Natəvan Dəmirçioğlu:
“Mən altı qızı tək saxlayan atanın
övladı olmuşam”
Natəvan Dəmirçioğlu
(Mansurova-Atamoğlanova Natəvan Dəmirçi qızı) 1
noyabr 1963-cü ildə Qazax rayonunun Daşsalahlı kəndində
anadan olub. 1984-89-cu illərdə Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
Hələ tələbəlik illərindən dövrü mətbuatla
və Respublika Radiosu ilə əməkdaşlıq edib.
Universiteti bitirdikdən sonra - 1998-ci ildən Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
əvvəl müxbir (1998), sonra kiçik redaktor (1989-1991),
redaktor (1991-1994), böyük redaktor (1994-1995) kimi fəaliyyət
göstərib. 1995-ci ildən Azərbaycan Beynəlxalq
Radiosunun Cənubi Azərbaycan şöbəsinin müdiri vəzifəsində
çalışır. Yaradıcılığa erkən
yaşlarından-hələ orta məktəbdə oxuyarkən
başlayıb. İlk yazılarından yalnız “Bir ovuc
torpaq” hekayəsi 80-ci illərin ortalarında nəşr
olunub. “Yetim” povesti Natəvan Dəmirçioğlu
imzasını püxtələşmiş yazıçı
olaraq ədəbi ictimaiyyətə tanıtdı. Müəllif
Azərbaycan Ədəbiyyat Fondunun ”Qılınc və Qələm”
mükafatına (2004-cü il) layiq görülüb.
“Üç nöqtə” və “Səbət” povestləri əsasında
hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl
Fondunda qorunur. Elmi məqalələri Rusiya, Ukrayna, Türkiyə,
Qazaxıstan və Uralda nüfuzlu elmi nəşrlərdə
işıq üzü görüb. Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin müəllimidir.
- Natəvan xanım, öncə uşaqlıq illərinizdən, kitaba olan məhəbbətinizdən və ədəbiyyata gəlişinizdən danışardınız.
- Uşaqlığımı - o günləri rəngli yuxu kimi xatırlayıram. Həqiqətən, həyatımın çətinliklərinə, çox əziyyətlər çəkməyimə baxmayaraq, həmin günlər çox dadlı günlər idi. Və o günlərin şirin, dadlı, rəngli olmasında kitabların da yeri vardı. Oxuduğum əsərlərin, macəraların, nağılların, dünya ədəbiyyatından mütaliə etdiyim bir az sirli, bir az anlaşılmaz, bir az adların dolaşıq, yadda qalmaz çətinlikləri olmasına baxmayaraq, cəzbedici əsərlər... “Professor Doelin başı” fantastik əsəri, Mark Tvenin, Rabindranat Taqorun 70-80-ci illərdə Azərbaycan dilinə tərcümə edilən bütün əsərləri, Cəfər Cabbarlının faciəvi pyesləri, Səməd Vurğunun dram əsərləri, nağıllarımız, dastanlarımızın böyük əksəriyyəti, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, Mirzə İbrahimovun “Gələcək gün” romanı, nə qədər qəribə olsa da, Nizaminin “Xəmsə”si, Uilyam Şeksperin böyük, tünd yaşıl kitabı və onun içərisindəki dahiyanə əsərlər, Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm” romanları... (təsəvvür edirsiniz, o iki roman nə qalınlığında idi) mənim uşaq mütaliəmin əsas yaddaqalan əsərləridir. Mən anamı çox erkən - onun 37, mənim 12 yaşım olanda itirdim. Beləliklə, ailəmizin xoşbəxt, sevimli günləri ağır günlərlə əvəzləndi. O hadisədən hələ dörd il əvvəl anam xəstələndi və tam dörd il xəstə yatdı. Bu mənə ciddi təsir etdi. Mən altı qızı tək saxlayan atanın övladı olmuşam. Atam ixtisasca tibb işçisi olsa da, ədəbiyyat sevdalısı, aşıq ədəbiyyatını əzbərində saxlayan, şeir yazan və ağac oyma sənətinin mahir ustası idi. Həmin günlərdə biz həyatımıza kitablarla rəng qatırdıq, əsərlərlə ovunurduq, həm də o vaxt deyildiyi kimi, asudə vaxtımızı səmərəli keçirirdik. Əslində, bizim asudə vaxtımız heç olmurdu. Evin bütün işlərini biz uşaqlar görürdük, atama kömək edirdik, dərslərdən 5 alırdıq, əlaçı oxuyurduq və mütləq mütaliə üçün vaxt tapırdıq.
