Buludxan Xəlilov:
“Yazıçılarımız birbaşa,
dolayı yolla, bəzən sətiraltı
yazmaqla erməni məsələsini öz əsərlərində diqqətdən
kənarda saxlamayıblar”
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı Buludxan Xəlilovla
olan müsahibəni təqdim edirik:
- Buludxan müəllim, Azərbaycan
ədəbiyyatında erməni məsələsi uzun müddət
ədəbiyyatçılarımız tərəfindən
ciddi olaraq araşdırılmamışdır. Buna baxmayaraq,
böyük ədiblərimiz əsərlərində bu
mövzuya diqqətlə yanaşaraq bu günümüz
üçün lazımlı məsələlərə
toxunmuşlar. Artıq həmin əsərlərdəki erməni
xislətinin araşdırılmasının vaxtı
çatıb və belə bir mövzu ilə bağlı
gözəl əsəriniz çap olunub. Bu haqda
oxucularımıza məlumat verərdiniz.
- Sizə
deyim ki, niyə “Azərbaycan ədəbiyyatında erməni
xisləti” mövzusunu bir obyekt kimi seçdim? Ümumiyyətlə,
məni çox maraqlandırdı ki, bizim
yazıçılarımız nə dərəcədə
erməni məsələsinə münasibət bildiriblər.
Belə ki, tarixən ermənilər bizi narahat etmiş və
Cənubi Qafqazda ermənilər həmişə türklərə,
müsəlmanlara qərəzli münasibətdə
olmuşdur. Mən də maraqlandım ki, görüm ədəbiyyatımızda
bu necə əks olunub. Əvvəla deyim ki, Sovetlər dönəmində
yaşayanda ideologiya imkan verməyib ki, Azərbaycan ədəbiyyatında
erməni xisləti mövzusu araşdırılsın.
SSRİ dövründə qardaşlıq ideologiyası bərqərar
olduğu üçün bu məsələlər diqqətdən
yayınıb. Amma biz Azərbaycan ədəbiyyatı tarixində
müxtəlif yazıçılarımızın əsərlərinə
diqqətlə yanaşanda görürük ki, onlar
yaşadıqları dövrdə erməni problemi gündəmdə
olub və onlar ermənilərin Azərbaycan xalqına
qarşı törədikləri əməlləri təhlil
ediblər. Buna görə də mən bu əsərdə
Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin,
Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəfər
Cabbarlının, Yusif Vəzir Çəmənzəminlinin əsərlərində
erməni məsələsinin necə əks olunmasına diqqət
yetirmişəm. Qeyd edim ki, adlarını qeyd etdiyim
yazıçılardan başqa, digər
yazıçıların yaradıcılığında da
erməni məsələsi vardır və bunlar
araşdırılmalıdır. Mən bu mövzunu ilkin
iş olaraq başladım.
Bəzən
yazıçıların özlərinə də yersiz
hücumlar, tənqidlər olur ki, guya onlar erməni problemindən
bəhs etməyiblər. Halbuki zaman-zaman erməni məsələsi
bizim yazıçılarımızın əsərlərində
özünə yer alıb. Yazıçılarımız
birbaşa, dolayı yolla, bəzən sətiraltı yazmaqla
erməni məsələsini öz əsərlərində
diqqətdən kənarda saxlamayıblar. Sadəcə olaraq tənqidçilərimizə,
ədəbiyyatşünaslarımıza bu məsələni
tədqiq etmək üçün zaman, dövr imkan verməyib.
İndi isə bu məsələnin hərtərəfli
araşdırılması üçün hər cür imkan
var. Biz erməni məsələsinin mahiyyətini açmaq
üçün təkcə elmi mənbələrlə kifayətlənməməli,
həm də bədii materiallardan istifadə edərək əsl
həqiqətin nədən ibarət olduğunu hər bir kəsə,
o cümlədən dünya ictimaiyyətinə
çatdırmalıyıq. Bu problemin mahiyyətini yalnız
özümüzə anlatmamalı, yalnız Azərbaycan cəmiyyətinə
və Azərbaycan gəncliyinə izah etməməli, həm
də dünyanın anlamasına, diqqət göstərməsinə
yönəlişli olan işlər görməliyik. Hər
şeydən əvvəl, erməni məsələsi ilə
bağlı elmi mənbələr, bədii materiallar və
digər sənədlər beynəlxalq dillərə tərcümə
olunmalıdır ki, dünya əsl həqiqətin nədən
ibarət olduğunu bilsin.
- Əsərinizdə
toxunduğunuz yazıçılardan biri də Mirzə Fətəli
Axundzadədir. Mirzə Fətəlinin
yaradıcılığında da erməni məsələsi
əks olunmuşdur. Bu, yazıçının erməni
mövzusuna biganə olmadığını göstərir.
