Naxçıvan Muxtar Respublikası: ilk
rübün uğurları və ilin sonuna güclü baza
(əvvəli ötən
sayımızda)
Yaradılan infrastruktur əhaliyə xidmət edir. Bütün
sahələr üzrə təşəkkül tapan bu
potensial muxtar respublikanın dinamik inkişaf perspektivlərini
artırmaqdadır. Abadlaşan kəndlər
iqtisadi göstəricilərin daha da pozitivliyini təmin
etmiş, əhalinin səmərəli fəaliyyəti
üçün stimul mənbəyinə çevrilmişdir.
Bu isə nəticə etibarilə kənd yerlərində
yaşayan insanların məhsul istehsalı sahəsindəki fəaliyyətinə
önəm qazandırmaqdadır. İstehsalçıların
zəruri avadanlıq, texnika və vasitələrlə təminatının
yaxşılaşdırılması, bu sahədə dövlətin
stimullaşdırıcı dəstəyinin gücləndirilməsinin
ən gerçək ifadəsi olmaq etibarilə təmin edilməkdədir.
2005-ci ildən daha da sürətlənən bu proseslər
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən
yaradılan Naxçıvan Aqrolizinq ASC xətti ilə gətirilən
müxtəlif adda texnika ilə daha da məhsuldar
olmaqdadır.
Keçən 13 illik dövrdə daha da təşkilatlanan ASC
Naxçıvan Muxtar Respublikasında aqrar siyasətin səmərəli
təşkilində, onun bütün rayonları və
onların kəndlərini əhatə etməsi istiqamətində
mühüm əhəmiyyətə malik olmuş, bunun isə
öz nəticəsini kəndli əməyinin məhsuldarlığında
göstərməsini təmin etmişdir. Həmin
müddət ərzində cəmi 2220 müxtəlif təyinatlı
kənd təsərrüfatı texnikası və texnoloji
avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir.
Texnikaların 166-sı təkcə 2018-ci ilin
yanvar-mart aylarının payına düşmüşdür.
Çox zəruri dövlət
qayğısının nəticəsi olaraq 2018-ci ilin ilk
rübündə 73 ədəd müxtəlif təyinatlı
kənd təsərrüfatı texnikası və texnoloji
avadanlıq lizinq yolu ilə məhsul
istehsalçılarına verilmiş, 26 ədədi nağd
yolu ilə satılmışdır.
İstehsalçılara göstərilən diqqət həm
də bəhs olunan dövr ərzində onlara 5082,5 ton mineral gübrənin verilməsi ilə
daha da güclənmişdir.
Məqsədyönlülüyə söykənən bu
tədbirlər iqtisadi və hüquqi mexanizmlərin vəhdətini
təşkil etməklə, muxtar respublikada kənd təsərrüfatı
sahəsində məhsul istehsalının
çoxnövlülük üzrə artırılmasına
xidmət etməkdədir. Birinci mərhələdə
2012-2015-ci illəri, ikinci mərhələdə isə
2016-2020-ci illəri əhatə edən “Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı”nın icrası aqrar sektoru həm də
dövlətin məşğulluq siyasətinə töhfə
verən strateji sahə olaraq formalaşdırmaqdadır. Eyni zamanda bu, muxtar respublikanın milli iqtisadi quruculuq
proseslərindəki iştirakına çeviklik gətirməklə
onu daha da sürətləndirmişdir. Bu,
həm də kəndlərin sosial-iqtisadi inkişafına hərəkətverici
təsir etməklə yanaşı, eyni zamanda onun məskunlaşma
sahəsindəki proseslərinə stimul verməkdədir.
Digər tərəfdən, təbii ki, ən
mühüm məsələlərdən biri əhalinin meyvə
və tərəvəz məhsullarına olan tələbatının
yerli istehsal hesabına təmin edilməsindən ibarətdir.