Aşağı siniflərdə olanda “Dəli Kür”ü oxuduğum üçün məni cəzalandırıblar. Böyük bacım Əsli oxuyurdu, bir az hissəsini mən də oxudum. Sonra tamam oxumaq istəyim yarandı. Bildim ki, bunu oxumağa məni qoymayacaqlar, atam görsə söylənəcək ki, sənin yaşın üçün bu əsər çox tezdir. Kitabı bacım qurtaran kimi, məktəb çantama qoydum, məktəbdə partanın altında xəlvəti oxuyurdum. Müəllim kitabı görüb əlimdən aldı, dedi ki, atana verəcəm. Mən çox qorxdum. Evdə həmişə sözəbaxan uşaq olmuşam. Qısa müddət xalamgildə yaşamışam. Xalam, “bu uşaq sağ əlimdir, sağ əlim” deyirdi. İndi atamın məni danlayacağı mənə çətin gəldi. Heç nə demədi. Elə güman etdiyim cümləni dedi: “Sənin yaşın üçün bu əsər çox tezdir”. Kitaba olan məhəbbətim uşaqlıq illərimdən qaynaqlanır.
Arzularım, istəklərim çox idi və anamın ölümünə qədər hələ həyatdan inciməmişdim. Yəni həyatın sərt üzünü görməmişdim və dünya mənə rəngli görünürdü. İnanın, ədəbiyyata necə gəldiyimi deyə bilmərəm. Elə bilirəm mən elə yaradılışımdan ədəbiyyatla məşğul olmuşam. Qazax mühiti elə bil havası, suyu, söz-söhbətləri, həvəsləndirmələri, maraq dairələri ilə yazı sənətini adamın canına toxuyur. İnsan üçün doğulub, boya-başa çatdığı mühit çox mühüm faktordur. Mən kəndimizdə əvvəlcə 1 nömrəli məktəbdə oxumuşam. Ədəbiyyat müəlliməm Şövkət müəllimə inşa yazdıranda məndən bütün müəllimlərə danışırdı. İnşamdan onlara müəyyən yerlər oxuyurdu. “Ölmüş, elə bil əsər yazır” deyirdi. Onlar da deyirdilər ki, bu uşaqdan nəsə olacaq. Sonra beşinci sinifdən 2 nömrəli məktəbdə oxudum. Yenə ədəbiyyat müəllimlərim Münəzzər müəllimə, Mustafa, Adil müəllim inşalarımı əsər adlandırırdılar (gülür). Boynuma qoyurdular ki, bundan yazan olacaq və üstəgəl atamın arzusu, istəyi, bu yolda sonsuz cəhdləri, məni yazıçı elədi, deyəsən...
- İlk hekayənizi
xatırlayırsınız?
- İlk hekayələrim bir neçə hekayə idi, hətta ikipərdəli bir pyes də yazmışdım. Onlar çap olunmayıb. İlk nəşr olunan hekayəm “Bir ovuc torpaq” adlanırdı. Məhəbbət mövzusunda olan hekayə idi. Hekayə belə idi, müəyyən parçaları olduğu kimi, xatırlamağa çalışacam: “Qüdrət kişi, onun ömür-gün yoldaşı Gövhər xala neçə gün idi ki, nigaran idilər. “Qız nə üçün gecikdi?”, deyə biri-birindən soruşur, suallarına da təskinedici cavab ala bilmirlər. Onların kiçik qızı Xuraman Moskvada Tibb İnstitutunu bitirirdi. Qüdrət kişinin hesabına görə o, çoxdan kəndə qayıtmalı idi. Lakin qız gəlmək bilmirdi. Belə nigaran günlərin birində Xuramandan məktub gəlir. Gövhər xala məktubu özü oxumayıb ərinə uzadır: - Al oxu, görək nə yazılıb - deyir. Nəsə ürəyinə dammışdı. Qüdrət kişi əlləri əsə-əsə götürdüyü məktubu əvvəlcə öz ürəyində oxumağa başlayır. Kişi gözlərinə inanmır. Həmin cümlələri təkrar bir də gözdən keçirir: “Məni