“Dil
qaydalarının pozulmasına qarşı təsirli tədbirlərin
görülməsinə ehtiyac var”
Akademik İsa Həbibbəyli: “Monitorinq Mərkəzinin yaradılması mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaq”
Bu günlərdə
ölkə başçısı tərəfindən “Azərbaycan
dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha
da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Fərman imzalanıb.
Dövlət başçısı Ağdama
səfəri zamanı çıxışında buna ehtiyac olduğunu
bildirib: “ Mən bu məsələ
ilə bağlı bir neçə dəfə
öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan
ədəbiyyatı bunu təsdiqləyir.
Ancaq indi dünyada gedən qloballaşma
prosesləri, digər proseslər, istər-istəməz,
dilimizə də təsir edir, biz dilimizi xarici
təsirdən qorumalıyıq. Bizim
dilimizə lüzumsuz xarici
kəlmələr lazım deyil. Bizim dilimiz o
qədər zəngindir ki, istənilən
fikri, istənilən məsələni
ifadə etmək mümkündür. Ancaq biz görürük
ki, bəzi hallarda həm
kütləvi informasiya vasitələrində,
həm digər sahələrdə dilimizə yad
kəlmələr daxil edilir.
Bunlar dilimizi zənginləşdirmir,
əksinə, bəzən mövcud sözlər
yeni sözlərlə əvəzlənir
və mən bunun qəti əleyhinəyəm.
Bu gün bu fürsətdən istifadə edərək,
bir daha bildirmək istəyirəm
ki, hamımız öz
dilimizi qorumalıyıq”.
Monitorinq
Mərkəzi "dil nazirliyi” funksiyalarını həyata
keçirəcək
Ölkə başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərmanı alimlərimiz, mütəxəssislərimiz tərəfindən yüksək qiymətləndirilir və bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur ki, "İnzibati Xətalar Məcəlləsi”nə, az qala, Milli Məclisin hər iclasında əlavə və düzəlişlər edildiyi halda, "Dövlət dili haqqında” qanunda indiyədək heç bir yeni yanaşma faktına rast gəlinməyib: "Fikrimcə, dil qaydalarının kobud surətdə pozulması hallarına qarşı da müəyyən təsirli tədbirlərin görülməsinə ehtiyac var. İkincisi isə, hesab edirəm ki, qəzet-jurnal redaksiyalarında, xüsusən, nəşriyyatlarda redaktor-korrektor işini bərpa etmək lazımdır. Bundan başqa, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanıb ictimaiyyətə çatdırılmasını sürətləndirmək tələb olunur. Çünki dil qüsurlarının bir çoxu sözlərin yazılışı ilə deyilişi arasındakı fərqlərin nəzərə alınması ilə əlaqədardır".
İ.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanında "televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi” nəzərə çatdırılıb:
"Obyektiv şəkildə diqqət mərkəzinə çəkilən bu ciddi nöqsanlar həmin sahələri təmsil edənlərin özləri tərəfindən də etiraf edilir. Lakin təəssüflər olsun ki, hələ də davam edən bu istiqamətdə təsirli tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən monitorinq şöbəsində kütləvi informasiya vasitələrinin, qəzet və jurnalların dili ətrafında keçirilən müzakirələr, həmin müzakirələrdə Mətbuat Şurası üzvlərinin, ekran-efir və mətbuat nümayəndələrinin yaxından iştirakı ilkin olaraq dilçi alimlərlə mətbuat işçiləri arasında səmərəli bir dialoq yaradıb. Eyni zamanda bu ilin oktyabr ayında ilk dəfə olaraq müğənnilərin, ifaçılıq sənəti ilə məşğul olanların dil xətalarına həsr edilən müzakirələrə dair seminar da maraq doğurub, diqqətin problemin əsas məqamlarına yönəldilməsinə şərait yaradıb. Lakin mətbuat və nəşriyyatlar üzərində monitorinqi daha ardıcıl və sistemli şəkildə qurmağa, aparılan müzakirələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına, irəli sürülən təkliflərin həyata keçirilməsinin təmin edilməsi üçün əlavə tədbirlərə ciddi ehtiyac var".
