Azərbaycan dünyanın
25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
Bu il ölkəmizdə 60 min tondan
çox fındıq istehsalı gözlənilir
Bir çox dünya
ölkələri ixracyönümlü məhsul
olan fındıq istehsalını
artırılmaqla daha çox
valyuta əldə etməyə
çalışırlar. Ötən il dünyada qabıqlı fındıq ticarəti
120 milyon dollar olduğu halda,
qabıqsız fındıq ticarəti 1,7 milyard
dollar olub. Ən
böyük idxalçı ölkə Almaniyadır
ki, ümumi həcmin
28 faizini idxal edir. Sonra 18 faizlə İtaliya gəlir.
2017-ci ildə dünyada 245.987 ton fındıq istehsal edilib ki, onun
65 faizi Türkiyənin payına düşüb. İkinci
yerdə İtaliya, üçüncü
sırada isə Azərbaycan qərarlaşıb. Şərqi
Qara dəniz İxracatçılar Birliyinin məlumatına görə, cari ilin 10 aylıq
hesabatına əsasən Türkiyə 118 ölkəyə
220 min 193 ton
fındıq satıb. Bu ixracdan 1 milyard 294 milyon 259 dollar gəlir əldə edilib. Ən çox ixracı
316 milyon 488 min dollarla
Almaniyaya edib. Bildirilib ki, fındıq daha çox şokolad sənayesində
istifadə edilir və bu baxımdan,
ixracda şokolad istehsalının üstünlük
təşkil etdiyi Avropa ölkələri öndə gəlir.
“Qubaekoaqrar” sutkada 4 ton fındıq istehsalı gücünə malikdir
Kənd təsərrüfatının ixrac
potensialı yüksək
sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə davamlı
tədbirlər həyata
keçirilir. Dövlət başçısının ənənəvi sahələrdən
olan fındıqçılığın
inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıq və göstərişlərə
əsasən yerlərdə
əkin sahələri
genişləndirilir, istehsalçı
müəssisələrin sayı
artırılır. Bu
yaxınlarda Quba rayonuna səfəri zamanı Prezident İlham Əliyev “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı
mallarının istehsalı
zavodunun açılışında
iştirak edib. Zavod sutkada 4 ton fındıq istehsalı gücünə
malikdir. Fındığın emalı xəttində məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir,
çeşidlənir və
sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə
vakuum paketlənməsi
həyata keçirilir.
İstehsal olunan məhsulların
daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi
adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı
nəzərdə tutulur.
Zaqatalanın emal müəssisələri
tərəfindən ötən
il 124,4 milyon
manat dəyərində
fındıq məhsulları
ixrac olunub
Cari ildə
fındıqçılığın inkişafını göstərən
digər bir fakt isə Zaqatala
rayonunda kənd təsərrüfatı üçün
ənənəvi sahələrdən
olan fındıqçılığın,
həmçinin qərzəkli
meyvəçiliyin daha
geniş təbliğ
edilməsi məqsədilə
təşkil olunan I Beynəlxalq fındıq,
qoz və şabalıd festivalı idi. Festival zamanı “Pərzivan” ərazisindəki
fındıq bağına
və “Azərsun” MMC-nin Zaqatala fındıq
emalı zavoduna baxış keçirilib.
Zaqatala şəhərinin Dədə
Qorqud meydanında keçirilən festivalda qonaqlar bal şərbətindən
və fındıqlı
çörəkdən dadıblar.
Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə
çatdırılıb ki,
fındıqçılıq ötən əsrin ortalarından başlayaraq
rayonun kənd təsərrüfatında ənənəvi
sahələrdən birinə
çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında
yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal
olunan fındıq və konserv məhsulları SSRİ-nin
bütün respublikalarına,
həmçinin bir sıra Avropa ölkələrinə ixrac
edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq
sovxozu yaradılıb.
Bildirilib
ki, fındıqçılıq
hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən
birini tutur. Son illər Zaqatala rayonunda yeni fındıq bağlarının
salınması istiqamətində
davamlı iş aparılır. Son üç
ildə fındıq bağlarının ümumi
sahəsi 9 min 575 hektardan
18 min 503 hektara çatdırılıb.
