Sənsiz
qeyd etdiyimiz 70
yaşın mübarək, ATA!
(ŞAİR-PUBLİSİST VAQİF
MƏMMƏDOVUN ƏZİZ XATİRƏSİNƏ)
Artıq üç ilə yaxındır ki,
yoxluğu ilə heç cürə barışa bilmədiyim atam Vaqif Məmmədovun bu il iyun
ayının 28-də 70
yaşı tamam olur. Hər il bu
tarixi, ad gününü bir yerdə qeyd etdiyimiz
insanın yoxluğu əlbəttə ki,
bizim üçün çətindir. Amma düşünəndə ki,
yaşanmış bu
ömür hədər getməyib, şərəfli bir
ömürdür, bununla qürur duyuram. Onun haqqında danışmaq məni həm
iftixar, həm də hüznlü duyğulara kökləyir.
Qəribədir ki, atamın
sağlığında
haqqında saatlarla
danışa, yaza bildiyim halda onu itirəndən sonra danışmağa, fikirlərimi
kağıza köçürməyə çox çətinlik çəkirəm.
Atam haqqında keçmiş zamanda danışmaq mənim
üçün çox
çətindir. Ata-oğul kimi onunla aramızda olan mənəvi
körpü o qədər möhtəşəm idi ki, indi bu
münasibətin tərifini verməkdə, onun haqqında
yazmaq üçün gərəkli olan kəlmələri
seçməkdə çətinlik çəkirəm. Mən
bir oğulun atasına duyduğu heyranlıqdan daha çox,
bir oxucu kimi həmişə atama
yaxşı mənada, qibtə
etmişəm. Onun bütün yaradıcılıq
uğurlarına mən və bütün ailəmiz həmişə
ürəkdən sevinmişik.
Vaqif Məmmədov oxucuları üçün əvəzsiz
şair, publisist, tələbələri üçün dəyərli
müəllim, çalışdığı universitet
üçün əsl ziyalı alim, gərəkli naşir
idisə, mənim üçün qayğıkeş ata, qibləgah,
yol göstərən mayak idi. Artıq üç ilə
yaxındır ki, atam aramızda yoxdur. Nə qədər ki,
atam həyatda idi, mən özümü qollu-budaqlı, əzəmətli
bir çinarın cavan pöhrəsi hesab edirdim.
Çünki o, həmişə güvəndiyim,
varlığına şükür etdiyim bir insan idi. Lakin
indi… Qəribədir ki, ölümündən bu qədər
müddət keçməsinə baxmayaraq gözüm hər
yerdə onu axtarır. Nədənsə, həmişə gələcəyinə
olan ümidim sadəlövhcəsinə olsa da, sönmür.
Övladlar neçə yaşlarında olursa-olsun yalnız
valideynlərini itirəndə böyüyərlər deyirlər.
Atam Vaqif Cəfər oğlu Məmmədov 1948-ci ildə
Naxçıvanın sərhəd bölgəsi olan Sədərək
kəndində anadan olmuşdur. Sədərək
kənd orta
məktəbini bitirəndən sonra
1968-ci ildə Naxçıvan
Şəhər Pedaqoji Məktəbini, 1975-ci ildə
Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini
bitirmişdir. 14 ilə yaxın məktəb
direktoru işləyən atam
sonralar fəaliyyətini Naxçıvan
Dövlət
Universitetində naşir, müəllim kimi davam etdirərək, gərgin elmi
tədqiqatlar apararaq tarix üzrə
fəlsəfə doktoru, dosent
elmi adını qazanmışdır.
Mən özümü dərk edəndən atamı
yazan, mütaliə edən görmüşəm. Bizim Sədərək
kəndindəki, Naxçıvandakı evimizdə, universitetdəki
iş otağında da
onun dəyərli kitablarla
zəngin kitabxanaları var idi. Onun hər anı ədəbiyyatla, publisistika ilə birgə keçirdi.
