Professor Nadir Məmmədli:
“Ölkədə yüksək çap
texnologiyaları olan nəşriyyatlar var”
Nadir Məmmədli 19 sentyabr 1959-cu ildə Bakıda anadan olub. 1985-ci ildə Bakı
Dövlət Universitetinin
Filologiya fakültəsini
bitirib. 1989-cu ildə namizədlik, 2001-ci ildə
doktorluq dissertasiyası
müdafiə edib. O, respublikanın tanınmış
ictimai və elm xadimi, yazıçı-jurnalistdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü,
Təhsil Nazirliyinin humanitar sahə üzrə keçirdiyi müsabiqənin laureatıdır.
Humanitar elmlər üzrə Problem Şurasının,
AMEA Nəsimi adına Dilçilik İnstitutu nəzdində
filologiya üzrə elmlər doktoru və filologiya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün dissertasiyaların
müdafiəsini keçirən
Dissertasiya Şurasının
üzvüdür. Xeyli sayda
monoqrafiya, dərslik müəllifidir. Əsərləri
Təbriz (İran),
Trabzon, İstanbul (Türkiyə),
Oş, Bişkek, (Qırğızıstan), Perm, Ufa, Mahaçqala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponiya), Eulivi (Şri-Lanka) və başqa şəhərlərdə nəşr
olunub.
Dövlət müstəqilliyinə qovuşduğumuz
zamandan respublikamız
siyasi, iqtisadi həyatda olduğu kimi, elm və təhsil, mədəniyyətin
müxtəlif sahələrində
dünya standartlarına
inteqrasiya etmişdir. Dövlətimiz, ələlxüsus nəşriyyat
sahəsində dövrün
tələblərinə uyğun
istiqamətlər müəyyənləşdirmişdir.
Çevik inkişaf edən
nəşriyyatlarımız yeni layihələrə imza atmaqdadırlar. Kompüterləşmə, elektron maşınlar,
informasiya-kommunikasiya texnologiyaları
nəşriyyatların səmərəliliyini,
fəaliyyətini daha
da sürətləndirmişdir.
Nəşriyyat mədəniyyətimizin bariz nümunələrindən
biri “Elm və təhsil” nəşriyyatıdır.
Bu nəşriyyat-poliqrafiya müəssisəsi Azərbaycanın
ilk özəl sektorlarından,
istehsal müəssisələrindən
biri olmuş “Nurlan” nəşriyyatının
varisidir. “Elm və təhsil” nəşriyyatının Azərbaycanın
elm və təhsil sahəsinə misilsiz xidmətləri vardır.
Nəşriyyata filologiya üzrə
elmlər doktoru,
professor Nadir Məmmədli rəhbərlik edir.
- Rəhbərlik etdiyiniz “Elm və təhsil” nəşriyyatının Azərbaycan ziyalılarının əsərlərinin ictimaiyyətə təqdim olunmasında misilsiz rolu var. Bu baxımdan nəşriyyatın müasir durumu və problemləri haqqında danışardınız.
- “Nurlan” nəşriyyatının varisi “Elm və təhsil” kimi 1992-ci ildən fəaliyyətə başlamışıq və Azərbaycanın ilk özəl nəşriyyatlarından biriyik. Sovet dönəmi dağılandan sonra insanların içində o zamana hörmət, yanğı (xüsusilə yaşlı nəsildə), bir az da nifrət vardı. Şair olmayan da yaradıcılıqda qələmini sınayırdı. Maraqlı bir dövr idi; azadlığı hələ təzə dadırdıq. Ancaq “şairlər” və əsl şairlər gah bu keçidi qınayır, gah təmtəraqla alqışlayırdılar. Zamanında çap olunmayan istedadlı şairlər də narazılıq edirdilər. Belə bir çətin və məsuliyyətli zamanda “Nurlan” nəşriyyatı meydana çıxdı. Nə imkan vardısa, yaradıcı adamlara qayğı və kömək göstərildi. Ancaq bir zaman istedadlarını “buxovlayanlar”ın şikayəti bitəndən sonra yeni mərhələ başladı - elm və təhsil. Artıq nəzm və nəsr zamanın tələblərindən özünü elm və təhsilə transfer edirdi. Bu tələbdən də “Elm və təhsil” nəşriyyatı yarandı. Özüm elm adamı olduğum üçün ətrafımız da, nəşrlərimiz də yönünü dəyişdi. Kitablarımız bu peşəkar insanların yaradıcılığı ilə bağlandı.