Bu baxımdan, söhbətimizi davam etdirək.
-
Mirzə Fətəli Axundzadənin əsərlərində
erməni xislətini açan çoxlu məsələlər
gördüm. Məsələn, Mirzə Fətəli Axundzadənin
“Hacı Qara” əsərində çoxlu bədii detallar var.
Kitabımda həmin bədii detalları mətnə istinad edərək
vermişəm. Əsərdə Mirzə Fətəli erməni
xislətini, onların ikiüzlülüyünü
açır. Əsərdən bir daha görürsən ki,
Mirzə Fətəli Axundzadə erməni xislətini daha dərindən
bilib və ermənilərin Cənubi Qafqazda insanların
başlarına açdığı oyunlar “Hacı Qara” əsərində
üzə çıxır. Ermənilər insanlara
böhtanlar atırlar, ruslara iş verirlər (yəni xəbərçilik
edirlər) və digər böhtanlarla məşğul olurlar.
Əsərdə Hacı Qaranın mənfi obrazda olmasına
baxmayaraq, o, erməni xislətini çox dərindən bilir.
Bu səbəbdən də bizim Hacı Qara obrazına rəğbətimiz
daha da artır. Harada erməni varsa, orada qaragüruhçuluq,
xəyanət var. Biz Mirzə Fətəli Axundzadənin əsərində
erməni məsələsini öyrəndikcə
anlayırıq ki, Mirzə Fətəli erməni məsələsinə
biganə qalmamışdır. Aydın olur ki, Mirzə Fətəli
Axundzadə erməninin iç üzünü
açmışdır. Sadəcə olaraq bizim ədəbi-tənqidimiz,
ədəbiyyatşünaslığımız Sovet
ideologiyasının təsiri altında olmuşdur deyə, bu
məsələlər tam olaraq qabardılmamışdır.
Buna görə də biz əsərimizdə birbaşa bədii
materialdan çıxış etmişik. Bədii
materialın nə dediyini diqqət mərkəzində
saxlamışıq.
İstərdim
ki, bədii materialların bəzi konkret məqamlarına diqqət
edək. Məsələn, Mirzə Fətəli Axundzadə
“Hacı Qara” əsərində ermənilərin
yüzbaşısı Ohanın qorxaqlığını və
ikiüzlülüyünü açır. Belə ki, erməni
yüzbaşısı Ohanın dəstəsi müsəlman
qaçaqçıları görəndə
iştahasını gizlətmir. Erməni
yüzbaşısı Ohanın iştahası qulluq, vəzifə
almaqdır. Ona görə də o, müsəlman
qaçaqçıların onunla həmyerli, qarabağlı
olmalarını nəzərə almır. Ancaq o, qarşı
tərəfin (müsəlman qaçaqçıların) qətiyyətini
görəndə tamam dəyişir və deyir ki, onları
murov göndərib, onların heç bir günahı yoxdur.
Beləliklə, ermənilərin yüzbaşısı Ohan
qorxaqlığını və ikiüzlülüyünü
ortalığa qoyur. O, Heydər bəyin, Əsgər bəyin
müqavimətindən sonra deyir: “... Sən elə bilirsən,
biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə
sataşırdıq ki, bizi murov göndərib, görək siz
nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevərlərdən
camış almağa, sövdəmiz baş tutmadı,
qayıdıb gedirik”. Bax budur erməni qorxaqlığı və
ikiüzlülüyü. Mirzə Fətəli Axundzadə istənilən
bir şəraitdə, vəziyyətdə ermənilərin
tez dəyişdiyini oxucuya çatdırır. Bundan başqa,
Mirzə Fətəli Axundzadə Hacı Qaranın dili ilə
ermənilərin hiyləgər olduqlarını,
nadürüstlüklərini, başqalarını tovlayıb
(kazakları) üstə gətirmələrini tənqid edir.
Mirzə
Fətəli Axundzadə ermənilərin böhtançı
olduqlarını Ohan yüzbaşının dili ilə oxucuya
çatdırır. Belə ki, Ohan yüzbaşı
naçalnikin yanında Heydər bəyin üzünə
durur. Və deyir ki, guya, Heydər bəy və digərləri
Əylis ermənilərini soyublar, ipəklərini alıblar.