bağışla, ata, mən öz sevdiyim özbək oğlu ilə Özbəkistana getməli oldum. Taleyin işi belə imiş....” Qız belə bir məktub yazıb. Qüdrət kişi daha heç nə oxuya bilmir, taxtın üstünə yıxılır. Gövhər xala hay-haray salır. Əslində, o bilmir kağızda nə yazılıb. Tələsik kağızı nəzərdən keçirir. Qüdrət kişi özünə gələndə nə edəcəyini bilmir. Bir neçə günün içində qoca bağban daha da qocalır. Ata xəyallara dalır, Xuramanın saçına ağ bant bağladığı günləri xatırlayır. Ona “Kəpənəyim” dediyi o gözəl günləri yada salır. Bir gün Toğrul müəllim depressiyada olan Qüdrət kişinin yanına gəlir. Ona təskinlik verir. Kənddə hamının hörmət etdiyi Toğrul müəllim birbaşa mətləbə keçir: - Qüdrət kişi, neçə gündür fikirlisən. Göz qoyuram ki, özündə deyilsən. Belə yaramaz. Qız çıxıb getdi, öz yayından çıxan ox kimi, bir də geri qayıdan deyil. Yox, səhv elədim. Qayıdacaq. Əri ilə, uşağı ilə elini yoxlamağa gələcək. Onda indi keçirdiyin həyəcanlar yadından çıxacaq. Çox da özünü üzmə,-deyir. Qüdrət kişi Toğrul müəllimi dinlədikdən sonra yerdən bir ovuc torpaq götürüb ona göstərir və deyir: - Yox, Toğrul müəllim, o mənim yox, Gövhərin yox, bu bir ovuc torpağın həsrətini çəkəcək qürbətdə. Məni yandıran bu dərddir. Mən özüm bu torpaq üçün beş il davada qan tökmüşəm. Faşistlərlə vuruşmuşam... Toğrul müəllim də deyir: - Qüdrət dayı, siz düz deyirsiniz, torpaq, Vətən həsrəti öz yerində, axı məhəbbət də var. Məhəbbətsiz də yaşamaq olmur. Sən elə bilmə ki, Xuraman Vətənini sevmir. Ancaq o Vətən torpağını bizim başa düşdüyümüz kimi bir kəndlə, bir ölkə ilə məhdudlaşdırmır. Vətən böyükdür, Qüdrət dayı. Özbəkistan da Vətənimizin bir parçasıdır. Toğrul müəllim susub Qüdrət kişinin üzünə baxır ki, görsün nə deyir, heyrətdən donub qalır: Qoca Qüdrət doluxsunmuşdu. Ağlayaraq pıçıldayırdı: “Ax, kəpənəyim, sən uçub haralara getdin?!”. Natəvan Mansurova imzası ilə “Qalibiyyət bayrağı” qəzeti, 7 mart 1983-cü il tarixində bu hekayə çap olunub. İndi sizə danışanda özümə də qəribə gəlir ki, 20 yaşında xeyli qlobal düşünürmüşəm (gülür).
Bu günlərdə, (28 oktyab, 2018) “Ədəbiyyat” qəzetində tənqidçi, esseist Əsəd Cahangirin yaradıcılığım haqqında yazdığı məqalədən bir hissə çap olunmuşdu. Müəllifin, “Avey əfsanəsi”(1986) Dəmirçioğlunun kitaba daxil edilənlər arasında yazılma tarixi baxımından ilk əsəri olsa da, ümumən ilk işi deyildi. Çünki hekayənin yetkin üslubu müəllifin bu əsərə qədər xeyli yol keçdiyini aydın göstərir” cümləsi marağıma səbəb oldu. Çünki bu hekayədən əvvəlki yaradıcılıq məndə qapalıdır, heç kəsə məlum deyil. Yalnız əvvəldə adını çəkdiyim kiçik hekayə istisnadır. Bununla belə, ədəbiyyatşünas fəhmlə həqiqəti duyub və yazıb.
- “Ədəbiyyat
nəzəriyyəsi” kitablarını, yəqin ki, erkən
yaşlarınızdan oxuyurdunuz?
