Gedir dayanmadan zamanın köçü

Vahid Çəmənli - Vahid Valeh oğlu Qasımov 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. Atası Qasımov Valeh mahir aşıq olub. Atasının tez-tez gecələr evində təşkil etdiyi sazlı-dastanlı məclislər Vahid Çəmənlinin həyatında dərin izlər buraxıb. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirib. 1975-77-ci illərdə hərbi xidmətdə olub. 1980-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirib, uzun müddət Dövlət Statistika Komitəsinin nəzdində olan Ümumittifaq Dövlət Layihə-Texnologiya İnstitutunda işləyib. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olubdövri mətbuatda tez-tez şeirləri çap olunur. 2011-ci ildə onun “Nə ömürdü, yaşadım”, 2016-cı ildə “Dəli Çəmənli” adlı kitabları çapdan çıxıb.

İndi isə şairin yaradıcılığından seçdiyimiz bəzi şeirlərini təqdim edirik:

Müxəmməs

(Aşıq Haşıma həsr olunur)

Səsin gəlir gah Şabrandan,

Gah da Qubadan, ay aşıq.

Xəbər tutursan hər zaman,

Eldən-obadan, ay aşıq.

Əhvalımı sormursan heç,

Səhər səbadan, ay aşıq.

Yeri gəlsə, yapışaram

Dəhrə, yabadan, ay Aşıq!

sazından od tükənsin,

sobadan, ay aşıq.

 

Al əlinə telli sazı,

Dolan meydanda mərdana.

Qoşma, təcnis, gəraylı de,

Ellər desin alqış sana.

Oğul istər sənin kimi,

Söz oxuya yana-yana.

Aşıq yoxdur bu mahalda,

Gələ qarşında dayana.

Sənət sənə əmanətdi,

Dədə-babadan, ay aşıq.

 

Vahid sənə heyrandı, bil,

gizlədim, ta danım.

Dinləyəndə gur səsini

Damarımda coşar qanım.

Azərbaycan, yurdum mənim,

Xəzər mənim öz ümmanım...

Səhər yol alım Bakıdan,

Gəlim Şabranda dayanım,-

Qonaq olum söz süfrənə,

Evin abadan, ay aşıq!

Atar

Fələklə nərdtaxta oynama, gözəl,

Vaxtında beşini, şeşini atar.

Hər bir xanəsində yüz tələsi var,

Vallahi, adamın leşini atar.

 

Sənin bir”-inə atarqoşa,

bir”- ümidin çırpılar daşa...

Vurar şeş qoşayla oyunu başa,

Birin yox, üçün yox, beşini atar.

 

Bu dünya hasilə gələndən bəri,

Fırlandı, çox başlar qopartdı pəri,

Cütləyər əlində o qoşa zəri,

Üstünə bir qara daşını atar...

30.10.2018

Olmur

Özümüz zamanı qarışdırırıq,

Zamanın bizimlə bir işi olmur.

Şəri insan səpir yerin üzünə,

Başqa canlıların şər işi olmur.

 

Gedirik, bilmirik dağdı, dərədi,

Günümüz yüyənsiz, çılğın dəvədi.

Hər an bir imkandı, bir girəvədi,

Əlindən çıxdısa, dönüşü olmur.

 

Gedir dayanmadan zamanın köçü,

Soruşmur, ay yolçu, nəçisən, nəçi?

Üzündə əks olar hər kəsin içi,

Qəlbi qaraların gülüşü olmur.

 

Sudan hər kəs bir cür çıxarır çulun,

Xeyir axtarmayın, xeyirxah olun...

Haqq üçün fərqi ağanın, qulun,

Sevənin tanışı, bilişi olmur.

29.10.2018

Gəldi

Bu səhər üzümə güldü son bahar,

Həzin bir təbəssüm dodağa gəldi.

Üfüqdən boylandı qırmızı günəş,

Şəkili ağappaq yanağa gəldi.

 

Yarpaqlar budaqda alışdı, yandı,

Küçələr al-əlvan nura boyandı.

Alagöz gözəllər tezdən oyandı,

Sənəklə, kuzəylə bulağa gəldi.

 

Çəpərin üstündə sarmaşıq gülü,

Bəxtəvər elədi gözü, könülü.

