Fəxrəddin Quliyev: “Şəxsiyyət
sənətdə böyük amildir”
Aşıq Hüseyn, telli
sazdır əlində,
Hər suala cavabı var
dilində.
Adı bəlli Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.
(Aşıq Hüseyn Bozalqanlı)
Keçən dəfəki müsahibəmizdə
Aşıq Hüseyn Bozalqanlının Böyük Oktyabr
Sosialist İnqilabına kimi olan dövrünü nəzərdə
tutmuşduq. Bu müsahibəmizdə aşığın Oktyabr
inqilabından vəfatına qədər olan
dövrünü əhatə etməyə
çalışacayıq. Müsahibədə
Aşıq Hüseyn Bozalqanlının ustad sənətkar,
ictimai-siyasi xadim kimi fəaliyyəti, onun tərəfindən
aşıq poeziyasında ilk dəfə hansı problemlərin
ortaya qoyulduğu və yaratdığı aşıq məktəbi
ilə (yəni şagirdlərinin (şəyirdlərinin)
bağlı məsələlər nəzərdən
keçiriləcək. Qeyd edək ki,
Hüseyn Bozalqanlının şəyirdlərinin şəyirdləri
hal-hazırda da aşıq sənətini yaşadırlar.
Hüseyn Bozalqanlı aşıq sənətinə bir
elm kimi münasibət göstərib və dövrünün
qabaqcıl sənətkarı olub. Səməd Vurğun
hələ gənc yaşlarında Hüseyn Bozalqanlıdan
bir çox məsələləri öyrəndiyi
sağlığında da qeyd etmişdir.
Müsahibimiz Aşıq Hüseyn Bozalqanlı irsinin tədqiqatçısı
Fəxrəddin Quliyevdir.
- Öncə
müsahibəmizə Aşıq Hüseyn Bozalqanlının
Azərbaycan Demokratik Cümhuriyyəti dövründəki fəaliyyətindən
söhbət açardız.
- Azərbaycan
tarixində Böyük Oktyabr Sosialist İnqilabı ilə əlaqədar
yeni bir dövr və tarix başlayır. Sonra
Aşıq Hüseyn Bozalqanlının çox arzu etdiyi Azərbaycan
Demokratik Cümhuriyyəti qurulur. Bu
dövrdə bəstəkar və folklorşünas ailm Azad Ozan
Kərimlinin Tovuz aşıqlarından aldığı məlumata
görə Aşıq Hüseyn Bozalqanlı Tovuzda ilk dəfə
Aşıqlar Birliyi yaradıb. Bu AXC
dövründə Hüseyn Bozalqanlının
gördüyü ən mühüm işlərdən biridir.
Aşıq Hüseyn Bozalqanlı Tovuz
aşıqlarının rəhbəri olub və bütün
aşıqlar onun ətrafına toplaşıblar.
Ümumiyyətlə, Aşıq Hüseyn Bozalqanlı
haqqında xatirələrdə yer alan
fikirlərdə müəlliflərin hamısı yekdil bir
fikirdə olublar.
Aşıq Hüseyn Bozalqanlının təfəkkürü
o qədər güclü olub ki, kiçik bir hadisəni irihəcmli
müxəmməsdə əks etdirə bilirdi. Bozalqanlının
yaradıcılığına nəzər yetirsək
görürük ki, insanların savadsızlığı ilə
bağlı bir neçə hadisəni nəzmə çəkib.
Həmin şeirlərlə aşıq
insanların savadsızılığını aradan
qalxmasına və cəmiyyətin maariflənməsinə
çalışırdı. Yəni
aşıq xalqının nümayəndələrinin
savadsız olmalarını istəmirdi. Belə
hadisələrdən birinə həsr etdiyi “Var imiş”
adlı müxəmməsi var. Müxəmməsin
yazılması AXC dövrünə təsadüf edir. Bu hadisələr Aşıq Hüseynin
yaradıcılığında onun ictimai hadisələrə
münasibətini göstərir.
