“Ermənistan ilə Azərbaycan
arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli
dərəcədə dəyişib”
“Ölkəmizin təcavüzdən,
silahlı hücumdan müdafiəsinin təmin edilməsi
üçün Azərbaycan Ordusunda əsas diqqət
qoşunların döyüşə hazırlıq və səfərbərlik
tədbirlərinə yönəldilib”
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaradılmasının 100
illik yubileyi qeyd olunur. Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
yubiley münasibətilə Ordumuzun əsas prioritetləri,
aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər
və qarşıda duran vəzifələr barədə
fikirlərini bölüşüb. Nazir vurğulayıb
ki, bu gün 100 yaşını qeyd etdiyimiz Milli Ordumuzun
yaradılması, formalaşması və döyüşlərdə
bərkiməsi hələ keçən əsrin əvvəllərinə
AXC-nin fəaliyyəti dövrünə təsadüf edir.
Tarixi ənənələrin,
varislik prinsiplərinin yaşadılması baxımından
ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də
imzaladığı Fərmanla 26 iyun tarixi ilk ordu hissəsi
Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu
gün əsas tutularaq Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan edilib. Bu tarixin
Silahlı Qüvvələr Günü elan edilməsi Milli
Ordu quruculuğunda varislik ənənələrinin bərpası
və tarixilik baxımından böyük əhəmiyyətə
malikdir. “Qeyd etdiyimiz bayram təkcə hərbçilərin
deyil, ümumilikdə bütün Azərbaycan xalqının
bayramıdır. Bu səbəbdən də
xalqımızı əlamətdar gün münasibətilə
təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm
ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və
böyük yeniliklərlə qarşılayır.
Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi
ölkəmizdə bu gün də uğurla davam etdirilir və
ordumuz inkişaf, təkmilləşmə dövrünü
yaşayır. Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz
üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və
döyüş qabiliyyətinin artırılması,
maddi-texniki təchizatının
yaxşılaşdırılması, o cümlədən hərbi
qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi
bu siyasətin prioritet istiqamətlərindəndir”, - deyə
müdafiə naziri qeyd edib.
General-polkovnik
Zakir Həsənov vurğulayıb ki, islahatların kompleks
şəkildə həyata keçirilməsi Ordumuzun
aparıcı dövlətlərin orduları səviyyəsinədək
yüksəlməsinə şərait yaradıb. Ölkə
rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi
islahatlar ölkəmizin bütün sahələrdə
inkişafına
təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa
müddətdə dəfələrlə artmasına imkan
yaradıb: “Fəaliyyətimizi Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları, Silahlı
Qüvvələrin Ali Baş Komandanının fərman və
sərəncamları, habelə digər normativ hüquqi
aktlarını rəhbər tutaraq həyata keçiririk.
Əməliyyat və döyüş hazırlığı
tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji
hazırlığı, hərbi təhsilin inkişafı,
kadrların hazırlanması, maddi-texniki təminat məsələləri
və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi
istiqamətində zəruri tədbirlər planlı şəkildə
davam etdirilir”.
Qeyd edilib ki, 2018-ci il orduda komandir
hazırlığı və bütün səviyyədə
olan komandirlərin real döyüş şəraitində
qoşunların və silahların idarə edilməsi üzrə
bacarıq və vərdişlərinin təkmilləşdirilməsi
ili elan olunub.
Ölkəmizin təcavüzdən,
silahlı hücumdan müdafiəsinin təmin edilməsi
üçün Azərbaycan Ordusunda əsas diqqət
qoşunların döyüşə hazırlıq və səfərbərlik
tədbirlərinə yönəldilib. Müasir təhdidlərə,
risklərə və çağırışlara cavab vermək
məqsədilə qoşunların döyüş qabiliyyətinin
artırılması istiqamətində hərtərəfli
kompleks tədbirlər icra edilir.
General-polkovnik Zakir Həsənov
bildirib ki, ordumuzun silahlanmasına yüksək
texnologiyaların tətbiqi ilə hazırlanmış ən
müasir, geniş ərazidə dəqiq məhvetmə
qabiliyyətinə malik silah-sursat və döyüş
texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin
artmasına əvəzsiz töhfələr verib. Ali Baş
Komandanın tapşırığına əsasən bu proses
mərhələlərlə, davamlı surətdə həyata
keçirilir.
Son illər ərzində hərbi
potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə
Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli
dərəcədə dəyişib.
Məhz
2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl
istiqamətlərində və cari ilin may ayında
Naxçıvanda həyata keçirilən əks-həmlə
əməliyyatlarında qazanılan uğurlar Ali Baş
Komandanın diqqət və qayğısı ilə Orduda həyata
keçirilən kompleks islahatlar nəticəsində
mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan
Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi,
mənəvi-psixoloji durumu və peşəkarlıq
baxımından Ermənistan ordusundan qat-qat üstün
olduğunu əyani şəkildə sübut etdi.
