Milli irsimizin yorulmaz tədqiqatçısı
Ziyadxan
Əliyev – 70
Azərbaycan sənətşünaslığına
dair əsərlərin ilk nümunələrinin yaranması
XVI-XVII əsrlərə təsadüf edir. Lakin sonrakı
dövrlərdə müxtəlif səbəblərdən bu sahədə yaddaqalan
işlər görülməyib. Odur ki, onun, sözün
əsl mənasında, inkişafının XX əsrdə - sovet dönəmində təşəkkül
tapdığını söyləmək olar.
Daha dəqiq desək, sənətşünaslığın
Azərbaycanda müstəqil elm sahəsi kimi formalaşması, əsasən,
1950-1960-cı illərə təsadüf edir.
Ötən bu
müddətdə Azərbaycan sənətşünaslığında
təsviri sənətin müxtəlif sahələri tədqiq
edilmiş və gələcək nəsillər
üçün etibarlı miras sayıla biləcək əsərlər
yazılmışdır. Həmin ənənə bu gün də uğurla davam etdirilməkdədir.
Mərhum Adil Qazıyev, Kərim
Kərimov, Nurəddin Həbibov, Mürsəl Nəcəfov, Paşa Hacıyev, Rasim
Əfəndi, Natalya Miklaşevskaya,
Cəmilə Novruzova və Lətif Kərimov,
eləcə də müasirlərimiz olan Kübra Əliyeva, Cəmilə Həsənzadə,
Sevil Sadıxova, Telman
İbrahimov, Ziyadxan
Əliyev və b. adlarını qeyd etmək olar.
Bu
il anadan
olmasının 70 illiyi tamam
olan Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Ziyadxan
Əliyev müasir Azərbaycan sənətşünaslığında
təsviri sənətin ən müxtəlif problemləri
haqqında dolğun və ətraflı tədqiqat
işi aparan, tədqiqatlarını
çoxsaylı kitablar, məqalələr
və kataloqlar şəklində ictimaiyyətə
təqdim edən alim kimi
tanınır.
Məlumat üçün
bildirək ki, o, əvvəlcə
1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq məktəbini fərqlənmə
diplomu ilə bitirib. Sonra isə İ.Y.Repin adına Sankt-Peterburq
Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq
fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən
Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən
isə bu təşkilatın Rəyasət
Heyətinin üzvüdür. O, eyni zamanda bu
nüfuzlu qurumun “Tənqid
və sənətşünaslıq” bölməsinin sədridir.
Sənətşünaslıq
fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət
İncəsənət Muzeyində başlayan
Z.Əliyev, əvvəlcə elmi işçi, sonra isə
“Qərbi Avropa və rus
incəsənəti” elmi şöbəsinin
müdiri vəzifəsində
çalışmışdır. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə
dünya və milli təsviri
sənətimizin öyrənilməsi, təbliği sahəsində
səmərəli fəaliyyət göstərmişdir. Həmin illərdə onun tədqiqatları
sayəsində indiyə kimi elmə naməlum
qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans
Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı
Usta Qəmbər Qarabağinin
və görkəmli memar Zivərbəy
Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi
müəyyən olunmuşdur. Etiraf edək ki, bu cür uğurlu
elmi atribusiyalar milli sənətşünaslığımızda
və muzeyşünaslığımızda rast
gəlinən nadir hadisələrdəndir.
Sənətşünas Ziyadxan Əliyev həm də təsviri sənətimizin
müxtəlif sahələrinə aid
çoxsaylı elmi və publisistik
məqalələrin müəllifidir. O, hələ təhsil
illərində “Qobustan” jurnalında
“Şamaxının qədim abidələri” adlı ilk məqaləsini çap
etdirməklə sənətşünaslıq elminə qədəm
qoyub. Bundan sonra onun yüzdən çox elmi məqasi həm
Azərbaycanda, həm də xarici dövlətlərin
nüfuzlu jurnallarında dərc olunmuşdur.