O, sanki yazmaqla,
mütaliə etməklə nəfəs alırdı.
Yaradıcılığının bütün
dövrlərində o, poeziya ilə bərabər publisistika
ilə də məşğul olurdu. Publisistika atam üçün özünü ifadə etmək, əhəmiyyətli
hesab etdiyi məsələləri
diqqətə çatdırmaq üçün
bir vasitə idi.
Şeiriyyət, poeziya atamın döyünən ürəyi,
görən gözü, danışan dili, tutan əli idi. Onun yaradıcılığında fikirlə hissiyyat həmişə mübarizədədir.
Çatdırmaq istədikləri onun poetik təfəkkürünün və
hissiyyatının süzgəcindən süzülərək
təqdim edilsə də, oxucu üçün
hansının üstünlük təşkil
etdiyini anlamaq çətindir.
Şeirlərində mövzu rəngarəngliyi,
yenilik, novatorluq və eyni zamanda, ənənəvilik hər
zaman səciyyəvi olmuşdur. O,zəngin Azərbaycan ədəbiyyatının
klassik və müasir
şeir üslubunu dərindən
bilən qələm sahiblərindən
idi. “Mən şeir yaza bilməyəndə şeir
yazıram” deyirdi atam.
Bəzən gördüyü, şahid olduğu hadisələr
ya da hiss
etdiyi duyğular ona elə güclü təəssüratlar
bəxş edirdi ki, şeir yazmaq məqsədilə
yox, ürəyindəkiləri boşaltmaq üçün əlinə qələm
alırdı.
Vətənpərvərliyi, yurd məhəbbəti
onun ən dəyərli mənəvi keyfiyyətlərindən
idi. O,
bir salnaməçi tək 1990-1992-ci illərdəki
Sədərək döyüşlərini, müharibənin dəhşətlərini
ustalıqla qələmə almış, o
günlərin odunu, alovunu,
xalqın dərdini, nisgilini ürək
ağrısıyla şeirlərində təsvir etmişdi. Yaşadığımız Sədərək
kəndinin o ağır günlərində
mən bir şairdən, bir
publisistdən daha çox
bir vətən oğlunu,
bir el qəhrəmanını
gördüm. O, vətənin
dar günündə qələmini
süngüyə çevirib, ümummilli liderimiz Heydər
Əliyevin sözləri ilə desək, qeyrət qalası Sədərəyin
müdafiəsinə qalxdı. Bunu
yalnız vətənini ürəkdən sevən, ona cismən, ruhən bağlı olan insan edə bilərdi.
Bütün bunlar elə
nadir xüsusiyyətlərdir ki, hər insanda çətin
tapıla bilər. Atam isə bütün gözəl mənəvi keyfiyyətləri
özündə birləşdirə bilən dəyərli bir şəxsiyyət, əvəzsiz bir ata idi.
Ətrafındakı hər bir hadisəyə, hər
bir insana həssaslıqla yanaşan bu insan ev, ailə həyatında
da belə idi. Atamın şeir
yazmağı, poeziya ilə məşğul
olmağı onun oxucuları üçün fövqəladə gözəllikdə
olsa da, özü üçün
gündəlik bir iş
kimi idi. Ürəyinə
yığılıb qalan bu
duyğuları inci tək düzdükdən
sonra rahatlıq tapırdı sanki. Həssas təbiəti sayəsində
o hər kəsin dərdini duya və bu göynərtilərini
kağıza ən gözəl poeziya
nümunəsi kimi həkk edə bilirdi. Vətənin hər bir
daşı ona doğma,
əziz idi. El-oba sevgisi onun ən müqəddəs
dəyərlərindən biri idi. 40-a yaxın kitab
müəllifi olsa da,
fəxri adları, uğurları hər gün
çoxalsa da, atam heç vaxt təvazökarlığını itirmirdi. Elə bu mənəvi
dəyərlər onu unudulmayan
və dəyərli edib. Atamın mənə
miras qoyub getdiyi mənəvi dəyərlər olduqca çoxdur.