Dəcəl sərçələrin açıldı dili,

Cingilti sədası qulağa gəldi.

 

Ay Vahid, şirindi, dadlıdı həyat,

Xəzan da bahar tək qurur toy-büsat.

Dayanma, vaxt gedir, sən yaz-yarat,

Bəlkə, bir gün ellər sorağa gəldi.

19.10.2018

Payız

Könül, qəm eləmə payız yetişdi,

Yaşıl yarpaqları soldurub gedər.

Süzər gül qoxulu şirin şərbəti,

Büllur badələrə doldurub gedər.

 

Tənha cığırları alar duman, çən,

İçdikcə şəbnəmi məst olar çəmən;

Xəfif səhər mehi əsdikcə hərdən,

Ağappaq örpəyi qaldırıb gedər.

 

Həzin layla çalar payız suları,

Oyadar könüldə xoş duyğuları.

Yığar cəvərənə heyvanı, narı,

Alma budaqların yoldurub gedər.

 

Qızıl libasını geyinər meşə,

Bənzəyər zirvəyə qonan günəşə;

Köçən durnalardan yamaca, döşə

Bəmbəyaz lələklər saldırıb gedər.

 

Açılar al-əlvan payız gülləri,

Bəzəyər təzədən bəyaz əlləri.

Axıdar düzlərə coşqun selləri,

Vahidi ürəkdən güldürüb gedər.

 

Dünyanı sevgimiz xilas edəcək

İçimə sevgidən bir zərrə düşüb,

Bir çəmən göyərib, bir meşə bitib.

Gül şehə batmayıb, gül zərə düşüb,

Aləmi bürüyüb yenə xoş ətir;

Çiçəkdən-çiçəyə qonur bir böcək,

Dünyanı sevgimiz xilas edəcək.

 

Üfüqlər boyanır alov rənginə,

Bəxtinə gün doğur yenə bu elin.

Qarışıb səhərin xoş ahənginə,

Üzündə təbəssüm, nazlı bir gəlin

Bulağa yollanır əlində sənək,

Dünyanı sevgimiz xilas edəcək.

 

Sevgilim, baxıram xumar gözünə,

Ruhum təzələnir, qaynayır qanım.

Düşürəm gəncliyin sönməz izinə,

Başlanır yeni bir həyat dastanım.

Əvvəlki şövq ilə çırpınır ürək,

Dünyanı sevgimiz xilas edəcək.

Yenə payız gəlir

Yenə payız gəlir, yenə dağların

Günəşi, yağışı dolaşıq düşür.

Min rəngə boyanan yamaclarımın

Sarısı, yaşılı qarışıq düşür.

 

Əsir sərin-sərin sabah yelləri,

Öpür, sığallayır ipək telləri.

Şövq ilə açılır payız gülləri,

Səhərin boynuna sarmaşıq düşür.

 

Toylar sevənləri yetirir kama,

Şərbət həzin-həzin süzülür cama...

Durna lələyinə bürünür səma,

Sozalan çəmənə işıq düşür.

 

Ay Vahid, qarışıq olsa da zaman,

Vətəndən, millətdən qalma nigaran...

Şərur yallısında halaya duran

Hər nazlı gözələ bir aşiq düşür.

18.09.2018

Şairin şeirlərindən görürük ki, Vahid Çəmənlinin yaradıcılığında özündən əvvəl yaşamış, el-oba məhəbbəti qazanan ustad şair və aşıqların izi var. Məhz buna görə onun şeirləri sevilir, yaradıcılığı şair dostları tərəfindən yüksək qiymətləndirilir. Şeirlərində bədii idiomlar müfəssəl şəkildə işlənərək yüksək bədii obrazlıq yaradılıb. Xalq yaradıcılığı üslubunda yaratdığı şeirləri oxucuların rəğbətini qazanaraq aşıq poeziyasının zənginləşməsinə səbəb olur. Vahid Çəmənlinin yaradıcılığı aşıq şeirləri şəkilində olan gözəl bədii nümunələrdir. Şeirlərində olan şirinlik, bədii-fəlsəfi fikir zənginliyi, yerli-yataqlı işlənən sözlər, sözlərin ardıcıl düzülüşü oxucu ilə yanaşı, tədqiqatçıların da diqqətindən kənarda qalmır.

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 14 noyabr.- S. 15.