O, təsviri sənət sahəsində
həm də bir çox
elmi tapıntılara nail
olmuş mütəxəssis kimi tanınır. Onun
1989-cu ildə nəşr olunmuş “Azərbaycan
ekslibrisi” kitabı apardığı tədqiqatın
nəticəsində işıq üzü
görüb. Bu nəşrdə
o, ilk ekslibrisin-kitab
nişanının Avropadan da çox qabaq
Şərqdə-Azərbaycanda yaradıldığını sübut etmişdir. Belə
ki, uzun müddət idi ki, Avropa
tədqiqatçıları bütün
nəşrlərdə “kitab
nişanı” mənasını verən ekslibris
incilərinin Qərbdə yaranmasını (XVI əsrdə) iddia edirdilər. Sənətşünas Ziyadxan Əliyev isə gətirdiyi təkzibolunmaz
dəlillərlə sübut etdi ki, qrafikanın bu janrı ilk dəfə
məhz XIII ərdə Azərbaycanda mövcud
olmuşdur. O, hətta “Mənafi əl-heyvan”
(XIII əsr) kitabını bəzəyən nişanı da göstərmiş, onun
bədii şərhini qeyd etmişdi
(burada onun sifarişçisi Şəmsəddin ibn Ziyəddin Zuşəkinin adı
yazılıb). Bunun özünü
milli təsviri sənətimizin tarixinin zənginləşdirilməsi
yönündə yeni və çox qiymətli tapıntı saymaq olar.
Bu yaddaqalan işdən sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri
incəsənətində öz möhtəşəm
yaradıcılıq irsi qoymuş
Mir Mövsüm Nəvvabın
yaradıcılığı haqqında kitab
yazıb. “M.M.Nəvvabın rənglər aləmi”
kitabında rəssamın təsviri sənət sahəsindəki
bütün irsi ətraflı
təhlil edilmişdir. Sənətşünas
Mir Mövsüm Nəvvabın
qohumları ilə görüşmüş,
müxtəlif mənbələrdəki əsərləri ilə
tanış olmuş və
topladığı qiymətli informasiya əsasında
bu kitabı yazmağa
müvəffəq olmuşdur. Ümumiyyətlə,
Ziyadxan Əliyev hər bir
yeni işində axtarışlara meyilli olan və faktlara əsasən yeni söz deməyə meyil
göstərən sənətşünasdır desək, həqiqəti
ifadə etmiş olarıq. Bu mənada onun
özünəməxsus elmi şərh
manerasına malik olduğunu
söyləməklə, bu üslubun tədqiqata elmi-bədii yanaşmadan ibarət olduğunu
vurğulamaq lazımdır.
Sənətşünasın
təşəbbüsü və axtarışları nəticəsində
hələ sovet dönəmində -
1989-cu ildə Azərbaycan Dövlət İncəsənət
Muzeyində respublikada ilk
dəfə olaraq xarici
ölkələrdə yaşayan azərbaycanlı
rəssamların əsərlərindən ibarət “Əzizim
Vətən yaxşı...” adlı tarixi
sərgi təşkil olunmuşdu.
O, 40 ildən çoxdur
ki, təsviri sənətimizin müxtəlif
sahələrini, onun inkişaf
tendensiyalarını, ayrı-ayrı sənətkarlarını
ardıcıl araşdırmaları ilə yerli
və xarici ölkələrin mətbuatında
təbliğ etməkdədir. Bu mənada
ABŞ, Rumıniya, Rusiya, Ukrayna,
Gürcüstan, İran,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələri
qeyd etmək olar.
Sənətşünas Ziyadxan Əliyev, həmçinin
çoxsaylı kitabların və kataloq
mətinlərinin müəllifidir. Müəllifin
hər bir kitabı haqqında ayrıca
danışmaq çox vaxt
aparardı. Bu işlərə qısa nəzər
salsaq, ilk növbədə
onun 2009-cu ildə Xalq
rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu”
kitabını xüsusi qeyd
etmək istərdik. Bu dövrə qədər Azərbaycan sənətşünaslığında
bir rəssamın
yaradıcılığı bu cür geniş tədqiq
edilməklə, barəsində hərtərəfli və əhatəli
kitab yazılmamışdı. Səttar Bəhlulzadə
yaradıcılığının öyrənilməsinə
ömrünün 30 ilini
həsr edən sənətşünasın
yazdığı bu kitab,
doğrudan da, təqdirəlayiq
tədqiqat əsəridir.