- Aşıq Hüseyn Bozalqanlını şəxsiyyət
kimi necə xarakterizə etmək olar?
- Hüseyn Bozalqanlının fərqləndirici cəhətlərini
qeyd etmək lazımdır. Ümumiyyətlə
qeyd etmək lazımdır ki, şəxsiyyət sənətdə
böyük amildir. Hüseyn Bozalqanlı təbiəti
etibarilə qorxmaz, cəsur şəxsiyyət idi. Aşıq çox ciddi analitik təfəkkür
sahibi olub. Bunun səbəbi mükəmməl
mədrəsə təhsili alması, təbiəti, cəmiyyəti,
insan mənəviyyatını öyrənməyə meyilli
olmasından irəli gəlib. Bu
xüsusiyyətlər bütün ustad aşıqlarda cəmlənməlidir.
Aşıq sənəti Dədə Qorquddan
üzü bəri gəlir. Dədə
Qorqud xalqın mənəvi lideri, məsləhətçisi,
ustadı olub və şəhirdlər yetirib. Bizim aşıqlarımız Dədə Qorqudun tələbələri,
daha doğrusu, şəyirdləridirlər. Bu baxımdan hər bir aşıq xalqının
milli psixologiyasını, mentalitetini dərindən mənimsəməlidir.
Əks halda, həmin aşıq xalqı
üçün dəyərli əsər yarada bilməz.
Aşıq Hüseyn Bozalqanlı bu məsələdə
həmişə öndə olub. Bunun isə
əsas səbəblərindən biri Hüseyn
Bozalqanlının həyatda fəal bir şəxs, daha
doğrusu, ictimai hadisələrin qaynar nöqtəsində
olmasıdır. Biz bunu
aşığın şeir və dastanlarında aydın
şəkildə görürük.
- Bəs Sovet hakimiyyətinin ilk illərində sənətkarın
ictimai hadisələrə münasibəti haqqında nə
deyə bilərsiniz? Həmçinin aşığın ilk
şeirlərinə hansı çap məhsullarında rast gəlibsiz?
- AXC
çox təəssüf ki, qısa ömür sürdü
və Azərbaycanda Sovet hökuməti quruldu. Sovet
hakimiyyətinin ilk illərində bölgələrdə
kiçik həcmdə azad ticarətlə məşğul
olmağa icazə verilirdi. Təəssüf
ki, bu qanunu dərindən bilməyənlər çoxlu qazanc
əldə etmək üçün ticarətin həcmini
böyüdürdülər. Bu isə
öz növbəsində dövlət məmurlarının
yoxlamaları zamanı qanunsuzluğu üzə
çıxarırdı. Bu ticarətlə
bağlı Aşıq Hüseynin “Olubdur” rədifli şeiri
var. Şeir, həqiqətən, maraqlıdır. Şeirdə aşığın ictimai həyatı
və ticarət qaydalarını nə qədər
yaxşı bildiyini aydın görürük.
1920-ci illərin əvvəllərindən başlayaraq
Aşıq Hüseyn Bozalqanlı çoxdan fikirləşdiyi
dastanlarla məşğul olur. Aşıq 1924-cü
ildə “Koroğlu nağıllarını” yazır. Həmin vaxtlar “Koroğlu dastanları” yox,
“Koroğlu nağılları”adlanırdı. Artıq Aşıq Hüseynin adı Zaqafqaziyada məşhur
idi.