Atamın şərəfli adı və
yaradıcılığı heç vaxt tükənməyəcək ən dəyərli
xəzinəmdir. Mən atamın şeirləri və
kitabları vasitəsilə onunla danışa
bilirəm.
Atam ömrünün
sonlarında keçirdiyi ağır beyin əməliyyatından
sonra 30-dan artıq şeir yazmışdı. “Gedirəm”
adlı şeirində də dediyi kimi:
Kimsənin yazığı gəlməsin
mənə,
Sanmayın qəlblərə dəyib
gedirəm…
Atımı sürmədim dumana, çənə,
Şərəfli bir ömür qoyub gedirəm…
Onun
yaradıcılığı, şeiriyyatı,
publisistikası barəsində ən dəyərli söz ustadları layiqli
münasibət bildiriblər. Diqqətli olan
hər bir oxucu onun poeziyasının sərhədsizliyini
müşahidə edə bilər. Çox
xoşbəxtəm, çox
şanslıyam ki, mən bu
poeziyanın içində böyüyüb,
boya-başa çatdım. Atamın
şeirləri mənim üçün böyük bir dünya, sahili olmayan dənizdir.
İnsan doğulub boya-başa çatdığı
ailədə, eldə, obada yaşamağın necə
böyük nemət olduğunu o evdən, o eldən, o obadan
ayrılandan sonra dərk edir. Tələbəlik illərindən
bu yana atamdan
uzaqda yaşasam da, həyatımın hər anında, hər
dəqiqəsində onun sevgisini,
onun qayğısını hiss etmişəm. O, bütün övladlarına sevgisini
bərabər şəkildə bölürdü.
Hər birimizi diqqətdə, nəzərdə
saxlayırdı. Hansımızın bir dərdi,
çətinliyi olsa atam hər kəsdən
əvvəl o övladının
yanında olar, ona dəstək
olardı. Mən özüm ailə başçısı,
övlad sahibi olsam da bir çətinliyim
olanda 13-14 yaşlı uşaq tək atama pənah
gətirərdim. Ondan kömək və məsləhət
istəyərdim. İndi onun
yoxluğu həyatımın hər bir nöqtəsində böyük
boşluqlarla hiss olunur.
O, haqq ədalət tərəfdarı,
vicdanlı, mərhəmətli və qayğıkeş bir
ata idi. Ətrafındakı
insanlardan yalnızca doğruluq
və düzgünlük gözləyirdi.
Ona görə ki, xarakterinin mayasında bu məziyyətlər
dayanırdı. Həyatdan zövq
almağı, yaşamağı, insanlara
yardım etməyi, dəstək olmağı sevən bir insan idi.
Onun müsbət keyfiyyətlərini saymaqla bitirmək olmaz. Onun haqqında xatırladığım çox şey var. Daha doğrusu
nə isə yadıma salmağa ehtiyac yoxdur desəm, daha düzgün olar məncə. Çünki
mən atamı hər zaman özümlə
hiss edirəm. Hər zaman
nəzərlərinin üzərimdə olduğunu
duyuram. Hətta bəzən elə olur ki, məsləhətə
ehtiyac duyanda özümü qeyri-ixtiyari
telefona sarılıb ona
zəng etmək istəyərkən tapıram. Və qəfil
olaraq da reallıq mənə
özünü xatırladır…
Atam hər zaman öz üzərində
çalışırdı. Hər zaman
yeniliklərdən xəbərdar olmağa,
zamanla ayaqlaşmağa
can atan insan idi. O, son
gününədək oxuyub yazmaqdan əl çəkmədi. O,
dünyasını dəyişəndə bəlkə də yazdığı sətirlərin
mürəkkəbi hələ qurumamışdı.
