Professor Məhərrəm
Qasımlı: “Ozan-aşıq ensiklopediyası” çapa hazır vəziyyətdədir
Məhərrəm
Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində
anadan olub. 1975-ci ildə
orta məktəbi bitirdikdən sonra 1975-1980-ci illərdə Azərbaycan
Dövlət Universitetinin Filologiya
fakültəsində təhsil alıb. 1983-cü ildə AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olub, 1987-ci ildə "Şah
İsmayıl Xətainin poeziyası" mövzusunda
namizədlik, 1997-ci ildə isə "Aşıq Sənəti:
qaynaqları, təşəkkülü və mühitləri"
mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. 2003-cü
ildən professordur. 2004-cü ildən fəaliyyət
göstərən "Folklor və etnoqrafiya” beynəlxalq elmi
jurnalının baş redaktoru
olan M.Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan
təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq
jurnalının redaksiya heyətinin üzvüdür. YUNESKO-nun qeyri-maddi
irs üzrə "Aşıq Sənəti"
layihəsinin elmi məsləhətçisi
(2007-2008-ci illər) olan görkəmli alim beynəlxalq aləmdə nüfuzlu
folklor tədqiqatçısı kimi tanınır. 2015-ci ildən
“Ozan-aşıq ensiklopediyası”nın baş
redaktorudur. Əməkdar elm
xadimidir.
Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm
Qasımlıdır.
- Öncə qeyd edim ki, artıq aşıqlarla bağlı mötəbər bir ensiklopediyanın nəşrinin vaxtı çatıb. Bunu ictimaiyyət, elm insanları və aşıqlar böyük həvəslə gözləyirlər. AAB-in bu istiqamətdə atdığı addımlardan danışardınız.
- “Ozan-aşıq ensiklopediyası” 2014-cü ildə hazırlanıb və başa çatıb. Ensiklopediyanın baş redaktoru və müəlliflərdən biri də mənəm. Professorlar Mahmud Allahmanlı, İradə Köçərli, Kamilə Dadaşzadə və mən birlikdə ensiklopediyanı ilk variantda hazırladıq. Həmçinin bizdən başqa, digər mütəxəssislərdə bu işə qoşulublar. İndiki halda ensiklopediya ortaya gəlmiş bir formadadır. Təqribən ensiklopediya 1200 səhifədən artıqdır və 2000-ə qədər şəkil var. Ensiklopediyada 1000-dən çox oçerk yer alıb. Bunlarla yanaşı, 50-dən çox aşıq havaları ilə bağlı not yazıları da mövcuddur. Biz ensiklopediyanı 2013-2014-cü illərdə Prezident Aparatının tapşırığı ilə görmüşük. Baş redaktor kimi böyük əmək sərf edərək bir neçə aydan sonra ensiklopediya hazırlandı və nəşr üçün “Şərq-Qərb” nəşriyyatına təqdim olundu. “Şərq-Qərb” nəşriyyatından bizə dedilər ki, sabah, birisi gün çap olunar və beləcə, aylar, illər ötüb keçdi. Yaxın keçmişdə Mədəniyyət Nazirliyinə, müxtəlif qurumlara müraciət etdim ki, bu ensiklopediyanın nəşri gerçəkləşsin. Şərq-Qərb” nəşriyyatı özünün maliyyə imkanlarına uyğun olmadığı üçün ensiklopediyanın nəşrini ləngidib. Nəşriyyatdan bir cavab ala bilmirik. Mədəniyyət və Turizm Nazirliyi isə bizə yazılı məlumatda bu nəşrin 2019-2020-ci illərdə olacağını bildirib. Amma indiki vəziyyətdə ensiklopediya tam hazır haldadır və mütəxəssislərin nəzərindən keçib. Hətta Azərbaycan Ensiklopediyasında bunun elmi redaktorluğu həyata keçirilib. Aşıq sənətinin bir çox məqamlarına ensiklopediyada aydınlıq gətirilir və hətta bir çox məsələlər ilk dəfə olaraq ensiklopediyada əks olunur. Sadəcə olaraq, bu işin reallaşması üçün maliyyə imkanlarına ehtiyac var və Aşıqlar Birliyinin bunu həyata keçirməyə maliyyə imkanları məhduddur.