Ohan yüzbaşı öz böhtanını təsdiq etmək
üçün iyirmi ildir böyüklərə xidmət
etməsindən, ona xidmətinə görə keçən
il gümüş medal yazılmasından, bəylik şəhadətnaməsi
almasından, əsil-nəcabətini isbat etməkdən dəm
vurur. Bununla murov və naçalnikə sübut etmək istəyir
ki, ona inansınlar. Ancaq uzun mübahisə və
münaqişədən sonra əsl həqiqəti
naçalnikə və murova Heydər bəy açıb
deyir. Ohan yüzbaşının böhtan və yalan söylədiyi
məlum olur.
Mirzə
Fətəli Axundzadə “Aldanmış kəvakib” əsərində
şahın hüzurunda Axund Səmədin belə bir fikrini
verir: “... Hətta mən istərdim ki, cuhudlara və ermənilərə
dəxi əl qatıb oları da şiə məzhəbinə
döndərim, amma bir para xeyrəndiş kimsənələr
məsləhət görmədilər ki, lüzumi yoxdur.
Çünki hər torpaqda cühuddan və ermənidən
bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir”.
Mirzə Fətəli Axundzadənin Axund Səmədin dili ilə
belə bir fikri oxucuya çatdırması təsadüfi
deyil. Burada sual doğuran məqamlar var. Birincisi,
mollabaşı Axund Səməd niyə cuhud və erməniləri
şiə məzhəbinə döndərmək istəyir? Bəziləri
nə üçün cuhud və ermənilərin şiə
məzhəbinə dönməsini istəməmişlər.
Bizim torpağımızda cuhud və ermənilərin bir az
olmaları nə üçün məsləhətdir? Bu
sualların cavabı müxtəlif ola bilər. Ancaq bu məsələni
Mirzə Fətəli Axundzadə mollabaşı Axund Səmədin
dili ilə elə-belə deməmiş, nə dediyinin mahiyyətini
dərindən dərk etmişdir.
- Azərbaycan ədəbiyyatında
tanınmış simalardan biri olan Cəlil Məmmədqulu-zadənin
də əsərlərində erməni məsələsinə
geniş şəkildə toxunulur. Burada qoyulan problemlər bu
gün də öz aktuallığını itirmir...
- Biz
Cəlil Məmmədquluzadənin əsərlərində də
erməni xislətini aydın görə bilirik. Mirzə Cəlilin
əsərində bir epizod var ki, Xudayar bəy erməni
dükanından alver edə bilmir. Axı erməni
çoxbilmişdir və ona nisyə çay, qənd vermir.
Xudayar bəy çayı, qəndi gedib müsəlmandan
alır. Əslində, Cəlil Məmmədquluzadə burada
erməni ilə müsəlmanın nə alveri olduğunu
deyir. Axı erməni xisləti tamam ayrıdır.
Görürük ki, sətiraltı bədii material çox
şeyi deyir.
Usta
Zeynal kifayət qədər təmiz adamdır. Amma erməni
Akop çoxbilmiş insandır. Biz əsərdə müsəlman
qadının erməniyə acımasının şahidi
oluruq. Bu, azərbaycanlı müsəlman qadının
böyüklüyüdür.
Yenə
də konkret bədii parçalara diqqət edək. Niyə
Xudayar bəylə erməni Karapet alver edə bilmirlər?
Əslində, bu sualın cavabını Cəlil Məmmədquluzadə
bədii şəkildə açıqlayır, özü də
onların hər ikisinin dili ilə “Danabaş kəndinin əhvalatları”
əsərindən aydınca görünür ki, Xudayar bəyin
öz və Karapet ağanın da öz məqsədi var.
Onların hər biri öz məqsədinə nail olmaq
üçün “mən kiməm?”, “sən kimsən?”
suallarını ayırd etməyiblər və bu suallara cavab
tapmaq işini də çox ləngidiblər. Ona görə
də Xudayar bəyin də, Karapet ağanın da nəvələri,
nəticələri, kötücələri hələ də
bu əziyyəti çəkirlər. Başqa sözlə,
“kim kimdir?” məsələsi hələ də həll
olunmayıb. Maraq olan yerdə, özü də müsəlman
Xudayar bəylə erməni Karapet ağanın marağı
olan yerdə məsələlər sona qədər həll
olunmalıdır ki, onların hər biri öz yerində
otursun. Müşkül olan da budur ki, bunu müsəlman
Xudayar bəylə erməni Karapet ağa öz aralarında
razılaşa bilmirlər. Belə olanda nə deyərlər?
Deyərlər ki, Allah bilən məsləhətdir. Ya da ki,
müsəlman Xudayar bəylə erməni Karapet ağanın
alveri baş tutmaz. Ay Xudayar bəy, bu ermənilər heç
həqiqəti qəbul etmirlər, sən isə Karapet ağa
ilə nisyə alver etmək istəyirsən?
(ardı var)
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 31 may.- S.13.