Səmimiyyətin işiğı

 (Esse)

İnsanları həmişə səmimiyyətinə görə qiymətləndirmişəm; bacarığına, istedadına, vəzifəsinə və digər xüsusiyyətlərinə ondan sonra dəyər vermişəm; heç vaxt yanılmamışam: insan səmimidirsə, deməli, o, əxlaqlıdır, öz əməyi ilə yaşayandır, başqasının malına, mülkünə, torpağına… göz dikən deyil. O, əsl vətəndaşdır; ona həmişə bel bağlamaq olar - yeri gələndə o, vətən yolunda, Qarabağın azad edilməsi yolunda canını qurban verər. Dövlətin mənafeyi ona hər şeydən əzizdir…

O ki qaldı söz adamına…

Səmimiyyət onlar üçün havasu qədər lazımdır… Səmimi olmayan söz adamının yazdığı da özü kimi saxtadır; nə qədər sözün arxasında gizlənsə də, onun yalan danışdığı, məkrli içi görünəcəkdir…

… “Məhşər”, “İdeal” (İsa Muğanna) , “Dünyanın arşını”, “Toğana”, (Sabir Əhmədli), “Dəyirman”, “Köç” (Mövlud Süleymanlı)… səmimi insanların qələminin məhsuludur; bu, inkaredilməz faktdır - bunu onları yaxından tanıyanlar da etiraf edərlər...

… Fikrət Sadıq, Vaqif Nəsib, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Məmməd İsmayıl, Vaqif Bəhmənli, Barat Vüsal, Musa Ələkbərli, Qulu Ağsəs də … səmimi olduqlarından şeirləri sevilir… (Bir qayda olaraq, həmişə daha çox tanınan şairləri nümunə göstərmişik, onları tanıtmışıq. O tanınan şairlərdən heçgeri qalmayanlar kölgədə qalıblar; bu, etiraf edilməlidir… Ona görə də bu ənənəyə sadiq qalmadım). Onların sırasına bir çoxlarını, o cümlədən şair Məmməd Tahirin də adını yazmaq olar.

Şair Məmməd Tahirin bir neçə şeir kitabı nəşr olunub. O, “Vətən, məni qınama”, “Yurdum-and yerim”, “Yaz nağılı”, “Yol ver keçim dünya səndən”, “Könlüm came qapısı” və rus dilində “Den koqda ya vernus” kitablarının müəllifidir.

Onun yaradıcılığındakı səmimiyyəti bir çox qələm dostları duyub və qiymətləndiriblər. Bir neçə nümunə:

“Məmməd Tahir ədəbiyyatın və ədəbi prosesin yaşamasında rolu olanlardandır”. (Arif Əmrahoğlu)

“Əsl poeziyanın keşməkeşli yolunda öz yolunu çoxdan tapmış Məmməd Tahir poeziyası təbiidir, doğmadır”. (Məmməd Oruc)

“Məmməd Tahir yaradıcılığında bir özünəməxsusluq var. (Səyavuş Sərxanlı)

“Məmməd Tahir yaradıcılığının uğuru ondadır ki, şeirləri də müəllifin özü kimi səmimi, duyğulu və orijinaldır”. (Heydər Oğuz)

Onlar haqlıdırlar. Bu misralardakı səmimiyyətə diqqət yetirin:

Bir yaz gecəsində,

Ay açıb başından

Atdı qaranlığa

Bəyaz ləçəyi.

O gecə dodaqların kimi

Açdı gilənar çiçəyi.

Budaqları titrəyə-titrəyə,

Uzandı sənə sarı.

Təzəcə sönmüş ocaqdan

Qor götürürmüş kimi

Alıb götürdü səni -

Öpdüm o gecə ay işığında

Açan gilənar çiçəyini.

Kimsə görməsin deyə,

Örtdü üstümüzə

Ay bəyaz ləçəyini.

O gecə töküldü

Bir gülün ləçəyi.

O gündən sonra,

Qollarım arasında

Hər gecə açır

Gilənar çiçəyi.

Məmməd Tahirin son illərdəki yaradıcılığında səmimiyyət daha qabarıqlığı ilə özünü göstərir; obrazlı deyim, dərin fəlsəfi fikir bu şeirlərin əsasını təşkil edir. Görünür, müdriklik çağlarını yaşayır şair.

“Ədəbiyyat qəzeti”nin 7 iyul 2018-ci il tarixində çap olunmuş şeirləri bunu deməyə əsas verir. Bu misralara diqqət edin:

Qalayıb getmisən soyuq sobanı,

tüstü yolu var, nə bacası var.

Tüstüsü çatladır uca tavanı,

Uçur kərpic-kərpic, sökülür divar.

(“Demirəm, deyirəm…”)

Çiynimdəki qanadları

Çırpa-çırpa dağa, daşa,

Addım-addım yol gedirəm

İçimdəki səslə qoşa.

(“İçimdəki səslə qoşa”)

Səndən sonraoldu.

Ürəyim dopdolu.

Yağmaq istəyirdi,

Gedişin bəhanə oldu.

(“Səndən sonra”)

Qəzetdə Məmməd Tahirin bir-birindən maraqlı, dərin fəlsəfi mənaya malik olan səkkiz şeiri dərc olunub -“Demirəm, deyirəm..”, “İçimdəki səslə”, “Könlümün şəklini çək”, “Səndən sonra”, “Nahaq qana düşdü”, “Təbriz bayraq qaldırıb”, “Adsız şeir”, “Bu gecə”, “Əlini qana batırma”. “Ədəbiyyat qəzeti”nin az tanınan, daha doğrusu, az tanıdılan, lakin yaradıcılığı ilə məşhur şairlərdən heçgeri qalmayan şairə belə səxavətlə yer ayırması təqdirəlayiqdir. Çox güman ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir.

Bayram İsgəndərli

Yazıçı

Palitra  2018.- 6 noyabr.- S.15.