- Ensiklopediyada aşıq sənəti haqqında hansı məlumatlar və problemlər əks olunur. Həmçinin ensiklopediyanın redaksiya heyəti haqqında danışardınız.
- Baş redaktor mənəm, baş redaktorun müavini isə Mahmud Allahmanlıdır və musiqi sahəsi üzrə İradə Köçərli, Kamilə Dadaşzadədir. Əsas işi bu insanlarla görmüşük. Ayrı-ayrı oçerklərin yazılması üzrə folklorçulara, musiqişünaslara müraciət olunub. Bu anlamda xeyli iş görülüb. İnşallah, çap olunanda böyük reaksiya doğuracaq. Ozan-aşıq sənəti ilə bağlı bütün məsələlərə üzü Dədə Qorquddan bəri bütün qaranlıq məqamlara aydınlıq gətirilib. Aşıq sənətinin müxtəlif məsələlər üzrə də problemləri var. Tutaq ki, sazın quruluşu, pərdələri, kökləri və yaxud müxtəlif dövrlərdə aşıqları əvəz edən ozanlar, yanşaqlar, varsaqlar və s. kimi məlumatlar öz əksini tapıb. Ensiklopediyada aşıq dastanları ilə bağlı bilgilər də əks olunub.
- Bəzi ustad aşıqlarla bağlı mübahisəli
məsələlər var. Bunlar nəşr olunacaq ensiklopediyada öz əksini
tapıbmı?
- Mümkün qədər bu problemlər öz əksini esiklopediyada tapıb. Tutaq ki, Sarı Aşığın anadan olması və ölüm ili dəqiq deyilsə, təqribi əsr göstərilib. Şübhəsiz ki, ustad aşıqların ölüm və doğum tarixləri dəqiqdirsə, bunlar öz əksini tapıb.
-
Maraqlıdır ki, aşıq
ensiklopediyası Cənub aşıqlarımızı da əhatə edəcəkmi?
- Şübhəsiz ki,
hamısını əhatə edəcək. Cənubi Azərbaycanla bağlı
bizə çoxlu materiallar gəlib. Bu materialları bizə Böyükbəy Ələkbəroğlu
təqdim edib. Bunlarla bağlı təqribi ensiklopediyada 300-400 oçerk
öz əksini tapıb. Hətta cənub aşıqlarımızla
bağlı şəkillər,
bioqrafik məlumatlarda
gətirilib. Yəni Güney
aşıqlarımızda ensiklopediyada
çap olunacaqlar.
Nəşr olunacaq ensiklopediya
Türk dünyasında
ilk dəfə olaraq bizdə həyata keçirilir. Murad Çobanoğlu, Yunus Əmrə, Veysəl Çatıroğlu kimi böyük sənətkarları
da buraya daxil etmişik. Orta Asiyadan baxçılar, axınlarla bağlı məlumatlarda öz əksini tapıb. Bir sözlə, zəngin bir ensiklopediya ola
bilər. İndiki halda problem onun
çap olunmamasıdır.
İnşallah, bu ensiklopediya
qısa bir zaman kəsiyində çap olunar.
- Nəşr olunacaq ensiklopediyada qonşu xalqlara bizim vasitəmizlə keçən
aşıq sənəti haqqında məlumatlar varmı?
- Əlbəttə, əks olunub və ensiklopediyada bunlarla bağlı geniş məlumat var. Dağıstanda, Ermənistanda, Gürcüstanda aşıq sənəti ilə bağlı bilgilər və orada Azərbaycan dilində yazıb-yaradan aşıqlar ensiklopediyaya salınıb.
- Bu
gün aşıq sənətinin folklora aid olub-olmaması elm adamları arasında ciddi
müzakirə obyektidir. Buna
sizin baxışınız necədir?