Folklorşünas alimlər folklor nümunələrini
toplamaq üçün bölgələrə ezam olunurdular. Tanınmış
alim Vəli Xuluflu ilə Aşıq Hüseyn
Bozalqanlının görüşü Gəncədə
baş tutur. Vəli Xuluflu Aşıq
Hüseyn Bozalqanlıdan “Koroğlu” dastanının iki qolunu
yazıya alır. Kitabında yazır: “Mən
çalışdım aşığın dialektini
saxlayım, təəssüf ki, Gəncə dialektində
deyildi”. Bu fakt göstərir ki, Aşıq
Hüseyn Bozalqanlı dastançılıqla bağlı folklorçu
alimlərin diqqətini cəlb edir. “Koroğlu
dastanı”nın iki qolu 1927-ci ildə əski
əlifba, 1929-cu ildə isə latın əlifbası ilə
çap olunur. Bu dövrdə Aşıq
Hüseynın yaradıcılığı yeni vüsət
alır və şəyirdlərinin sayı da artır. Aşığın 15-ə yaxın şəyirdi
olub. El şairləri səviyyəsində şair Vəli
Bozalqanlı, Nəcəf Əlmərdanlı, Xəyyat Mirzə
və Aşıq Qoca Quliyev, Aşıq Zülfiqar, Əli Quşcu, Qədir İsmayılov, Dəmirçi
Aşıq Hüseyn, Aşıq Yəhya və bir neçə
aşıqlar olublar. Qeyd edək ki, bu
dövrdə aşıqlara və folklorçu alimlərə
tədqiqat aparmaq üçün əlverişli şərait
yaradılıb.
Aşıq Hüseynin şeirlərinə ilk dəfə
1929-cu ildə Hümmət Əlizadənin çapa verdiyi
“Aşıqlar” kitabının I cildində rast gəlinir. Kitabın
ikinci cildi 1931-ci ildə çap edilib. Təsəvvür
edin ki, Aşıq Hüseyn Bozalqanlının “Koroğlu”
dastanı 1927-ci ildə çap edilir, amma mətbuatda onun
şeirləri çap olunmur. Həmin
dövrdə mətbuat el şairlərinin
yaradıcılığına biganə yanaşıb.
-
Maraqlıdır ki, Aşıq Hüseynin arxivi
yandırılıb. Bunun tarixçəsi
haqqında danışardınız.
-
Aşığın arxivi faciəli şəkildə məhv
edilib. Repressiya illəri Aşıq Hüseynin
ailəsindən də yan keçməyib. Oğlunu, qardaşını, qardaşıoğlunu
sürgün edirlər. Oğlu Məhəmməd
Daşkənddən məktub yazır ki, əmim vəfat etdi
və onu yuyub müsəlman qaydası ilə dəfn etdim.
Hüseynin nüfuzlu adam olmasına
baxmayaraq, özü də təziq altında olub.
Aşıq öz şeirlərini ərəb
qrafikası ilə yazırdı. Buna görə belə
yazıları görən kimi hökumət nümayəndələri
şüphələnirdilər. Bir gün
Hüseyn evə gələdə hər kəsin pərişan
olduğunu görür və səbəbini soruşur. Ona oğlu Məhəmmədi milis (polis)
apardığını deyirlər. Buna
görə gəlini qorxusundan əlyazmaları yandırıb
ki, bizi də tutacaqlar. Göründüyü
kimi, Aşıq Hüseyn evdə olmayanda onun bütün
arxivi məhv edilir.
- Hüseyn Bozalqanlının digər aşıqlardan fərqli
olaraq yaşadığı dövrdə mətbuatla əlaqəsi
olub. Bu baxımdan, 1930-cu illər mətbuatında
Aşıq Hüseyn necə işıqlandırılıb və
Aşıq Hüseynin Yazıçılar İttifaqı ilə
münasibəti haqqında nə deyə bilərsiniz? Həmçinin
aşığın lent yazısı varmı?
- 1930-cu
illərdən başlayaraq SSRİ-də ab-hava dəyişməyə
başlayır. Almaniyada Hitler hakimiyyətə gəlir
və həmin illərdən müharibəyə
başlayır. Bu zaman Moskva
tapşırıq verir ki, xalqı öz ətrafına
yığmaq lazımdır. Beləcə,
müharibəyə hazırlaşmağa
çalışırlar. Buna görə
Moskva folklorun tədqiqinə geniş yer ayırır. Azərbaycanda aşıq
yaradıcılığına xüsusi diqqət verilir,
aşıq şeirləri, dastanlarının toplanması və
tədqiqi üçün folklorşünaslar rayonlara ezam
olunurlar. Mətbuatda aşıqların
şeirləri, dastanlardan parçalar dərc edilir,
aşıqların şeirləri və dastanlardan ibarət
kitablar çap edilir.
