Fəxrəddin Quliyev:
“Şəxsiyyət sənətdə böyük
amildir”
(əvvəli
ötən sayımızda)
Müsahibimiz Aşıq Hüseyn
Bozalqanlı irsinin tədqiqatçısı
Fəxrəddin Quliyevdir.
Aşığı bir neçə dəfə Bakıya çağırırlar. Mirzə İbrahimov bir dəfə Tovuza qonaq gəlir və Aşıq Hüseyn Bozalqanlının ifalarına qulaq asır. Mirzə İbrahimov deyir: “Ay Hüseyn, biz də sənətkarıq. Başa düşə bilmədim ki, sən bir gecədə neçə dənə bədahətən şeir dedin. Gəl, Bakıya gedək və orada ədəbi mühitdə ol”. Hüseyn deyir: “Ay oğul, mənim Bakıda nə işim var. Mən kənd adamıyam”. Mirzə İbrahimov Hüseyn Bozalqanlını Bakıya dəvət etsə də, o, kənddə qalır. Bu fakt bir daha Hüseyn Bozalqanlının bədahətən şeir deməsinin təsdiqi və Mirzə İbrahimovun aşığa verdiyi yüksək qiymətdir. Aşıq Hüseyn Bozalqanlı ilə ən çox yaxşı münasibətdə olan, onu sevən Səməd Vurğun olub. Səməd Vurğun onun bədahətən şeir deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırıb.
Aşıq Hüseyn Bozalqanlının əlimizdə lent yazısı yoxdur. Onun, hələ ki, yəni lent yazısına rast gəlməmişik. O, məclisdə, adətən, şeir deyər və şəyirdləri qarşısında dirijorluq edərdi. İfaları, deyilənə görə, gözəl olub və məlahətli səsə malik idi. Həmçinin şəyirdlərinin hansı ifanı daha gözəl oxuduğunu bilir və onları ifalara uyğun məclisdə oxutdururdu.
- Aşıq Hüseyn “Koroğlu” dastanının qollarını kimdən öyrənib?
- Aşıq Hüseyn savadlı olub, həmişə öyrənməyə çalışıb. Əvvəlki müsahibədə dediyimiz kimi, ilk dəfə məclislərə ustad aşıq Öysüzlü Səmədlə gedib. Sənətkar kimi ondan eşidib.
Digər tərəfdən, unutmayaq ki, “Koroğlu” dastanı Gəncə-Qazax zonasında, o cümlədən Borçalıda geniş yayılmışdı, el ağsaqqalları bu dastanın, hətta müəyyən variantlarını bilirdilər. Aşıq Hüseyn “Koroğlu” dastanını bu səviyyədə el ağsaqqallarından öyrənib.
-Aşıq Hüseyn Bozalqanlının aşıq havalarına, ifaçılıq sənətinə münasibəti haqda bəzən yersiz söhbətlər gedir, guya Aşıq Hüseyn Bozalqanlı aşıq havalarını yaxşı bilmirdi. Buna münasibətinizi bilmək istərdik.
- Belə fikirlər Aşıq Hüseyn Bozalqanlının yaradıcılığına dərindən bələd olmamaqdan irəli gəlir. Aşıq Hüseyn aşıq havalarını mükəmməl bilir, ifaçılıq sənətinə çox ciddi yanaşırdı.
Aşıq Hüseynin sevimli şəyirdlərindən olan və Koroğluxan aşıq kimi ad qazanmış aşıq Ələkbər Əsgərov öz xatirələrində danışır: “Aşıq Söyünə dörd il qulluq elədim. Dörd ildən sonra bir dəfə aşıq Söyün məni öz öyündə oxutdu. Mən oxuyub qurtarandan sonra o dedi:
-Sən artıq-əskik ölçürsən, düz oxumursan.
Bir aydan sonra mən gəlib bir də oxudum. Bu dəfə
aşıq Söyün
belə dedi:
- İndi sən
çəkiynən satırsan. Daha sənin
artıq-əskiyin çıxıb,
gedib”.
