Şairlərin fəlsəfi fikirləri

Sona Məmmədhüseyn qızı Teymurbəyli 21 mart 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1966-76-cı illərdə Nehrəm kənd 1 nömrəli orta məktəbini fərqlənmə ilə bitirib və 1976-cı ilin iyul ayından həmin kəndin 2 nömrəli kitabxanasına müdir təyin olunub. 1977-1981-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil alıb. 1981-ci ildə Nehrəm kənd 1 nömrəli məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunub. Sona xanımın şeir və romanları dövri mətbuatda çap olunur. O, Sona Amal təxəllüsü ilə şeirlər yazır. Bir neçə şeir və nəsr əsərlərinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İndi isə Sona xanımın yaradıcılığından seçdiyimiz şeirlərini oxucularla bölüşürük:

Sevinnəm

Eşqin günəş kimi sarsa qəlbimi,

Taleyimdə saray tiksən, sevinnəm.

Sevgin məlhəm kimi sarsa təbimi,

Məhəbbət badəsin içsən, sevinnəm.

 

Xəyalınla bir quş olub uçaram,

Kəklik kimi dağı-daşı qucaram.

Dosta, yara səndən söhbət açaram,

Sevgini qəlbimə əksən, sevinnəm.

 

Bil ki, gülüm, mənə candan əzizsən,

Sevgi dolu təlatümlü dənizsən.

Yelkənsiz qayıqtək qoynunda üzsəm,

Lövbərini özün çəksən, sevinnəm.

 

Sevgimi sevginin mehrinə qatsan,

Gülən gözlərimin sehrinə batsan,

Vüsal anlarımın şehini dadsan,

Olsan vəfadarım tək sən, sevinnəm.

 

Sən Amalın dövlətisən, varısan,

Məhəbbətlə dilə gələn tarısan,

Həm könül sirdaşı, həm də yarısan,

Ömrümə eşq donu biçsən, sevinnəm.

11.11.18

Qayıt gəl

Sənsiz ömrüm qəm-kədərdən pay alıb,

Hicran odu ürəyimə köz salıb,

Sən gedəli, bax, sevdiyin, tək qalıb,

İnsaf eylə, ömrüm-günüm, qayıt gəl.

 

Tənhalığım qismətimin naxışı,

Qəm-kədərim məhəbbətin alqışı,

Göz yaşlarım həsrətimin yağışı,

İnsaf eylə, ömrüm-günüm, qayıt gəl.

 

Çəkib getdin, sənsizliyim çox çətin,

Göz dikməkdir, yollarına adətim,

Həsrətindir, əbədilik qismətim,

İnsaf eylə, ömrüm-günüm, qayıt gəl.

 

Səndən sonra ömrüm keçir birtəhər,

İnan məni hər gün boğur qəm, qəhər,

Ayrılığa dözəmməzdik bu qədər,

İnsaf eylə, ömrüm-günüm, qayıt gəl.

 

Xatirələr Amalını ovutmaz,

Təskinliklər göz yaşımı qurutmaz,

Ürəyimin nisgilini soyutmaz,

İnsaf eylə, ömrüm-günüm, qayıt gəl.

08. 11. 2018-ci il.

Sanma

Bir qəlb ki, açılmır kədərdən, gülüm,

Zülmət gecələri günahın sanma.

Yoluna nur saçan ay işığıysa,

Sökülən dan yeri, sabahın sanma.

 

Ötən günlərini həsrətlə anıb,

Eşqin girdabında atəşsiz yanıb,

Özünü arxasız, köməksiz sanıb,

Hər yoldan ötəni pənahın sanma.

 

Cüt gəzib dolansan, çölü, çəməni,

Çiçəklə süsləsə telini sənin,

Könül bağlamamış səni sevəni,

Tələsib qəlbinin səyyahı sanma.

 

Sev, sevil, yönəltmə hərbə sevgini,

Tac elə ilhama, təbə sevgini,

Əbədi bəxşiş ver qəlbə sevgini,

Eşqi ürəyinin dərgahı sanma.