1939-cu ildə “Ədəbiyyat və incəsənət”
qəzetində Hüseyn Bozalqanlının şeirləri
şəkli ilə çap edilib. Qəzetdə Nizamidən
üzü bəri şairlərin şəkli verilib və
burada böyük şairlərlə yanaşı,
aşıqlar içərisində Hüseyn
Bozalqanlının böyük şəkli də verilib.
Aşıq Hüseynin şeirləri,
haqqında yazılar dərc olunub. Biz onun
ikicildliyinin akademik nəşrini hazırlayanda bu materiallardan
istifadə etdik.
Aşıq Hüseyn AYB-yə qəbul olunan ilk
aşıqdır. O dövr üçün aşıqların fəaliyyətini
qiymətləndirən ən yüksək ad Əməkdar incəsənət
xadimi idi. Hüseyn Bozalqanlıya Əməkdar
incəsənət xadimi adı verilib. Qərar
1939-cu ildə verilir, 1940-cı ildə icra olunur və 1941-ci
ildə sənədləşdirilir. Aşığın
xəstə olmasına görə adı özü ala bilmir.
Sənəd hal-hazırda Nizami adına
Ədəbiyyat müzeyində saxlanılır.
Aşıqlarla
bağlı materiallar Ba¬kı Baş Arxivlər İdarəsi
S.Mümtaz adına Ədəbiyyat və
İncə-sə¬nət arxi¬vin¬də “Aşıqlarla
yazışmalar” adlı qovluqlarda saxlınılır.
Həmin dövrdə Gəncə-Qazax bölgəsində
şairlər çox olublar. Bunların
önündə Səməd Vurğun və Osman Sarıvəlli
gedirdi. Bu şəxslər çox fəal
olublar. Osman Sarıvəlli
aşıqların Yazıçılar Birliyinə qəbul
olunmasında rol oynayıb və Birlikdə Aşıqlar
bölməsinə rəhbərlik edib. Osman
Sarıvəlli “Başına döndüyüm” şeirini
Hüseyn Bozalqanlıya həsr edir (“Ədə¬biyyat qə¬ze¬ti”,
(1938, 15 yanvar). Həmin şeir dərc
olunan kimi Aşıq Hüseyn “Başına
döndüyüm” rədifli şeiri ilə Osman Sarıvəlliyə
cavab yazıb (“Ədəbiyyat qəzeti”, 1938, 2 fev¬ral).
Aşıq Hüseyn bu şeirində Osman Sarıvəlliyə,
Səməd Vurğuna, Cəfər Xəndana, Məmməd
Rahimə - cavan sənətkarlara zərgər dəqiqliyi ilə
yaradıcılıq xarakteristikası verib. Buna cavab olaraq Səməd
Vurğun “Aşıq Hüseynə”, Cəfər Xəndan isə
“Aşıq Hüseyn Bozalqanlıya” adlı şeirlərini
çap etdiriblər (Ədəbiyyat qəzeti, 1938, 1 mart).
Məmməd
Rahim, İsmayıl Soltan və digər şairlər də
Hüseyn Bozalqanlıya şeir həsr ediblər. Həmin dövrdə Hüseyn Bozalqanlı diqqət
mərkəzində olan sənətkar olub. Aşığı bir neçə dəfə
Bakıya çağırırlar. Mirzə
İbrahimov bir dəfə Tovuza qonaq gəlir və
Aşıq Hüseyn Bozalqanlının ifalarına qulaq
asır. Mirzə İbrahimov deyir: “Ay Hüseyn, biz də
sənətkarıq. Başa düşə bilmədim ki, sən
bir gecədə neçə dənə bədahətən
şeir dedin. Gəl, Bakıya gedək və
orada ədəbi mühitdə ol”. Hüseyn deyir: “Ay
oğul, mənim Bakıda nə işim var. Mən kənd
adamıyam”. Mirzə İbrahimov Hüseyn
Bozalqanlını Bakıya dəvət etsə də, o, kənddə
qalır. Bu fakt bir daha Hüseyn
Bozalqanlının bədahətən şeir deməsinin təsdiqi
və Mirzə İbrahimovun aşığa verdiyi yüksək
qiymətdir. Aşıq Hüseyn
Bozalqanlı ilə ən çox yaxşı münasibətdə
olan, onu sevən Səməd Vurğun olub. Səməd Vurğun onun bədahətən şeir
deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını
“Əli qılınclı şair” adlandırıb.