Azərbaycanda elm sürətlə inkişaf edirdi. Etiraf edək ki, sovet dönəmində də elm sahəsində kifayət qədər tanınan azərbaycanlılar vardı. Onları birləşdirən ümumi bir vətən - Sovet İttifaqı idi. Ancaq indi alimlərimiz milli respublikamızın sabahı üçün çalışır, verdiyi töhfələr də müstəqil Azərbaycanındır. Respublikamızda beyin axını var idi - xaricdən Azərbaycana, Azərbaycandan xaricə. Sərhədlər açılıb, çoxlu sayda elmi əsərlər yazılır, seminar, konfrans, simpoziumlar öz bəhrəsini verir. Elmi-kütləvi ədəbiyyat insanların şüuruna təsir edir - dünya qloballaşırdı. Ancaq buna bir zəmin lazım idi. Bu cəhətdən “Elm və təhsil” nəşriyyatının bəxti gətirdi. 90-cı illərə qədər qapısı bağlı qalmış arxivlərdə, hətta nəhəng alimlərimizin oxumaq qisməti olmayan, sorağı ancaq xaricdən gələn əlyazmalar transkripsiya edilir, məhz bizim nəşriyyatda işıq üzü görürdü. Kim güman edərdi ki, bir zaman Nəsirəddin Tusinin orijinaldan əsərləri tərcümə olunacaq, eləcə də Səfəvilər, Nadir Şah, daha kimlər haqqında əsərlərin orijinalları, haqqında səhih məlumatlar çap olunacaq. Onları yalnız Moskva, Sankt-Peterburq, Həştərxan, Kazan arxivlərində oxumaq olardı. Bu sevinci “Elm və təhsil” nəşriyyatı oxucuları ilə bölüşdü. Sonra daha geniş əlaqələrimiz yarandı - Elmlər Akademiyasının Dilçilik, Ədəbiyyat, Folklor İnstitutları, Azərbaycanda Atatürk Mərkəzi, Yazıçılar Birliyi, siyasi arxiv sənədləri və s. Bu əlaqələr daha da genişlənir. Savadlı, intelektual insanlarla sıx əməkdaşlıq edirik. Biz onlardan, onlar da bizdən bəhrələnirlər.
Biz tək nəşriyyat kimi fəaliyyət göstərmirik, mətbəəmiz - arxamızda duran istehsal gücümüz var. Elm adamlarının kitablarını redaktə, korrektə edirik. Məsələn, dilçilərdən, ədəbiyyatçılardan fərqli olaraq, başqa elm sahibləri dilimizin orfoqrafiya qaydalarını səlis bilməyə bilərlər, onlara köməyimizi əsirgəmirik, çalışırıq bizdən razı qalsınlar.
- Nəşriyyatlar cəmiyyətin maariflənməsində misilsiz rola malikdir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların cəmiyyət qarşısında fəaliyyətindən, missiyasından və “nəşriyyat-cəmiyyət” münasibətlərindən söhbət açardınız.