Onun şəyirdləri
aşıq havalarının
təkmilləşdirilməsi və yeni aşıq
havaları yaradılması
sahəsində qiymətli
işlər görmüşlər. Sarı
Zülfüqarın “Zülfüqar
dübeytisi”ni böyük şairimiz Səməd Vurğun çox sevirdi, Sarı Zülfüqarı
çağırtdırıb dəfələrlə bu havanı dinləyib. Öz gözəl səsi ilə seçilən aşıq Mirzə Bayramovun öz havası, “Mirzə dübeytisi” var.
Aşıqların bülbülü adını
qazanmış aşıq
Əkbər Cəfərov
“Cəngi dübeyti”,
“Atüstü dübeyti”
saz havalarını yaratmış, “Təxmis”,
“Osmanlı divanisi”, “Aşıq təsnifləri”,
“Sallama gəraylı”,
“Heca dübeyti” və başqa havaları təkmilləşdirmiş,
onlara yeni ruh vermişdir.
Aşıq havalarından Koroğlu havalarının ifası sahəsində Tovuz aşıq məktəbinin
və məxsusi olaraq Aşıq Hüseynin şəyirdləri
və şəyirdlərinin
şəyirdləri təqdirəlayiq
işlər görmüşlər. Çox geniş
diapazonlu və gur səsi ilə
seçilən Bozalqanlı
Hüseynin sevimli şəyirdlərindən olan
Dəmirçi Hüseynin
(Səsli Hüseyn (mərhum şair Şəmşad Rzanın
atası) adını
xüsusilə qeyd etmək istərdim.
-Aşıq Hüseyn
Bozalqanlı Azərbaycan
folklorunun inkişafında
mühüm rol oynayıb, bəs onun yaratdığı məktəb bu sahədə hansı işlər görüb?
- Şübhəsiz ki,
Aşıq Hüseyn qüdrətli şair idi. Onun üçün
bədahətən şeir
qoşmaq adi iş idi. O, dərin mənalı şeirləri daha çox sevir, təcnisə daha çox üstünlük
verirdi. Bu səbəbdən
Tovuz aşıq məktəbində təcnis
yaradıcılığı yüksək səviyyədə
olub. Aşıq
Hüseynin öz təcnisləri ilə yanaşı, Xəyyat Mirzənin, Şail Vəli Bozalqanlının,
Əlimərdanlı Nəcəfin,
bunlardan ilham alan sonrakı nəslin nümayəndələri
Mülkülü Həsən,
Əziz Məftun, Şair Fətəli, Azaflı Mikayıl, Yunis Oruclu, Məhərrəm
Hüseynli və onlarla başqa Tovuz şairlərinin təcnisləri bu gün də sevilə-sevilə oxunmaqdadır.
Novatorluq baxımından Aşıq
Hüseynin şəyirdinin
şəyirdi Təcnis
Xalıqverdini (Xalıqverdi
Bozalqanlını) xüsusi
vurğulamaq lazımdır. Təcnis Xalıqverdi
indiyə qədər
124 təcnis forması
yaratmış yeganə
sənətkar kimi qalmaqdadır.
-Aşıq Hüseynin
Şirvanlı Aşıq
Mirzə Bilalla görüşü də
oxucularımız üçün
maraqlıdır. Bu haqda
söhbət açardınız.
- Aşıq Hüseynlə
Mirzə Bilalın ilk
görüşü Aşıqların
Birinci qurultayında olub. İlk tanışlıqdan onların arasında qarşılıqlı hörmət
yaranıb. Adətən, sinədəftər şairlər
bir-birinə şeirlə
müraciət edirlər.
Aşıq Hüseynlə Mirzə
Bilal da bir-birinə səmimi münasibətini şeirlə
ifadə ediblər (Seyfəddin Qəniyev, Şirvanlı Aşıq
Mirzə Bilal. Bakı, Nurlan, 2003, səh.279-283). Bu
tarixi görüş
haqqında professor Qara
Namazov yazıb.
Mirzə
Bilal aşıq Hüseynə belə müraciət edir:
Sorağını alıb gəldim
bu bəzmə,
Deyim mətləbimi, al, ay Hüseyn!