 

Məhəbbət dünyanız cənnəti ansa,

Bir udum su üçün ürəyin yansa,

İlğımı behiştin kövsəri sansan,

İçərkən, Adəmin tamahı sanma.

 

Ürək necə qızsın, tanışa, yada?!

Sevib-sevilsən , axı fayda?!

Amal öz ahını çəkir dünyada,

Bu ah gül ahıdır, kül ahı sanma.

03.11.18

Ürəyim

Vaxt ötüşsə, ömür telim üzülsə,

Car etmə, içində ağla, ürəyim.

Kədər gözlərimdən axıb, süzülsə,

Üzülmə, sar gözün dağla, ürəyim.

 

Məhəbbət dünyama qar ələnsə ,

Xəyalım yüz yerə səpələnsə ,

Üzüm giləsitək dənələnsə ,

Tələsmə, sakitcə çağla, ürəyim.

 

Tanrı taleyimi qara yazıbsa,

Bəlkə , yazıb, bəxtim azıbsa?

Qəlbimdə qəm-kədər yuva qazıbsa,

İncimə, özündə saxla, ürəyim.

 

Mənim taleyim üzümə gülsə,

Ömrümün gecikmiş baharı gəlsə,

Əbədi sevgimin novbarı gülsə,

Dər, onun ətrini qoxla, ürəyim.

 

Tanrı dərgahına çatsa harayım,

Bir qismət göndərsə, İlahi payım,

Qurulsa yıxılan sevgi sarayım,

Çəkinmə, bəxtini yoxla, ürəyim.

Yoluma nur saçsa, sevgi şəfqəti,

Əhdində mətin ol, sözündə qəti,

Bilsən ki, eşqinə var sədaqəti,

Bəxtini onunla bağla, ürəyim.

01.11.18

Qərib olmasın

Vətən çöllərində bitsin, göyərsin,

Gül açsın çiçəklər, qərib olmasın.

Elə xəndan olsun öz çanağında,

Qurusun ləçəklər, qərib olmasın.

 

Əssin çöldə-düzdə, gülə yanaşsın,

Meşələr adlayıb, dağları aşsın.

Dünyanı bir gündə gəzib dolaşsın,

Qayıtsın küləklər, qərib olmasın.

 

Xoş soraqla açım səhərlərimi,

İtirim, unudum dərdi-sərimi.

Dostlarla bölüşüm sevinclərimi,

Arzular, diləklər qərib olmasın.

 

Taleyim çox çəkdi məni sınağa,

Çəkilmiş yay kimi atdı qırağa.

Amalı qəribtək çəkdiz qınağa,

A dostlar, ürəklər qərib olmasın.

28.10.18

Durna

Əsən kimi payız yeli,

Oxumaz, lal olar dili,

Məskən seçər uzaq eli,

Dəstəsini düzən durna.

 

Dözə bilməz boran, qara,

Üz tutar isti diyara,

Qayıdar gələn bahara,

Göy üzündə süzən durna.

 

Çox tez qurar yuvasını,

Bəsləyər öz balasını,

Duyanda qış havasını,

Həsrət bağrın əzən durna.

 

Gələndə ayrılıq vaxtı,

Həsrəti köksünə taxdı,

Dönüb yuvasına baxdı,

Göz yaşını süzən durna.

 

Qəmlə süzər çölü, düzü,

Qan-yaş tökər o gün gözü,

Susar, qurtarıbmı sözü?

Əlin eldən üzən durna.

27.10.18

Hanı

Gözlərim yol çəkir, qulağım səsdə,

Mənimlə qəmlənib, gülənim hanı?!

Daha dərd gətirmə dərdimin üstə,

Gözümün yaşını silənim hanı?!

 

Ömrün payızıdı, ötübdü yazım,

Kimsənin sevgisi nəyimə lazım?!

Niyə susub, dinmir sevgili sazım?!

Gəlsin! Avazına bələnim, hanı?!

 

Əllərim göylərdə, səslərəm onu,

Dönsə, ürəyimdə bəslərəm onu,

Acı həsrətimə göstərəm onu,

Hicranın bağrını dələnim hanı?!