Akademikin fikrincə, bu baxımdan Prezident fərmanında nəzərdə tutulan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması və qurumun işinin normal səviyyədə təşkili mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacaq:
"Bu, bir qədər obrazlı şəkildə desək, bir sıra müstəqil dövlətlərdə tətbiq olunan "dil nazirliyi” funksiyalarını həyata keçirəcək. Prezident İlham Əliyevin imzaladığı fərmanda Monitorinq Mərkəzinin qarşısında duran əsas vəzifələr də konkret olaraq müəyyənləşdirilib: dövlət dilinin tətbiqinə nəzarət etmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etmək. Ümumiləşmiş şəkildə ifadə olunmuş bu vəzifələr kütləvi informasiya vasitələrinin dili üzərində nəzarəti təmin etməklə bərabər, bütövlükdə ölkəmizdə dövlət dili siyasətinin həyata keçirilməsinin məsuliyyətli və şərəfli vəzifələrinin reallaşdırılmasına geniş üfüqlər açır. Bu baxımdan, yanaşdıqda hazırkı mərhələdə bir sıra mühüm vəzifələrin yerinə yetirilməsinə ehtiyac yaranıb".
AMEA-nın vitse-prezidenti əlavə edib ki, Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı reklam siyasətinə də yenidən baxmağı tələb edir: "Fikrimcə, müstəqil dövlətimizin yeni dil siyasətinin tələbləri baxımından "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa da yenidən nəzər salınmalı, münasib dəyişikliklər edilməlidir. Monitorinq Mərkəzinin reklam məsələlərini diqqət mərkəzində saxlaması günümüzün ən zəruri vəzifələrindəndir. Reklam işinin təşkilinə, bütövlükdə, necə deyərlər, reklam dilinə dair elmi əsərlərin də yox dərəcəsində olması dilçi alimlərimizi düşündürməlidir".
Dilçilik İnstitutu Monitorinq Mərkəzinin
səmərəli fəaliyyəti üçün
tədbirlər planı hazırlayır
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Akademik deyib ki, böyük əhəmiyyət kəsb edən bu dövlət sənədi, eyni zamanda, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında açıq-aşkar özünü göstərən ədəbi dilin normalarının kobud şəkildə pozulması, fonetik, leksik və qrammatik qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib. Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi məhz bu funksiyanı yerinə yetirəcək və bu qurum publik hüquqi şəxs kimi bir tərəfdən dilimizin saflığı ilə bağlı mövcud olan boşluq və nöqsanları aradan qaldıracaq, digər tərəfdən isə dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək.
O, Nəsimi adına Dilçilik İnstitutunda artıq bir neçə ildir ki, həm monitorinq şöbəsinin, həm də “Qaynar xətt”in fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, monitorinq şöbəsinin əməkdaşları vaxtaşırı olaraq ədəbi dilin saflığının qorunması və onun normalarının gözlənilməsi istiqamətində maarifləndirmə işləri aparıb, konfranslar keçirib və bütün bunlar müəyyən qədər öz səmərəsini verib. “Bununla belə, düşünürük ki, sözügedən şöbənin istər səlahiyyətlərinin məhdudluğu, istərsə də əməkdaşlarının sayca azlığı bu dövlət əhəmiyyətli işin yüksək səviyyədə həllində yetərli olmayıb. Bu baxımdan, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında yol verilən ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması məsələsinə müsbət təsir göstərəcək və qısa bir zamanda bu sahədə ciddi irəliləyişlər və müsbət nəticələr əldə ediləcək”, - deyə alim bildirib.
M.Nağısoylu vurğulayıb ki, ölkəmizdə dilçilik üzrə fundamental elmi araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları dövlətimizin başçısının bu Fərmanını alqışlayır və ilk növbədə yeni yaradılacaq Monitorinq Mərkəzinin səmərəli fəaliyyəti üçün tədbirlər planı hazırlayır. İstər Dilçilik İnstitutunun əməkdaşlarının, istərsə də ölkəmizin digər tanınmış dilçi alimlərinin yeni yaradılacaq qurumla birgə əməkdaşlığına böyük ehtiyac vardır. Bu istiqamətdə mütəxəssislərin səylərinin birləşdirilməsi, birgə fəaliyyəti məqsədəuyğundur və ədəbi dilimizin saflığı ilə bağlı mövcud nöqsanların aradan qaldırılması məsələsində olduqca əhəmiyyətlidir.
Nigar Abdullayeva
Palitra.-2018.-8 noyabr.-S.5.