Məhz bu mənada istehsalın fasiləsizliyinin
təmin edilməsi, istehsal olunmuş məhsulların uzun
müddət saxlanılması məqsədilə zəruri
infrastrukturun yaradılması daim diqqət mərkəzində
olmuş və həyata keçirilmişdir. Adıçəkilən Dövlət
Proqramının səmərəli icrasının nəticəsi
olaraq, muxtar respublikada üzümçülüyün
inkişafı əhalinin kənd təsərrüfatı məhsulları
ilə etbarlı təminatına hesablanmışdır.
Bu məqsədlə 2015-ci ildən Babək
rayonunun Nehrəm kəndində üzümçülük təsərrüfatının
yaradılmasına başlanılıb. Qeyd
edək ki, ərazidə yerli sortlarla yanaşı, İtaliya,
Fransa, Türkiyə və Özbəkistan mənşəli
10 məhsuldar üzüm sortu da əkilib. 150 hektar ərazini əhatə edən təsərrüfatda,
ümumilikdə, 326 mindən artıq üzüm tingi əkilmişdir.
Burada dövlət dəstəyinin gerçək
ifadəsi olaraq, məhsulun uzun müddət saxlanılması
məqsədilə tutumu 2500 ton olan soyuducu anbarın yaradılmasına
da başlanılmışdır. Heç
şübhəsiz ki, bunlar həm də muxtar respublikada kəndli
təsərrüfatlarının səmərəli fəaliyyətinin
təşkili və idarə olunmasında çox zəruri
amildir. Eyni zamanda bu, kiçik və orta
sahibkarlığın təşkilatlanmasına təkan
olmaqla, aqrar sektorda məşğulluq probleminin həllində
yeni mərhələnin əsaslarını da yaratmaqdadır.
Yaradılmış sağlam iqtisadi fəaliyyət
mühiti muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatının
çəkisinin də artmasına imkanlar
açmışdır. Nəticədə isə aqrar sektor milli
iqtisadi inkişafa öz əsaslı töhfələrini verməklə,
müəyyən edilən hədəflərə birbaşa
xidmət etməkdədir. Təsadüfi deyildir ki,
2018-ci ilin ilk rübündə kənd təsərrüfatı
məhsullarının istehsal həcmi bir il öncəyə
nisbətən 3 faiz artmaqla, 27 milyon 510 min 200 manat təşkil
etmişdir.
İstər ölkə iqtisadiyyatında, istərsə
də ona bütün sahələr üzrə dəstək
olan muxtar respublikada ən mühüm prioritetlərdən
birini idxalın məhdudlaşdırılması
ixracyönlü məhsul istehsalının həcminin
artırılmasından ibarətdir. Məhz muxtar respublika iqtisadiyyatı
üçün ən mühüm amil olaraq onu qeyd edə bilərik
ki, ixrac məhsullarının əhatə dairəsinin
genişləndirilməsində iqtisadiyyatın sənaye və
kənd təsərrüfatı sahələrinin də
çəkisi artmış və istinad etdiyimiz dövrdə
41 milyon 230 min 700 ABŞ dolları dəyərində sənaye,
12 milyon 86 min 600 ABŞ dolları dəyərində isə kənd
təsərrüfatı, o cümlədən meyvə və tərəvəz
məhsulları ixrac olunmuşdur. Təbii ki, bu
isə muxtar respublika iqtisadiyyatının həm də
mezoiqtisadi əhəmiyyətinin çox yüksək
olduğunu qeyd etməyə əsas verən məqamlardır.
Ümumi mənada isə bütün bunlar muxtar
respublikanın xarici iqtisadi münasibətlərin
inkişafına verdiyi təkanın və bu sahənin
perspektivliyi üçün həyata keçirdiyi tədbirlərin
qətiyyətə söykənən nəticəsidir.
Yuxarıda qeyd etdiyimiz amillər cari ilin ötən
dövrü ərzində muxtar respublikanın xarici ticarət
dövriyyəsinin davamlılığı və keyfiyyətliliyinə
stimul vermiş, nəticədə isə 61 milyon 359 min 400
ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi
formalaşmışdır. Xüsusilə həm
də coğrafi mövqeyindən səmərəli istifadə
edən muxtar respublika ümumilikdə ölkənin
etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinin
səmərəliliyinə münbit zəmin yaratmaqdadır.