Uşaqlıq illərindən bizə
danışardı, xüsusilə atası və babası ilə
olan münasibətindən söhbət açar,
böyüklərə hörmətin əhəmiyyətini
vurğulayardı. Çətin keçən
uşaqlıq illərini anladar,
başına gələn maraqlı və gülməli hadisələrdən
danışardı. Atamın “Uşaqlıq notları”
adlı şeiri bu
baxımdan öz
uşaqlıq illəri haqqında
məlumatlarla zəngindir:
Bizim
günahımız heç az olmayıb,
Quşa daş atmışıq, yuva
sökmüşük…
Yeriş öyrədəndə anamız sayıb
Neçə yıxılmışıq, neçə
çökmüşük…
Ürəkdə min arzu, qoyub beşiyə
Layla yağışında yuyublar bizi.
Nehrədə biz boyda yağ olsun deyə,
Çatmanın başına qoyublar bizi.
Atam qayda-qanunu, nizam-intizamı sevərdi. Heç bir zaman öz
vəzifəsindən sui-istifadə edən insan
olmadı. Hər işlədiyi kollektivdə haqq,
ədalət tərəfdarı olmağı ilə, dürüstlüyü və vicdanlı
olmağı ilə tanınırdı. Vətənpərvərliyi,
yurd məhəbbəti onun
ən dəyərli mənəvi keyfiyyətlərindən
idi. Uşaqlarını da
bu ruhda, bu tərbiyədə böyütmüşdü.
Tələbkar deməzdim, çünki biz necə davranmalı olduğumuzu
bilirdik. Heç vaxt onun xoşuna
gəlməyəcək şeylər etməzdik. O, bir ata kimi övladlarından qayğısını və sevgisini əsirgəməzdi. Və biz də bu sevginin
qarşılığında öhdəmizə
düşənləri edirdik. Atamın övladlarından gözləntisi
ədalətli, dürüst, vicdanlı və
mərhəmətli olmaq idi.
O həmişə bizə bu mövzuda nəsihətlər
verər, ibrətamiz söhbətlər danışar,
böyüklərə hər zaman diqqət
və hörmət etməli olduğumuzu
deyərdi.
Onsuz keçən üç ili mən
keçmiş saymıram. Sanki o hər gününü ömrümdən
oğurlanmış kimi hiss
edirəm. Həyatının mərkəzini və özəyini itirmək əlbəttə
ki, hər insan üçün çətin olar.
Lakin əgər bu sizin atanızdırsa çəkdiyiniz əzab,
həyatınızda o qorxunc
boşluq daha da böyük, hətta ikiqat böyük olur. Atam qaranlıqda yanan çıraq tək mənim
işığım idi. Yoxluğuna
alışa bilməmişəm
desəm, yalan demiş
olaram. Çünki insan övladı hər bir
çətinliyə zamanla dözə və
alışa bilir. Mən sadəcə onun yoxluğunun verdiyi əzabın ağrısına
alışmışam. O ağrıyla, o
əzabla barışıb, onunla yaşamağa başlamışam. Onun üçün
darıxanda isə şeirləri mənim köməyimə
çatır. Dəyişən bircə şey var ki,
əvvəllər atamın şeirlərini şeir
oxumaq üçün,
atam yazdığı üçün,
ya da oxuyub
hər oxucu kimi
şeirdən zövq almaq
üçün oxuyurdum.
İndi isə
yalnızca onunla danışmaq, onunla söhbətləşmək üçün,
onunla gözə görünməyən
mənəvi bir körpü
yaratmaq üçün
oxuyuram. İndi atama çatmağın yolu
onun məzarından və bir
də şeirlərindən keçir.
Atamın haqq
dünyasında olduğunu və bir gün
mütləq görüşəcəyimizə
inanıram. Mərhum şairimiz Bəxtiyar
Vahabzadənin “ANA” şeirindəki bir bəndində
qeyd etdiyi kimi, bundan sonra keçən hər gün atamı bizdən
uzaqlaşdırır, bizi isə ona yaxınlaşdırır:
…Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, Sən Məndən uzaqlaşırsan,
Mən sənə günbəgün
yaxınlaşıram.
