“Ermənistanın
konstruktivlikdən kənar təklifləri
danışıqlar prosesinə təsir edə bilməyəcək”
Ermənistandakı ictimai-siyasi vəziyyət durmadan gərginləşməkdədir. Bununla yanaşı, Ermənistan hökuməti beynəlxalq imicini də itirməkdədir. Bu məsələlərlə bağlı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AZƏRTAC-a açıqlama verib: “Son zamanlar Ermənistan rəhbərliyi beynəlxalq səviyyədə əlaqələrini hansısa formada inkişaf etdirməyə çalışır. Ancaq biz bunun tam əksinin şahidi oluruq. Görürük ki, Ermənistanın siyasəti tam iflasa uğrayır. Nə qədər çox çabalayırsa, özünü bir o qədər də bataqlığın içərisinə salır”.
Səməd Seyidov
bildirib ki, oktyabrın
son günlərində baş
verən proseslər, keçirilən görüşlər
Ermənistanın siyasətinin nə dərəcədə iflasa uğramasının başlıca
göstəriciləridir. İstanbulda
oktyabrın 29-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər
nazirlərinin, oktyabrın 30-da isə Azərbaycan, Türkiyə
və İran xarici
işlər nazirlərinin üçtərəfli
görüşlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan,
Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin imzaladıqları
İstanbul Bəyannaməsində xüsusi bir bənd var. Həmin bənddə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipi əsasında,
o cümlədən BMT, ATƏT və Avropa Şurasının müvafiq
qətnamələri çərçivəsində həll
olunmasının zəruriliyi bildirilir. Azərbaycan, Türkiyə və İran
xarici işlər nazirlərinin
üçtərəfli görüşünün
nəticəsi olaraq imzalanmış Bəyannamədə
də beynəlxalq hüququn prinsipləri,
xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığına hörmət və dəstək,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin bu prinsiplər əsasında
həllinə dair qəti və prinsipial mövqe öz əksini tapıb. Bu
bəyannamələr, region dövlətləri,
xüsusilə də İran tərəfindən
Azərbaycanın ərazi bütövlüyünə və
suverenliyinə açıq-aşkar dəstəyin ifadə
olunması çox önəmlidir.
Münaqişənin məhz bu prinsiplər
əsasında həllinə çağırış edilməsi
bir daha onu göstərir ki, Ermənistanın
regionda destruktiv siyasəti
tamamilə iflasa uğrayıb.
“Azərbaycanın
ərazi bütövlüyü müzakirə obyekti deyil”
“Məsələyə
yanaşma yalnız region ölkələrini əhatə
etmir. Mən oktyabr ayının sonlarında keçirilən
yüksək səviyyəli görüşlərdən
danışarkən ABŞ Prezidentinin milli təhlükəsizlik
məsələləri üzrə müşaviri Con Boltonun
regiona səfərini qeyd etmək istəyirəm. O, səfər
zamanı Azərbaycanın mövqeyi ilə üst-üstə
düşən fikirlərini açıqladı. Biz o
mövqeyi dünyaya çatdırırıq ki, Ermənistan
hansısa inkişafa nail olmaq istəyirsə, qonşu dövlətlərlə
normal münasibətlər qurmağa can atmalıdır və
bunu etməlidir. Ermənistanın başqa
çıxış yolu yoxdur. Faktiki olaraq, həmin fikir Con
Boltonun bəyanatında da öz əksini tapdı. Bundan əvvəl
isə ABŞ-ın Ermənistandakı səfiri Riçard
Mills Ermənistan-Azərbaycan münaqişəsinin həll
olunması üçün Ermənistanın qonşuları
ilə münasibətlərini yüksək səviyyədə
qurmaq, xüsusilə də Azərbaycanın işğal
olunmuş ərazilərindən qoşunlarını
çıxarmaq məsələsini gündəmə gətirmişdi.
Beləliklə, həm İstanbulda region dövlətlərinin
xarici işlər nazirlərinin bəyanatları, həm
ABŞ-dan gələn bəyanatlar, həm də beynəlxalq
səviyyədə qəbul olunmuş sənədlər ona dəlalət
edir ki, Azərbaycanın ərazi bütövlüyü
müzakirə obyekti deyil və Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsi Ermənistanın
mövqeyi nöqteyi-nəzərindən müzakirə
olunmayacaq. Ermənistanın konstruktivlikdən kənar təklifləri
danışıqlar prosesinə təsir edə bilməyəcək”,
- deyə Səməd Seyidov qeyd edib.
