“Ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür

 

Nigar Abdullazadə: “Universitetimiz təkcə təhsil verməklə kifayətlənmir, eyni zamanda bir şəxsiyyət formalaşdırmasına da çalışır”

 

Müsahibim ali təhsilini uğurla davam etdirməklə yanaşı, ictimai işlərdə də fəallıq göstərən tələbələrdən biridir. Müsahibəni oxuculara təqdim edirik:

-Özünüz haqda məlumat verərdiniz.

-Mən, Nigar Abdullazadə 10 avqust 1999-cu ildə Biləsuvar şəhərində anadan olmuşam. 2016-cı ildə M.İbrahimov adına Biləsuvar lisey-məktəb Kompleksini bitirərək 608 balla ovaxtkı Qafqaz Universitetində İngilis dili və ədəbiyyatı ixtisası üzrə təhsil almağa başlamışam. Qafqaz Universitetinin yerində artıq Bakı Mühəndislik Universiteti yaranıb və

Qafqaz Universitetindən fərqli olaraq, Bakı Mühəndislik Universiteti dövlət statuslu universitet kimi fəaliyyət göstərir.

İxtisas seçimim bir az qəribə hekayədir. Mən beynəlxalq münasibətlər ixtisasının məhz üçüncü qrupda olduğunu zənn edərək bu qrup üzrə hazırlaşmışam və yalnız 11-ci sinifdə bilmişəm ki, bu yol heç də beynəlxalq münasibətlərə getmir. Demək ki, ikinci profil mənim seçimim olmalıymış. Sosial sahə də həmişə diqqət mərkəzimdə olub. Məhz bu ixtisası isə həm Qafqaz Universitetinə, həm də bu ixtisasın, əslində, geniş arealda fəaliyyət istiqamətləri təklif etdiyinə görə seçmişəm (öz fikrim-qərarım əsas, ailəm və liseyimin dəstəyi ilə). Seçimimdən peşman deyiləm. Ümumiyyətlə, nəyisə öyrənəndə sevərək öyrənməyə çalışıram. Qarşıdakı ehtimal edilən planlardan biri də təhsil mühəndisliyi üzrə xaricdə oxumaqdır. Qeyd etdiyim kimi, bu hələ ki, sadəcə, düşüncədir, bir missiya deyil...

- Müəllimlərdən, təhsildən və universitetinizdən razısınızmı?

- Abituriyent olanda tez-tez eşitdiyimiz bir fikir olur-“indi çox əziyyət çəkirsən, oxu, hazırlaş, sonra dörd il belə əziyyətin olmayacaq”. Kim ki, tələbəlik illərində, universitetdə təhsil alarkən gecə-gündüz oxumağa gərək duyulmayacağını rahat həyat yaşanılacağını deyirsə, yalandır. Tələbəlik həyatımı maksimum dərəcədə faydalı, unudulmayacaq tərzdə keçirməyə çalışıram. Bir az mükəmməlliyi sevən insanam. Ona görə də özüm üçün ideallaşdırdığım Nigara çatmaq arzusundayam. Günlərimi təlimlərdə, layihələrdə iştirak etmək, sosial şəbəkələrdə maariflənmək, məsələn, “YouTube” videosaytında informativ videolar izləyərək (həmçinin çox az adama məlum olan fərqli dinlədikdən sonra "mənimdir" deyə biləcəyim musiqilər də daxil olmaqla) keçirirəm. Konkret olaraq sualınıza gəldikdə isə deyə bilərəm ki, müəllimlərimdən, təhsilimlə bağlı hər şeydən razıyam. Bizim üçün yaradılan şərait, tələbə-müəllim münasibətləri, klublar, Tələbə Elmi Cəmiyyəti, “Engineering TV” bütünlükdə bir gənc olaraq hərtərəfli inkişafıma təsir edir.

-İctimai işlərə də vaxt ayırdığınızı dediniz. Bunun bir tələbə üçün hansı müsbət yönləri var?

