Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Sail Quliyev: “Krivoy Roqda bizimkilər hər təndir çörəyi bişirəndə qonşulara da verirlər”

Ukraynanın Krivoy Roq şəhərində yaşayan əksər soydaşımız diaspor işinə daimi öz töhfələrini verirlər. Uzun illər Ukraynanın Krivoy Roq şəhərində yaşayan Sail Quliyev də, bu baxımdan, aktiv həmvətənlərimizdəndir. Sail Quliyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Krivoy Roq şəhər təşkilatının idarə heyətinin üzvü olaraq hər zaman Azərbaycanla bağlı olan tədbirlərdə iştirak edir. Xatırladaq ki, Sail Quliyev 1981-ci ildə Lənkəran rayonunda doğulub. 1992-ci ildən Ukraynanın Krivoy Roq şəhərində yaşayır. Ailəlidir, iki övladı var.

- Azərbaycan adını qəlbinizdə, ailənizdə necə yaşadırsınız?

- Azərbaycanın adı gələndə insan qəlbi sevincdən titrəyir. Xüsusən, bura Azərbaycandan soydaşlarımız gələndə sevinirik. Biz burada Azərbaycanla bağlı bayramları qeyd edirik. Mən fəxr edirəm ki, azərbaycanlıyam.

Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar. Onlara daimi olaraq tarixi keçmişimiz, dinimiz, adət-ənənəmiz haqqında məlumat veririk.

- Ümumiyyətlə, adət-ənənəmizi, milli mətbəximizi burada necə yaşadırsınız?

- Biz xarici ölkədə olsaq da, qəlbən Azərbaycanla yaşayırıq. Burada bizim evdə Azərbaycan, o cümlədən Lənkəran mətbəxinə aid yeməklər də bişirilir. Əlbəttə ki, mətbəximizdə əsas ləvəngi üstünlük təşkil edir. Hətta mən gedib Lənkərandan Krivoy Roqa təndir gətirmişəm. Anam da, həyat yoldaşım da təndirdə mütəmadi olaraq çörək bişirirlər. Üç qardaşıq, hər birimizin evində təndir var.

- Maraqlıdır, yerli xalq, qonşularınız təndiri ilk görəndə münasibətləri necə oldu?

- Mənim qonşum bolqardır. Bizdə təndir qalanan kimi, deyir ki, bir çörək mənimdir. Ümumiyyətlə, təndir çörəyinin qoxusu ətrafa çox yayılır. Buna görə də bizimkilər hər təndir çörəyi bişirəndə qonşulara da verirlər.

- Ailənin digər üzvləri də buradadırlarmı?

- Atam, anam və məndən başqa, iki qardaşım burada yaşayır. Qardaşlarımdan biri-Samin Quliyev Ukraynada Hüquq Akademiyasını bitirib. Digər qardaşım-Samit Quliyev isə mənimlə birgə çalışır.

- Diaspor işində nə kimi aktivlik göstərirsiniz?

- Mən sevinirəm ki, soydaşlarımız burada bir araya gəlirlər. Fəxr edirəm ki, bizim belə diasporumuz var. İldən-ilə də diasporumuzun fəaliyyətində irəliləyiş hiss olunur. Bizim də əlimizdən nə gəlirsə, dəstək göstərməyə hər zaman hazırıq. Burda keçirilən tədbirlərdə hər zaman iştirak edirik. Çünki biz gərək Azərbaycanın adını, nüfuzunu yüksəldək və hər yerdə tanıdaq.

- Krivoy Roqda yerli xalqla azərbaycanlıların bir-birlərinə münasibəti necədir?

- Mən 26 ildir ki, bu şəhərdə yaşayıram. Bizim qonşularla və ümumiyyətlə, ətrafımızla xoş münasibətimiz var. Onlar öz xeyir işlərinə bizi dəvət edirlər və biz də məmnuniyyətlə iştirak edirik. Biz, eyni zamanda öz bayramlarımızda onları qonaq dəvət edirik. Mənim övladım 4-cü sinifdə oxuyur. Ad günündə, bayramlarda yerli xalqın nümayəndələrini də dəvət edir. Onlarla yaxın dostluq edir.

- Burada azərbaycanlıların birliyini necə görürsünüz?

- Burada azərbaycanlıların birliyi yaxşıdır. Biz, gərək burada hər zaman bir olaq. Digər xalqlar da bizim birliyimizi görsün və ölkəmizi tanısınlar. Bəziləri də bizə baxsınlar və ibrət götürsünlər.

Fuad Hüseynzadə

(Bakı- Krivoy Roq-Bakı)

Palitra  2018.- 14 noyabr.- S.6.