 

Nəşəsiz açıram hər səhərimi,

Dördnala çapıram dərdi-sərimi,

Əvəz istəmədən qəm-kədərimi,

Öz qəmi-kədəri bilənim hanı?!

 

Baxdı "sən öl"ə, "mən ölüm"ə,

Ayrılıq çələngin taxdı telimə,

Bir həsrət nəğməsi qondu dilimə,

Amalam, eşqimdən ölənim hanı?!

15.10.18

 

 

 

Dağların

Elə ki qış ötüb, bahar gələndə,

Kəsilmir köksündə duman dağların.

Şimşəklər səmanın bağrın dələndə,

Küləklər saçını yolan dağların.

 

Qüdrətdən yaranıb bu şən növrağı,

Əlvan gəlinliyi, bəyaz duvağı,

Yayılıb dünyaya səsi, sorağı,

Çiçəyi payızda solan dağların.

 

Başı üstə İlahidən örpəyi,

"Gəl-gəl!"-deyir, hər gülü, hər çiçəyi,

Leysan yağışları, dəli küləyi,

Atlını atından salan dağların.

 

Tamaşadır hər gədiyi, yamacı,

Zirvəsinə qonan qartallar tacı,

Xınalı kəkliyi, nazlı turacı,

Hər fəsil qoynunda qalan dağların.

26.09.18

 

Getmisən

Sönüb günəş kimi, batıb ay kimi,

Ayrılıq şərbətin içib getmisən.

Necə əyilməsin qəddim yay kimi,

Sən mənli dünyadan köçüb getmisən.

 

Ömrün payızında gəldin, yar bildim,

Səni sirdaş bildim, vəfadar bildim,

Özümü səninlə bəxtiyar bildim,

Alıb sevincimi küsüb getmisən.

 

Dağları əridir hayım, harayım,

Səni harda gəzim, harda arayım?!

Könlümdə qurduğun sevgi sarayın,

Özün öz əlinlə söküb getmisən.

 

Heç xəbər tutdunmu yarın dərdi ?!

Bilmir alçaq nədir, bilmir qəlbi ?!

Sən onun yaralı, sınıq qəlbinə,

Dağ üstündən dağı çəkib getmisən.

 

Amalın sirdaşı göz yaşı, qəhər,

Ömrü başa verir, sürür, birtəhər,

Sevinci matəmə dönən bəxtəvər,

Kədəri əynimə biçib getmisən.

21.09.18

Təəssüf edirəm ki, bizim fəlsəfə elmi ilə məşğul olan elm sahibləri aşıq poeziyası üslubunda yazılan şeirlərdəki fəlsəfəni dərindən tədqiq etməyiblər. Həqiqətən, şeirin bu şəkillərində bir-birindən gözəl bədii-fəlsəfi fikir zənginliyi olan poeziya nümunələri yaranır. Şairlərin fəlsəfi fikirləri də günümüzdə olduqca mühüm əhəmiyyətə malikdir. Çünki onlar xalq içərisində olur, onların düşüncələrini öz şeirlərində əks etdirirlər. Bu cür el şairlərinin yaradıcılığı ciddi tədqiq edilməlidir. Yuxarıda şeirlərini verdiyimiz Sona xanımın yaradıcılığı olduqca diqqət cəlb edir. Onun şeirləri İlahi təbin qüdrəti ilə yazılır. Şeirlərində klassik aşıq və şairlərin ruhu hiss edilir. Şairin “Dağların” rədifli qoşması olduqca yüksək hiss və həyəcanın təsiri ilə yazılan mükəmməl bədii təsvir və ifadə vasitələri işlənən şeirdir. Həmin şeirdə müfəssəl şəkildə obrazlıq yaradılmışdır ki, bu da oxucunun zövqünü oxşayır. “Durnaşeiriçağdaş ədəbiyyatımız üçün yeni yazılan eyni mövzulu şeirlər içərisində fərqlənən poetik nümunədir.

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-15 noyabr.-S.15.