Haqqın yolu bədii
təxəyyüldə
Poeziya aləmində hər bir qələm adamı öz hiss və duyğularını misralara çevirib şeiriyyətin növləri (janrları) üzrə ictimaiyyətə təqdim edir. Məlum olduğu kimi, məhəbbət şeirlərində eşqə sadiqlik, əhdə vəfa və s. keyfiyyətlər önəmlənir; qəhrəmanlığı tərənnüm edən şeirlərdə vətənpərvərlik, mərdlik, mübarizədə dönməzlik və s. keyfiyyətlər önəmlənir. Bəzi şairlərin şeirlərinin mövzusunu daha çox ictimai məfkurə təşkil edir. Şair vətəni və xalqı üçün azad, firavan həyat arzusunda olduğuna görə yeri gəldikcə tarixin ibrətlərini, müasir durumun ictimai keyfiyyətlərini misralarda cilalamaqla həyat gözəlliklərinə çağırış edir. Bəzən də təbiət hadisələrinin dialektikası ilə cəmiyyət hadisələrinin vəhdətini bədii təsvir və ifadə formasında fəlsəfi məqama çəkməklə estetik lövhələr yaradır.
Dediklərimizə nümunə üçün Sona xanımın “Dünya Tanrı biçimdədir” şeirlər kitabındakı bədii fəlsəfə və poeziya aləmini seçimlərlə nəzərdən keçirək. Qeyd edim ki, bu şeirlər poetika və məcazlar baxımından şairənin müstəsna təxəyyülündən gələn orijinal anlayışlardır.
“Qapına gəldim, İlahi!” şeirinə diqqət edək:
...Günahımla, suçumla,
Savabımla, borcumla,
“Ürək” adlı boğçamla
Qapına gəldim, İlahi!
Bir ömür də gül əkdim,
Sevinc verib, qəm çəkdim,
Yerdən öncə mələkdim,
Aldanıb gəldim, İlahi!
Boğça əlamətini ürəyə bənzədərək şairə təşbeh yaratmışdır. Bu baxımdan, müəllif yeni bir deyim təqdim edir, yəni sirlər dolu qəlbin-ürəyin içindəkini bir İlahi bilir; “Allahdan gizli sirr olmaz” məsəli xatırlanır. Burada semantika nəzərə çatdırır ki, yaxşı və pis əməllər Allahdan gizli deyil; çalış ki, Yaradanın qarşısına yaxşı əməllərlə gedəsən.
İkinci bənddə:
“Yerdən öncə mələkdim,
Aldandım gəldim, İlahi!”
Bu misralarında metonimiya (addəyişmə-mələkdim) insanın əvvəlcə mələk olması və şeytana aldanıb buğda yeməsi (bəzən digər meyvə adları da çəkilir), cənnətdən yer üzünə atılması (Adəm və Həvva) xatırlanır.
Üçüncü bənddə:
“Yol başladım içimdən,
Qapına gəldim, İlahi!”
Bu misralarında isə metonimiya hər kəsin öz içində əməllərinin ömür zamanından keçib İlahinin qapısına (dərgahına) getməsi nəzərdə tutulur.
Şeirin VII, VIII bəndlərində:
Çox, azım sənə bəlli,
Dua yazım, sənə bəlli,
Etirazım sənə bəlli,
Qapına gəldim, İlahi!
“Sənə bəlli” təkrirlər bir epifora olaraq misralarda alliterasiya yaradır, eləcə də VIII bənddə:
“...Bir yol açılar, gəlləm,
Bir gün seçilər, gəlləm...
Gəlləm” təkrir hadisəsi yaradır və “yol açılması”, “gün seçilməsi” günahlar dolu bir aləmdən qurtarmaq istəyini, ümidini bildirir...
Şeirin son bəndində xitab:
“...İlahi, tək bir bəhanə göndər
təzədən rastlaşmağa,
təzədən qovuşmağa!..”
Bu misralarında müəllif bütün bəşəriyyətin “şeytandan xilas” olmasını arzulayır; semantikada İlahinin insanlara belə bir imkan verməsi üçün Adəm və Həvvanın ilkin məkanına qayıdışını arzulayır...
“DÜNYA TANRI BİÇİMDƏDİR” şeirlər kitabında Sona xanım “Əməl dəftəri” şeirində də “İki əməl dəftərimlə qapına gələcəyəm, İlahi” deyə sağda savabların yazılması və solda günahların yazılmasını vurğulayır:
“...Sənə dönəcəyəm...
Son əvvələ qayıdacaq.
Sonra haqq tərəzisi, tale yazısı,
həyatın ədalət
çəkisi...”
metaforası ilə aydınlaşdırır...
Şerin
sonunda:
“...Ver yer üzünə
sağ əlin
gətirdiklərini,
dünyamız düzəlsin.