- Təxmini iki il öncə Nəşriyyat-Poliqrafçılar Birliyi yaradıldı. Mən də 7 nəfərdən ibarət İdarə heyətinin üzvü idim. Respublikanın Mədəniyyət Nazirliyi də bu qurumu alqışladı, insafən onun fəaliyyəti üçün hər cür dəstək verdi. Bu Birlik lazım idi. Niyə? Çünki Poliqrfiya - İnformasiya Nazirliyi 2000-ci ildə ləğv olunmuşdu. Qanunlar qüvvədən düşmüşdü. Hansısa bir cəmiyyət, qurum nəşriyyatları koordinasiya etməli idi. Bu missiyanı adını çəkdiyim Birlik yerinə yetirməyə başladı, ancaq müəyyən səbəblərdən fəaliyyətini davam etdirə bilmədi. Nəşriyyatların da öz çətinlikləri var: respublika kağız istehsal etmir, avadanlıqlar, sərfiyyat materialları xaricdən gəlir, belə bir çətinlikdə nəşriyyat idarə etmək olduqca çətindir. Türkiyə kimi nəhəng ölkə 70 il sonra bunları yoluna qoymuşdu. Bir yandan da insanların beynində yeni model nəşriyyatlar yox, sovet dönəmi nəşriyyatlarının qalmasıdır. Sivil nəşriyyat modeli necə olmalıdır? Müəllifin kitabı redaktə olunmalı, çap edilməli, qonorar verilməli, satışı təşkil olunmalıdır. İndi əsas problem nəşriyyatların bazar iqtisadiyyatına daxil olaraq bazar sturukturu olmaqdır. Təəssüf ki, biz hələ də sivil nəşriyyat normasına çata bilməmişik.
Sovetlər dönəmində korrektura və redaktəyə çox ciddi yanaşılırdı. İndi kitablar, qəzetlər korrektura və redaktə səhvləri ilə doludur. Dilin normaları nəzərə alınmır. Xüsusilə nəşriyyatlar bunlara ciddi əhəmiyyət verməlidir; yeni nəsil yazı mədəniyyətinə, yazılı nitqə diqqət yetirməlidir. Xüsusilə dərsliklərdə nöqsanlara yol verilməməlidir.
Başqa problemlərimiz də var. Bəzən nəşriyyatlar insanlara kömək etmək əvəzinə vasitəçilik eləməyə başlayırlar. Buna ingiliscədə “broker”, bizim dilimizdə “dəllal” deyilir. Məqsədli şəkildə istehsal yerini müəllifdən gizlədir, vasitəçilik edirlər. Nəticədə qiymətlər süni şəkildə qalxır. Müəllif bilməlidir ki, nəşriyyatın funksiyası kitabı çap etmək yox, onu yüksək səviyyədə çapa hazırlamaqdır. Axı, ay müəllif, kompüter istehsal makinası deyil, heç bir avadanlığı olmayan nəşriyyat çap öhdəliyini üzərinə götürə biməz; o əqli mülkiyyəti yalnız sistemləşdirə, korrektə və redaktə edə bilər və qazancını da bu paydan götürməlidir. Brokerlik edəndə müəllifə xeyli maddi ziyan dəyir. Ona görə də yalançı naşirlər istehsal yerinin ünvanını, telefon nömrələrini kitabın sonluğunda göstərmirlər.
Dünyada pis kitab yoxdur,
pis naşir var. Poliqrafiya müəssisələrinin
maddi durumları o qədər də yaxşı deyil, istehsala kömək eləmək lazımdır.
Sevindirici haldır ki, yeni-yeni kitab mağazaları açılır
və kitablar kütləvi şəkildə
yayılır.
- Hal-hazırda ölkəmizdə
çap olunan kitabların tirajları azdır. Əksər kitablar 200-300 nüsxədə
çap olunur. Bu isə öz
növbəsində oxucu
auditoriyasının azlığına
səbəb olur.
Bir çox zaman isə paytaxtda çap olunan kitablar bölgələrdəki
oxuculara çatdırılmır.
Bəzən də nəşriyyat
və kitabxanlar arasında kitab problemləri də yaranır. Bunlara münasibətinizi bilmək istərdik.
- Həqiqətən, respublikada
böyük tirajlı
kitablar azdır, bəlkə, bu zamanla düzələcək,
insanların sosial şəraiti, maddi durumu ilə bağlıdır. Son zamanlar müşahidə edirik ki, hətta
50-30 nüsxə də
onlara kifayət edir. Bəzi məsələləri ictimailəşdirmək lazımdır.
Belə çətin zamanda imkanlı, iri kitabxanalarımız da nəşriyyatlara öz ambisiyalarını göstərməkdən
çəkinmirlər. Məsələn, istənilən tirajla
çap olunan kitabdan 5 nüsxə fondlarına verməyi tələb edən məktublar ünvanlayırlar.