Atam bizim üçün bir məktəb idi. Dörd övladı, nəvələri bundan sonra daha
məsuliyyətlə “Vaqif Məmmədov”
adını uca tutacağıq. Atam oxucularının qəlbində elə bir iz qoyub
getdi ki, mən
inanıram ki, onların qəlbində əbədi
yaşayacaq. Həyat davam
edəcək, amma bundan
sonrakı həyatımızı atasız
yaşayacağıq. Atamın haqq
dünyasında olduğunu və bir gün mütləq
görüşəcəyimizə ümid
edirəm. İndi mən ancaq
atamın şeir və kitabları vasitəsilə
onunla danışa bilirəm. Şeirlərinin
ilk oxucusu
olmağıma baxmayaraq, indi
bu şeirləri oxuyanda
daha çox fərqli
duyğular keçirirəm. Sanki indi daha
çox başqa mətləblər,
sətiraltı eyhamlar kəşf edirəm.
Bu mənada, “Ata” şeiri mənim üçün
çox dəyərlidir:
Ata səbr, dözüm, əzəmət, vüqar,
Ata övlad üçün haqqın yoludur.
“Ata” kəlməsində böyük məna var,
Ata müqəddəsdir, ata uludur.
Tikməyə, qurmağa həvəsi olar,
Ata əkən güllər solmaz dünyada.
Dostun, sirdaşın da əvəzi olar,
Atanın əvəzi olmaz dünyada.
Ata bu həyatın
mənası, dadı,
Ata keşikçidir ata yurduna.
Ən uca heykəli, ən böyük adı
Övlad ürəyində ucaldar ona.
Şeirin son misrasında yazdığı kimi, “Ən uca heykəli,
ən böyük adı, Övlad ürəyində ucaldar ona”. Atamın dediyi kimi, bundan
sonra bu şərəfli adı və atamdan qalan dəyərli xəzinəni qoruyub saxlamaq və gələcək nəsillərə
çatdırmaq bizim
– övladlarının müqəddəs
borcudur.
Hər hansı bir tarixi abidə keçmişdən bizə
xəbər verdiyi kimi atam da
keçmişi bizə
çatdıran və
gələcəyə ötürən
dəyərli söz adamı idi. Onun yaratdıqları daim
yaşayacaqdır. Onun poeziyası
oxunduqca köhnəlməyəcək,
Vaqif Məmmədov adını, Vaqif Məmmədov izini yaşadacaqdır. Əminəm
ki, cənnətdən
boylanıb qoyub
getdiyi xəzinələrə
baxıb rahatlıq tapır. İnanıram ki, atam, atamın şeirləri qədirbilən xalqı və çoxsaylı oxucuları sayəsində
heç bir zaman unudulmayacaqdır.
Xoşbəxtəm ona görə
ki, atam getsə də, mənə həyatda yaşamaq və hər bir çətinliklə
mübarizə aparmaq üçün güc, böyük bir miras qoyub getmişdir. O, şeirlərində
yaşayır mənim
üçün… Yazıb-yaratdıqları var olduqca, şeirləri
oxunduqca atam yaşayacaq. Onun amalı, ideyaları, vətən sevgisi, yurd məhəbbəti, təbiət vurğunluğu
heç vaxt ölməyəcəkdir! O duyğu
yüklü şeirlər
oxunmağa, sevilməyə,
paylaşılmağa davam
edəcək, atamın
yaradıcılığının işığı heç
vaxt sönməyəcəkdir.
Çünki o, elə bir
həyat və yaradıcılıq yolu keçib ki, heç bir vaxt unudulmayacaq.
Sənsiz qeyd etdiyimiz 70 yaşın mübarək,
ATA!.. Ruhun şad olsun!
Səbuhi Məmmədov
Hüquqşünas
Palitra.-
2018.- 28 iyun.- S.12.