2016-cı ildə Zaqatalanın
emal müəssisələri
tərəfindən 90 milyon,
2017-ci ildə isə
124,4 milyon manat dəyərində fındıq məhsulları
ixrac olunub. Cari ildə isə fındıq istehsalının
15 min tona çatacağı
gözlənilir. Hazırda Zaqatala
rayonunda fındıq bitkisinin 100-dən çox
sortu mövcuddur.
Xaçmazdakı fındıq emalı
zavodu ötən il 2 milyon
dollar dəyərində fındıq
ixrac edib. Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və
qəbul məntəqələri
fəaliyyət göstərir.
Bura şimal bölgəsi ilə yanaşı, respublikamızın digər
regionlarından da məhsul gətirilərək
təhvil verilir.
Rayonda istehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə
ixrac olunur.
Rayon bağlarından hər il 6 min tona
yaxın fındıq
istehsal edilir. Xaçmazda
son üç ildə
3 min 649 hektar yeni fındıq bağları
salınıb. Bununla da
rayondakı fındıq
bağlarının ümumi
sahəsi 8 min 300 hektara
çatıb. Xaçmaz respublikada
fındıq bağlarının
artırılması nəzərdə
tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması
planlaşdırılır ki, bunun da
5 min 16 hektarı Xaçmaz
rayonunun payına düşür.
Qaxda fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb
Qax rayonunun
fındıq bağlarında
məhsul yığımı
başa çatıb. Bu il bağlardan 4 min 785
ton məhsul tədarük
olunub. Fındıq istehsalı ötən
illə müqayisədə
641 ton artıb.
2018-ci ilin yaz əkini
dövründə rayonda
160 hektar sahədə
yeni fındıq bağları salınıb
və bu iş payız mövsümündə də
davam etdiriləcək.
Ümumiyyətlə, son 3 ildə
rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq,
mövcud bağların
ümumi sahəsi 9
min 478 hektara çatdırılıb.
Bu bağların 6 min 228 hektarı barverəndir.
Qazaxda fındıqçılığın
inkişafı üçün
məqsədyönlü işlər
görülür. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı salınıb ki, bunun 136 hektarı bar verən sahə olub, 455 ton da məhsul toplanıb.
2017-ci ildə fındıq
bağının sahəsi
222,83 hektar olub, 136 hektar bar verən sahədən də 460 ton
məhsul tədarük
edilib. 2018-ci ildə isə rayonda salınmış fındıq
bağının sahəsi
224,1 hektar olub, bar verən sahə də 136,3 hektar təşkil edib. Toplanmış məhsul isə 465 tondur.
İsmayıllıda fındıq bağlarının sahəsi 2000 hektara çatdırılacaq
İsmayıllıda
fındıqçılığın inkişafı istiqamətində
son illər ardıcıl tədbirlər görülür və artıq bağların
sahəsi 1615,7 hektara
çatdırılıb. Fındıq bağlarının
1528,7 hektarı son 3 ildə
salınıb. Ümumiyyətlə, fındıq
bağlarının 2000 hektara
çatdırılması qarşıda əsas vəzifə
kimi durur. Tircan və Talıstan inzibati
ərazi dairələrində təzə fındıq
bağları salınır. Qeyd edək ki, rayonda bar
verən 87 hektar fındıq bağı var. Buradan ötən il
235 ton, bu il isə 274 ton məhsul götürülüb.
Ümumilikdə isə bu il Azərbaycanda
60 min tondan çox fındıq istehsalı gözlənilir. Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə
fındıq məhsulu
ixrac edir və ən iri idxalçılar İtaliya (9 min ton), Rusiya
(6 min ton) və Almaniyadır
(3 min ton). Ölkəmiz fındıq ixracatçısı
kimi dünyada 3-cü
yerdədir. Azərbaycanda
hazırda 50 min hektar məhsuldar fındıq bağı var. Qeyd edək ki, 2017-ci ildə Azərbaycandan 21
min ton fındıq ləpəsi
ixrac olunub.
Nigar Abdullayeva
Palitra.-2018.-13 noyabr.-S.4.