El sənətkarları unudulmur
Hanı dostam deyib qəlbi yananlar,
Tanınmaz dünyada belə insanlar,
Kəsilib etibar, yoxdur inamlar,
Yalandan can deyib, gülənlərdə
var.
(Aşıq Məcid Qasımov)
El yükünü çəkən,
el üçün çalışan
sənətkarları el-oba
yaddaşından silmir
və zaman-zaman onlar xatırlanır. Həmin sənətkarlar
günlərini hədərə
vermir və tarix yazaraq özlərini
də tarixləşdirirlər.
Belə sənət insanları dildən-dilə keçərək
gələcək nəsillərə
çatdırılacaq. Xalqımız ədəbiyyatsevər xalq olduğu üçün sözə,
sənətə bağlı
sənətkarlar hər
zaman yetişmiş və bu ənənə
hələ də davam edir.
Saz, xalqımızın
taleyində mühüm
rol oynayan, əsrlərin xeyir-şərini
öz danışan simlərində bizlərə
çatdıran, qədimdən
bu günə xəbər verən, ulu babalarımızın ən əziz ərməğanı kimi
musiqi dünyamızın
əvəzsiz simvoludur. Bəli, haqlı
olaraq saz türklərə bağlı
musiqi aləti kimi dünyada tanınır. Harada saz varsa, orada
türk və harada türk varsa, orada saz
var. Sevindirici haldır
ki, əcdadlarımızın
mirası olan saz bu gün
qonşu xalqlara da bizlərdən keçib. Biz buna görə, həqiqətən, xoşbəxt
xalqıq. Mənfur erməni
aşıqları əcdadlarımızın
yadigarı olan saz üzərində öz ədəbiyyatlarını
zənginləşdirməyə çalışırlar və
hətta vaxtilə Azərbaycan dilində şeir yazan çoxlu erməni aşıqları olub.
Bu, bir daha
onların məkrli siyasətinin təsdiqidir.
Həqiqətən, sazsız türkü
təsəvvür etmək
olmaz.
Sazın cənnətməkan diyarlarından
biri olan Tovuz rayonunu (keçmiş Şəmşəddil
mahalı) sazsız-sözsüz
təsəvvür etmək
olmur. Bu insanlar
sanki sazla-sözlə
dünyaya göz açırlar. Tovuz rayonunun
sakinləri saz səsini müqəddəs
hesab edir və saza hər
zaman böyük məhəbbət bəsləyirlər.
Sazı evlərində yuxarı yerlərdən asarlar və bu, saza
olan hörmətin göstəricisidir. Həmçinin qədim babaların ərməğanı kimi
saza bu insanlar
bağlıdırlar. Saz səsi gələrkən
ruhları xoşhal olar, sevincləri, kədərləri ilə
söhbətləşərlər. Saz bu insanların güvənc yeri, təsəlli tapdığı
yeganə alətlərdir.
Bu deyilənlərin təsdiqidir
ki, Səməd Öysüzlü, Mikayıl
Bozalqanlı, Aşıq
Əkbər, Aşıq
Mikayıl Azaflı, Aşıq Xanlar, Aşıq Aydın Çobanoğlu, Çopur
Ələsgər və
digər tanınmış
el sənətkarları yetişib.
Bu yazımızda Tovuzun
Əyyublu kəndində
ulularımızın ən
müqəddəs sənəti
olan aşıq sənətini yaşadan
el sənətkarı Aşıq
Məcid Qasımovdan söhbət açacayıq. Ümumiyyətlə, Əyyublu kəndində tanınan bir sıra el aşığı
yetişmiş və sənətin yaşadılması,
təbliği istiqamətində
böyük əmək
sərf etmişlər.
Bunlardan İbrahimov Bayram Mansır oğlu, Qasımov Xanoğlan, Aşıq Dəmir Həsən oğlu, Aşıq Nəsrəddir Ələsgər
oğlu (el arasında
Nəsiqağa kimi tanınıb), Sarıyev Əvəz, Məmmədov
Əsgər Musa oğlu,
Nəsibov Süleyman Qədim oğlu, Qarayev İlyas, Məmmədov Yəhya Məcidəli oğlu (sazbənd) kimi el sənətkarları yetişib.
Əyyublu kəndinin sakinləri
hər zaman öz xeyir işlərini
sazsız yola verməzlər. Burada tanınmış
şair İsa Cavadoğlu və Kamran Əyyublu yetişib.
Aşıq Məcid Mehdi oğlu Qasımov 1925-ci ildə sadə kəndli ailəsində anadan olub. Aşıq
cəmi üç il təhsil
alıb. Buna baxmayaraq,
şifahi xalq ədəbiyyatına – aşıq
sənətinə meyli
olub. II Dünya
müharibəsinin çətin
illərində kolxozda
fəhləlik etməklə
yanaşı, Aşıq
Nağıdan sənətin
incəliklərini öyrənməyə
başlayıb. 1948-ci ildən ömrünün
sonuna kimi (1998-ci ilə qədər) yəni 50 il
aşıq sənəti
ilə məşğul
olub. Aşıq 8 övlad (3 oğul,
5 qız) atasıdır.
