Azərbaycan Xalq
Cümhuriyyətinin milli iqtisadi modeli
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətdə
olduğu 23 aylıq dövrdə mükəmməl iqtisadi
siyasət həyata keçirilib və çoxşaxəli
xarici-ticarət əlaqələri qurulub. 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyəti sahib olduğu iqtisadi imkanlara görə
az müddətdə çevik islahatlar
aparıb. Həmin illərdə qısa müddətdə
Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam
formalaşdırılıb. 23 ay ərzində hökumətdə
bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri
arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli
bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə
və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov,
A.Əminov (ticarət və sənaye naziri), Əkbər
ağa Şeyxülislamov, Xosrov bəy Sultanov, A.Qardaşov,
Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək
naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski
(yollar, poçt və teleqraf naziri), Cəmobəy Hacinski, Məmməd
Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli,
Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi),
A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye
naziri), G.Lizqarın (ərzaq naziri).
1918-1920-ci
illərdə AXC hökuməti tərəfindən
iqtisadiyyatın bərpası üçün xeyli iş
görülüb. Ölkənin inzibati-ərazi
quruluşunda dəyişikliklər edilib, maliyyə işi
qaydaya salınıb. Bunlardan başqa,
Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir
yolunun çəkilişi işi sürətləndirilib.
Cümhuriyyət dövründə
Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı
mövqeyə sahib olub
Cümhuriyyət hökumətinin Azərbaycanda həyata
keçirdiyi iqtisadi fəaliyyət, əsasən, 1919-cu ildə
daha əhəmiyyətli olub. Həm bu ilin
bütünlüklə cümhuriyyət dövrünə
daxil olması, həm də hökumətin
strukturlarının tam formalaşdırılması bir
sıra islahatların həyata keçirilməsinə imkan
yaradıb. 1919-cu ildə Azərbaycanın
dövlət büdcəsi 665 milyon manata bərabər olub.
Bunun böyük hissəsini neft
satışından əldə edilən gəlirlər və
tutulan mənfəət vergisindən daxil olmalar təşkil
etmişdir. Büdcəni
formalaşdırmaq üçün əsas mənbə gəlir
vergisi idi. 1919-cu ildə ölkədə mənfəət
vergisinin dərəcəsi 30 faizə bərabər olub.
Büdcə daxilolmalarında ikinci mühüm
mənbə şərab, tütün və xüsusən,
neft məhsullarından alınan aksiz vergisindən ibarət
idi. Bunlarla bərabər, büdcənin 100 milyon
manatlıq hissəsini gömrükdən, 15 milyon
manatını isə azad ticarət, yük, sərnişin
daşınmasından toplanan rüsum təşkil edib. Məhdud imkanları olan büdcənin çox hissəsi
əməkhaqlarının verilməsinə yönəldilib.
Hökumət, az da olsa, büdcədən təhsil
üçün 30 milyon, hərbi xərclər
üçün 80 milyon manat vəsait ayıra bilmişdi. AXC qurulana qədər baş verən münaqişələr
səbəbindən çoxlu yaşayış məntəqələri
dağıdılmışdı. Büdcədən
təxminən 130 milyon manat məhz bu
çatışmazlıqların aradan qaldırılması
üçün istifadə edilib.
Cümhuriyyət dövründə Azərbaycan
iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib
olub.
Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə
3287 quyudan 185, 6 milyon pud (2,96 milyon ton),
1919-cu ildə 2066 quyudan 225,1 milyon pud (3,6 milyon ton), 1920-ci ildə
2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.
Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar
Rusiya, daha sonra isə görülən tədbirlər nəticəsində
Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar
Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə
azalıb. Bu amil Azərbaycan
iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb
olub. Şimal bazarının bağlanması nəticəsində
1919-cu ildə respublikada hasil olunan 3,6 milyon
ton neftin yalnız 600 min tonu ixrac edilib.
Avropaya
neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql
etmək gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri
bərpa edildikdən sonra mümkün olub. Neft
ixracının güclənməsi ölkəmizin
bütün istehsal sahələrinin inkişafına təkan
verib. Həmin dövrdə elektrik stansiyalarının
gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 min kVt-ı
“Ağ şəhər” və “Bibiheybət”
stansiyalarının payına düşüb.
“AXC-nin aqrar siyasətinin əsas məzmunu
əkinçiliklə məşğul olan əhali kütləsinin
maddi və sosial vəziyyətinin yaxşılaşdırılması
olub”
Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə
Azərbaycan daha çox aqrar ölkə olub. Azərbaycanda həmin
dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş,
atların sayı 150 min baş, camışların sayı
300 min baş, dəvələrin sayı 12 min baş, qoyun və
keçilərin sayı 1,5 milyon başa çatıb.
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,
İqtisad üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərov
bizimlə söhbətində dedi ki, cəmi 23 ay mövcud
olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi
islahatların əsas mahiyyəti və hədəfləri
xalqın rifah halının
yaxşılaşdırılması olub: “Xüsusən, aqrar
islahatlar, torpaqların kəndlilərə verilməsi,
mülkiyyətin bütün formalarına bərabər şəraitin
yaradılması istiqamətində əhatəli addımlar
atılıb. 1919-cu il fev¬ralın 4-də
parlamentdə aqrar islahat komissiyası yara-dıl¬ıb və
1920-ci il aprelin 21-dək fəaliyyətini davam etdirən
komis¬siyanın 25 dəfə iclası olub. Əkinçilik
Nazirliyində hazırlanmış və Nazirlər
Şurasına təqdim edilmiş aqrar islahat layihəsinin əsas
müddəalarına (1919-cu il iyul-avqust) görə,
hüquqi və fiziki şəxslərə saxlanacaq torpaq
norması kənd yerlərində 100-150, şəhər yerlərində
5-7 desyatin həddində müəyyənləşdirilmişdi.
