“Hazırladığım əl
işləri çoxlarında maraq
oyadır və bu da mənə
stimul verir”
“Əl işlərim 11-13 oktyabr
tarixində Bakı Ekspo Mərkəzində keçirilən
"Təhsil sərgisi"ndə də nümayiş
etdirildi”
Bəzən
elə gənclərlə rastlaşırsan ki, onlar təkcə
ictimai işlərdə aktivliyi, təhsildə göstərdiyi
yüksək nəticələrlə deyil, fitri istedadı,
bacarıqları ilə də seçilirlər. Belə gənclərdən
biri də Ülviyyə Babaşovadır. Ülviyyə
Babaşova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
tələbəsidir. O ADPU -nun Musiqi, Təsviri incəsənət,
Fiziki tərbiyə və Çağırışa qədər
hazırlıq fakültəsində, təsviri incəsənət
müəllimliyi ixtisası üzrə 3-cü kursda oxuyur. O
uğurlu təhsillə yanaşı, yaradıcılıq
nailiyyətlərinin səbəbini belə izah edir:
“Mən
1999-cu ildə Qobustan rayonunun Cəmcəmli kəndində
anadan olmuşam. İlk təhsilimə 2005-ci ildə Cəmcəmli
kənd, Rauf Babaşov adına tam orta məktəbində
başlamışam və 2016-ci ildə həmin məktəbi
bitirərək, həm qəbul, həm də qabiliyyət
imtahanı verdim, Azərbaycan Dövlət Pedaqoji Universitetinə
daxill oldum. Rəsmlə yanaşı, müxtəlif əl
işləri hazırlamağa marağım var idi. Əl
işlərimi taxta, gips, plastilin, gil, və s. materiallardan
hazırlayıram. Bəzən bu işləri necə
hazırlamağımla bağlı suallar verilir. Əvvəla
onu deyim ki, bu işlərə marağım hələ
uşaq yaşlarımdan yaranıb. Hətta o zamanlar məktəbimizdə
fəaliyyət göstərən "Bacarıqlı əllər"
dərnəyinə də yazılmışdım və orada
da plastilindən insan, heyvan və bir sıra kiçik fiqurlar
hazırlayırdım. Düzdür, bir müddət bu
işlərlə bağlı fasilələr verdim. Artıq
qabiliyyət imtahanı verən zaman anamın istəyi və
məsləhəti bu oldu ki, heykəltəraşlıq
üzrə imtahan verim və təhsil alım. Amma həmin
vaxtlar özümdə əminlik hiss etmədiyim
üçün təsviri incəsənət üzrə
imtahan verdim. Sağ olsun, anam da məni başa
düşdü. Şükürlər olsun ki, imtahanlardan
uğurla keçdim və belə bir fakültəyə qəbul
oldum”.
Müsahibimiz deyir ki, belə bir fakültəyə qəbul olmasına baxmayaraq, heykəltəraşlıqla bağlı marağı da, onu rahat buraxmır: “Anamın hələ o vaxtkı istəyi ürəyimdə qalmışdı. Artıq 2-ci semestrdə bizə heykəltəraşlıq dərsi də keçirilirdi. Mən də həmin dərsə maraqla yanaşdım və çox şükür ki, yavaş-yavaş bu marağın bəhrəsini görürəm. Artıq düzəltdiyim əl işləri çoxlarında maraq oyadır və bu da mənə stimul verir. İlk əl işim taxtadan hazırladığım "Tar, kaman və qaval" olmuşdu. Sonralar isə plastilindən hazırladığım işlərin sayı çoxaldı. Hətta bu işlərimi dekanımız Laçın Həsənova da çox bəyənmişdi. O, mənə bu işlərimi sərgilərə qoymağı məsləhət gördü. Mən Laçın xanıma və kafedradakı müəllimlərə həmişə borcluyam , onlara öz minnətdarlığımı bildirirəm ki, mənə bu istiqamətdə, fəaliyyətimdə, təhsilimdə düzgün yol göstərdilər. ADPU-da keçirilən sərgilərdə iştirak etdim. Məhz onların sayəsində işlərimi bir çox insanlar gördü və tanıdı. Hazırladığım işlər 11-13 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən "Təhsil sərgisi"ndə də nümayiş etdirildi. Artıq mən belə fikirləşirəm ki, az da olsa, anamın istəyini reallaşdırmış oldum. İnşallah, əgər qismət olarsa, təhsilimi davam etdirməli olsam, istərdim ki, magistraturanı heykəltaraşlıq üzrə oxuyum. Yəni, hədəfim bu sahədə işlərimi davam etdirmək və genişləndirməkdir”.
Tural Tağıyev
Palitra.-2018.-3 noyabr.-S.10.