Həmişə aşıqların sinələri
şirin qoşmalarla,
gəraylılarla, müxəmməslərlə
və s. aşıq yaradıcılığının şeir formaları ilə zəngin olub. Aşıqlar adi insanlar deyillər. Onlar sözlərlə ədəbi əsərlər
yaradırlar. Aşıq Məcidin
vaxtilə yazdığı
qoşma və gəraylılar bu gün də poetik ecazkarlığı
ilə seçilir.
Aşığın öz üslubu
onun şeirlərində
müfəssəl təsvir
olunur. Şeirlərində işlətdiyi bədii-fəlsəfi
yüklü sözlər
aşığın zəngin
dərrakəsindən və
mütaliəsindən xəbər
verir. Aşıq Məcidin “Çal, ay sazım” gəraylısı
diqqəti cəlb edir. Gəraylı böyük ustalıqla yazılıb və sənətkarın
dərin fəlsəfəsinin məhsuludur. Şeirdəki poetik yük oxucuya ciddi təsir edir.
Çal, ay sazım
Nə batırsan dərdə-qəmə,
Götür mizrab çal, ay sazım.
Mənəm sənin qabağında
Həmişəlik qul, ay sazım.
Nə bəlalar çəkib başım,
Üz döndərib dost-qardaşım,
Otuzuna çatıb yaşım,
Sağlığına çal, ay sazım.
Neçə illər keçirmisən,
Qız-gəlinlər köçürmüsən,
Atlını da düşürmüsən,
Daha tutmur xal, ay sazım.
Aşıq Məcid gülmür üzüm,
Daha yoxdur sənə sözüm,
Sənə qurban iki gözüm,
Mənə yaxşı yol, ay sazım.
Aşıq 1996-cı ildə ömür-gün
yoldaşı Minayə xanımı itirir.
Bu itki aşığa ciddi təsir edir. Aşağıdakı gəraylını Aşıq Məcid bu münasibətlə yazır.
Məndən
(həyat yoldaşım
Minayə xanıma)
Çox
yalvardım bir Allaha,
Ayırmaynan yarı məndən!
Qoy doyunca bir də
baxım,
İnciməsin barı məndən!
Üzdün əlin oğul-qızdan,
Ayrı
düşdün bahar,
yazdan,
Qan ağlaram telli sazdan,
Namus məndən, arı məndən!
Getdin əldən nazlı yarım,
Canda qaldı intizarım,
Yol gözləyir, vəfadarım,
Bəlkə, istir tarı məndən!
Sən Məcidi qoydun ağlar,
Viran qaldı güllü bağlar,
Yada düşür keçən
çağlar,
İstəyirmi barı məndən!
Aşığın aşağıdakı qoşması
da öz fərdi üslubu ilə seçilir.
Olaydım
Bu fani dünyanın hər bir sirrini,
Əzəldən düşünüb qanan
olaydım.
Qeyrətli gözəlin, bir
şux dilbərin,
Alışıb oduna yanan olaydım.
Olmayaydı xain, nə ikiüzlü,
Arxanla danışan dodağı
sözlü,
Qeydimə qalaydı bir
ala gözlü,
Dediyi sözlərə
inam olaydım.
Çıxartma yadından ötən
illəri,
Unutma heç zaman xoş fəsilləri,
Bu Aşıq Məcidin keçən günləri,
Hər zaman yadına salan olaydım.
Aşıq Məcid xalq dastanlarının vurğunu idi. “Abbas və Gülgəz”, “Koroğlu”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi” və bu kimi çoxlu dastanlar el şənliklərində aşığın dilindən düşməzdi. “Baş sarıtel”, “Naxçıvani”, “Cəlili” və s. havaları gözəl ifa edər və oxuyardı. Bu havaların üstündə, bəzən öz yazdığı şeirləri də səsləndirərdi. Gözəl el aşıqları Aşıq Ədalət Nəsibovla, Həsən Pərvanə və digərləri ilə çoxlu el şənlikləri aparıb. Aşıq Məcid bir sıra şəyirdlər də yetirib. Aşıqla birlikdə el şənlikləri yola verən balabançı Əli, Vəli, Bayram və Qərib artıq dünyalarını dəyişiblər. Yalnız balabançı Əhməd hal-hazırda ömrünün ahıl çağlarını yaşayır.
Respublikamızın bir sıra rayonlarında Aşıq Məcid Qasımov el şənlikləri aparıb. Şəmkir, Qazax, Daşkəsən, Goranboy və s. rayonlarda el şəkliklərində iştirak edib. Hətta qonşu Gürcüstan dövlətinin Qaraçöp mahalında, Bolnisidə, Marneulidə, Dmanisidə çoxlu el şənlikləri edib.
Aşıq Məcid Qasımovun oğlu Qasimi Mehdiyev 45 ildir ki, Eyvaz Bayramov adına Əyyublu kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Elmi ixtira müəllifidir. 2017-ci ildə Tovuz rayonu üzrə Azərbaycan Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Uca Allahdan el sənətkarı Aşıq Məcid Qasımova rəhmət diləyirik. Ruhu şad olsun!
Mahmud Əyyub,
AAB-nin üzvü
Palitra 2018.- 1 mart.- S.15.