- Aşıq sənəti foklor deyil. Aşıq Ələsgərə demək olmaz ki, sənin şeirlərin xalq ədəbiyyatıdır. O deyəcəkdi ki, şeirlər mənimdir. Bu sözləri Xəstə Qasıma, Abbas Tufarqanlıya da deyə bilərsən. Bu anlamda aşıqların yaradıcılığı ayrıca bir sahədir. Bu ayrıca yazılı ədəbiyyat, nə də şifahi xalq ədəbiyyatı, yəni folklor deyildir. Daha doğrusu, aşıq sənəti ikisinin arasında olan bir hadisədir. Bunu sırf folklor, sırf yazılı ədəbiyyat adlandırmaq olmaz. Aşıqların əksəriyyəti yazıb-oxuyublar. Molla Cümənin, Xəstə Qasımın yazıları bu gün də durur. Bir mənada aşıqların əksəriyyətinin yazıb-oxuması mümkün olub. Bütövlükdə aşıq sənəti nə yazılı, nə də folklor deyil. Bunların arasında ayrıca bir yoldur.
- Bu
gün Aşıqlar Birliyinin
regionlarda fəaliyyətləri necə təşkil
olunur?
-Aşıqlar Birliyinin
regionlarda fəaliyyətləri
var. Şamaxıda, Gəncəbasarda
belə fəaliyyətlər
mövcuddur. Gədəbəydə,
Tovuzda, Ağstafada, Qazaxda müəyyən işlər gedən istiqamətlər var. Məsələn,laçınlılar Taxtakörpüdə
məskunlaşıblar və
onlar orada fəaliyyət göstərirlər.
Kəlbəcərlilər isə Gəncədə
məskunlaşıblar, onlar
da orada fəaliyyətdədirlər. Bunlar da bizim daimi
nəzarətimizdədir.
- Cəmiyyətdə,
xüsusilə sosial şəbəkələrdə ustad aşıqların adlarının əbədiləşdirilməsi
ilə bağlı müzakirələr olur. Bu istiqamətdə hansı işlər görülür?
- Biz bununla bağlı Aşıq Ələsgərə abidə ucaldılması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Nazirlik isə Nazirlər Kabinetinə müraciət ünvanlayıb. İnşallah, Aşıq Ələsgərin 200 illik yubileyinə kimi Bakıda onun heykəlinin ucaldılması gerçəkləşəcək. Bundan əlavə, aşıqlarla bağlı Dədə Şəmşirin Göygöldə, Aşıq Ədalətin Qazaxda, Aşıq Ələsgərin Xaçmazda büstləri qoyulub. Göründüyü kimi, bu istiqamətdə işlər var. Gələcəkdə isə buna daha çox diqqət göstərəcəyik. İlk olaraq Aşıq Ələsgərin heykəlinin qoyulmasından başlayacağıq.
- Bu yaxınlarda aşıq sənəti və ədəbiyyatı ilə bağlı maraqlı bir antologiya çap olundu. Həmin çap məhsulu haqqından danışardınız.
- “Aşıq ədəbiyyatı
antologiyası” kitabı üç cilddədir.
Ümumiyyətlə, bu adla
bağlı ayrıca heç bir kitab indiyə kimi çap olunmayıb.
Aşıq şeirləri və aşıq dastanları
antologiyası ola bilər, amma
“Aşıq ədəbiyyatı antologiyası” ilkdir. Birinci cild aşıq poeziyasıdır və 200-ə
yaxın aşığın şeirləri cəmlənib, ikinci cild qəhrəmanlıq
dastanları, üçüncü cild isə məhəbbət dastanlarından
ibarətdir. Bunlarda da
ən seçkin örnəklər götürülüb. Biz
burada ilk dəfə olaraq Dədə Qorqudu
ayrıca oçerk kimi
qoymuşuq. Burada yeni portretlər və imzalar
da ortaya
çıxır. Düşünürəm ki,
bu böyük
tirajdır. “Xalq Bank”ın yardımı
ilə bu antologiya 3 min nüsxədə çap
olundu. Həmin antologiya
ölkə kitabxanalarına, məktəblərinə hədiyyə
olunacaq.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyub
AAB-nin üzvü
Palitra.-2018.-14 mart.-S.7.