Tarixi ipək yolu
– Ani şəhəri haqqında
Orta əsrlərin mühüm ipək yolu şəhəri olan Ani şəhəri mədəniyyətlərin qovuşduğu bir yerdir. Ani və onun ətraf ərazilərinin tarixi haqqında ilk izlər eramızdan əvvəlki dövrlərə qədər gedib çatır.
Anidə ilk dəfə arxeoloji qazıntı və tədqiqat işləri rus arxeoloqu Nikolay Marr tərəfindən 1893-1894 və 1904-1917-ci illər arasında həyata keçirilmişdir. Türkiyə Cümhuriyyəti yaranandan sonra Ani şəhərindəki qazıntı və araşdırmalar Türk tədqiqatçıları tərəfindən həyata keçirilmişdir. Kılıç Kokten (1944-1945), Prof.Dr.Kemal Balkan (1964-1967), Prof.Dr.Beyhan Karamağaralı (1929-2005) bu sahədə araşdırmalar aparan tədqiqatçılardır. 2006-cı ildən sonra Prof.Dr.Yaşar Çoruhlu burada araşdırmalar aparmışdır.
Tarixi ipək yolu şəhərlərində olduğu kimi, Ani şəhəri də Qala (İç qala və ya Yuxarı şəhər), Şəhristan və Rabat olmaqla 3 hissədən ibarət olmuşdur. Müəyyən zaman kəsiyində şəhərin nüfuzu artdığından İç qalanın ətrafında Şəhristan və ticarətin məskəni olan Rabat hissəsinə də yayılmışdır. Səlcuqlar zamanında İç qala, Şəhristan və Rabat hissələr inkişaf etmişdir. Ani şəhəri 1064-cü ildə Səlcuq sultanı Alp Arslan tərəfindən fəth edilmiş və şəhərin katedralı Fəthiyə Camisi adı ilə Camiyəyə çevrilmişdir. Şəhərin ana giriş qapısı şəkildə gördüyünüz Arslanlı Qapıdır.
Qapı üzərində Arslan Səlcuq sultanı Alp Arslanı təmsil etmişdir. Bürc divarı üzərindəki kufi kitabə (1066) Şəddadi əmiri Əbu Sac Mənüçöhrə aiddir. Anadolu Türk üslubunda inşa edilmiş ilk cami olan Mənüçöhr Camisi də onun tərəfindən inşa edilmişdir.
Arslanlı qapıdan başqa, şəhərin (təbii sərhədini təşkil edən) kəndə keçici olan tək girişli ipək yolu körpüsünün bağlandığı Bağsəkisi Qapısı, qərbə doğru Mığmığ Dərəsi Qapısı, Acəmoğlu Qapısı, Satranç Qapısı, Qars Qapısı, Gizli (Oğrun) Qapıları da mövcuddur.
Şəhərin içərisində fərqli dinlərin və etiqadların zəngin nümunələri və sənət özəlliklərini sərgiləyən ibadət tikililəri (camilər, kilsələr, atəşgahlar), ticarətxanalar, emalatxanalar, hamamlar və karvansaralar kimi çoxlu sosial yönümlü tikililər, saray və evlər də mövcuddur. Anidə xristian dininin əlamətləri ön plana çıxarılmaqla bərabər, şəhər uzun müddət Türk və İslam dövlət başçıları tərəfindən idarə olunmuşdur.
Ani şəhəri bu gün Türkiyə Cümhuriyyətinin inzibati ərazisində bir
Açıq Hava Muzeyi
olaraq fəaliyyət göstərir, tədqiqatçılar
tərəfindən aparılan araşdırmalar bu qədim şəhərin sirlərini daha dərindən öyrənməyə imkan verir.
Naibə Əhmədova
ADPU, Azərbaycan
tarixi kafedrasının müdiri,
t.ü.f.d.
Palitra 2018.- 16 may.- S.7.