“Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir”

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, ötən gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn aparıblar.

“Həmsədr ölkələr Ermənistana təzyiq göstərməlidirlər”

Yeri gəlmişkən, politoloq Qabil Hüseynli həmsədrlərin regiona səfəri ilə bağlı SİA-ya açıqlama verib. O, həmsədrlərin regiona budəfəki səfərlərindən ciddi gözləntisinin olmadığını deyib. Onun sözlərinə görə, çünki Ermənistanda Paşinyanın başı seçkilərə qarışıb: “Yəni Paşinyan danışıqlar prosesi haqqında düşünmür və vəzifəsindən də formal olaraq istefa verib. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrləri kiminlə görüşəcək, bunu söyləməyə də çətinlik çəkirəm. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi səviyyədə işləmirlər. Onlar da çox zaman bəhanə kimi göstərirlər ki, tərəflərdən təşəbbüs gəlməlidir. Yəni ATƏT-in Minsk qrupu münaqişənin həllində ikili yanaşma nümayiş etdirir. Əslində, Minsk qrupuna daxil olan dövlətlər fəal olmalı və bu prosesi sürətləndirməli və günahkar tərəfə müəyyən sanksiyalar tətbiq etməli, təzyiqlər göstərməlidir. Bu işi üç nəfərə tapşırıblar və bu üç nəfər də turist kimi gəlib-gedir. Belə olan halda da, onların dedikləri sözləri də heç kəs eşitmək istəmir”.

“Ermənistanda daxili vəziyyət gərgindir”

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov isə “Trend”ə bildirib ki, Dağlıq Qarabağdakı sadə ermənilərin Azərbaycanın qanunları altında yaşamaq istəmələrinə şübhə etmir. “Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir”,-deyə o əlavə edib.

B.Səfərovun sözlərinə görə, Ermənistanda daxili vəziyyət gərgindir: “Bu ilin əvvəlində Ermənistanda vəziyyət gərginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, “bu xəmir hələ çox su aparacaq”. Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa bir hadisələr baş verəcək. Mən belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir-birlərini didəcəklər. Bu ölkəyə rəhbər kim təyin olunacaq, onu hansı dövlət idarə edəcək və s. Hakimiyyətə gəlmək asan ola bilər, amma işləmək çətindir. Nikol Paşinyanın isə dövlət idarəçiliyi təcrübəsi yoxdur. İndiyə qədər Ermənistanda sadə xalq cinayətkar siyasətin qurbanı olub. Ermənistandan hər il minlərlə insan köçüb gedir. Ermənistan faktiki olaraq dövlət deyil, forpostdur”.

İcma rəhbəri qeyd edib ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir: “Əgər torpaqlarımızı xoşluqla azad etməsələr, onlar üçün yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir”.

İsveçrəli tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıblar

Bu arada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin İsveçrənin Franklin Universitetinin Bakıda qonaq olan tələbələrdən ibarət nümayəndə heyəti ilə görüşü olub.

Komitədən bildiriblər ki, görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Ermənistan ötən əsrin 80-ci illərinin sonunda ölkəmizə qarşı ərazi iddiası qaldırıb, az sonra isə hərbi təcavüzlə torpaqlarımızın 20 faizini zəbt edib. İşğalçının həmin əraziləri dərhal və qeyd şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 25 il əvvəl qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların qərarları icra olunmur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub, fiziki, mənəvi və maddi məhrumiyyətlərə məruz qalıb.

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələləri ölkəmizdə uğurla icra edilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, Bakıda və Sumqayıtda ağır şəraitdə yaşayan məcburi köçkünlərin, ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

İsveçrəli tələbələrə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan dövlət gənclər siyasəti və onun uğurlu nəticələri barədə də ətraflı məlumat verilib. Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, işlə təmin olunması və digər sosial-iqtisadi problemlərinin həlli üçün Dövlət Proqramlarının icra edildiyi bildirilib. Qeyd olunub ki, ölkədə gənclərin çoxsaylı ictimai təşkilatları fəaliyyət göstərir, azərbaycanlı gənclər beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaldır, ədalətli mövqeyini müdafiə edirlər.

Azərbaycanın multikultural və tolerant dəyərlərə hörmət baxımından dünyanın nümunəvi ölkələrindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə müxtəlif din və xalqların nümayəndələri dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar. Respublikanın müxtəlif ərazilərində məscid, kilsə və sinaqoqlar var, onlara dövlət tərəfindən diqqət və qayğı göstərilir.

Daha sonra qonaqlar məcburi köçkünlərin doğma yurd-yuvalarını tərk etdikdən sonra yaşadığı çadır düşərgələrinin, fin tipli qəsəbələrin, yataqxanaların və yeni salınmış qəsəbələrin maketlərinə baxıblar. Bildirilib ki, köçkünlüyün ilk illərində normal yaşayış şəraiti olmayan tikili və binalarda müvəqqəti sığınacaq tapan vətəndaşlarımız üçün müasir tipli qəsəbələr salınır və onlar yeni mənzillərlə təmin olunurlar.

Fuad Hüseynzadə

Palitra  2018.- 1 noyabr.- S.11.