Az torpaqlı və torpaqsız əhalinin torpaqla təmin
olunması üçün onlara ayrılacaq torpaqlar
bağçılıq və qiymətli əkinçilik mədəniyyətinin
inkişaf etdiyi rayonlarda 1,5 desyatin, dənli bitkilərin becərildiyi
ərazilərdə 3 desyatin, heyvandarlıqla məşğul
olan əhali üçün 8 desyatin həcmində müəyyənləşdirilmişdi.
Onu da deyim ki, Müsavat fraksiyasının aqrar
islahat layihəsini təqdim etmişdi. Bu
Qanun layihəsində hüquqi və fiziki şəxslər
üçün torpaq normasının saxlanılması nəzərdə
tutulur və normadan artıq torpaqlar dövlət torpaq fonduna
daxil edilirdi”.
Seyfəddin
Səməndərovun fikrincə, aqrar islahatla bağlı
formalaşmış əsas mövqelər belə olub:
“Müsavat”, “İttihad” və “Əhrar” kimi sağ təmayüllü
partiyaların mövqeyinə görə aqrar məsələnin
həllində əsas ideya mülkiyyət plüralizmi,
mülkiyyət normasının bütün cəmiyyət
üzvləri üçün məqbul sayılacaq hədlərin
müəyyənləşdirilməsi fikri idi. Sol
təmayüllü partiyaların mövqeyi özünü
“eserlərin” və “bolşeviklərin” tələb və qərarlarında
büruzə verirdi. “Üçüncü
istiqamət isə “sosializm” ideyalarına meyilli siyasi
partiyaların bir qrup nümayəndələri kimi təqdim
olunurdu və burada əsas ideya fərdi mülkiyyət və
fərdin mülkiyyətsizləşməsi arasında
münasib balansın axtarılması fikri idi”.
Seyfəddin
Səməndərovun sözlərinə görə,
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
aqrar siyasətinin əsas məzmunu əkinçiliklə məşğul
olan əhali kütləsinin maddi və sosial vəziyyətinin
yaxşılaşdırılması olub: “Həmçinin
torpaq icarəsi münasibətləri tənzimlənib.
Proqramların reallaşması üçün
komissiyaların yaradılması və s. kimi sistemli tədbirlər
də görülüb”.
AXC-nin milli iqtisadi modeli gələcəkdə
daha geniş islahatların aparılması üçün
geniş imkanlar yaradırdı...
Hər bir dövlətin əsas iqtisadi atributlarından
biri, təbii ki, onun milli valyutasıdır. Azərbaycanın
milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində
tədavülə buraxılıb. İlk əsginaslar
25, 50, 100 və 250 manatlıq olub. Bir qədər
sonra manatın daha böyük 500-lük əsginası
emissiya edilib. Azərbaycan birjalarında
pulların məzənnələrinə diqqət yetirdikdə
görünür ki, manatın kursu aparıcı valyutalara
nisbətən çox aşağı olub. Məsələn,
1919-cu ildə 100 rublluq “Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi
315 manat, 1 Amerika dolları 280 manat, Fransa frankı 10 manat,
İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 manat, rus
onluq qızıl valyutası 420 rubl manat və s. təşkil
edib.
Maliyyə-pul
siyasətini daha da gücləndirmək üçün
1919-cu il sentyabr ayının 30-da Bakıda
Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu il oktyabrın 25-də kredit bankları və
şəhərlərdə əmanət kassaları fəaliyyətə
başlayıb.
Azərbaycan həmin illərdə aqrar ölkə olsa
da, strateji məhsulların çox hissəsini idxal
hesabına təmin edib. Taxıla olan ehtiyacını
qarşılamaq üçün xaricdən 7 milyon pud (112 min
ton) buğda alıb. Təxminən 16 min
ton şəkər idxal edib.
AXC xarici
ölkələrlə ticarət-iqtisadi əlaqələrində
barter üsulundan geniş istifadə edirdi, alınan
malların və təbii sərvətlərin müqabilində
daha çox neft verilib. Azərbaycan Amerikadan, Fransadan,
İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi
hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin,
yüz ədəd parovozun, iki min sisternin, beş yüz
bağlı vaqonun, ərzaq məhsullarının dəyərini,
əsasən, neft, pambıq, yun, ipək, gön və dəri
ilə ödəyib.
Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri
qaydaya salmaq üçün gömrük xidməti də
yaradılıb, Bakı-Batum neft kəməri bərpa edilib,
Kür çayı üzərində körpü tikilib,
Bakı-Ceyhan dəmir yolu inşa edilib, Xəzər dəniz gəmiçiliyi
yenidən qurulub.
Görülən
bu işlər sübut edir ki, Azərbaycan Xalq Cümhuriyyəti
az bir müddətdə öz
iqtisadiyyatını da milliləşdirə bilmişdi. Bu milli iqtisadi model gələcəkdə daha
geniş islahatların aparılması üçün
geniş imkanlar yaradırdı. Bolşevik istilası
buna imkan verməsə də, 70 il sonra Azərbaycan
yenidən müstəqilliyini bərpa etdikdən sonra milli sərvətləri
əsasında özünün iqtisadi çiçəklənməsinə
nail ola bildi.
Fuad Hüseynzadə
Palitra.-2018.-23 may.-S.10.