya filmləri birillik filmlərdir, onlara bir
dəfə baxırlar. Amma dövlət tərəfindən
maliyyələşdirilən filmlərimiz daha məsuliyyətli
və keyfiyyətli çəkilir. Kommersiya xarakterli filmlərlə
bağlı daha böyük fəallıq var. Hazırda daha
çox bu sahədə kinolar çəkilir. Bu da rəqabətlə
bağlıdır. Rəqabət olduğu üçün
istər-istəməz bu sektorda inkişaf daha çox
qabarıq görünür. “Azərbaycanfilm”
kinostudiyasında az-az filmlər çəkilsə də,
onları dəyərli filmlərimizdən sayıram,
ayrı-ayrı festivallarda, hətta uğur qazanan filmlərimiz
də çoxalıb. Belə filmlərimizin dünya
festivallarında Azərbaycan kinosunu təmsil edərək
xeyli mükafatlar qazanması isə sevindirici haldır. İstərdim
ki, bu cür filmlərimizin sayı çox olsun. Milli kinomuzu
inkişaf etdirən, sənət baxımından dəyərli
ekran əsərləri daha çox olsun ki, ümumilikdə Azərbaycan
kinosu yenidən yüksək səviyyədə inkişaf
etsin”.
Bu gün, doğrudan da, Sovet dönəmində lentə
alınmış və sevilərək izlənilən dəyərli
kino incilərimiz çoxdur. Amma
çalışmalıyıq ki, kinomuz yenidən inkişaf
edib həmin dövrdə çəkilən baxımlı
filmlərimizlə eyni səviyyədə olsun. Dəyərli
sənətkarımız Həmidə Ömərovanın da
qeyd etdiyi kimi, biz də gənc, perspektivli
kadrlarımızın sayəsində milli kinomuzun gələcəkdə
daha da yüksək zirvələrə ucalacağına
inanırıq.
Tural Tağıyev
Palitra.- 2018.- 21 iyun.- S.12.