İlahi,
sağ əldən toplanan nə varsa,
Yer üzünə səp,
İnsanlar xəlq etdiyin kimi təzədən,
təzədən Adam kimi
göyərsin!”
Bu misralarda da bədii deyimdə poetik fəlsəfə böyük arzuların tərənnümüdür.
“Adam kimi göyərsin”
metaforası, göyərmək
əlaməti şairənin
ictimai məfkurəsindən
gələn, insanlara şərdən, pisliklərdən
azad olmaq arzularıdır.
Sona xanımın
şeirlərinə nəzəri
yanaşmada görürük
ki, estetik təfəkkür qanun və kateqoriyaları ilə lirikanın orijinal, çox hikmətli, məntiqli bədii lövhələrini
yaratmışdır.
“Yallı“ şeirində
də əvvəlki deyimlər kimi düşündürücü məqamlar nəzəri cəlb edir. Şeirdə “təvaf” mənaca Kəbənin ətrafına dolanmaq, yəni hacılar təvaf etmələri hadisəsini yallıya köçürməklə, metonimiya
olaraq ad dəyişməsilə
tarixi mədəniyyətimizin
müqəddəsliyini önəmləyir:
“...Yallı çalınır,
Yaddaş oyanır.
Bu, oyun deyil,
təvafdır, təvaf.
“Ya Allah, ya Allah! ...”
Burada yenə
yallı folklor rəqsinin adını “təvaf”a dəyişməklə
məntiqli, dəyərli
bir fikir, deyim məcazla təqdim olunur. Bəli,
xalq təfəkküründən
gələn el birliyi,
mənəvi münasibətlərin
gözəl nümunəsi
“Birlikdə şənlənmək,
birlikdə kədərlənmək”
və yurdun, torpağın qorunması...
“...Atı ilk ram etməyə
yığılan,
əl-ələ, çiyin-çiyinə
dövrə vuran, sevinən,
çağıran elimdi bu...
“Yallı”m
“Ya Allah” deyir,
Tək çadır dirəyinə,
tək Allah güvəninə...”
Burada məcazsız
deyilən misralarda fikir səciyyələnməsi
adi xəbər cümlələrinə müraciətdən
əmələ gəlmişdir. Eləcə də
təqdirəlayiq məlumatlar,
izahatlar verilmişdir.
“...Məhrəm əllər,
dost əllər
düşüncələr, beyinlər
birləşib təvaf
edir.
Yurd Kəbədi,
ətrafında
sevgi niyyəti tutulur,
oğullar təvaf
edir.
“Başına dolanım sənin!”,
“qurbanın olum!”
kəlməsi
Min illərin oxşaması,
Laylası, əzizləməsi
indicə kəşf
olunur...
“Yallı”m Tanrı duası,
“Yallı”m sərhəd
qalası.”...
“Yurd Kəbədi”
bənzətmə əlaməti
- təşbeh yurdun Kəbə kimi müqəddəsliyinə işarədir.
“Başına dolanım sənin!”,
“Qurbanın olum!”
Xalq dilindən gələn (məcazlar-idiomlar) oxşamalar
kimi şeirin məzmununda igidlərimizin
şəninə bağlanır
və “Oğuz eli qorunur”, “Oğuz oğlu birləşir” deyə sözlə səciyyələnir.
Bu tarixi dəyəri
önəmləməklə şairə indiki nəslə qürur, güvən yolu aşılayır.
Sona xanım
“Ol”dan əvvəlki sözdənəm” şeirində
müraciət etdiyi təşbehlə - “Sökülən
çuvalda dənik, səpilərik düzə-dağa”
bənzətmə əlamətilə
insanın da doğum silsiləsi ilə artmasını, dən kimi göyərib,
sünbülləşib çoxalmasını
xatırladır. Çox məntiqli oxşatmadır:
bir yandan doğulub - törəyib
(göyəririk) yer səthinə yayılırıq,
bir yandan da dünya “dəyirmanında” üyüdülüb
gedirik. İnsanlar bu həqiqəti
anlamalı, həyatın
müvəqqəti olduğunu
dərk etməli, dünya malına şirnikib bəd əməllə məşğul
olmamalıdırlar. Allah bir insana çox
var-dövlət veribsə,
həmin şəxs də o var-dövlətdən
ehtiyac içində olanlara paylamalıdır: bir gün əcəl
başının üstünü
alanda ancaq öz canını götürüb gedəcək,
var-dövlət isə
bu dünyada qalacaq.
Şeirdə yer səthinə
şeytana aldanıb gəldiyimiz vurğulanır:
“İnsan şeytan xislətində,
düşüb şeytandan
qabağa.”
Bu misralarında semantika
baxımından sözlərin
bədniyyətlilərə aid olduğu nəzərə
çarpır. Əlbəttə, xoşniyyətli xeyirxah insanlar da var.