Aşıq
Hüseyn Bozalqanlının əlimizdə lent yazısı
yoxdur. Onun, hələ ki, yəni lent yazısına rast gəlməmişik.
O, məclisdə, adətən, şeir deyər və şəyirdləri
qarşısında dirijorluq edərdi. İfaları,
deyilənə görə, gözəl olub və məlahətli
səsə malik idi. Həmçinin şəyirdlərinin
hansı ifanı daha gözəl oxuduğunu bilir və
onları ifalara uyğun məclisdə oxutdururdu.
-
Aşıq Hüseyn “Koroğlu” dastanının
qollarını kimdən öyrənib?
- Aşıq Hüseyn savadlı olub, həmişə
öyrənməyə çalışıb. Əvvəlki
müsahibədə dediyimiz kimi, ilk dəfə məclislərə
ustad aşıq Öysüzlü Səmədlə gedib.
Sənətkar kimi ondan eşidib.
Digər tərəfdən, unutmayaq ki, “Koroğlu”
dastanı Gəncə-Qazax zonasında, o cümlədən
Borçalıda geniş yayılmışdı, el
ağsaqqalları bu dastanın, hətta müəyyən
variantlarını bilirdilər. Aşıq Hüseyn “Koroğlu”
dastanını bu səviyyədə el ağsaqqallarından
öyrənib.
- Aşıq Hüseyn Bozalqanlının aşıq
havalarına, ifaçılıq sənətinə münasibəti,
bəzən yersiz söhbətlər gedir, guya Aşıq
Hüseyn Bozalqanlı aşıq havalarını yaxşı
bilmirdi. Buna münasibətinizi bilmək istərdik.
- Belə
fikirlər Aşıq Hüseyn Bozalqanlının
yaradıcılığına dərindən bələd
olmamaqdan irəli gəlir. Aşıq Hüseyn
aşıq havalarını mükəmməl bilir,
ifaçılıq sənətinə çox ciddi
yanaşırdı.
Aşıq
Hüseynin sevimli şəyirdlərindən olan və
Koroğluxan aşıq kimi ad qazanmış aşıq
Ələkbər Əsgərov öz xatirələrində
danışır: “Aşıq Söyünə dörd il
qulluq elədim. Dörd ildən sonra bir dəfə
aşıq Söyün məni öz öyündə oxutdu.
Mən oxuyub qurtarandan sonra o dedi:
- Sən
artıq-əskik ölçürsən, düz oxumursan.
Bir aydan sonra mən gəlib bir də oxudum. Bu dəfə aşıq
Söyün belə dedi:
- İndi sən çəkiynən satırsan. Daha sənin
artıq-əskiyin çıxıb, gedib”.
Onun şəyirdləri aşıq havalarının təkmilləşdirilməsi
və yeni aşıq havaları yaradılması sahəsində
qiymətli işlər görmüşlər. Sarı Zülfüqarın
“Zülfüqar dübeytisi”ni böyük
şairimiz Səməd Vurğun çox sevirdi, Sarı
Zülfüqarı çağırtdırıb dəfələrlə
bu havanı dinləyib. Öz gözəl səsi
ilə seçilən aşıq Mirzə Bayramovun öz
havası, “Mirzə dübeytisi” var.