Milli
Məclisin komitə sədri bildirib ki, Ermənistanın
bugünkü vəziyyəti heç bir dövlət tərəfindən
ciddi qəbul olunmur. Hətta Ermənistanda gedən proseslər
Rusiya tərəfindən də inamsızlıqla,
böyük şübhə ilə qarşılanır. Biz
bunu son zamanlar Rusiyadan eşitdiyimiz bəyanatlardan da
görürük. Həm Rusiya, həm ABŞ, həm İran,
bütövlükdə Avropa İttifaqı getdikcə
Paşinyan rejiminə inanmır. Onlar artıq münasibətlərini
konkret addımlarla göstərirlər. Misal
üçün, ötən il Ermənistanda
keçirilmiş parlament seçkiləri ilə əlaqədar
Avropa İttifaqı tərəfindən bu ölkəyə 7
milyon avroya qədər vəsait ayrılmışdı.
İndi isə Paşinyanın xahişlərinə, xüsusi
göndərilmiş şəxslərin
yalvarışlarına baxmayaraq, Avropa İttifaqı parlament
seçkilərinin təşkili ilə əlaqədar cəmi
3 milyon avro ayırdı. Bu da inamsızlığın bir
nümunəsidir. Paşinyan Avropa İttifaqına gedəndə
bəyan edirdi ki, Ermənistanda islahatların həyata
keçirilməsi üçün ona bir milyard avro
lazımdır və “yeni Ermənistan”ın qurulmasında
Avropa İttifaqının köməyi çox vacibdir. Onun
belə çağırışları, sadəcə olaraq,
gülünc doğurur.
“Biz
görürük ki, Azərbaycanın apardığı siyasət,
ölkəmizin mövqeyi Avropa İttifaqı, ABŞ, Rusiya,
İran və digər dünya dövlətləri tərəfindən
dəstəklənir. Bu, çox vacib bir məsələdir.
Ona görə də Ermənistanın indiki rəhbərliyi
beynəlxalq və regional reallığı düzgün dərk
edərək nəticə çıxarmalıdır. Ermənistanın
iflası və özünütəcridi daha da dərinləşir.
Ermənistan siyasi, iqtisadi, sosial, demoqrafik, diplomatik böhran
içərisindədir. Hesab edirəm ki, bütün bunlar
Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən
öz qoşunlarını çıxarmasına, qonşu
dövlətlərlə normal, beynəlxalq qanunlar çərçivəsində
əlaqələr qurmasına məcbur edəcək”, - deyə
Səməd Seyidov bildirib.
Müdafiə
naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
görüşüb
Yeri
gəlmişkən, ötən gün Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
ölkəmizdə səfərdə olan ATƏT-in Minsk
qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədr
İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şofer və
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi
nümayəndəsi Anji Kaspşik ilə
görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki,
görüşdə qoşunların təmas xəttindəki
son vəziyyət və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
perspektivləri müzakirə olunub.
“Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasəti hələ
də davam edir”
Bu
arada Ukrayna telekanalında Ermənistanın
işğalçılıq siyasətindən
danışılıb. Azərbaycanın Ukraynadakı səfiri
Azər Xudiyev bu ölkənin tanınmış UATV televiziya
kanalına müsahibəsində söyləyib ki, Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasəti hələ
də davam edir. O deyib ki, ATƏT-in Minsk qrupunun səylərinə
baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl
çəkmir.
Səfir
qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin
ATƏT-in Minsk qrupu çərçivəsində sülh
yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Ancaq Azərbaycan
xalqının da səbrinin bir həddi var. Azərbaycan Ordusu
Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə
torpaqlarımızı işğalçılardan azad etməyə
qadirdir.
Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə 15 ildə həyata
keçirilən uğurlu qlobal sosial-iqtisadi islahatlar
haqqında məlumat verən A.Xudiyev ölkəmizin
dünyada iri enerji, iqtisadi layihələrin müəllifi
olduğunu vurğulayıb.
Azərbaycan
diasporunun fəaliyyətinə dair jurnalistin sualını
cavablandıran səfir qeyd edib ki, diaspor təşkilatlarımız,
soydaşlarımız Ukraynanın ictimai-siyasi həyatında
fəal iştirak edirlər.
Fuad Hüseynzadə
Palitra.-2018.-3 noyabr.-S.11.