- Bəli, mən “Ədəbiyyat nəzəriyyəsi”ni çox erkən oxumuşam. Orta məktəbdə biz, hələ “Ədəbiyyat nəzəriyyəsi”, “Müntəxəbat” kitablarını keçməyəndə bacım Məhbubənin “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyat müntəxəbatı”nı oxuyurdum. Çox zaman bunun üçün danlanırdım ki, öz dərslərini oxu. Məmməd Arif Dadaşzadənin, Feyzulla Qasımzadənin, Əkrəm Cəfərin, Qulu Xəlilovun, Bəkir Nəbiyevin məqalələrini, tərtib etdiyi nəzəri kitabları oxuyurdum. O dövrlərdə Yaşar Qarayev gənc yazar idi, ədəbiyyata yeni və orijinal gəlmişdi. Yaşar Qarayev, Aydın Məmmədov, Kamal Abdulla, Kamil Vəli Nərimanoğlu (BDU da bizim müəllim oldu), Elçin, (yeri gəlmişkən deyim ki, Elçin müəllimi mən yazıçıdan daha çox, ədəbiyyatşünas kimi oxumuşam), Vilayət Quliyev (o vaxt daha çox ədəbiyyatşünaslıqla məşğul olurdu) və başqaları da daxil olmaqla, nəzəriyyə kitabları tərtib edən alimlərin əsərlərini oxuyurdum. Hələ qeyd edim ki, digər gənc alimlərin məqalələrini də oxuyurdum. “Azərbaycan” jurnalının son bölümündə verilirdi.
- Necə oldu ki,
siz bu gün yazıçı olaraq tanındınız?
- Yazı həyatımda ən böyük hadisə 1996-cı ildə yazdığım “Üç nöqtə” povestimi ölməz yazıçımız Yusif Səmədoğlunun “Azərbaycan” jurnalında çap etməsi oldu. Yusif əmi baş redaktor və atamın dostu-qardaşı idi. Əsas məsələ odur ki, xahişə çap eləməmişdi, bəyənərək, üstəlik məni atama bərk-bərk tapşıraraq. Maraqlı bir faktı da ictimailəşdirərək ilk dəfə sizə deyim: 1986-cı ildə böyük yazıçımız İsa Muğannadan Respublika radiosunun studiyasında tələbə - jurnalist kimi müsahibə alırdım. Müsahibə qurtardı, söhbət edə-edə redaksiyaya qayıtdıq. Birdən İsa müəllim dedi ki, a qızım, sən yazıçısanmı? Dedim, yox, amma bir neçə hekayə yazmışam (onda bircə hekayəm çap olunmuşdu rayon qəzetində). Dedi “bir on ilə yazıçı kimi tanınarsan”. Bu cümləsini evdəkilərə də dedim, atam sevinirdi, məni həvəsləndirirdi. Həqiqətən, düz on ildən sonra, dediyim kimi, povestim dərc olundu. Və, beləcə, Tanrı bu işə “OL” dedi (gülür).
- Nə vaxt
bilirsiniz ki, yazmaq lazımdır?
- Heç vaxt planla əsər yazmamışam. Adətən, əsərə doluram. Əsər mənim ruhuma, canıma, qanıma, ürəyimə yol tapır. Yəni yerişimə qədər əsər mənə dolur. Bir sözlə, əsəri özümlə gəzdirirəm. Sonra yazıb ondan azad oluram.
Bu məndə çox mürəkkəb bir prosesdir. Ən əvvəl bir boşluq hiss edirəm. Darıxıram. Maraqlı nə isə istəyirəm. Dünya boz görünür gözümə. Gərgin oluram. Vurnuxuram. Nə isə axtarıram. Tapmıram. Baxmayaraq ki, həyatım, maşallah, çox doludur. Məni seçən və mənim seçdiyim insan, övladlarım, doğmalarım, hələ indi nəvəm ömrümə rəng qatır. Bu cür qarışıqlıq olan həyatımda dəhşətli dərəcədə darıxıram. Özümə yer tapa bilmirəm. Və bu an yazmaq özünü yetirir… İnanın, ədəbiyyat qədər məni heç nə xoşbəxt edə bilmir. Yazı prosesində fövqəl xoşbəxt oluram.
- Əsərlərinizdə
yaşadıqlarınız əks olunub? Və yeni hansı əsər
üzərində çalışırsınız?
- “Yazdıqlarımda uydurduğum heç nə yoxdur” demişəm bir dəfə. Əsərlərimdə uşaqlığımı, gördüklərimi, yaşadıqlarımı yazmışam. Elə bilin ki, uşaqlığım parça-parça o əsərlərə köçüb. Sanki yaşadıqlarım qığılcımlar şəklində - şimşək çaxanda göy üzündə necə siyirməqılınc işıq yanıb-sönür – bax, o şəkildə həyatda gördüklərim əsərlərimdə görünür. Bununla belə, öz həyatımı yazmamışam. Professor Rüstəm Kamal bir yazısında “Natəvan Dəmirçioğlu öz yaşantılarını mətnin arxasında çox böyük məharətlə gizlədir” yazmışdı. Mən yaxşı mənada bu kəşfə təəccübləndim, amma reaksiya vermədim.