-Təbii ki, hərtərəfli inkişaf etmək istəyən hər bir gənc yalnız elm öyrənməklə vaxtını keçirməməlidir. O cümlədən də mən ictimai işlərdə də aktivlik göstərirəm. İctimai fəaliyyətlər, könüllülük tələbəlik həyatına rəng qatır. Çalışıram ki, özümü hər sahədə inkişaf etdirim. Bir sahədə professional olmaq vacib olduğu qədər ümumi bacarıqlar da vacibdir.

Məlum qış liderlik məktəbinə necə qoşulduğumu deyim. Lisey yoldaşlarım bu işlərlə bağlı xüsusi bir link atmışdılar və müraciət etdim. Qeydiyyatdan keçəndə artıq təxmin edirdim, bilirdim ki, seçiləcəyəm. Çox rahat keçən bir müsahibə mərhələsi oldu və mən hazırda da müsahibə verirəm.

Liderlik məktəbi, hər şeydən öncə, mənə çoxdan tanımalı olmalıydım dediyim insanları qazandırdı. Öyrəndiklərim, aldığım dərslər, çıxardığım nəticələr əvəzedilməz idi. Tam əminliklə deyə bilərəm ki, qış liderlik məktəbindən sonra həyatımda bir sıra dəyişikliklər edəcəm. Komanda liderimizdən başlamış digər komanda üzvlərinə kimi hər kəsdən nəsə öyrənməyə çalışdım və məncə, bacardım da. Hər şey üçün təşkilatçılara təşəkkürlər.

-Bəzən deyirlər ki, Azərbaycanda gənclər öz potensiallarından tam istifadə etmirlər. Gəncliyimizin hazırkı durumu sizi qane edirmi?

-Bu, ölkədə gənclərə yaradılan şəraitlə bağlı səslənən fikirdi. Azərbaycan gəncliyinin vəziyyəti məni qismən qane edir. Nəyə görə? Çünki əvvəlki illərə nisbətdə inkişaf var. Ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında, əlbəttə ki, gənclərin böyük rolu var. Müasir gənclərimiz həyatın hərtərəfli fəaliyyətində öz qabiliyyətlərini göstərməkdədirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilirlər. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edir. Dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, elm-təhsil müəssisələrində, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Təhsil aldığım müəssisə də daxil olmaqla azlıq təşkil etmələrinə baxmayaraq, bəzi universitetlər var ki, təkcə təhsil verməklə kifayətlənmir, eyni zamanda bir şəxsiyyət formalaşdırmasına da çalışır. Getdiyim təlimlərdə, iştirakçısı olduğum layihələrdə xeyli istedadlı gənclə tanış oluram. O anlar, həqiqətən, qürurverici olur. Mən, ümumiyyətlə, bir qədər qəribə səslənsə də, asudə zaman anlayışını qəbul etmirəm. Yəni ki, asudə zaman kimi qəbul edilərək istifadə olunan zaman da bir önəmə malik deyil. Fəqət gənclərin zaman ayırıb qeyri-ixtisas sahələr öyrənməsini, idmanla məşğul olmasını, incəsənətdən, musiqidən zövq almasını istərdim. Alternativ kimi sosial layihələrdə, gənclərlə bağlı təşkilatlarda könüllü kimi fəaliyyət göstərməyi, müxtəlif şirkətlərdə təcrübə keçməyi tövsiyə edirəm. Sağlam yanaşmalarla doğru zamanda doğru addımlar atmaq, seçimləri etmək lazımdır.

-Tələbələr həm də könüllülər ordusunun aparıcı qüvvələridir. Könüllülüklə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.

-Könüllülük fəaliyyəti ilə bağlı fikirlərim yalnız müsbətdir. Bu işin müsbət tərəfləri çoxdur, amma gənclərin əməyindən sui-istifadə edilməməsi şərtilə. İndiki halda isə belə mənfi hallar görmürəm. Könüllülük sosiallaşmaq, təcrübə, böyümək deməkdir. Könüllü toplusu həm də istedadlı, müəyyən məqsədləri olan gənclərin qruplaşmasını təmin edir ki, bu da, bəlkə də, gələcəyin idarəçiləri, liderləridir.

 

Tural Tağıyev

 

Palitra $g 2018.- 1 mart.- S.7.