Paradoksa baxın: dövlət kitabxanalara kitab almaq üçün
fond, kollektor ayırıb,
ancaq onlar yenə də 100 nüsxə çap olunan kitabdan pay umurlar. 4 kitabxanaya
məcburi 5 nüsxə
verilsə, bu 20 kitab edir. Bazar iqtisadiyyatında özəl
sektorlara belə göstərişlər verilməməlidir.
Dövlət hesabına çap
olunan kitablardan istənilən sayda tələb oluna bilər. Bu yalnız
qarşılıqlı anlaşma
ilə olmalıdır.
Əvəzi mütləq ödənilməlidir.
Deməli, kitabxanalar haqqında
qanuna mütləq dəyişiklik edilməlidir.
Xahiş
-əmr formasında deyilməməlidir.
Kitab mədəniyyətimizin
ən böyük problemi ISBN-dir. Bir qeydiyyat nömrəsi 25 manatdır. Bunu özəl strukturlardan
biri satır. Bu, kitaba nəzarət
üçün dövlətin
əlində cəmləşməlidir.
M.F.Axundov adına
Milli Kitabxana bunu öz üzərinə
götürməli və
asanlıqla kitabları
kataloqlaşdırmalıdır.
Respublikamızda geniş imkanları, maddi vəsaitləri olan iri mətbəələrin
olması da sevindiricidir. Məsələn,
çox yüksək
çap texnologiyaları
olan “Şərq-Qərb”,
“Çaşoğlu” kimi
nəşriyyatlar var. Onlardan
nəşr bilgilərini,
qabaqcıl təcrübələri
öyrənmək lazımdır.
Əvvəllər olduğu kimi,
yüksəktirajlı kitablar
bu nəşriyyatlarda
çap oluna bilər. Çox yaxşı haldır
ki, dövlətin orta məktəb dərsliklərinə xərclənən
pulları daha Türkiyə istehsalına
axmır, adlarını
çəkdiyim mətbəələr
bu çətinliyin öhdəsindən gələ
bilirlər. Biz onlara qibtə edirik, arzulayırıq ki, bizim də
belə çap texnologiyamız olsun.
- Bu gün nəşriyyatlar xarici ədəbiyyatların dilimizə
tərcüməsində və
nəşrində maraqlıdırlar?
- Bəli, ancaq çörəyi çörəkçiyə
verəsən gərək.
Respublikada Tərcümə Mərkəzi fəaliyyət
göstərir, orada peşəkar tərcüməçilər
çalışır. Tərcüməni bir əldə
cəmləşdirmək yaxşı
olardı. Hətta kənarda,
şəxsi təşəbbüslə
edilmiş tərcümələrin
keyfiyyətinə əmin
olmaq üçün
bu Mərkəzə müraciət olunsa, yaxşı olar. Bəzən kitabın, məsələn,
ingiliscə orijinalı
yox, rus variantı tərcümə
olunur. Görün nə qədər
məzmun itkisi baş verir. Biz pərakəndə tərcümənin əleyhinəyik.
- Sonda nə sözünüz qaldı?
- Çap
avadanlıqlarının heç biri ölkəmizdə istehsal
olunmur. Xaricdən onları gətirmək
çox böyük
vəsait tələb edir. Çap
məhsulları respublikanın imicidir. Onlar sabahın məhsulları
olmalıdır. İrəli getmək, təkmilləşmək
lazımdır, yerində saymaq olmaz. Yadıma gəlir, sovet
dönəmində Azərbaycanda Nizami Gəncəvinin
əsərlərində istifadə olunmuş
miniatürləri çap edə biləcək
mətbəə olmadığı üçün
bu iş Almaniyada görüldü.
O zamana qayıtmaq olmaz.
Qəzet, jurnal, kitablarımız
zamanın güzgüsüdür. Poliqrafik keyfiyyət haqqında ciddi
düşünməyə dəyər. Bunun
üçün isə gömrükdə
və bank kreditlərində bəzi
güzəştlər vacibdir.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub
Palitra.-2018.-13 mart.-S.7.