“Ədəbiyyat yaradılışdan mənim
içimdə, ruhumda olub”
Gənc
yazar İlahə İmanova
İlahə İmanova Bakıda anadan
olub. İxtisasca hüquqşünasdır. Mədəniyyət
sahəsində çalışır və ədəbi
yaradıcılıqla məşğuldur.
─ Öncə ədəbiyyata gəlişinizdən
söhbət açardınız və ədəbiyyatın
insanlar üçün oynadığı mühüm roldan
danışardınız.
─ Ədəbiyyata gəlişim... Mən
ədəbiyyata gəlməmişəm ki!
Ədəbiyyat yaradılışdan mənim
içimdə, ruhumda olub. Əlifbanı belə bilmədiyim
zamanlarda şəkilli kitabların səhifələrindən
mənə gülümsəyib. Sonralar nağıl qəhrəmanlarının,
daha sonralar isə bədii obrazların dili ilə ruhumun tərbiyəçisinə
çevrilib. Qapalı insanam. Hislərimi heç kəslə
bölüşməyi sevmədiyim kimi, məsləhətləşməyi
də sevməzdim. Bütün suallarıma cavabları həmişə
kitablarda tapardım. Yaşadığım acıları, kədəri,
sevinci oxuduğum kitabın obrazıyla bərabər
yaşayardıq. Təsadüf, ya qəribəlik, bilmirəm...
Eyni ruh halını bölüşərdik. Və sonda da
olanlardan bərabər nəticə çıxarardıq.
─ Bu yaxınlarda ilk povestiniz
çap olundu və oxucu kütləsi tərəfindən
maraqla qarşılandı. Bu povest sizin üçün
uğurlu oldu. Povestin yazılmasından söhbət
açardınız.
─ May ayında Əli bəy Azərinin
təşkilatçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş
“Seçilmiş povestlər” toplusu dərc olundu. On dörd müəllifin yer
aldığı topluya mənim də povestim daxil oldu. Bundan əvvəl bir
neçə saytda da paylaşılmışdı. İctimaiyyətə təqdim etdiyim ilk povestim məni
“Elçi zanbaqlar”ın müəllifi kimi tanıtdı və
ədəbiyyata da bir ilk töhfəm, başqa sözlə,
elçim oldu. Tanımadığım
insanlardan aldığım mesajlar, yazılan rəylər, həqiqətən,
ilk uğurum, ilk sevincim oldu.
Povestin yazılmasına gəlincə...
Rəssam olmasam da, rəsmlərə
qarşı həssasam. Diqqətimi çəkən hər rəsmin, fotonun
üzərində dayanıb düşünə və hətta
xəyal qura bilərəm. Bu xasiyyətimi
yaxınlarım bilir. Bundan əvvəl də
bir neçə rəsmin üzərində dayanmış və
kiçik hekayə yazmışdım.
Bir axşam rəfiqəm mesaja bir şəkil
atdı. Əllərində
çətir, yağışın altında islanan bir
cütlük təsviri idi. Sözarası xoşuma gələ
və gözəl hekayə mövzusu ola
biləcəyini yazdı. Gözəl rəsm
olsa da, diqqətimi çəksə də, “Bundan nə yaza
bilərəm e” deyib çiyinlərimi çəkdim. Və bu biganəlik təxminən iki həftə
sürdü.
Bir gecə pəncərə
qarşısında dayanmışdım. Kefsiz idim. Əsən meh özü ilə dəniz qoxusu gətirdi
mənə (bəlkə də, mənə elə gəldi).
Və elə həmin gecə ilk hissəni
yazdım. Sonrakı gecələrdə isə
xatirələrim, xəyallarım, ruhumun səsi öz diktəsini
etdi. 27 gecəyə yazdığım əsəri
necə yazdığımın fərqində olmadım.
Sanki yazmadım. Yaşadım.
Bitirdiyim gecə həm də Ramazan bayramı
gecəsi idi.
─ Maraqlıdır ki, povestdə məhəbbət
mövzusuna üstünlük vermisiniz. Səbəb
nədir? Niyə məhəbbət?
─ Niyə məhəbbət? Bilmirəm...
Sevgidən yaranmadıqmı? Dünyamız sevgidən xəlq
olmadımı?
“Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.” (Nizami)
Bir az əvvəl,
povestin necə yazılmasından danışdım.
Bilmirəm... Bəlkə də,
həmin an məhz bu hisləri yazmaq keçirdi içimdən.
“Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir
zənciri.” (Nizami)
Bu gün və keçmiş... Bizə elə gəlir ki, “keçmiş”
adlandırdığımız keçmişdə qalıb.
Əslində isə biz o keçmişi çox zaman bu
günümüzə daşıyırıq: bəzən isə
özümüzdən asılı olmadan. Xatirələrin
məngənəsində sıxılır, hətta
boğuluruq.
─ Sizin hekayələriniz də var.
Ədəbiyyatın nəsr hissəsinə olan
marağınız nə ilə bağlıdır? Nəsr sizə necə yardımçı olur?
─ “Elçi zanbaqlar” qədər
tanınmasa da, bir neçə hekayəm də saytlarda
paylaşılıb. Nəsr, ya nəzm, fərq etməz. Əsas odur ki, gözəl və ibrətamiz ədəbiyyat
nümunəsi olsun. Mən hər birini
sevirəm. Hətta deyim ki, poema və dram əsərlərini
daha həvəslə, zövqlə oxuyuram.
─ Eşitmişəm ki, şeirləriniz
də var. Oxucularımıza şeir yazmağınızdan
danışardınız və bir şeirinizi bizimlə
bölüşərdiniz.
─ Şeirlərimi məhz özüm
üçün yazıram. Demək olar ki, paylaşmıram. Bir anlıq yaşadığım ruh halıdır.
Həmin an da, həmin hislər də mənimdir,
yalnız mənim! Qısqanc biri olduğumdan,
öz hislərimi belə, heç kəslə
paylaşmağı xoşlamıram.
Qısqanclıqdan söz
düşmüşkən, həmin soneti sizinlə
bölüşərəm bu gün:
Məndən uzaqdasan, yoxsan yanımda,
Qarışıb yenə də fikrim, xəyalım.
Qorxu gözlərimdə, təlaş
canımda
Qəlbim rahat olmur, dərk etmir
ağlım.
Qısqanclıq ruhumu bürüyüb
bütün,
Əsən küləyə də
qısqanıram mən.
Əlinə, üzünə toxunur hər
gün,
Mənimsə xəbərim heç yoxdur
səndən.
Ay səni seyr edir gecə səmadan,
Günəşsə oyadır səni hər
səhər.
Üzünə toxunub yanaqlarından
Süzülən damla da olub bəxtəvər.
Qısqanclıq oduna alışır
ürək,
Sevən qısqanc olar, şərhə nə
gərək!
─ Sonda oxucularımıza
sözünüz.
─Axtardığınız
bütün suallarınıza cavabları, yaşadıqlarınızın
eynisini məhz kitablarda tapa bilərsiniz. Ən gözəl məsləhətçiniz
də kitablar olacaq! Tanrı və bir də qəhrəmanlarınız
heç vaxt sizə xəyanət etməyəcək, buna əmin
olun!
Söhbəti
qələmə aldı:
Mahmud
Əyyublu
AAB-nin
üzvü
Palitra.- 2018.- 28 iyun.- S.15.