Səbəb nədir, bikef dəydin gözümə?
Danış, söhbət eylə,
gül, ay Hüseyn!
Aşıq Hüseyn Mirzə
Bilala belə cavab verir:
Bizdən
salam olsun
Aşıq Bilala,
Qoy salım boynuna, qol, Aşıq Bilal!
Bikef deyiləm, bir az yorğunam,
Məni
əldən salıb yol, Aşıq Bilal!
Aşıq Hüseynin süfrəsi həmişə açıq
olub, əsl dostu, dostluğu çox sevib. Dostluqda da
etibarlı olub. Mirzə Bilalın səmimi münasibətinə
cavab olaraq şeirləşmənin sonunda
aşıq Hüseyn Mirzə Bilalı Tovuza dəvət edir:
Bir yanı Şəkidir, bir yanı Şirvan,
Adım
Hüseyndir, yurdum Bozalqan.
Uzaqdır fitnədən, o qeyli-qaldan,
İstəsən o yana gəl, Aşıq Bilal!
Mirzə
Bilal da öz növbəsində
Aşıq Hüseyni
öz yurduna dəvət edir:
Xudam verib sənə əqli-kəmalı,
Vətənim Qəşəddir, Şirvan
mahalı.
Təşrif gətir, sevindir
sən Bilalı,
Beş-on
gün Şirvanda qal, ay Hüseyn!
Şeirlərin hər bir misrasında
bir ustadın digər ustada qarşılıqlı məhəbbətinin
şahidi oluruq. Biz şeirlərə
diqqət yetirəndə
gördük ki, Mirzə Bilalda beş, aşıq
Hüseyndə dörd
bənddir. Səbəbini bilmək üçün
mərhum professor Qara Namazova müraciət etdik. Onun cavabı belə oldu: “Gəl universitetə, orada danışarıq”(Qara müəllim universitetdə dekan işləyirdi).
Biz xatirənin kim
tərəfindən verildiyini,
mərhum professorun onu necə qələmə
aldığını təfsilatı
ilə bilmirik. Bu səbəbdən də bu şeirləşmə
Aşıq Hüseynin
əsərlərinin birinci
cildinə daxil edilmədi. Yeri gəlmişkən Şirvan əhlinə, ziyalılarına Aşıq
Bilalı sevən, onun şəxsiyyətinə
dərin hörmət
bəsləyən bir
ziyalı kimi müraciət edirəm.
Bu görüş barəsində
bilgisi olan varsa, bizə yazsın, biz bu görüşü çap
olunacaq “Aşıq Hüseyn Bozalqanlı haqqında xatirələr“ kitabına daxil edək.
-Siz Aşıq Hüseyn Bozalqanlının
ikicildlik seçilmış
əsərlərini çap
etdirmisiniz, bu barədə də məmumat verərdiniz.
- Aşıq Hüseyn
Bozalqanlının əsərlərinin
birinci cildi millət vəkili Qənirə Paşayeva, xeyriyyəçi Məhəmməd
Mustafayevin dəstəyi
ilə 2008-ci idə “Nurlan” nəşriyyatında
çap olunub. Elmi redaktorlar, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı,
filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev, rəyçilər
akademik Teymur Bünyadov, filologiya elmləri doktoru Vilayət Cəfər, mərhum şair Bağban Baba olub. Kitabın təqdimatı Qənirə
xanım Paşayevanın
dəstəyi ilə Musiqili Komediya teatrında keçirilib.
İkicildlik “Seçilmış əsərlər”in nəşri
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutu
Elmi Şurasının
09.01.2015-ci il tarixli iclasının (protokol ¹1)
qərarı ilə çap olunur. Kitabın elmi redaktoru Əməkdar elm xadimi Məhərrəm Qasımlı, rəyçilər
filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev,
filologiya üzrə fəlsəfə doktoru Tinatin Məmmədovadır.
Birinci cildə şeirlər (yeni şeirlərdə əlavə olunub), ikinci cildə dastanlar, səfərlər
daxil edilib.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 15 may.- S.13.