“Dil
babalarımızdan qalmış dəyərli
mirasımızdır”
Sevda Tahirli: “Dilin qorunması, təbliğ olunması, sevdirilməsi, zənginləşdirilməsi cəmiyyətin hər bir nümayəndəsinin ən müqəddəs borcudur”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Dilimizin saflığının qorunmasında bu fərman mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də adıçəkilən fərman ictimaiyyət tərəfindən böyük sevinclə qarşılanıb. Mirzə Ələkbər Sabir Fondunun Prezidenti, BDU-nun dosenti Sevda Tahirli bununla bağlı öz fikirlərini bizimlə bölüşdü.
- Hazırda Azərbaycan
ədəbi dilindən istifadə qaydaları nə dərəcədə
pozulur?
-Azacıq müşahidə qabiliyyəti və Azərbaycan dilinin normaları barədə məlumatı olan hər kəs Azərbaycan ədəbi dilindən istifadə qaydalarının cəmiyyətin ictimai baxımdan əhəmiyyətli olan böyük bir seqmentində mütəmadi olaraq pozulduğunun şahidi ola bilər. Narahatlıq doğuran əsas məsələ bir də ondan ibarətdir ki, ədəbi dil pozuntularına yol verən qurumların bir çoxu üçün ədəbi dil əsas fəaliyyətin bazis vasitəsidir.
-Siz
Fond olaraq bununla bağlı hər monitorinq
keçiribsinizmi?
-2012-ci ildə yaranan və öz fəaliyyətində milli-mənəvi dəyərlərimizə, eləcə də dilimizə sonsuz sevgi və xüsusi diqqət nümayiş etdirən Mirzə Ələkbər Sabir Fondu dövlət başçısı İlham Əliyevin “Müasir qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və dilçiliyin inkişafı” barədə imzaladığı sərəncamını əldə əsas tutaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə 2013-2014-2015-ci illər ərzində “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” adlı layihə çərçivəsində müxtəlif sahələrdə (internet resurslarda, TV və radiolarda, xidmət sektorlarında, reklam və elanlarda və s.) monitorinqlər təşkil edib. “Dil haqqında Qanun”un tələbindən irəli gələn, geniş ictimai kütlə arasında dil barəsində bilik və təsəvvürləri düzgün formalaşdırmağa borclu olan mənbələrdə sistematik yol verilən qüsurların monitorinqi, ortaya çıxan situasiyaların sistemləşdirilməsi və təhlili zamanı müxtəlif xarakterli və fərqli miqyaslı pozuntuların mövcudluğu müəyyən edilib: dilə lazımi səviyyədə yiyələnməyən, onun leksik lüğəti və orfoepiyasına nabələd olan və yaxud bilərəkdən dilin qaydalarına etinasız yanaşan müxtəlif sahələrdən olan mütəxəssislər, elektron KİV-in diktorları və veriliş aparıcılarının dilindəki ifadə qüsurları; küçə və meydançalarda tablolardakı yazılı reklamların və radio-televiziyada səsləndirilən tərcümə olunmuş reklam mətnlərinin dil qüsurları; xidmət sektorunda fəaliyyət göstərən müəssisələrdə, yerli və beynəlxalq şirkətlərdə vətəndaşların müraciətinə cavablarda yanlış dil seçimi qüsurları və s.
Monitorinqin nəticələrindən, həmçinin bəlli oldu ki, bəzi sahələrdə dilin layiq olduğu mövqeyinə - dövlət dili statusuna etinasızlıq sərgilənir.
Bəzi xidmət sahələrində salamlaşma da daxil olmaqla xidmətlərin qeyri-Azərbaycan dilində göstərilməsi, bəzi hallarda kafe və restoranlarda Azərbaycan dilində menyuların olmaması (“Dil haqqında Qanun”dan: “…Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir”) , reklam və elanlarda dil normalarının ciddi şəkildə pozulması, TV və radio verilişlərində aparıcıların yol verdiyi orfoepik, orfoqrafik səhvlərlə yanaşı, qeyri-etik danışıq nümunələrindən istifadə etməsi (“Dil haqqında Qanun”dan: “…dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar”) heç də müsbət hal deyil. Bu. cəmiyyətdə, xüsusilə yetişməkdə olan gənc nəsildə Azərbaycan dilinin dövlət dili statusuna dair yanlış düşüncələrin formalaşmasına səbəb olur, bu dildə danışmanın dil daşıyıcılarında yanlış olaraq bir utanc hissi yaratmasına yol açır. Bu isə qəbul olunmazdır və sonda ürək açmayan bir vəziyyətə gətirib çıxaracağını bəyan edən həyəcan dolu xəbərdarlıqdır.
- Bu günlərdə Prezident
tərəfindən imzalanan “Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Fərmanın dilimizin saflığının qorunmasında
nə kimi rolu ola bilər?
- Bu, dilin qorunması məsələsinə yenidən, amma daha ciddi şəkildə diqqət edilməsinin vacibliyindən xəbər verir. Çünki yuxarıda qeyd etdiyim halların yol verilməsi həm dilin milli dəyər kimi kiçildilməsi, onun dövlət dili statusunun, həmçinin Azərbaycan vətəndaşının öz dilində sərbəst danışmaq hüququnun pozulması deməkdir.
Vətəndaş cəmiyyətinin milli-mənəvi dəyərlərə, eləcə də dil məsələsinə xüsusi diqqəti olan bir nümayəndəsi kimi, bu məsələyə yerində və fərdi olaraq münasibət bildirməyin kifayət etmədiyini və bu müstəvidə ictimai qınağın çıxış yolu olmadığını hər kəs kimi, mən də vətəndaş cəmiyyəti nümayəndəsi olaraq qəbul edirəm. Dilin saflığının və onun dövlət dili statusunun qorunması daha konstruktiv qərarlarla tənzimlənməli olan ciddi məsələdir.
Bu baxımdan, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin Fərmanını ölkə başçısının dilimizə sevgi və ehtiramından qaynaqlanan çox doğru, zamanında atılmış labüd bir addım kimi yüksək dəyərləndirir və dilimizin varlığına, layiq gördüyü mövqeyə verdiyi dəyərin təzahürü kimi alqışlayıram.
Dil bizim
sərvətimiz və bizim
babalarımızdan qalmış çox
dəyərli mirasımızdır. Onun qorunması, təbliğ
olunması, sevdirilməsi, zənginləşdirilməsi
yaşından, məkanından, sosial mənsubiyyətindən
asılı olmadan cəmiyyətin hər
bir nümayəndəsinin ən müqəddəs
borcudur. Çünki
müstəqil dövlətimizin qurucusu, dil məsələsinə böyük
diqqət sərgiləyən ümummilli
lider Heydər Əliyevin dediyi
kimi, “Azərbaycan dilinin
dövlət dili kimi
yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim
nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi
deyil, həm də azərbaycançılıq
məsələsidir”.
Fuad Hüseynzadə
Palitra 2018.- 7 noyabr.- S.6.