Şeirin sonuncu bəndində elmi anlayışın bədii fəlsəfə
formasında deyilməsi
orijinal və düşündürücü bir məqam yaradır. Kainatın (“Ol”a qədər)
indiki durumuna qədər varlığın
necə mövcud olması hər zaman idrak qarşısında
cavabsız bir sual kimi dayanmaqdadır.
Bir həqiqət var ki, “Ol”a qədər
varlığın sözlə
ifadəsi də mövcud olmuş və müəllif “Ol”dan əvvəlki sözdənəm” metonimiyasını
deməklə Allahın
kainatı insan üçün yaratdığı
zamana işarə edir. Bu fəlsəfi
fikirlər dini kitablarda da yer
almışdır və
cənnətlə cəhənnəmin
kainatdan kənar bir aləmdə mövcudluğundan söhbət
açılır. Semantikada anlaşılan
mövzu isə, əsasən, cənnətin
mövcudluğu zamanında,
hələ cəhənnəm
yox ikən Adəm və Həvvanın mələklərlə
cənnətdə firavan
yaşamaları, günahları
ucbatından yer üzünə enmələri
hadisəsi xatırlanır.
Sonra Allahın cəhənnəmi
yaratmasını və
bu dünyada imtahan üçün insanlara yaxşı əməllərin yolunu göstərən qanunlar göndərməsi xatırlanır,
eyni zamanda şər əməllərin
cəzası olaraq cəhənnəm əzabı
haqqında xəbərdarlıq
da düşünülür.
Şeirin son bəndində:
... İçimdə söz,
söz də mənəm,
“OL”dan əvvəlki sözdənəm...
Söz ölməsə, mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.
“Söz ölməsə”
metaforasında anlayış
ondan ibarətdir ki, bütün kainatın sözlə ifadəsi olunduğu və varlıq tamamilə məhv olarsa, sözün də məhv olması hadisəsi baş verər. Digər bir
anlayış da “sözlə sağ qalmaq”, yəni insan dünyasını dəyişəndə adının,
əməlinin qalmasına
işarədir.
“Milyon il əvvəl” şeiri də düşündürücü
təsirə malikdir. Şeirin əvvəlində
“Yer üzü bomboş idi, mənim qəlbim kimi”, yəni ruh cismə daxil olmayana qədərki məqamında
nəfs, istəyin yoxluğu önəmlənir.
Müəlif bu şeirdə
də (əvvəlki şeirlərə verdiyimiz
izahlar kimi) “Tanrı “Ol!” dedi hadisəsini xatırladır, “Mən sən oldum” yəni ruh cismə
daxil olarkən yer üzündəki formaya çevrilməsini,
cismani tələblərin
baş verməsini: nəfs ilə ruhun mübarizəsinin başlamasını və
insandan sonra meşələr, dağlar,
dənizlərin yarandığını
söyləyir. Semantikada isə
yenə yuxarıdakı
açıqlamalarda olduğu
kimi, “Hər şeylır “Ol”du...” bu dünyanın yaranışında insana
xidmət edən maddi varlığın insanın cismani ehtiyacına xidmət etməsinə işarədir.
Məcazsız deyimli bu şeirdə xəbər cümlələri
ilə romantik fəlsəfi fikirlər irəli sürülür...
Sona xanım
“Şairlər” şeirində
yaratdığı şair
obrazı bəşəri
nöqteyi-nəzərdən təkrarolunmaz bir zirvədə durur. Fikrimizi
izah etmək zərurətindən irəli
gələn vəziyyətə
görə bu şeiri təhlil etmək üçün dörd hissəyə bölüb, bədii təsvir vasitələrinin
vurğulanması ilə
şeirin poetik məzmununa və mahiyyətinə diqqət
edib nəzərdən
keçirək:
I hissə
Şeirlərində hər zaman
Sözün ağrısından keçərlər,
Söyləməyə
həqiqətin acısını
seçərlər şairlər...
Tanrı
aşiqi,
eşq dəlisi olduğundan
çox vaxt sevməzlər
şairləri...
Dostu çox, sirdaşı az,
bostanı daşlı,
könlünün gözü
yaşlı olar
şairin...
Şeirin
bu hissəsində: “sözün ağrısı”,
“həqiqətin acısı”,
“bostanı daşlı”,
“könlünün gözü
yaşlı” əlamətləri
insan psixologiyasına köçürülməklə, metafor deyimlərlə əsl şair obrazı təqdim olunur; eyni zamanda
bu məcazlar şeirdə alliterasiya yaradır. Bir məqamı da qeyd edək ki, şairin “Tanrı aşiqi” olması da vacib keyfiyyətdir...
(ardı
var)
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 16 may.- S.10.