“Hər gün
xalq mahnılarımızı dinləyirəm”
Tələbə
Baharı-2018”-in
mükafatçısı:
Xədicə Azayeva: “20-ci əsr Azərbaycan ədəbiyyatının
taleyini, ədəbiyyatçılarının
həyatını öyrəndikcə məndə ədəbiyyatçı
olmaq arzusu daha da artdı”
Müsahibimiz Xədicə Azayevadır:
- Özünüz
haqda məlumat verərdiniz.
- Bakı şəhərində
hərbçi ailəsində doğulmuşam,
ilk təhsilimi Əhmədli qəsəbəsində
yerləşən Zakir Əhmədov
adına 64 nömrəli orta məktəbdə
almışam və orta məktəbin
4-cü sinfində oxuyanda musiqi
məktəbinə də daxil olmuşam. Fortepiano ixtisası üzrə 5 il Süleyman Ələsgərov adına 1
nömrəli uşaq incəsənət
məktəbində təhsil almışam. 2008-ci ildə Asəf
Zeynallı adına musiqi kollecində
(hazırkı Azərbaycan Milli
Konservatoriyası nəzdində musiqi kolleci) fortepiano ixtisası
üzrə təhsilimi davam etdirmişəm.
2013-cü ildə isə Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinin Azərbaycan dili və
Ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşam.
- Artıq bakalavr təhsilinizi başa
vurmusunuz. Bəs ali təhsilinizi
davam etdirmək niyyətiniz varmı?
- Bəli, hazırda magistratura
imtahanlarına hazırlaşıram, ədəbiyyatçı
kimi təhsilimi, biliyimi
daha da artırmaq fikrim var. Ümumiyyətlə,
magistr təhsilinə maraq
bütün gənclərdə daha da artıb. Bu, müsbət haldır və məndə yaranan bu maraq,
ümid edirəm ki, sonda magistr təhsilimi başa vurmaqla yekunlaşar. Hələlik isə sırf dediyim sahə üzrə magistr
təhsili almaq üçün
hazırlıqlar keçirəm. Bir məqamı deyim ki, Bakı Dövlət
Universitetinin 3-cü kursunda
oxuyarkən bizə 20-ci əsr Azərbaycan ədəbiyyatı
fənnini keçirdilər ki, məhz o dövrün ədəbiyyatının
taleyini, ədəbiyyatçılarının
həyatını öyrəndikcə məndə sırf ədəbiyyatçı
olmaq arzusu daha da artdı. Ümumiyyətlə, sizə bir məqamı deyim ki, həqiqətən
də, dünya ədəbiyyatını
öyrəndikcə oxuduqca görürsən
ki, Azərbaycan ədəbiyyatı
özünəməxsusluğu ilə seçilir
və bizim ədəbiyyat o
qədər zəngindir ki, öyrəndikcə
yeni-yeni məqamlar, ədəbi mərhələlər,
intibah dövrləri, dahi
yazarlar, şairlər kəşf edirsən.
- Musiqi
ilə ədəbiyyata böyük maraq göstərirsiniz. Bəs daha
çox hansı sahəni
özünüzə doğma
sayırsız?
- Düzünü desəm,
hər iki sahəni hədsiz sevirəm. Qeyd etdiyim kimi,
ilk təhsilimi fortepiano
üzrə almışam ki, bu, o qədər də asan deyil. Bir
məqamı da deyim ki, mənim ixtisasım həm də musiqi müəllimliyidir. Yəni, bəlkə
də, uşaqlıq illərindən musiqiyə maraq yarandığı üçün
bir qədər bu sahəni
daha çox sevə
bilərəm. Amma ədəbiyyat, filologiya da mənə
doğmadır. Xüsusən də, milli musiqimizi xalq və bəstəkar
mahnılarımızı sonsuz dərəcədə
sevirəm. Hətta, desəm
inanmayacaqsınız, hər gün xalq mahnılarımızı dinləyirəm...