Aşıqların
bülbülü adını qazanmış aşıq
Əkbər Cəfərov “Cəngi dübeyti”, “Atüstü
dübeyti” saz havalarını yaratmış, “Təxmis”,
“Osmanlı divanisi”, “Aşıq təsnifləri”, “Sallama gəraylı”,
“Heca dübeyti” və başqa havaları təkmilləşdirmiş,
onlara yeni ruh vermişdir.
Aşıq havalarından Koroğlu havalarının
ifası sahəsində Tovuz aşıq məktəbinin və
məxsusi olaraq Aşıq Hüseynin şəyirdləri və
şəyirdlərinin şəyirdləri təqdirəlayiq
işlər görmüşlər. Çox geniş
diapazonlu və gur səsi ilə seçilən Bozalqanlı
Hüseynin sevimli şəyirdlərindən olan Dəmirçi
Hüseynin (Səsli Hüseyn (mərhum şair Şəmşad
Rzanın atası) adını xüsusilə qeyd etmək istərdim.
- Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folklorunun
inkişafında mühüm rol oynayıb, bəs onun
yaratdığı məktəb bu sahədə hansı
işlər görüb?
- Şübhəsiz ki, Aşıq Hüseyn qüdrətli
şair idi.
Onun üçün bədahətən şeir qoşmaq adi
iş idi. O, dərin mənalı şeirləri daha çox
sevir, təcnisə daha çox üstünlük verirdi. Bu səbəbdən Tovuz aşıq məktəbində
təcnis yaradıcılığı yüksək səviyyədə
olub. Aşıq Hüseynin öz təcnisləri ilə
yanaşı, Xəyyat Mirzənin, Şail Vəli Bozalqanlının,
Əlimərdanlı Nəcəfin, bunlardan ilham alan sonrakı
nəslin nümayəndələri Mülkülü Həsən,
Əziz Məftun, Şair Fətəli, Azaflı Mikayıl,
Yunis Oruclu, Məhərrəm Hüseynli və onlarla başqa
Tovuz şairlərinin təcnisləri bu gün də sevilə-sevilə
oxunmaqdadır.
Novatorluq baxımından Aşıq Hüseynin şəyirdinin
şəyirdi Təcnis Xalıqverdini (Xalıqverdi
Bozalqanlını) xüsusi vurğulamaq lazımdır. Təcnis
Xalıqverdi indiyə qədər 124 təcnis forması
yaratmış yeganə sənətkar kimi qalmaqdadır.
- Aşıq Hüseynin Şirvanlı Aşıq Mirzə
Bilalla görüşü də oxucularımız
üçün maraqlıdır. Bu haqda söhbət
açardınız.
- Aşıq Hüseynlə Mirzə Bilalın ilk
görüşü Aşıqların Birinci qurultayında
olub. İlk tanışlıqdan onların arasında
qarşılıqlı hörmət yaranıb. Adətən, sinədəftər şairlər
bir-birinə şeirlə müraciət edirlər. Aşıq Hüseynlə Mirzə Bilal da bir-birinə
səmimi münasibətini şeirlə ifadə ediblər
(Seyfəddin Qəniyev, Şirvanlı Aşıq Mirzə
Bilal. Bakı, Nurlan, 2003, səh.279-283).
Bu tarixi görüş haqqında professor Qara
Namazov yazıb.
Mirzə Bilal aşıq Hüseynə belə müraciət edir:
Sorağını alıb gəldim bu bəzmə,
Deyim mətləbimi,
al, ay Hüseyn!
Səbəb nədir, bikef dəydin gözümə?
Danış,
söhbət eylə, gül, ay Hüseyn!
Aşıq
Hüseyn Mirzə Bilala belə cavab verir:
Bizdən
salam olsun Aşıq Bilala,
Qoy
salım boynuna, qol, Aşıq Bilal!
Bikef deyiləm,
bir az yorğunam,
Məni əldən
salıb yol, Aşıq Bilal!
