Hüseyn Cavidə həsr olunan elmi konfrans
UNEC-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir. UNEC-in Biznes və menecment, Türk dünyası işlətmə fakültələri (TUDİFAK) və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki konfrans “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda olub.
Öncə böyük dramaturqun həyat və
yaradıcılığını, onun əsərlərinin
səhnə taleyini əks etdirən kitab və fotosərgi nümayiş
etdirilib. Hüseyn Cavid irsinə göstərilən
dövlətin diqqət və qayğısından
danışan Biznes və menecment
fakültəsinin dekanı, dosent Mirağa Əhmədov gənc nəslin
düşüncə və dünyagörüşündə
Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri
olduğunu bildirib. Məhz
ümummilli liderin təşəbbüsü
ilə 1982-ci ildə dramaturqun nəşinin
Azərbaycana gətirilərək doğulduğu
Naxçıvan torpağında dəfn edilməsini ədəbiyyatımız,
mədəniyyətimiz, xalqımız üçün
əlamətdar hadisə olduğunu
vurğulayıb. TUDİFAK-ın dekanı, dosent Ferruh Tuzçuoğlu
görkəmli dramaturqun
yaradıcılığına nəzər salaraq,
H.Cavidin XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olduğunu
bildirib. BDU-nun professoru
Etibar Talıblı, Nizami
adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi,
dosent Lütviyə Əsgərzadə Hüseyn Cavidin dərin məzmunlu
yaradıcılığı ilə çoxəsrlik Azərbaycan
ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər
bəxş etdiyini bildiriblər, görkəmli
dramaturqun neçə-neçə oxucu və tamaşaçı nəslinin
estetik zövqünü
müəyyənləşdirən əsərlərinin bu gün də öz monumentallığını qoruduğunu qeyd ediblər.
Azərbaycan dili
kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli
“Heydər Əliyev və Hüseyn Cavid yaradıcılığı” mövzusunda çıxış etdikdən sonra Hüseyn Cavidin ev muzeyini
ziyarət edən tələbələr təəssüratlarını
bölüşüblər. Onlar dahi dramaturqun şeirlərini
səsləndiriblər, ədibin sözlərinə bəstələnən
mahnılar ifa ediblər.
Cavidan
Palitra 2018.- 2 may.- S.15.