Xalq olaraq ədəbiyyata çox bağlıyıq
Sözün qüdrəti, onun təsiri haqqında hər kəs yazıb və artıqlaması ilə danışıb. Xalq olaraq ədəbiyyata çox bağlıyıq. İstər nəzm, istərsə də nəsr ədəbiyyatına sonsuz məhəbbətimiz var. Oxucular ədəbi əsərləri daha çox mütaliə edir, onlardan öyrənir və yazıçılara məhəbbətlə yanaşırlar. Elə buna görədir ki, tarixdə deyilən söz və yazılan əsər yadigardır. Sovetlər dövründən sonra yazıçılarımız öz əsərlərini rahat şəkildə çap etdirməyə başladılar. Oxucu və yazıçı arasında sürətlə yaxınlaşma başlandı və yeni-yeni əsərlər yazıldı. Dövri mətbuat da bu sahədə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək, yeni imzaları cəmiyyətə təqdim etməyə başladı. Həmçinin qəzet və jurnal səhifələrində yeni-yeni ədəbi nümunələr çap olunaraq bütövlükdə ədəbiyyatımızın inkişafına səbəb oldu.
Redaksiyamızın daimi qonaqlarından və oxucularından biri olan Bayram İsgəndərlinin bu yaxınlarda “Bu qatar hara gedir?” adlı nəsr əsəri işıq üzü görüb. Kitabda yazıçının bir-birindən maraqlı hekayələri toplanıb. Yazıçının qələmə aldığı hekayələr ədəbiyyat nəzəriyyəsinin tələblərinə uyğun olaraq yazılıb və kitabda ədəbiyyatın qızıl qanunları qorunub. Yazıçının hekayələrində biz daha çox Vətən mövzusuna rast gəlirik və bu mövzuya Bayram müəllim olduqca həssas yanaşıb.
Kitabın ilk səhifəsində yer alan “Göycə çiçəkləri” hekayəsində yazıçı yazır:
“Gündüzlər adamların beynində göycə ağacları tumurcuqlayırdı, qızara-qızara böyüyürdü. Gecələr bu böyümüş tumurcuqlar lap gözlə görünəcək bir sürətlə yavaş-yavaş açılırdı. Adamların yuxuları ağ çiçəyə bələnirdi. Yer üzü çiçək olurdu, göy üzü çiçək olurdu. Adamlar da dönüb göycə çiçəyi olurdular. Və bu çiçəklikdə bir-birlərini itirirdilər; sevgili sevgilisini, qardaş qardaşını, bacı bacısını, ata oğlunu. Bir-birlərini axtara-axtara səhəri açırdılar.”
Yuxarıda hekayədən verdiyimiz bu parçada olduqca gözəl bədii təsvir vasitələri işlənib. “Adamların beynində göycə ağacları tumurcuqlayırdı” ifadəsində müfəssəl idiom yaradılıb. Belə ki, sözün həqiqi mənasında, göycə ağacı insan beynində tumurcuqlamaz və bunlar adi şəkildə ağacın üzərində tumurcuqlayar. Yəni biz əlamət köçürməsini görürük. Belə ki, burada metafora var. “Adamların yuxuları ağ çiçəyə bələnirdi” ifadəsində isə təşbeh işlənib. Ustalıqla ürəkaçan bənzətmə mövcuddur. Ardıcıl şəkildə yuxarıda hekayədən verilən bu parçada kifayət qədər mükəmməl bənzətmələr işlənib. Bu cür bənzətmələr hekayələrin oxunaqlığını artırmaqla yanaşı, əsərə ayrıca bədii gözəllik bəxş edir.
Bayram müəllimin hekayələrində dil üslubu da özünəməxsusluğu ilə seçilir. Dilimizin zənginliyindən hekayələrində məharətlə istifadə edib. Oxucu üçün yazıçının dili olduqca sadə, şirin və aydındır. Hekayənin mövzu zənginliyi də oxucunun zövqünü oxşayır.
Bayram müəllim “Bu qatar hara gedir?” kitabından əlavə, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq” və “Çil xoruzun aqibəti” kimi kitablar yazıçının qələminin məhsuludur.
Bayram İsgəndərli
redaksiyamızın tez-tez qonağı olur və bir-birindən maraqlı hekayələri
ilə oxucularımızı sevindirir. Onun təbiəti əsl yazıçı təbiətidir.
Olduqca sakit və mülayim xasiyyətə malik
olan Bayram müəllimin
əsərləri gələcək oxucular
üçün də maraqlı
olacaqdır.
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-8 noyabr.-S.13.