Çox təəssüf ki,
indiki gəncliyin böyük
əksəriyyəti xalq
mahnılarımızı dinləmir, klassik
musiqiləri, bəstəkarlarımıza maraq
göstərmirlər. Ancaq görəndə
ki, hələ də müəyyən bir gənclər təbəqəsi var ki, məhz bu işə maraqlıdırlar,
araşdırır, milli musiqimizlə məşğul
olub xalq
mahnılarını əzbər bilirlər, çox
sevinirsən. Xüsusən, hələ də xaricdə sevilən
bəstəkarlarımızı qəti unutmamalıyıq. Çox sevdiyim 2 bəstəkar
var ki, onlardan
biri Emin Sabitoğlu, digəri isə Elza
İbrahimovadır. Hər dəfə kimsə məndən soruşanda ki, “hobbin nədir?”, deyirəm ki,
sevdiyim bu iki ölməz bəstəkarların
mahnılarını pianoda ifa edib oxumaq.
- Bəs özünüz mahnılar bəstələmisinizmi?
- Əlbəttə. Ara-sıra mahnılar bəstələyirəm.
Bəstələrimdən cəmi bir
mahnım işıq üzü görüb ki, bu da sözləri və musiqisi özümə aid
olan “O qadın” adlı mahnıdır.
Mahnını elə özüm ifa etmişəm. Bundan başqa, musiqisi
özümə aid olan
“Könül həmdəmim”, “Apar məni” və s.
mahnılarım, “Bir ümid”,
“Dost məhəbbəti”, “Kəpənək
Valsı” kimi musiqi
melodiyalarım da var.
- Həm pianoda ifa edirsiniz,
həm oxuyursunuz, həm də artıq bəstələriniz
də var. Bəs şagirdləriniz necə,
olurmu?
- Bəli, şagirdlərim olub, lakin hazırda dərs keçmirəm. Amma sizə ilk şagirdlərimdən biri haqda danışım ki, bu da ən kiçiyi sayılan 6 yaşlı qız idi. Mən ona fortepiano dərsi keçdim və adı müəlliməsinin adı ilə eyni olan Xədicənin 6 yaşının olmasına baxmayaraq, çox istedadlı, çalışqan şagird idi. Hətta nə qədər qəribə səslənsə də, biz onunla bərabər kiçik melodiyalar da bəstələmişdik.
- Bəs ictimai işlərdə necə, aktivlik göstərirsinizmi?
- Bəli, daha çox universitet illərində
ictimai işlərdə aktiv
olmuşam. Bakı Dövlət
Universitetinin Folklor dərnəyində
Dram şöbəsinin rəhbəri olmuşam. 2017-ci il may ayının 25-də Bakı Dövlət Universiteti tarixində ilk dəfə
Səməd Vurğunun “Vaqif”
tamaşasını hazırladıq, orada
qarı obrazını canlandırdım. Hətta bizim tamaşanın rejissoru
Azərbaycanın Xalq artisti
Atakişi Kazımov bizimlə 3 ay bərabər işlədi. Onun
tamaşanın ərsəyə gəlməsində böyük rolu oldu. Həqiqətən də, möhtəşəm
alınssssssssdı. Bundan başqa,
festivallara qatılmışam, universitet daxilində müsabiqələrdə,
ictimai tədbirlərdə, konsert tədbirlərində, xeyriyyə tədbirlərində
ifaçı kimi çıxış
etmişəm. Universitetlərarası müsabiqələrdə
qalib də olmuşam.
Məsələn, bu il
Gənclər və İdman Nazirliyi tərəfindən hər il universitetlər arasında keçirilən
“Tələbə Baharı-2018”-in bəstəkar
mahnıları nominasiyası üzrə 2-ci yerin
qalibi oldum.
Tural Tağıyev
Palitra.-2018.-17 noyabr.-S.10.