Hazırda “Açar” adlı yeni roman yazıram. “Ədəbiyyat” qəzetində romanın bir neçə parçası dərc edilib. Hazır olanda əvvəl “Azərbaycan” jurnalında, sonra ayrıca kitab kimi nəşr etdirmək fikrindəyəm. Qismət olsun!
- Tarixi roman yazmaq
barədə heç fikriniz olubmu?
- Tarixi mövzuda roman yazmamışam. Bu, çox böyük məsuliyyətdir. Amma ara-sıra beynimdən belə bir qığılcım keçib gedir. Ürəyim başqa cür döyünür onda (gülür). Əgər yenidən bir əsərə dolsam, yəqin ki, o tarixi roman olacaq, bəlkə də heç yox… Bunu da deyim ki, bizim kifayət qədər qondarma tarixi əsərlərimiz var, bu sərfəsizdir. Amma Səməd Vurğunun “Vaqif” dramına hücumları qərəzli hesab edirəm. Səməd Vurğun bu əsərinə tarixi əsər deməyib, axı. Baxmayaraq ki, personajların çoxu tarixi şəxsiyyətlərdir. Bu əsərdə Qacarla Vaqifin deyişməsi sözün qüdrətidir. Səməd Vurğun burada şairi görmək istədiyi ucalığa, zirvəyə qaldırıb. Sözün zirvəsidir bu əsər.
-
Maraqlıdır, əsərlərinizdə Azərbaycan dilinin
saflığı qorunurmu?
- Sualınız tamamilə yerindədir. Ədəbiyyat ruh və dil hadisəsidir. Ədəbiyyatda mövzular milli, bəşəri ola bilər, əsər tarixi və müasir mövzuya həsr oluna bilər, janr istənilən qədər müxtəlif çeşiddə özünü sərgiləyər. Ədəbiyyat illər-əsrlərlədir xırda istisnalarla, əsasən, öz orbitində fırlanır. Yəni kobud və sadə desək, yazılanlar bir də yazılır, deyilənlər təzədən başqa cür deyilir. Dəyişən və individual olan dil faktıdır. YAZIÇININ DİLİ. Bunu böyük hərflərlə yazarsan(gülür).
Dilçi - ədəbiyyatşünas alimlərin dediklərinə görə mənim dilim saf, duru dildir. Bu belədirsə, səbəblər, məncə, bunlardır: Qazax ədəbi mühitinin şirinliyi, zövqlü mütaliə, genlərin diktə etdiyi və Tanrı bağışladığı pay, bir də otuz ildən artıq qarşısında dayandığım radio efiri. Radio dili canlı xalq dili ilə ədəbi dilin qovuşmasından yaranan unikal bir dildir. İntellektuallığına görə ədəbi dilə, canlılığına görə xalq danışıq dilinə istinadlanır. Nəticədə, sünilikdən uzaq, ləhcədən, dialektdən arınmış, doğma, sadə bir dil formalaşır.
- Bu gün siz, həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu barədə də danışardınız...
- Bakı Dövlət Universitetinin tələbəsi, məzunu, doktorantı, müəllimi olmuşam. Orada elmi dissertasiya müdafiə edib, fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2006-cı ildən hal-hazıra qədər BDU-da, müəyyən müddət Odlar Yurdu, Avrasiya universitetlərində dərs demişəm. Müəllimlik böyüklükdür! Böyüklük o demək deyil ki, öyrədirsən, türklər demiş “öyrətmən”, yox. Bildiyini verdiyinə görə böyüksən. Heç bir fəaliyyət növü ilə müqayisəolunmaz dərəcədə zövqlü, nəşəli, deyildiyi kimi, “çətin və şərəfli peşə”dir. Tələbələr övlad kimidir, sənin davamındır həm də…
- Son olaraq oxucularımıza sözünüz ...
- Müdriklər deyiblər ki, nə qədər
ki, sözü deməmisən, o sənə tabedir, sənə
itaətdədir, səndə gizlidir, elə ki, dedin, sən
onu aşkar etdin, indi sən ona tabesən. Oxucularımıza
arzu edirəm ki, danışanda, sözü deyəndə elə
desinlər ki, söz onların əleyhinə işləməsin.
Onlar dedikləri sözün quluna çevrilməsin,
ağası olsun həmişə.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra 2018.- 1 noyabr.- S.15.