Aşıq Hüseynin süfrəsi həmişə
açıq olub, əsl dostu, dostluğu çox sevib. Dostluqda da
etibarlı olub. Mirzə Bilalın səmimi münasibətinə
cavab olaraq şeirləşmənin sonunda aşıq
Hüseyn Mirzə Bilalı Tovuza dəvət edir:
Bir
yanı Şəkidir, bir yanı Şirvan,
Adım
Hüseyndir, yurdum Bozalqan.
Uzaqdır
fitnədən, o qeyli-qaldan,
İstəsən
o yana gəl, Aşıq Bilal!
Mirzə
Bilal da öz növbəsində Aşıq Hüseyni öz
yurduna dəvət edir:
Xudam verib
sənə əqli-kəmalı,
Vətənim
Qəşəddir, Şirvan mahalı.
Təşrif
gətir, sevindir sən Bilalı,
Beş-on
gün Şirvanda qal, ay Hüseyn!
Şeirlərin hər bir misrasında bir ustadın digər
ustada qarşılıqlı məhəbbətinin şahidi
oluruq. Biz
şeirlərə diqqət yetirəndə gördük ki,
Mirzə Bilalda beş, aşıq
Hüseyndə dörd bənddir. Səbəbini
bilmək üçün mərhum professor Qara Namazova
müraciət etdik. Onun cavabı belə oldu: “Gəl
universitetə, orada danışarıq”(Qara
müəllim universitetdə dekan işləyirdi).
Doğrusu, onun cavabı məni qane etmədi, təbii
ki, mən universitetə getmədim. Şübhə etmirəm
ki, bu böyük sənətkarların heç biri
tarazlığın belə pozulmasına razı olmazdı.
Biz xatirənin kim tərəfindən
verildiyini, mərhum professorun onu necə qələmə
aldığını təfsilatı ilə bilmirik. Xatirənin belə yarımçıq qələmə
alınması hər iki sənətkara hörmətsizlikdir.
Bu səbəbdən də bu şeirləşmə
Aşıq Hüseynin əsərlərinin birinci cildinə
daxil edilmədi. Yeri gəlmişkən
Şirvan əhlinə, ziyalılarına Aşıq Bilalı
sevən, onun şəxsiyyətinə dərin hörmət bəsləyən
bir ziyalı kimi müraciət edirəm. Bu
görüş barəsində bilgisi olan varsa, bizə
yazsın, biz bu görüşü çap olunacaq
“Aşıq Hüseyn Bozalqanlı haqqında xatirələr“ kitabına daxil edək.
- Siz Aşıq Hüseyn Bozalqanlının ikicildlik
seçilmış əsərlərini çap etdirmisiniz, bu
barədə də məmumat verərdiniz.
- Aşıq Hüseyn Bozalqanlının əsərlərinin
birinci cildi millət vəkili Qənirə Paşayeva, xeyriyyəçi
Məhəmməd Mustafayevin dəstəyi ilə 2008-ci idə
“Nurlan” nəşriyyatında çap olunub. Elmi redaktorlar, filologiya elmləri
doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri
doktoru, professor Qəzənfər Paşayev, rəyçilər
akademik Teymur Bünyadov, filologiya elmləri doktoru Vilayət Cəfər,
mərhum şair Bağban Baba olub. Kitabın təqdimatı
Qənirə xanım Paşayevanın dəstəyi ilə Musiqili
Komediya teatrında keçirilib.
İkicildlik
“Seçilmış əsərlər”in nəşri Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adı¬na Ədə¬biy¬¬yat
İnstitutu Elmi Şurasının 09.01.2015-ci il
tarixli iclası¬nın (protokol ¹1) qərarı ilə çap
olunur. Kitabın elmi redaktoru Əməkdar elm xadimi Məhərrəm
Qasımlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya
üzrə fəlsəfə doktoru Tinatin Məmmədovadır.
Birinci cildə şeirlər (yeni şeirlərdə
əlavə olunub), ikinci cildə dastanlar, səfərlər
daxil edilib.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu,
AAB-nin üzvü
Palitra
2018.- 11 may.- S.13.