Sənətşünasın
xalq rəssamı Cəmil Müfidzadəyə
həsr olunmuş “Cizgilərə hopan ömür”
kitabında da XX əsr Azərbaycan qrafika sənətinin inkişafında müstəsna
xidmətləri olan sənətkarın həyat
və yaradıcılığına əhatəli nəzər
salınıb.
Sənətşünasın “Zakir Hüseynov. Tənha döyüşçü” kitabı cəmisi
49 il ömür sürmüş istedadlı rəngkar Zakir Hüseynovun həyat
və yaradıcılığına həsr olunmuşdur.
Qeyd edək ki,
özünəməxsus yaradıcılıq
potensialını cəmisi on ildə nümayiş etdirməyə nail
olan bu rəssam, sonda Azərbaycan təsviri sənətində
özünəməxsus və yaddaqalan bədii
iz qoya bildi.
Rəssamın yaradıcılığındakı bu evolyusiyanı öz
kitabında şərh etməyi qarşısına məqsəd
qoymuş sənətşünas məzmun
və tutumca çox əhatəli
bir tədqiqat ərsəyə gətirdiyini
sərgiləmişdir.
Sənətşünasın
“Azərbaycanın Xalq rəssamı Davud Kazımov” adlı kitabında da XX əsr Azərbaycan qrafika
və rəngkarlıq sənətinin inkişafında
müstəsna əməyi olan rəssamın
həyat və yaradıcılığına əhatəli
şəkildə nəzər salınmışdır.
Ziyadxan Əliyev bir çox kitablar yazmışdır. Bunlardan biz
“Sabir təsviri sənətdə” (2012), “Sönmüş ocağın
işıqları” (2013), “Fəxrəddin Seyfəddinoğlu
(Məmmədvəliyev): çağdaş
rəssamlığımızın fenomeni”,
“Eldar Mikayılzadə: ilmələrin
hikməti” (2013), “Günahlı dünyanın günahsız
adamı və yaxud Səttar Bəhlulzadə
romantizmi” (2014), “Tamilla
Seyidova: gerçəkliyin rəngi”
(12014), “Arif Hüseynov.
Cizgilərin hikməti” (2014), “Sənətkar ömrü:
Azərbaycan Respublikasının Əməkdar rəssamı Şaiq Məmmədov” (2016), “Rafael
Abasov” (2017), “Bəhruz bəy Kəngərli
taleyi” (2017) və s.
kitabları qeyd etmək olar.
Elmi-pedaqoji fəaliyyətini
davam etdirən Ziyadxan
Əliyev uzun müddət Azərbaycan
Dövlət Pedaqoji Universitetində, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində İncəsənət tarixi
fənnindən dərs demişdir.
Hazırda pedaqoji fəaliyyətini Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında davam
etdirir. O, müxtəlif
elmi-nəzəri konfransların iştirakçısı və
məruzəçisi olmuş, ölkəmizin
sərhədlərindən çox-çox
uzaqlarda təşkil olunan
rəssamlıq sərgilərinin təşkilində yaxından
iştirak etmiş, onlarla tələbənin elmi
işlərinə rəhbərlik etmişdir.
“Xalq rəssamı Səttar Bəhlulzadə
yaradıcılığında romantizm”
adlı elmi işini
müdafiə edərək sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. Ziyadxan
Əliyev 2006-cı ildə Azərbaycan Respublikasının
Əməkdar incəsənət xadimi” fəxri
adına layiq görülmüşdür.
Bu il o,
maarifçilik fəaliyyətinə
görə ənənəvi “Kaspi”
mükafatına layiq görülmüşdür.
2008-ci ildən Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının İncəsənət
tarixi kafedrasının baş
müəllimi kimi çalışan Ziyadxan Əliyev 2010-cu ilin
fevralında İncəsənət tarixi
kafedrasının dosenti vəzifəsinə
seçilmişdir. Hazırda
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev yeni-yeni mövzular üzərində işləyir. İnanmaq istərdik o, qədim
milli-mənəvi dəyərlərimizin indiyə qədər
qaranlıq qalan səhifələrinə
işıq sala biləcək
axtarışları və tapıntıları ilə sənətşünaslıq
elminə layiqli töhfələr verə
biləcəkdir.
Samir
Sadıqov
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Palitra.-2018.-23 iyun.-S.10.