“Biz müxtəlif ölkələrdən
müasir tipli döyüş təyyarələri,
döyüş və hərbi nəqliyyat helikopterləri,
artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri,
pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda
Ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri
tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla
da təchiz olunur. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla
yanaşı, qardaş Türkiyə, o cümlədən
İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və
digər inkişaf etmiş dövlətlərlə
qarşılıqlı əməkdaşlıqda hərbi
imkanlarımızı genişləndiririk.
Ordumuzun
arsenalında olan əksər döyüş texnikası,
silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə
alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin
birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət
göstərir”, - deyə general-polkovnik Zakir Həsənov
bildirib.
Şəxsi
heyətin döyüş, mənəvi-psixoloji
hazırlığının təkmilləşdirilməsi, hərbi
intizamın və hüquq qaydalarının möhkəmləndirilməsinin
də Müdafiə Nazirliyi rəhbərliyinin əsas
prioritetlərindən olduğunu vurğulayan Zakir Həsənov
qeyd edib ki, müharibə şəraitində yaşayan bir
ölkə
üçün ən vacib məqamlardan biri Ordunun şəxsi
heyətinin və ümumiyyətlə, vətəndaşların
sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə,
özünəinama və vətənpərvərlik hislərinə
hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində,
Ordumuzda məhz belə bir əhvali-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki,
xalqımız Ordumuza istənilən döyüş
tapşırığını yerinə yetirməyə qadir
bir qüvvə kimi böyük inam bəsləyir. 2016-cı
ilin aprel ayında cəbhədə baş verən gərginlik
zamanı yüzlərlə, minlərlə gənc, eyni zamanda
xarici ölkələrdə yaşayan azərbaycanlı
vətəndaşlarımız Müdafiə Nazirliyinə
müraciət edərək erməni
işğalçılarına qarşı döyüşə
hazır olduqlarını bildirdilər. Bu
döyüş ruhunu yüksək səviyyədə saxlamaq
məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər
Əliyevin zəngin həyat yolu və fəaliyyəti,
dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli
şüurun dirçəlişi, milli ideologiyanın
inkişafı, gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi və digər sahələrdəki siyasi
irsi dərindən öyrənilir və hərbi
qulluqçular arasında təbliğ edilir.
Müdafiə
naziri bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin dövlətimizin
müstəqilliyinin və suverenliyinin qorunub saxlanması,
qüdrətlənməsi uğrunda apardığı daxili və
xarici siyasət, Ordunun qüdrətli bir qüvvəyə
çevrilməsi üçün fəaliyyəti, öz
xalqına, torpağına məhəbbəti, ərazilərimizin
erməni işğalından azad olunması naminə
apardığı mübarizə daim təbliğ edilir, Azərbaycan
Ordusunun qarşısında qoyduğu tapşırıqlar
Ordu rəhbərliyi və şəxsi heyətə
çatdırılır.
“Bir sözlə, Ordumuzun hərbi
potensialını gücləndirmək üçün nə
lazımdırsa, Azərbaycan dövləti onu edir. Biz
müharibə şəraitində yaşayırıq və
müharibə şəraitində yaşayan ölkə, ilk
növbədə ordu quruculuğuna diqqət göstərməlidir.
Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi
xərclər birinci yerdədir. Ordumuzun
maddi-texniki bazasının möhkəmləndirilməsi və
silahların modernləşdirilməsi üçün
2014-cü ildən başlayaraq hər il bu istiqamətdə
müvafiq tədbirlər həyata keçirilir və bundan
sonra da dövlətimizin dəstəyi ilə bu addımlar
davam etdiriləcək.
Məhz bu səbəbdən
bu gün tam əminliklə deyə bilərik ki, ən
müasir silah-sursat və döyüş vasitələri ilə
təchiz edilmiş, yüksək vətənpərvərlik
ruhuna malik, mənəvi-psixoloji cəhətdən
hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin hər bir əmrini dərhal və yüksək
peşəkarlıqla yerinə yetirməyə hazırdır
və qadirdir.
Əmin edirəm ki, Azərbaycan
Ordusunun bütün şəxsi heyəti göstərilən
etimadı daim doğrultmağa, torpaqlarımızı
işğaldan azad edərək ərazi
bütövlüyümüzün təmin edilməsinə
tam hazırdır. Qələbə əzmi ilə xidmət edən
Ordumuz xalqımızı gələcəkdə də əldə
edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcək”,
- deyə Azərbaycan Respublikasının müdafiə naziri,
general-polkovnik Zakir Həsənov bildirib.
Nigar Abdullayeva
Palitra.-2018.-23 iyun.-S.11.