Xarici ticarət dövriyyəsinin 53 milyon 317 min 300 ABŞ
dollarını ixracın, 8 milyon 42 min 100 ABŞ
dollarını isə idxalın təşkil etməsi fikirlərimizi
təsdiqləyir. Sevindirici hal isə ondan ibarətdir
ki, ixrac əməliyyatlarının idxalı üstələməsi
müsbət saldonun yaranmasına imkanlar
açmışdır. Qeyd edək ki, həmin göstərici
müvafiq dövr üzrə 45 milyon 275 min 200 ABŞ
dolları dəyərində təşəkkül
tapmışdır.
Məntiqi olaraq belə qənaətə gələ bilərik
ki, ixracın stimullaşdırılması, nəticə
etibarilə yerli istehsal sahələrinin inkişafının ən
mühüm göstəricisidir. Bu isə daxili bazarı xarici amillərin
təsirindən qorumaqla süni qiymət artımının
qarşısını alan, əhalinin
alıcılıq qabiliyyətinin yüksəldilməsinə
zəmin açan, insanlarda sosial məmnunluq yaradan zəruri
amildir. Qürurverici haldır ki, artıq bu
gün muxtar respublikada 376 növdə məhsul istehsal olunur.
Həmin məhsulların 126 növü ərzaq,
250 növü qeyri-ərzaq məhsullarıdır. Qeyd edək ki, 108-i ərzaq, 236-sı qeyri-ərzaq
olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə
yerli imkanlar hesabına ödənilməsi təmin
edilmişdir. Yəni təhlillər
göstərir ki, yerli imkanlar hesabına ödənilən
ümumi məhsulların çəkisi artıq 92 faizə
yaxın təşkil etməkdədir. Bu göstərici
ərzaq məhsulları üzrə 86 faiz, qeyri-ərzaq məhsulları
üzrə isə 95 faiz olaraq təşəkkül
tapmışdır.
Təbii ki, bu göstəricilər həm də
özü ilə məşğulluq potensialını
daşımaqdadır. Bu o deməkdir ki, istehsal həcminin
artması istehsalçıların, daha doğrusu, məşğul
olanların sayının da artmasını ifadə edir.
Təsadüfi deyildir ki, cari ilin ilk rübündə muxtar
respublikada 593 yeni iş yeri yaradılmışdır ki, bunun
da 582-si və ya 98,1 faizi daimi iş yerləridir.
Naxçıvan Muxtar Respublikası innovativ təşəbbüslərə
söykənən fəaliyyətlə milli iqtisadiyyat
üçün çox zəruri olan mərhələnin də
əsaslarını yaratmaqdadır. Turizm infrastrukturunun
gücləndirilməsi, bu sahə üzrə hüquqi və
iqtisadi mexanizmlərin səmərəli istifadəsi, təşkilati
struktur işlərin çevikliyinin təmin edilməsi muxtar
respublikada məhsuldar turizm mühitinin formalaşmasına xidmət
etməkdədir. Bunun hərəkətverici qüvvəsi
olaraq cari ilin 31 yanvar tarixində Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin “2018-2022-ci illərdə
Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına
dair Dövlət Proqramı”nın təsdiq
edilməsini qeyd edə bilərik. Təmin edilmiş sağlam
iqtisadi şərait bütün sahələrlə yanaşı,
turizm sahəsində də özünü göstərmiş
və cari ilin ilk rübündə muxtar respublikamıza istər
ölkəmizin digər bölgələrindən və istərsə
də xarici ölkələrdən ümumilikdə 99 min 248
turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq
dövründəki göstəricidən çoxdur.
Beləliklə, Naxçıvan Muxtar Respublikası
2018-ci ilin ilk rübünü yüksək sosial-iqtisadi nəticələrlə
geridə qoydu.
Bunlar cari ilin ötən dövrü üzrə
pozitiv göstəricilər olmaqla, həm də ilin sonuna qədər
makoriqtisadi uğurların əhatəsinin genişlənəcəyini
də ifadə edir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru
Palitra 2018.- 4 may.- S.12.